Rəqabətqabiliyyətli məzunlar
Düzgün universitet seçimi
işlə
təmin olunma
şansınızı yüksəldə bilər
Böyük Britaniyanın “Times Higher Education” (THE) nəşri 2018-ci ildə universitet məzunlarının əmək bazarında rəqabətqabiliyyətliliyinə həsr olunmuş növbəti tədqiqatının nəticələrini açıqlayıb. THE-nin tədqiqatla bağlı arayışında qeyd olunur ki, kollecə və ya universitetə qəbul hələlik sizə arzuladığınız iş və ya karyera perspektivinə zəmanət vermir. Buna görə də bütün dünyada çox sayda tələbə ali məktəbi bitirdikdən sonra özünə iş tapa bilmir. Bu, sözsüz ki, kədərli andır. Digər tərəfdən, universitet bitirməyinizə rəğmən işsiz qalmağınız həm də üzücü haldır. Məlum olur ki, düzgün universitet seçimi, sözsüz ki, işlə təmin olunma şansınızı yüksəldə bilər. “Times Higher Education”nun son siyahısı göstərir ki, işəgötürən şirkətlərin gözündə hansı universitet tələbə hazırlığında ən yaxşı hesab edilir. Sorğuda dünyanın 41 ölkəsindən 250 universitet iştirak edib.
Gözlənildiyi kimi, Birləşmiş Ştatlar əmək bazarına hazırlıqlı məzun yetişdirən 10 ən yaxşı universitet siyahısında dominantlıq təşkil edir. İlk 10-luqda ABŞ universitetləri 6 mövqe əldə edib. Qalan 4 yeri Böyük Britaniya, Almaniya, Yaponiya və Sinqapur bölüşüblər. Qlobal 10-luqda Asiyadan cəmi 2 ali məktəb - Yaponiyanın Tokio və Sinqapurun Milli universitetləri təmsil olunub. Siyahıya ABŞ-ın nüfuzlu Harvard Universiteti başçılıq edir. Daha sonra Kaliforniya Texnologiya İnstitutu və Massaçusets Texnologiya İnstitutu gəlir. Beləliklə, ilk 3 yer ABŞ-a məxsusdur. İlk 5 -likdə Böyük Britaniyanın Kembric (4-cü yer) və ABŞ-ın daha bir nüfuzlu ali məktəbi - Stanford Universiteti (5-ci yer) qərarlaşıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti sıralamada 126-cı yeri (ötən il 129-cu ) tutub. Ali məktəbin mətbuat xidməti MDU-nun reytinqdə təmsil olunma faktını keyfiyyətin göstəricisi kimi qiymətləndirib.
Məzunların işədüzəlmə göstəricisi üzrə reytinqdə dünyanın 150 ən yaxşı ali məktəbi yer alıb. Siyahı tərtib olunarkən dünyanın 22 ölkəsindən olan işəgötürənlərin fikirləri əsas götürülüb. Cari ilin mayından sentyabra qədər işçi heyətinin cəlb olunması üzrə iri şirkətlərin təxminən 7 min meneceri arasında onlayn-sorğu keçirilib. Rəyi soruşulanlar məzunların işlə təmin olunması nöqteyi-nəzərindən ən müvəffəqiyyətli əməkdaşlar buraxan ali məktəblərin adlarını çəkiblər. Respondentlər öz ölkələrindən olan universitetlər üçün səs verə bilməyiblər. Daha ətraflı www.timeshighereducation.com/student/best-universities/best-universities-graduate-jobs-global-university-employability-ranking səhifəsindən tanış olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.- 23
noyabr.- S.16