Qazax Müəllimlər
Seminariyasının
yaranması tarixindən
Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin təşkil etdiyi ilk milli
seminariya
Bu il ölkəmizdə
türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur. Bu tarixi
hadisənin müstəsna əhəmiyyəti nəzərə
alınaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan
edilmişdir.
Əlamətdar
haldır ki, bu il Xalq Cümhuriyyətinin yadigarı olan Qazax
Müəllimlər Seminariyasının da yaranmasının
100 ili tamam olur. Həmin yubileyin ölkə
miqyasında dövlət səviyyəsində qeyd
olunmasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
“Qazax Müəllimlər Seminariyasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında” 03.11.2018-ci il tarixli Sərəncam
imzalanmış, bu tarixi yubileyin keçirilməsi ilə
bağlı dövlət qurumlarına müvafiq
tapşırıqlar verilmişdir.
Sərəncamda
deyildiyi kimi, Qazax Müəllimlər Seminariyası
bütün fənlərin tədrisinin ana dilində mütərəqqi
üsullarla aparıldığı yeni təhsil ocağı
kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin
inkişafına misilsiz töhfələr vermişdir. Hesab edirik ki, klassik
mədəni irsə, milli-mənəvi dəyərlərə
dövlətin və dövlət
başçısının daimi diqqət və
qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın
Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin
öyrənilməsində, bu təhsil
ocağının müəllim hazırlığı sahəsində,
maarif və mədəniyyətimizin tərəqqisi yolunda xidmətlərinin
müstəqil milli dövlətçilik düşüncəsi
kontekstində yenidən dəyərləndirilməsində,
bu maarif ocağının zəngin irsinin dərindən
öyrənilməsində müstəsna rolu vardır.
XX əsr Azərbaycan maarif, elm və mədəniyyət tarixinin inkişafı yolunda misilsiz xidmətlər göstərmiş, təhsil quruculuğu tarixində, xüsusən də peşəkar milli müəllim hazırlığı sahəsində şərəfli izlər qoymuş Qazax Müəllimlər Seminariyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşkil etdiyi ilk milli seminariya kimi, XIX əsrin sonu -XX əsrin əvvəllərində Azərbaycan dünyasına görkəmli şəxsiyyətlər bəxş etmiş Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin varisi kimi milli yaddaşımıza daxil olmuşdur.
Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun layiqli varisi Qazax Müəllimlər Seminariyasının keçdiyi şərəfli yolun dərindən öyrənilməsi, milli ənənələrin yeni məzmunda yaşadılması bu gün müstəqil Azərbaycanın yeni əsrin çağırışlarına cavab verən müasir təhsil sisteminin qurulması sahəsində beynəlxalq standartlara uyğun apardığı ardıcıl və sistemli islahat prosesinə kömək baxımından çox gərəklidir. Çünki Azərbaycan Respublikasının XXI əsr milli təhsil quruculuğu strategiyasının əsas yollarını müəyyənləşdirən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nm həyata keçirilməsində, BMT-nin “Təhsil əsri” elan etdiyi yeni əsrdə təhsil islahatlarının uğurla başa çatdırılmasında ümumbəşəri dəyərlərlə yanaşı, milli təhsil tariximizdə qazanılmış mütərəqqi ənənələrdən, milli-mənəvi dəyərlərdən də istifadə olunması böyük əhəmiyyət kəsb edir. Belə milli-mənəvi dəyərlərdən biri də hazırda 100 illik yubileyi qeyd olunan Qazax Müəllimlər Seminariyasının çağdaş maarif və mədəniyyətimizin inkişafında, milli tərəqqi yolunda tarixi rolunun düzgün müəyyənləşdirilməsi sayıla bilər. Azərbaycan xalqının bir müdrik kəlamında deyildiyi kimi, “keçmişinə xor baxan, gələcəyinə kor baxar”. Biz bu fikirdəyik ki, Azərbaycan milli təhsilinin uğranda mübarizə apardığımız böyük hədəfləri, həm də onun keçdiyi tarixi yolun düzgün qiymətləndirilməsindən, mütərəqqi ənənələrin qorunub saxlanılmasından, milli zəmin və beynəlxalq qabaqcıl təcrübə əsasında milli maarifimizin tərəqqisinə və üstün inkişafına nail olmaqdan ibarətdir.
Ümummilli lider Heydər Əliyevin Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinə həsr olunmuş tədbir iştirakçılarına göndərdiyi müraciətdə deyilirdi: “Zəngin mədəniyyət və təhsil ənənələrinə malik olan Azərbaycan, müsəlman Şərqində dünyəvi təhsilin gerçəkləşdiyi ilk ölkələrdən biri olmuşdur. XIX əsrin ortalarından başlayaraq Azərbaycanda gedən siyasi və sosial-iqtisadi proseslər onun mədəni həyatına da güclü təsir göstərmiş, böyük vüsət alan maarifçilik hərəkatı yeni tipli təhsil ocağının yaranmasına təkan vermişdir.
Öz xalqının gələcəyini elmdə, təhsildə görən görkəmli ziyalılar yeni tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün var qüvvələrini sərf etmişlər. Onların səyləri 80 il bundan əvvəl Qazax Müəllimlər Seminariyasının yaranması ilə nəticələnmişdir. Vaxtilə bütün Yaxın Şərqdə şöhrət tapan seminariyanın yaradılması Azərbaycan maarifçilərinin fədakarlığı və vətənpərvərliyinin canlı nümunəsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil sahəsində yeritdiyi düzgün və məqsədyönlü siyasətin parlaq təzahürüdür... Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir...” (“Azərbaycan” qəzeti, 28.12.1999).
Xatırlatmaq yerinə düşərdi ki, hələ 1979-cu ildə keçmiş Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin qərarı ilə Qazax Müəllimlər Seminariyasının sələfi olan Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş, bu şöbənin Azərbaycanın elm və mədəniyyətinin inkişafında roluna dair araşdırmaların ardıcıl olaraq davam etdirilməsi qərara alınmışdı. Nə xoşbəxtik ki, yeni əsrin əvvəllərində müstəqil Azərbaycan Respublikasında müasir təhsil quruculuğu strategiyasının “yol xəritəsi”nin ideoloqu və himayəçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasına başlanmışdır. Düşünürük ki, bu yubiley tədbirləri Azərbaycan maarifinin, təhsilinin, mədəniyyətinin əsl bayramına çevriləcəkdir...
Çağdaş Azərbaycan maarifinin tarix salnaməsində, mədəni həyatında müstəsna rol oynamış Qazax Müəllimlər Seminariyasının yaradılmasını doğuran tarixi şəraiti, onun hansı mədəni-intellektual təməl üzərində formalaşdığını aydın dərk etmək üçün bu təhsil ocağının sələfi olan Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin tarixinin bəzi yaddaqalan məqamlarını xatırlatmaq istərdik.
Bəllidir ki, qədim və zəngin tarixi olan milli maarifimizin, çağdaş təhsilimizin inkişafında XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda, eləcə də bütövlükdə Zaqafqaziyada geniş vüsət alan maarifçilik hərəkatı Vətənimizdə tarixən formalaşmış ənənəvi müsəlman tədris-tərbiyə müəssisələri - mədrəsələrlə yanaşı, müasir- Avropa tipli, dünyəvi məktəblərin də yaranmasının əsasını qoydu. Bu tarixi prosesin gerçəkləşməsində 1876-cı ildən Gürcüstanın Qori şəhərində fəaliyyətə başlamış Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası və 1879-cu ilin sentyabrında onun nəzdində açılmış Azərbaycan şöbəsinin milli təhsilimizin inkişafında böyük rolu olmuşdur.
Azərbaycan maarifi, eləcə də milli mədəniyyət və düşüncə tariximizə “Qori Seminariyası” adı ilə daxil olmuş bu təhsil ocağı öz məzunları tərəfindən “Anamız seminariya” (Ü.Hacıbəyli), həmin seminariyanın sabiq məzunu, sonralar müəllimi, inspektoru, nəhayət, həmin şöbə əsasında formalaşmış Qazax Müəllimlər Seminariyasının yaradıcısı və ilk direktoru olmuş Firudin bəy Köçərli tərəfindən isə “Maarif və mədəniyyət çeşməsi” adlandırılmışdır.
Tarix və zaman Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında deyilən bu müdrik kəlamların həqiqət olduğunu bir daha təsdiqlədi, XIX sonu - XX əsrin əvvəllərində azərbaycanlılardan müəllim kadrları hazırlamaq sahəsində tarixi rolunu ləyaqətlə həyata keçirdi...
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk inspektoru vəzifəsinə əslən şamaxılı, Azərbaycan maarifinin böyük təəssübkeşi Aleksey Osipoviç Çemyayevski təyin edilmiş, Azərbaycan dili və şəriət müəllimliyinə isə Azərbaycanın böyük ziyalı ruhaniləri - sonralar Zaqafqaziya Müftisi olmuş, əslən qazaxlı Mirzə Hüseyn Əfəndi Qayıbzadə və salyanlı Şeyxülislam Əbdüssəlam Axundzadə qəbul edilmişdilər. Hər iki din xadimi, görkəmli islam alimi seminariyanın Azərbaycan şöbəsində işlədiyi illərdə ilk seminaristlərdən olan Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli, Teymur bəy Bayram-əlibəyov və başqalarının mənəvi atalan olmuş, onlara əsl himayədarlıq etmişlər. Hətta sonralar Mirzə Hüseyn Əfəndi Qayıbzadə maddi köməyə ehtiyacı olan bir çox seminaristi öz xərcinə oxutmağa köməklik göstərmiş, kasıb azərbaycanlılar üçün Azərbaycanın XIX əsr məktəb tarixinə “Müfti məktəbi” adı ilə daxil olmuş bir məktəb də açmışdı...
Tarixdən bəllidir ki, Azərbaycan şöbəsi 5 il sınaq müddətinə açılmışdı. Əgər eksperiment yaxşı nəticə verərdisə, yəni azərbaycanlılar öz övladlarım məktəbə təhsil almağa könüllü göndərərdilərsə, onda həmin şöbə ayrılıb Azərbaycanın hansısa bir şəhərinə köçürülməli idi. F.Köçərlinin 1909-cu ildə “Tərəqqi” qəzetində çap etdirdiyi “Zaqafqaziya seminariyası” adlı məqaləsindən öyrənirik ki, 1884-cü ildə Azərbaycan şöbəsinin hansısa bir Azərbaycan şəhərinə köçürülməsi məsələsi ortaya çıxanda buna şöbənin inspektoru Aleksey Osipoviç Çemyayevski, Mirzə Hüseyn Əfəndi Qayıbzadə, Əbdüssəlam Axundzadə, Səfərəli bəy Vəlibəyov tərəfdar çıxmışdılar. Lakin təəssüf ki, o zaman bu ideyanı həyata keçirmək mümkün olmamış və bu məsələ sonralar o dövrün maarifçi ziyalıları tərəfindən dəfələrlə qaldırılsa da, həmin şöbəni Qoridən Azərbaycana köçürməyə imkan verilməmişdi. Sonralar bu ideyanın ən qızğın tərəfdarı olmuş F. Köçərli hətta Azərbaycan Müəllimlərinin I qurultayında da (Bakı şəhəri, 15-31 avqust 1906-cı il) həmin məsələnin müzakirəsinə nail olmuş, bu haqda çıxış etmiş və hətta qurultay “təxirə salınmadan Qori Seminariyası Azərbaycan şöbəsinin Azərbaycanın hansısa bir şəhərinə köçürülməsi” haqda qərar da qəbul etmişdi...
Göründüyü kimi, fəaliyyətə başlamasının 5-ci ilindən etibarən ardıcıl olaraq Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi ideyası maarifçi ziyalıları heç vaxt rahat buraxmamış, bu sahədə zaman-zaman təkliflər, tələblər irəli sürülsə də, çar Rusiyasının Qafqazda yeritdiyi antiazərbaycan (antitürk), antimüsəlman siyasəti bu ideyanın zamanında gerçəkləşməsinə imkan verməmişdi. Lakin bunu da etiraf etməliyik ki, bu seminariya Azərbaycandan uzaqda olsa da, Vətənimiz üçün çoxsaylı müəllimlər ordusunun yetişdirilməsinə, ölkəmizdə müasir tipli, dünyəvi məktəblərin açılmasına təkan vermişdi.
Qori Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətdə olduğu 40 ildə (1879-1918) Azərbaycan maarifinin, elm və mədəniyyətinin qızıl fondunu təşkil edən 250-dən artıq əsl xalq müəllimi yetişdirmişdi. Bu məzunlar Azərbaycanın elm, təhsil, maarif və mədəniyyət məşəlini yurdumuzun ucqar kəndlərinə aparan, gənclərin gözünü dünyəvi təhsillə, elm nuru, maarif ziyası ilə işıqlandıran, sözün əsil mənasında təhsil, elm, maarif, mədəniyyət və incəsənət carçıları, nəhayət, Firudin bəy Köçərlinin sözləri ilə desək, “millətin çırağı” olan əsl xalq müəllimləri, xalq ziyalıları idilər. Bu insanlar milli tariximizə, sözün həqiqi mənasında, xalq müəlliminin öməyi, nümunəsi, rəmzi və simvolu, müəllimlik sənətinin vurğunu, ruhu və mənəviyyatı ilə xalqa bağlı, xalqın maariflənməsi yolunda ömrünü şam kimi əridən maarif fədailəri, həqiqi Vətən və millət elçiləri, azadlıq aşiqləri kimi daxil olub. Bu maarif, elm, mədəniyyət fədailəri içərisində Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi dahi şəxsiyyətlərlə yanaşı, ömrünü Azərbaycan xalqının mənəvi yüksəlişinə, milli tərəqqisinə, maariflənməsinə həsr etmiş Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Bədəl bəy Bədəlbəyli, Hüseyn Minasazov, Hacı Kərim Şamlı, Əli Səbri, Fərhad Ağazadə, Rəcəb Əfəndiyev, Səməd bəy Acalov, Əli Qəmərlinski, İsfəndiyar Vəkilov, Yusif Əfəndiyev, Əhməd Gülməmmədov, İsmayıl Qayıbov, Süleyman Qayıbov, Əli Mustafayev, Məmməd Qocayev, Cavad Cuvarlinski, Əsgər Eyvazov, İsa Abakarov, İbrahim bəy Musabəyov, Məmməd Qarayev, Əhmədağa Mustafayev, Teymur Bayraməlibəyov, Əhməd Seyidov, Yusif Qasımov, Pənah Qasımov və onlarla başqalarının adlarım bu gün böyük iftixar və minnətdarlıq hissi ilə yad edir, onların müqəddəs ruhlan qarşısında baş əyirik! Sözsüz, tam olmayan bu siyahıda adları çəkilən Vətən oğullarının ümumi amalı və müqəddəs idealı - doğma Azərbaycana cani-dildən xidmət etmək, Vətən sevgisini, millət duyğusunu hər şeydən uca tutmaq, milli tərəqqinin əsas amili olan xalqın maariflənməsinə, ana dilimizin göz bəbəyi kimi qorunub inkişaf etdirilməsinə nail olmaq, lazım gələrsə, Vətən və millət yolunda həyatını qurban verməkdən belə çəkinməməkdən ibarət idi...
Qori Müəllimlər Seminariyasını bitirən məzunların Azərbaycanın bölgələrini əhatə etmək baxımından təhlili göstərir ki, seminariyanın əsas kontingentində Qazax, Qarabağ, Şamaxıdan gələnlər üstünlük təşkil etsə də, digər bölgələrdən də oxumağa gələnlər kifayət qədər idi. Onların içərisində Naxçıvandan Cəlil Məmmədquluzadə və Əli Səbri, Zaqataladan İsa Abakarov, Lənkərandan Teymur bəy Bayraməlibəyov, Şəkidən Rəşid bəy Əfəndiyev, Borçalıdan Nəriman Nərimanov, Hüseyn və Abbas Minasazov qardaşları, Qəbələdən İbrahim bəy Musabəyov, İrəvandan Əli Qəmərlinski və bu kimi böyük şəxsiyyətlər də vardı. Maraqlı burasıdır ki, seminariyanın qazaxlı məzunu Əhmədağa Mustafayev həmin maarif ocağı üçün təkcə Qazax bölgəsindən 30-dan artıq müdavim hazırlamışdı. Bu, onu göstərir ki, Qori Seminariyasını bitirənlərin böyük əksəriyyəti Qazaxın payına düşürdü və bu elmi-pedaqoji potensial amili sonralar Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Qazax Müəllimlər Seminariyasının məhz Qazaxda təşkilində az rol oynamamışdı...
Qori Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının Azərbaycan maarifi, ictimai-siyasi, milli-mənəvi təkamülü və inkişafı tarixindəki misilsiz xidmətlərindən konseptual xarakterli bir neçəsini burada bir daha qeyd etməklə kifayətlənirik:
Əvvəla, Qori Seminariyası Azərbaycan şöbəsində çalışan müəllimlərin və məzunların ən böyük xidmətlərindən biri keçən əsrin ikinci yarısından başlanan yeni tipli məktəblərin, məktəb tarixində “Üsuli -cədid məktəbləri” deyilən maarif ocaqlarının, təhsil müəssisələrinin Azərbaycanda formalaşmasını praktik cəhətdən həyata keçirmələri idi. Bu yeni təlim üsuluna görə, təlimdə ənənəvi heca üsulundan imtina edilir, əlifba təlimində fonetik üsula üstünlük verilir, təlimin müəyyən proqram və dərslik əsasında aparılması əsas götürülürdü və s.
Bu baxımdan Azərbaycan maarifində “cədidçilik” (“yenilikçilik”) hərəkatının önündə Qori seminaristləri gedir, həmin ideyanın gerçəkləşməsinə çalışırdılar. Maraqlı burasıdır ki, “Üsuli-cədid” hərəkatının ideoloqlarından biri, “Tərcüman” qəzetinin redaktoru, əslən Krım türklərindən olan İsmayıl bəy Qaspıralı ilə görüşmək və “Üsuli-cədid” məktəblərinin tədris sahəsindəki yenilikləri ilə yaxından tanış olmaq üçün Firudin bəy Köçərli seminariyanın ana dili müəllimi Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma səfər etmiş, orada “Üsuli-cədid”in mahiyyətinə dair təcrübə mübadiləsi aparmışdılar.
Tarixi baxımdan daha əhəmiyyətli tədbirlərdən biri də bu idi ki, Qori Seminariyasında həmyerlimiz A. O. Çemyayevskinin “Vətən dili” (1882) dərsliyi ilə əsası qoyulan, seminaristlər tərəfindən davam və inkişaf etdirilən ana dili üzrə milli proqram, dərslik və dərs vəsaitlərinin yaradılması və tətbiqi prosesi Qazax Müəllimlər Seminariyası yarananadək intensiv olaraq davam etmişdir. Bu dərsliklər içərisində Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” və “Bəsirətul -Ətfal”, Mahmud bəy Mahmudbəyovun “Türk əlifbası və ilk qiraət”, Mahmud bəy Mahmudbəyovun bir neçə müəllimlə birgə tərtib etdiyi “ikinci il”, “Üçüncü il”, “İmlamız”, Firudin bəy Köçərlinin “Balalara hədiyyə”, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli və Soltan Məcid Qənizadənin ana dilimizə dair qrammatika kitabları və lüğətləri XIX əsrin sonlarından-XX əsrin 20-ci illərinədək (bəziləri hətta 20-ci illərdə də) məktəblərimizdə əsas tədris vəsaitləri kimi istifadə olunmuşdur. Bu dərs kitabları XIX əsrin sonu və XX əsrin əvvəllərində milli şüurun oyanmasında, milli dirçəlişdə əvəzsiz rol oynamışdır. Şübhəsiz, bu gün Azərbaycanda təhsilin məzmunu sahəsində, yeni proqram və dərslik yaradıcılığında həmin dərslik və dərs vəsaitlərindəki ideyalardan - ilk növbədə milli vətənpərvərlikdən yararlanmaq faydalı olardı.
Bu günümüz üçün çox əhəmiyyətli olan digər bir məsələ isə seminaristlərin milli tərəqqidə təhsilin, maarifin rolunu düzgün müəyyənləşdirmələri və təlim prosesində ana dilinin tədrisinə üstünlük vermələri, ümumən mənəvi təkamüldə ana dilinin aparıcı mövqeyini ön plana çəkmələri idi. Bu baxımdan F.Köçərlinin, N.Nərimanovun, Ü.Hacıbəylinin ana dili haqqında fikirləri maraqlı olub, bütün seminaristlər üçün ümumi olan milli ideyaların ifadəsinə xidmət edirdi. Məsələn, F.Köçərli bu məsələdən danışarkən, “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir”... qənaətindədirsə, Ü.Hacıbəyli isə “Dilimizi öyrənməliyik, öz rifah və səadətimiz üçün öyrənməliyik ki, öz ehtiyacımızın bəyanına qadir olaq” fikrindədir. Lakin hər iki mütəfəkkirin ümumi fikri belədir ki, ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən güclü vasitəsi məktəblərdə tədrisin ana dilində aparılması və ümumiyyətlə, ana dilinin tədrisinə əlahiddə üstünlük verilməsidir. Çünki onların fikrincə, uşaqlarda milli vətənpərvərlik hissi, milli ruhun oyanışı, Vətən və millət sevgisi ana dili və ədəbiyyatın, tarix və mədəniyyətin dərindən tədrisi yolu ilə aşılana bilər. Azərbaycançılıq - Vətənçilik bütün seminaristlərin həmişə uğranda mübarizə apardığı əsas milli ideyalardan idi.
Bu mənada seminaristlərin ana dilində təhsil, o cümlədən ana dili və ədəbiyyatın, tarix və mədəniyyətin üstün səviyyədə tədrisinə dair fikirləri bu gün də aktuallığını itirməmiş, ana dilində təhsilin keyfiyyəti və ana dilinin tədrisi məsələsi bəlkə də bugünkü Azərbaycan təhsilinin məzmununda ən çox nəzərə alındığı və alınmalı olduğu qlobal ümummilli problemlərin önündə durur... Çünki bu, artıq tarix və zaman tərəfindən təsdiqlənmiş bir həqiqətdir ki, görkəmli türk alimi F.K.Timurtaşın dediyi kimi, “Dil məsələsi bir milli müdafiə məsələsidir. Dili qorumaq Vətəni qorumaqla birdir. Çünki dil də Vətən qədər, tarix qədər, adət və ənənələr qədər əzizdir. Dil də bayraq kimi, ailə kimi müqəddəslərdəndir. Bəlkə hamısının ifadəsi onunla olduğu üçün hamısından öndədir. Dil olmayınca millət olmaz. Milli kültürün (mədəniyyətin) baş ünsürü dildir...”.
Nəhayət, Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin bu gün üçün simvolik görünən, elə o zamanlar da Firudin bəy Köçərli tərəfindən “dəryaya nisbət bir qətrə mənziləsində “ hesab etdiyi 250 nəfər seminarist məzun sanki bir yanar məşəl kimi Azərbaycanın ucqar güşələrini nura qərq etdi, onların sayəsində yeni-yeni məktəblər açıldı, Vətənimizdə təhsil alanların sayı durmadan artdı, xalqın milli şüuru yeni mərhələyə - milli maarifçilik, milli azadlıq, milli istiqlal dövrünə daxil oldu. Seminaristlərin, onların yetişdirmələrinin, xalqımızın digər mütəfəkkir və vətənpərvər insanlarının çoxdan arzuladıqları zaman - Rusiya imperiyasının dağılması prosesi başlandı. O zaman əsasən Tiflisdə cəmləşmiş Azərbaycan Milli Şurasının üzvləri 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdilər. Sevindirici və iftixar etməli faktlardan biri də budur ki, İstiqlal Bəyannaməsinə, Azərbaycanın müstəqilliyinə səs vermiş, Milli Şuranın 26 üzvündən 3-ü Qori Seminariyasının Azərbaycan şöbəsi ilə bağlı insanlardır. Onlardan biri seminariyanın Azərbaycan şöbəsinin inspektoru Firudin bəy Köçərli, ikincisi isə uzun illər seminariyada Azərbaycan şöbəsinin inspektoru kimi çalışmış görkəmli pedaqoq Sultan Məcid Qənizadə, üçüncüsü isə, Milli Şuranın katibi, Qori Seminariyasının məzunu Mustafa Mahmudov idi. Bu da diqqətəlayiq tarixi faktlardır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əvvəllər Xalq maarifi nazirinin müavini, sonralar isə sonuncu Xalq maarifi naziri vəzifəsini qısa müddətdə icra etmiş Nurməhəmməd bəy Şahsuvarov da Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarından biridir. Azərbaycan Xalq Cümhuriyyətinin himnini - hazırkı müstəqil Azərbaycan Respublikasının dövlət himnini -"Azərbaycan marşı”nm musiqisini yazan dahi Üzeyir Hacıbəyli də Qori Müəllimlər Seminariyasının məzunu idi...
Yuxanda deyildiyi kimi, XIX əsrin 80-ci illərindən müntəzəm olaraq Azərbaycan ziyalılan tərəfindən seminariyanın Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi uğranda apanlan mübarizələrin reallaşması üçün artıq tarixi şərait yaranmışdı.
1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti Tiflisdən Gəncəyə köçdü, mövcud tarixi-siyasi və hərbi vəziyyət nəzərə alınaraq Azərbaycan Milli Şurası buraxıldı və bütün hakimiyyət Fətəli xan Xoyskinin rəhbərliyi ilə II Hökumət Kabinetinə həvalə olundu.
Azərbaycan Xalq Cümhuriyyəti II Hökumət Kabineti Gəncədə fəaliyyət göstərdiyi 3 ay müddətində (16 iyun 1918-ci il - 17 sentyabr 1918-ci il) dövlətçiliklə bağlı bir çox tarixi qərarlarla (məsələn: Azərbaycan Milli Ordusunun yaradılması haqqında, Azərbaycanın dövlət bayrağı haqqında, Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında və s.) yanaşı, Qazax Müəllimlər Seminariyasının yaradılması haqqında da qərar qəbul etdi.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 22 iyun 1918-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi, həmin şöbənin əmlakının Qazaxa gətirilməsi məqsədilə seminariyanın keçmiş inspektora Firudin bəy Köçərliyə 5 min rubl vəsaitin ayrılması haqqında xüsusi qərar qəbul edir, həmin vəsait Gəncə xəzinədarlığından Firudin bəy Köçərliyə verilir. Bundan sonra Firudin bəy Köçərli Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi ilə məşğul olur.
Yeri gəlmişkən, uzun illər elmi ədəbiyyatda Qori Seminariyası Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri ətrafında mübahisələr getmiş, bəziləri Qazax Müəllimlər Seminariyasının təşkilini təsadüfi hadisələrlə əlaqələndirmiş, bir çoxları hətta bir qədər də “irəli gedərək” Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi üçün guya Firudin bəy Köçərlinin Bakıya gedib “Maarif Komissarlığından” (?!) “icazə alması” haqqında həqiqətdən uzaq fərziyyələr irəli sürmüşlər. Bəzi araşdırmalarda Qazax Müəllimlər Seminariyasının yaranmasını qazaxlılarm hökumətə xahişi əsasında 1919-cu ildə rəsmiləşdirildiyi fikri irəli sürülür ki, bu fikir tamamilə yanlışdır.
Lakin tarixi həqiqət belədir ki, Qori Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xüsusi qərarı ilə və heç şübhəsiz, məsələ ilə bağlı Milli Hökumətin şöbənin əmlakının Azərbaycana verilməsi barədə Gürcüstan hökuməti ilə danışıqları, eləcə də bu məsələdə Firudin bəy Köçərlinin rəyinin hökumət tərəfindən nəzərə alınması əsasında baş vermişdir. Qazax Müəllimlər Seminariyasının tarixi ilə bağlı başqa bir sənəd həmin məsələyə aydınlıq gətirmək baxımından çox əhəmiyyətlidir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncə xəzinədarlığının 1918-ci il dekabrın 28-də Qazax Müəllimlər Seminariyasının direktoruna ünvanlanmış məktubunda Firudin bəy Köçərlidən “Tatar (Azərbaycan) şöbəsinin Qori şəhərindən Qazaxa köçürülməsi ilə əlaqədar bizim fonddan göndərdiyimiz 5000 rubl pulun verilməsi barədə tələbnaməni iltizamnamə ilə birlikdə geri göndərilməsi tələb olunurdu”. (Bax: Azərbaycan Dövlət Tarix Arxivi, F-797, N19, s.l).
Bu məsələ ilə bağlı digər bir tarixi sənəd bundan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Qazax Müəllimlər Seminariyasının cari xərcləri üçün kreditin ayrılması haqqında” 21 oktyabr 1918-ci il tarixli ayrıca qərarı da olmuşdur. Həmin qərarla seminariyaya 1918-ci il oktyabrın 15-dən 1919-cu il yanvarın 1-dək 90 min 962 manat 25 qəpik həcmində maliyyə vəsaiti ayrılmışdır. Diqqəti cəlb edən məqam budur ki, adıçəkilən qərarda həmin təhsil ocağı rəsmən “Qazax Müəllimlər Seminariyası” kimi verilmişdir. Bütün bu göstərilən tarixi sənədlər bir daha təsdiqləyir ki, Qazax Müəllimlər Seminariyasının yaradılması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyəti dövründə təhsil sahəsində ilk və ən uğurlu addımlarından biri kimi qiymətləndirilməlidir.
Deyilənlərdən aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əvvəlcədən qərarı, razılığı və bu məqsədə ayırdığı maliyyə vəsaiti ilə Firudin bəy Köçərli Azərbaycan şöbəsinin bütün əmlakını Qoridən qatara yüklətdirib Ağstafa stansiyasına gətirir, keçmiş seminaristlərin köməyi ilə əmlak Qazax şəhərinə daşmır, Qazaxın məşhur bəylərindən olan Məşədi İbrahim Ağa Kosalmm seminariyaya bağışladığı şəxsi binada yerləşdirilir. Qazax Müəllimlər Seminariyasını təşkil etmək üçün Firudin bəy Köçərli Qoridən İbrahim Qayıbovu, Mirzə Vəliyevi və Mustafa Məmmədovu da özü ilə gətirmişdi. O, tezliklə Qazaxdakı keçmiş seminaristlərdən Əli Hüseynovu, Yusif Qasımovu da Qazax Müəllimlər Seminariyasında işə cəlb edir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı, yerli ziyalıların dəstəyi və köməyi ilə 1918-ci il noyabrın 10-da milli təhsil tariximiz üçün əhəmiyyətli hadisə -Qazax Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəng çalmır. Seminariyanın açılış mərasimi Qazaxdakı keçmiş seminaristlər, yerli ziyalılar və xalq tərəfindən böyük sevinclə qarşılanır. Beləliklə, müstəqil Azərbaycan Xalq Cümhuriyyətində ilk müəllimlər seminariyası - Qazax Müəllimlər Seminariyası milli ziyalıların on illərlə arzusunda olduğu bütün fənlərin ana dilində tədris edildiyi təhsil müəssisəsi kimi fəaliyyətə başlayır. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məhz Qazaxa köçürülməsi, hər şeydən əvvəl, milli hökumətin irəlicədən düşünülmüş doğru addımı idi. İstər gənc Azərbaycan milli hökuməti, istərsə də Firudin bəy Köçərli aydın şəkildə görürdü ki, əvvəla, keçmiş seminaristlərin xeyli hissəsi Qazaxda cəmləşmişdi, digər tərəfdən, o zamanlar “Zaqafqaziyanın intellekt mərkəzi” (V.V.Bartold) sayılan Tiflis şəhəri Qazaxa yaxın idi. Bütün bu amilləri nəzərə alan Milli Hökumətin qərarı Firudin bəy Köçərliyə Qazax Müəllimlər Seminariyasında illərlə arzusunda olduğu işgüzar şəraiti yaratdı. O, tezliklə Qazax mahalında təkcə seminariya direktoru kimi deyil, böyük ictimai xadim kimi də şöhrətləndi. Çox keçmədi ki, Firudin bəy Köçərli Seminariya yanında yaşlılar üçün savad kursunun və yetimlər evinin-pansionun açılmasına da nail oldu. Bu da tarixi həqiqətdir ki, Azərbaycan Milli Şurasının üzvü olan F.Köçərli sonralar Azərbaycan Parlamentinə üzvlükdən imtina edərək Qazax Müəllimlər Seminariyasında pedaqoji fəaliyyəti - müəllimliyi deputatlıqdan üstün tutmaqla, əsl maarif fədaisi olduğunu bir daha təsdiqlədi...
Firudin bəy Köçərlinin 35 illik pedaqoji fəaliyyətinin Qazax Seminariyasmdakı dövrü (iyun 1918-ci il - may 1920-ci il) bu böyük pedaqoqun, ədəbiyyatşünas alimin, vətənpərvər insanın həyatının ən fərəhli illərini təşkil edir. Lakin təəssüf ki, bu sevinc, fərəh uzun sürmədi. Sovet Rusiyasının hərbi müdaxiləsi ilə həyata keçirilən 27 aprel 1920-ci il dövlət çevrilişi Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi. Tezliklə “qırmızı terror” milli hökumət nümayəndələrinə, aparıcı ziyalılara qarşı “səlib yürüşünə” başladı. 35 il Azərbaycan maarifinin inkişafına ləyaqətlə xidmət etmiş həqiqi müəllim, görkəmli pedaqoq, tanınmış ədəbiyyatşünas alim, vətəndaş ziyalı, 25 il Qori və Qazax seminariyalarında xalqın maariflənməsi, müəllim kadrlarının yetişdirilməsi yolunda ömrünü şam kimi əritmiş Qazax Müəllimlər Seminariyasının direktoru Firudin bəy Köçərli də “qırmızı terror”un qurbanı oldu. Bu böyük maarif fədaisinin uzun illər xalqdan gizlədilmiş ölümünün səbəbləri son illərdə aparılan araşdırmalar nəticəsində aydınlaşdırılıb. Məlum olub ki, xalqın tərəqqisi naminə Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin milli hökumətin tapşırığı və qərarı ilə min bir əziyyətlə Qazaxa köçürülməsinə nail olan, bu bazada çağdaş Azərbaycan təhsil tarixinə öz əbədi imzasını həkk etmiş Qazax Müəllimlər Seminariyasının əsasını qoyan, Azərbaycanın istiqlal mücahidi, maarif və elm fədaisi, İstiqlal Bəyannaməsinə səs verənlərdən biri Firudin bəy Köçərli “milli nifaq salmaqda” günahlandırılaraq 1920-ci il iyunun 4-də “qırmızı” bolşeviklər tərəfindən Gəncədə güllələnib.
F.Köçərlinin qətlindən sonra Qazax Müəllimlər Seminariyasına əvvəllər Əhmədağa Mustafayev, sonralar isə görkəmli yazıçımız Mehdi Hüseynin atası keçmiş seminarist Əli Hüseynov rəhbərlik etmiş, sabiq müəllimləri Firudin bəy Köçərlinin ənənələrini yaşatmağa çalışmışlar.
Həqiqətən, F.Köçərli Qazax Müəllimlər Seminariyasına elə bir güclü intellektual potensial toplaya bilmişdi ki, onlar tərəfindən əsası qoyulan ənənələr uzun illər bu maarif ocağında da yaşadılmışdır. Hələ F.Köçərlinin sağlığında Qazax Müəllimlər Seminariyasına daxil olan böyük şairimiz Səməd Vurğun, sonralar isə Osman Sarıvəlli, İsmayıl Şıxlı kimi böyük şəxsiyyətlər, yüzlərlə məşhur alim, müəllim həmin seminariyanın məzunları olublar. Bu təhsil ocağının 1923-cü ildə ilk buraxılışı olmuş, 1925-ci ildə isə tarixi adı dəyişdirilərək “Qazax Pedaqoji Texnikumu” adlandırılmışdır. Sovet hakimiyyəti illərində Qazax Pedaqoji Texnikumu kimi fəaliyyət göstərmiş Qazax Müəllimlər Seminariyasının 1948-ci ildə 30 illiyi təntənəli şəkildə qeyd edilmiş, 1959-cu ilə kimi fəaliyyət göstərmiş, Azərbaycan maarifinə, Azərbaycan məktəbinə minlərlə ziyalı-müəllim vermişdir. 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illiyi keçirilmişdir.
Çox simvolik olan bir məqama da diqqət yetirmək faydalı olardı. Həm Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi, həm də onun varisi olan Qazax Müəllimlər Seminariyası (sonralar Qazax Pedaqoji Texnikumu adı ilə) cəmi 40 il fəaliyyət göstərsələr də, hər iki təhsil ocağı doğma Azərbaycanımız üçün müəllim kadrları hazırlığında, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Birinci Seminariyanın Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi dövrdə 250-dən artıq əsl xalq müəllimi yetişdirmişdirsə, ikincisi sələfindən təxminən 10 dəfədən çox, daha dəqiq desək, 2862 nəfər pedaqoji mütəxəssis hazırlamışdır.
Qazax Müəllimlər Seminariyası uzun illər Azərbaycanın güclü maarif və mədəniyyət mərkəzi olmuş, müasir Azərbaycan ziyalılarının yetişməsinə layiqli töhfələr vermişdir. Lakin etiraf etməliyik ki, Qazax Müəllimlər Seminariyasının Azərbaycan maarifinin inkişafında rolu indiyədək gərəyincə və yetərincə öyrənilməmişdir.
Bu gün başlıca vəzifə Azərbaycanın maarif və təhsil tarixinə təkrarolunmaz şanlı səhifələr yazmış Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun layiqli davamçısı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalqımızın təhsil salnaməsinə böyük ərmağanı sayılan, maarif məbədi Qazax Müəllimlər Seminariyasının mütərəqqi maarifçilik ənənələrini qoruyub saxlamaqdan, Azərbaycanın müstəqilliyini əbədi edəcək gəncləri əski seminaristlərin arzuladıqları şəkildə - Vətənə, Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatına, Azərbaycanın tarix və mədəniyyətinə, türk və islam dünyasına məhəbbət ruhunda - azərbaycançılıq, türkçülük ruhunda tərbiyə etməkdən ibarətdir.
Əsgər
QULİYEV,
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
Tədris resursları şöbəsinin
müdir müavini, filologiya
üzrə fəlsəfə
doktoru, dosent,Əməkdar müəllim
Azərbaycan müəllimi.- 2018.- 9 noyabr.- S.6-7.