Hamının yaxşı ADAMı...

 

Gözlədiyin, baş verəcəyi anda ayaqüstə mərd-mərdana duracağına özünü hazır bildiyin hadisələr olur. Məsələn, ölüm! Düşünürsən, yaxın dediyin, doğma bildiyin biri gözləmədiyin halda ağır xəstəlikdən əziyyət çəkir və bir gün gedəcəyi mütləqdir. O mütləq gün gələndə elə “yıxılırsan”... Və anlayırsan ki, əslində, hazıram dediyin heç nəyə hazır deyilsənmiş. Başa düşürsən ki, sənin gözlədiyin olmasını istəmədiyindir. Əslində, ümiddir. Olmayacağına əmin edib səni.

Onun dünyasını dəyişməsi çalışdığı Təhsil Nazirliyində də kimsənin hazır olmadığı hadisə idi. Hamı pərt olmuşdu. Hamı inanmaq istəmirdi. Təəssüf, heyifslənmək, göz yaşı... Beləcə, günlərdir Təhsil Nazirliyinin Elm, aliorta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlovun vəfatı xəbəri ilə kimsə barışmır. Kim idi Sülhəddin Gözəlov?

 

Sülhəddin Gözəlov 1957-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. 1975-ci ildə orta təhsilini başa vurduqdan sonra o zamankı Azərbaycan Politexnik İnstitutuna qəbul olub. 1977-ci ildə Moskva Avtomobil Yolları İnstitutuna (MAYİ) köçürülüb, 1980-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib.

1980-1984-cü illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyinin Elmi İstehsalat Birliyinin sərnişin daşıması şöbəsində mühəndis kimi çalışıb.

1986-1990-cı illərdə MAYİ-nin əyani aspiranturasında təhsil alıb, texnika elmləri namizədliyi üzrə dissertasiya müdafiə edib.

Azərbaycan Politexnik İnstitutunda 1984-cü ildə “Avtomobillər və avtomobil təsərrüfatı” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. Daha sonra kafedra müdiri, yenidən dosent kimi fəaliyyət göstərib. 2004-2014-cü illərdə bu ail təhsil ocağının Elmi Şurasının katibi olub.

Sülhəddin Gözəlov  nəqliyyat  sahəsi üzrə yüz əllidən çox elmi əsərin, o cümlədən dörd kitabın, bir monoqrafiyanın, dərsliyin, beş dərs vəsaitinin, beş metodik vasitə və iki ixtiranın müəllifidir. O, həmçinin Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Rusiya nəqliyyatının yaranmasının iki yüz illiyi münasibəti ilə Rusiya nəqliyyat nazirinin sərəncamına əsasən döş nişanı ilə təltif olunub.  Sülhəddin Gözəlov eyni zamanda Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis”  fəxri adını alıb. Ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb. Eyni zamanda, o, uzun müddət nazirliyin Elm, aliorta ixtisas təhsili şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

QEYD: Günlərdir Sülhəddin müəllimin ailə üzvləri ilə görüşümüzün baş tutacağı anı gözləyirdik. Nəhayət, mümkün oldu. Bu maraqlı adamı təkcə rəsmi şəxs kimi yox, həm də ziyalı, ailə başçısı olaraq da tanıdıq xanımı Səkinə Gözəlova ilə söhbətdə...

 

Yoldaş Gözəlov

 

Ona müraciət formam belə idi, Gözəlov. Belə adət etmişəm ilk gündən. Yoldaş Gözəlov, o lazımdır, bu lazımdır, ora gediləsidir, bura baş çəkmək lazımdır. Özünün xoşu gəlirdi bu müraciət formasından, ən əsəbi halında belə sakitləşə bilirdi bu sözdən sonra.  Onun səsinin tonunu yüksəyə qaldırdığını görmədim, həmişə fikrini sakitkonkret deyərdi. Əgər tərəddüd etdiyi məsələ var idisə, onu ailəcə məsləhətləşməyi sevərdi. Bir qəribə insan idi. Heç vaxt kiminsə xətrinə dəyməzdi.

 

 Qəribə tanışlıq

 

Bizim onunla tanışlığımız Nəqliyyat Nazirliyindən başlayıb. Tanışlığımız da qəribə idi. Bir kollektivdə çalışırdıq. Ortaq dostlarımız var idi. Mən bironda ayıldım ki, 1983-cü ildir və artıq toyumuzdur.

O, artıq elmi dərəcə də almışdı. Peşəkar insan idi. İşi ilə bağlı hər şeyi detallarına qədər öyrənməyi, bilməyi sevirdi. Xoşu gəlməzdi kimsə peşəsinə dair nəsə soruşsuno, aciz qalsın. Bir prinsipi var idi, işini bilməlisən, vəssalam!

 

Yoxluğuna inana bilmirəm...

 

Neçə gündür adamlar gəlir-gedir, başsağlığı verirlər, amma mən hələ də  ona rəhmətlk deyə bilmirəm. Elə bilirəm ezamiyyətə gedib, qayıdıb gələcək. Hərdən də deyirəm ki, Gözəlov, bəlkə səni gözləməyim? Bəlkə bu qədər göz yaşı səni incidər? Sualımı cavabsız qoymazdı heç zaman. Adəti idi, nəinki mən, yüz adam da sual versəydi, mütləq səbirlə cavablandıracaqdı. Çox böyük səbr sahibi idi.

İki övladımız var, Zaur, Samir. Çox istədi heç olmasa Zaurun toyunu görsün, olmadı. Mayın 5-də toy danışılmışdı. Gözəlov bizimlə o toyda olacaq qədər yaşamadı.

 

Müəmmalı diaqnoz

 

Vəziyyəti hər gün bir az ağırlaşırdı. Kimya terapiyası qəbul edirdi. 26 dəfə almışdı o terapiyanı. Amma xərçəng idi, ya yox, bunu sonacan dəqiq bilmədik. Qəribə ardıcıllıq var idi xəstəliyində. Dedilər bağırsaqda xərçəngdir. Sürətlə qaraciyəri şişməyə başladı. Həkimlər dedilər bağırsaq xərçəngi tibb tarixində indiyəcən heç vaxt qaraciyərdən çıxmayıb. Öncə mədəyə keçməlidir. O üzdən anlaşılmaz oldu.

 

Elə ağrıyırdı...

 

...amma bir kəlmə dillənmirdi ki, narahat olarıq. Nə qədər soruşurdum, deyirdi sən boş ver, xəstəlikdir də durub yerində. Mən istəmirdim özünə qapansın. Çalışırdım evdən çıxsın arada. Deyirdim get işə, bir az əhvalın dəyişsin. Əvvəl istəmirdi, sonra birtəhər razılaşdırırdım. Gedib gəlirdi, zarafata salırdı ki, sən qoyma mən evdə oturum. Düz edirsən, işdə adamları gördüm, danışdım, söhbət etdim, elə bildim heç xəstəlik-filan yoxdur. BirZaurun nişanı olanda dedim bizimlə getməlisən Tovuza.

 

Getmək istəmirdi

 

Yol uzaq idi. İstəmirdi ağrılarını kimsə bilsin, deyirdi, əziyyət olar adamlara, həm də ayıbdır. Bəlkə mənsiz gedəsiniz? Dedik elə şey yoxdur, oğul atasısan, getməlisən. Getdi, gəlininə üzüyü taxdı, xeyir-duasını da özü verdi. İndi deyirəm nə yaxşı məcbur etdim onu getsin, heç olmasa nişan mərasimindən xatirə qaldı övladına dedikləri.

 

 Çox hazırlaşırdı

 

uşaqlara görə. Gücü çatan hər şeyin ən yaxşısını etməyə çalışırdı. Bəzən deyirdik lazım deyil. Deyirdi siz bilməzsiniz, qoy bunu da düzəldim sonra bilərsiniz. Qəribə olanı bu idi ki, adam bizə demədən hər şeyi hesablayıb, ölçüb-biçib qoyurmuş. Onun gedəcəyini qətiyyən hesablamırdım. Ağlımdan belə keçirmirdim ki, Gözəlov bir gün olmaya bilər. uşaqlar, nə mən onsuz evi təsəvvürümüzə gətirə bilmirdik. İndi də övladları deyir ki, biz zəif olduq, bəlkə daha başqa şeylər edilsəydi, yaşayardı. Mən isə, ümumiyyətlə, özümə yaxın buraxmırdım sağalmaz xəstəliyini. Bəlkə indi bu üzdən mənə belə ağırdır baş verənləri qəbullanmaq. Üstündə o qədər mübarizə aparırdım ki, inanmırdım o mübarizədən məğlub çıxaram. Deyirdim Gözəlov, bu bizim ciddi imtahanımızdır, mən oxuyuram, çalışıram, sən də dəstək ol ki, iki almayaq. Gülürdü. Sonradan tamam yoruldu və dayandı. Ağrılar, müayinələr, iynə, dərman yordu onu. Həkimlərdən küsdü. Deyirdi həkimlər məni xilas etməyi bacarmadı. Son vaxtlar ağrısını da gizlədə bilmirdi. Hərdən yavaşca deyirdi, kömək elə ağrımayım.

 

Son günlər ata yurdu...

 

Əslən Hacıqabuldan idi Sülhəddin müəllim.  Son günlər gördüm artıq qərarı var, kimya terapiyası istəmir. Deyir gedəcəm rayona. Dedim getmə, burda həkimlər var, səni nəzarətdə saxlayır. Razılaşmadı, getdi. Sonra bildim ki, bacısına deyib Bakıda qalmaq istəmirəm artıq, bura birdəfəlik gəlmişəm, burda qalacam həmişəlik.  Onda anladım ki, deyəsən, ümidim boşuna gözləntidir. Sonra bir dəfə oğlunu çağırdı, xeyli danışdılar. İndi də ürək etmirəm soruşum ki, atandeyirdi?

 

İnanmadığım adamlar gəldi

 

Onu sadə adam bilmişəm həmişə. Hamıya yaşına görə davranırdı. Uşaqla uşaq idi, böyüklə böyük. Mən nazir Ceyhun Bayramovu görəndə, keçmiş nazirdən, Mikayıl müəllimdən diqqət hiss edəndə, nazirliyin yüksək vəzifəlilərindən, müavinlərdən, heç tanımadığım insanlardan diqqət görəndə inana bilmirdim ki, bu qədər adam, dost, hörmət qazanıb Sülhəddin müəllim. Xəstəliyi dönəmində də çox dəstək oldular, tək qoymadılar bizi. Birçoxlu tanımadığım insan gəlib yanıma başsağlığına. Neçə tələbəsi rayona gəlmişdi. Deyirdilər onun bizim üstümüzdə haqqı var, təkcə mənim həyat yoldaşım, övladlarımın atası, bizim ailə başçımız, qohumlarının arxalandığı adam deyildi, Sülhəddin müəllim. O, hamının sevdiyi adam idi. Bu mənə böyük təsəllidir. Sona qədər mən onunla bağlı möcüzə gözlədim. Sənədlərini hər yerə yolladıq, lap İsrailə qədər aparmaq planımız var idi. Bir müddət özü istəmədi, sonra da dedilər artıq gecikib. Biroğlum səhv etmirəmsə Ukraynada bir həkim  tapmışdı. Onunla danışdı, inanmışdı o həkimə. Gələcəkdi  Sülhəddin müəllimi müayinə etmək üçün, qismət olmadı.

 

Ölmək çətin şeydir...

 

Deyirdim necəsən? Susurdu. Bir dəfə də gördüm çox düşüncəlidir. Dedim nə fikirləşirsən, dedi ölmək çətin məsələdir, elə bil qorxuram. O sözü ömrümün sonuna qədər unuda bilmərəm. İndi bir təsəllim də odur ki, mən onsuz əziyyət çəksəm də, o, daha ağrımır, rahatdır. Birbir söz demişdi cavab verə bilməmişdim, çox pis olmuşdum, istəmirdim kövrələm, bilsin. Bir gün belə diqqətlə baxdı bir nöqtəyə qayıtdı ki, Səkinə, sən mənə haqqını halal elə, yaxşımı?.. Otaqdan çıxıb getmişdim. İndi istəyirəm deyim ki, biz sənin haqqını ödəyə bilmədik, Gözəlov, sən halal elə və rahat uyu, sənin tapşırdığın, qoyub getdiyin hər şey elə istədiyin kimi olacaq.  Bilmirəm indi məni eşidər, ya yox, amma çox arzulayıram ona deyim, mənə ağırdır, gərək getməyəydin, Gözəlov!

Haşiyə: Yaxşı insanlar həm də xatirələrdə yaşayır. Dostların, çalışdığı kollektivlərdə yaddaşlarda necə qalıb Sülhəddin Gözəlov?

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov: - Bizim Sülhəddin müəllimlə tanışlığımızın uzun bir tarixçəsi yoxdur. Onu sırf işlə bağlı məsələlərdə tanıdım bir neçə il əvvəl. Elə adamlar var, kimliklərini bilmək üçün az bir zaman da yetir. Belələrinə həmişə nadir insan deyirəm mən. Sülhəddin müəllim məhz o nadir olan adamlardan idi. Ölümünə çox təəssüflənirəm. İndi o qədər saf, peşəkar, dürüst və zəhmətkeş insanlar son dərəcə azdır. Mən deyərdim Sülhəddin Gözəlov Azərbaycan təhsilinin “kisəsi”ndən getdi. O cür peşəkarların yetişməsi çox böyük zaman və zəhmət tələb edir, ağır və deyərdim əvəzi olmayan itkidir.

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev:  - Bizi bir-birimizə bağlayan 33 illik dostluq onu mənə həssas, ağıllı və qeyri-adi insan, istedadlı, geniş təfəkkürlü alim, öz işinin vurğunu kimi tanıtdırdı. Özünün çoxillik fəaliyyəti, peşəkarlığı, fəal həyati mövqeyi,  gözəl insani keyfiyyətləri  ilə bu insan ətrafındakıların dərin   hörmətini və böyük nüfuz qazandı.

Nümunəviliyi, böyük erudisiyası və hərtərəfli biliyə sahib olması, peşəkarlığı, yüksək işgüzarlığı, həssaslığı onun şəksiz üstünlükləri idi. Onu  hər zaman qarşısına qoyduğu məqsədlərə çatmaqda inadkarlıq, daimi axtarış və kreativ ideyaların həyata keçirilməsi qabiliyyəti fərqləndirirdi.  Özünün bütün səylərini təhsil prosesinin modernləşdirilməsinə və optimallaşdırılmasına, ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslı kadrların hazırlığının keyfiyyətinin artırılmasına, gənc nəslin tərbiyəsi işinə sərf  etməsilə o, cəmiyyətə vicdanla və təmənnasız xidmət nümunəsinə çevrilmişdir. Onun peşəkar kadrların hazırlığı işinə təsiri çox pozitiv və gözəçarpan idi. Sülhəddin Gözəlovun elmi-pedaqoji sahədə çox tanınmış elmi əsərləri bundan sonrakı neçə-neçə illərdə də texniki elmlərin inkişafında mənbə rolunu oynayacaq.

Sülhəddin Gözəlovun həyatdan getməsi  bizim hamımız üçün itkidir, görkəmli pedaqoq, peşəkar, parlaq şəxsiyyət, ziyalı və həssas, sədaqətli dost kimi o, xatirimizdə həmişəlik qalacaq.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov: - Sülhəddin müəllimlə bağlı danışanda sözün həqiqi mənasında adamın gözü önünə tam, bütöv bir adam gəlir. Peşəkar mütəxəssis, dəyərli vətəndaş idi Sülhəddin müəllim. O, peşəsinə bağlı adam idi. İnsanlığa, həmişə yaxşıya dəyər verməyi bacarmağa yönəldirdi çevrədəki hər kəsi. Onun haqqında keçmiş zamanda danışmaq gerçəkdən ağırdır.  Bir neçə ay əvvəl onunla söhbət edirdik. Müzakirələrimiz olurdu. İstənilən müzakirənin sonunda o gülümsəməyi, müsbət enerji ötürməyi bacaran adam idi. Xəstəliyinə qarşı o qədər mərd dirənişi var idi ki, adam bəzən düşünürdü bəlkə artıq heç bir problem yoxdur. Onunla bağlı yaddaqalan ancaq xoş və müsbət xatirələrdir. Çox təəssüf edirəm ki, yaxşı adamı və peşəkar dostumuzu itirdik.

 

 SON: Yaxşı insanlar vəfat edəndə nə ailənin, nə ölkənin “kisəsi”ndən getmir. Yaxşı insanlar dünyadan, dünyanın “kisəsi”ndən gedir.  Bir yaxşı adamlıq kiçiltdi dünyanı gedişiylə Sülhəddin müəllim. Bir də peşə fəaliyyəti müddətində bu yazı da bir ilk oldu mənim üçün. O mənada ki, heç vaxt ünsiyyətdə olmadığım birindən yazdım. Əslində, mən də yazmadım. Adamlar yazdı bu yazını, söz-söz. Mən qələmə aldım. Adamlar sizdən danışmağı vicdan borcu bilirsə, sizi xatırlayırsa, deməli, yaxşı yaşamısınız. Hamıya nəsib olmayacaq qədər yaxşı. Ruhunuz şad olsun!..

 

Jalə MÜTƏLLİMOVA

 

Azərbaycan müəllimi.- 2018.- 25 may.- S.14.