Xalq Təhsili Muzeyində Azərbaycan

Xalq Cümhuriyyəti - 100 adlı sərgi

 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli və 2018-ci ilin Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli Sərəncamlarına əsasən Xalq Təhsili Muzeyində tədbir keçirilmiş, Azərbaycan Xalq Cümhuriyyəti -100 adlı sərgi təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələrin nümayəndələri, respublikanın tanınmış pedaqoq-alimləri, Bakı şəhər məktəblilərinin şagird və müəllimləri, ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi L.Bayramova müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edərək, milli şüurun formalaşmasında əhəmiyyətindən, fəaliyyətdə olduğu 23 ay ərzində dövlət quruculuğunun, milli təhsil və mədəniyyətin inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Q.Qafarova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi adlı məruzə ilə çıxış etdi. Çıxış edənlərdən Əməkdar müəllim N.Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru H.Əhmədov Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və mədəniyyət sahəsində görülən işlərdən danışaraq, ölkəmizin müstəqillik yolu ilə tərəqqisinə böyük dəyər verdilər.

Tədbir zamanı Bakı şəhər Ankara məktəbi məktəb-liseyin, Sabunçu rayon 252 nömrəli tam orta və 4 nömrəli uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar dinlənildi .

Tədbirin sonunda qonaqlar Xalq Təhsili Muzeyinin fond materialları əsasında təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyəti - 100 adlı sərginin açılışında iştirak etdilər.

 

Azərbaycan müəllimi.- 2018.- 25 may.- S.6.