“Müəllimlər biliklər üzərində
inhisarçılığı birdəfəlik
itiriblər”
Rusiyanın ən
yaxşı müəllimi Alixan Dinayev: “Nə qədər ki,
siniflərdə 20-30 şagird var, təhsilin keyfiyyətinin
yüksəlməsindən danışmaq çətindir”
Tanıtım: 11 may 1989-cu ildə
anadan olub. 2011-ci ildə Rusiya Federasiyası
Şimal-Qərb Dövlət Qulluğu Akademiyasını
bitirib. Müəllimlik karyerasına ali
məktəbdən başlayıb, 2012-2017-ci illər-də
ali məktəbdə politologiya və sosiologiya ixtisası
üzrə dərs deyib. Daha sonra Qroznı
Dövlət Neft Texniki Universitetinin fəlsəfə
kafedrasında çalışıb.
Onun bioqrafiyası xeyli
maraqlıdır. Çox nadir hallarda ali məktəb müəllimi universiteti tərk
edib məktəbə yollanır. Lakin o, uzun müddət məktəbə
getməyə qərar verə bilməyib. Ona
“bu, kişi işi deyil” deyiblər. Lakin universitetdə tələbələrlə
işlədiyi müddətdə Alixan qəbul edib ki,
uşaqları oxumağa başlamağı öyrətmək
lazımdır, bu məsələdə məktəbin pozitiv
təsir gücü daha böyükdür. Buna
görə də o, taleyini orta məktəbdə müəllimliklə
bağlayıb. Alixan həyatının bu qeyri-adi
dönüşünü belə izah edir: “Məktəbə
gəldim və uşaqlarla işləmək mənim
xoşuma gəldi”. Gənc müəllim respublikanın ali məktəblərində, təhsil mərkəzlərində,
orta məktəblərdə ustad-dərsləri və təlimlər
keçirir, informasiya agentlikləri portallarında və profil
pedaqoji nəşrlərdə dərc edilir. Onu da qeyd edək
ki, Alixan gələn ilə qədər Rusiyanın maarif
naziri Olqa Vasilyevanın ictimai müşaviri statusunu da
qazanıb.
Rusiyada artıq 29 ildir ki, ölkənin
ən yaxşı müəlliminin müəyyən edilməsi
üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından
start götürən “İlin müəllimi-2018” müsabiqəsində
Çeçen Respublikası Qroznı şəhər 1
nömrəli riyaziyyat məktəbinin ictimaiyyət və
hüquq müəllimi 29 yaşlı Alixan Dinayev qalib gəlib.
Oktyabrın 5-də müəllimlərin peşə
bayramı - Beynəlxalq Müəllimlər Günündə
Alixan Dinayev Kremldə keçirilən mərasimdə ölkənin
ən yaxşı müəllimi elan olunub.
Ölkənin 1,5
milyon müəllimi arasından seçilən müsabiqənin
mütləq qalibinə böyük “Büllur qutan”ı və
ən yaxşı müəllim mükafatını
Rusiyanın maarif naziri Olqa Vasilyeva və M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor
Sadovniçi təqdim ediblər. Müəllimlər
günü münasibətilə həmkarlarını təbrik
edən Alixan Dinayev məşhur pedaqoq Vasiliy Suxomlinskinin
“nikbinlik, inam müəllimin yaradıcı enerjisinin tükənməz
mənbəyidir” sözlərini xatırladaraq, həmkarlarına
sarsılmaz inam və nikbinlik arzulayıb. Qalib
qələbəsini 200 illik yubileyini qeyd edən Qroznı
şəhərinə və şagirdlərinə həsr etdiyini
deyib.
Ölkənin 85 subyektindən 47 min təhsil
işçisi arasında keçirilən çox mürəkkəb
və məsuliyyətli yarışmanın qalibi “Azərbaycan
müəllimi” qəzetinə müsahibə verib. Öncə Rusiyanın ən yaxşı müəllimini
yaxından tanıyaq.
Onun özü barədə dediyi bu
sözlər isə əsl müəllimin həyat kredosudur:
“Əgər həyatımın qalan hissəsini yalnız bir
işlə məşğul ola bilsəydim,
mən düşünmədən uşaqları öyrətmək
və onlardan öyrənmək imkanını seçərdim”.
-“İlin müəllimi -
2018” Ümumrusiya müsabiqəsi necə keçdi? Təəssüratlarınızı bilmək
maraqlı olardı...
-Müsabiqə
bir neçə mərhələdə keçir. Hər şey məktəbdən, ölkənin ən
nüfuzlu peşəkar müsabiqəsində iştirak etmək
arzusunda olan müəllimlərin seçim turundan
başlanır. Bundan sonra müəllimləri
bələdiyyə mərhələsi (şəhər və
ya rayon səviyyəsində) gözləyir, daha sonra
iddiaçılar regional mərhələyə daxil olurlar.
Bu il ölkənin bütün 85 regionundan
olan qaliblər Sankt-Peterburqa (müsabiqənin ötənilki
qalibinin işlədiyi şəhər)
toplaşmışdı. Məhz burada ölkənin 2018-ci il üzrə ən yaxşı müəllimi
seçilirdi. Müsabiqə iki həftə
davam edən mürəkkəb və çoxpilləli əsl
marafondur. Müsabiqənin yalnız əyani
mərhələsi 2 həftə davam edir. Mənim
üçün müsabiqəyə hazırlıq ötən
tədris ili oldu. 12 ay ərzində
mən (əvvəlcə müstəqil, daha sonra komandamla
birlikdə) ən əhəmiyyətli sınağa
hazırlaşdım.
Müsabiqənin
qalibi 8 tapşırığı yerinə yetirməlidir:
“Esse” (mövzu müsabiqənin başlamasına 10 dəqiqə
qalmış elan olunur), “İnternet-resurs” (sosial şəbəkələrdə
saytın və ya səhifənin qiymətləndirilməsi). Birinci iki sınaq qiyabi mərhələdə
keçir. Bundan sonra “Metodik seminarlar (fərdi
metodik təcrübənin nümayişi, istifadə olunan
texnologiyalar və onların nəticələri) və “Dərs”
mərhələsi oldu. “Dərs” mərhələsi məktəbin
təqvim planına uyğun olan mövzu üzrə
tanımadığımız uşaqlarla keçirildi. 15 ən yaxşı müəllim “Ustad-dərs”,
“Sinif saatı” (onun mövzusunu sınağın
başlanmasına 10 dəqiqə qalmış müəyyən
edirlər) keçdi. İddiaçılar
həmçinin “Maarifləndirici layihə” yaratmağa
çalışırlar. Bu iş 5 nəfərlə 7
saat ərzində davam edir. Sonuncu
tapşırıq - “Nazirlə danışıq”dır.
Bu mərhələdə yalnız müsabiqənin beş mükafatçısı iştirak
edir. Bu mərhələnin mövzusu yalnız
görüş əsnasında nazir tərəfindən
açıqlandı: “Qlobal rəqabətə
davamlılıq: ölkəni ümumi təhsilin keyfiyyəti
üzrə liderlər sırasına necə çıxarmaq?”.
Sonsuz dərəcədə şadam ki, mənə bu
çox gözəl müsabiqədə iştirak etmək
xoşbəxtliyi nəsib olub. İlin müəllimi
müsabiqəsi əsl peşəkar inkişaf məktəbidir.
Bir neçə həftə ərzində
pedaqoq nəhəng təcrübə qazanır. Digər tərəfdən, bu, həmçinin fiziki
və psixoloji cəhətdən üzücü bir fəaliyyətdir,
lakin insanı xaraktercə möhkəmləndirir,
çoxsaylı bacarıq və səriştələri
inkişaf etdirir, streslərə qarşı daha da
dözümlülük yaradır.
-Necə oldu ki, müsabiqədə
iştirak etməyə qərar verdiniz? Sizin ideyanız nədən
ibarət idi?
-Müsabiqədə
iştirak etməyə 2017-ci ilin sentyabrında qərar verdim.
Ötən illərin qalibləri ilə
qısa, amma yaddaqalan tanışlığım məni buna həvəsləndirirdi.
Gizlətməyəcəyəm, onların
çıxışları, ustad-dərsləri məni o qədər
valeh etmişdi ki, bu müsabiqə hərəkatının
bir hissəsi olmaq istəyirdim.
Müsabiqədə
mən öz əsas pedaqoji ideyalarımı və prinsiplərimi
təqdim edirdim:
- müəllim uşaqlar üçün dost
olmalıdır;
- bütün təhsil prosesi müəllimin
şagirdlərə sevgisinə əsaslanmalıdır;
- istənilən materialı, ilk növbədə,
sadə və əlçatan, şən və maraqlı izah
etmək lazımdır;
- pedaqoqa məktəb kabineti çərçivəsindən
kənara çıxmaq və internet vasitəsilə maarifləndirici
məkanı genişləndirmək lazımdır;
- valideynləri mümkün qədər daha fəal
şəkildə cəlb etmək və onlarda öz
uşaqlarının məktəb həyatına maraq oyatmaq
lazımdır.
- Niyə müəllim olmağa qərar
verdiniz və məhz ictimaiyyəti seçdiniz?
-Mən
müəllim ailəsində böyümüşəm və
dördüncü nəsil müəlliməm. Hələ
tələbəlik illərində məmnuniyyətlə kurs
yoldaşlarım üçün məsləhətlər
keçirir, bəzən hətta müəllimlərin yerinə
mühazirə oxuyur, bütün fənlər üzrə
çoxsaylı məruzələrlə
çıxışlar edirdim. Universitet təhsilimin
son aylarına yaxın mən təxminən 30 videoçarx
hazırladım. Bunlar müxtəlif
suallara həsr olunmuş 10-15 dəqiqəlik təhsil
materialları idi və onlar ölkədə böyük
ajiotaj doğurdu. Mənim dərs
materialını çatdırmaq və izah etmək tərzim
bütün Rusiya üzrə tanımadığım yüzlərlə
tələbənin xoşuna gəlmişdi. Bundan sonra özümü müəllim kimi tədrisdə
sınamaq fikri şüurumda qəti şəkildə
möhkəmləndi.
İctimaiyyət
fənnini ona görə seçdim ki, bir neçə il məhz sosiologiya və politologiyanı
öyrənirdim. Əlbəttə ki, bu,
inanılmaz dərəcədə maraqlı fəndir. Axı bizim bütün ətrafımız elə
ictimaiyyət özüdür. Mədəniyyət,
siyasət, biznes, ailə - bütün bunlar və bir çox
başqa şeylər bu fənn çərçivəsində
öyrənilir.
-Müasir məktəbin
inkişafı yalnız innovasiyalar vasitəsi ilə həyata
keçirilə bilər. Siz tədris prosesində
təlimin hansı aktiv metodlarından istifadə edirsiniz?
Təhsilalanların motivasiyasını necə
yüksəltmək olar?
-Mümkün qədər daha
çox aktiv və interaktiv metodlardan istifadə etməyə
çalışıram. Ən çox
işgüzar oyunlardan, “case study’lardan (vəziyyətin öyrənilməsinə
və təhlilinə əsaslanan təlim), tədris məhkəmələri,
müzakirələr, layihə işlərindən istifadə
edirəm. Dərslərdə teatr
pedaqogikasının elementlərindən istifadə etməyi
çox sevirəm.
Əminəm ki, şagirdlərin motivasiyası bir
çox hallarda müəllimin motivasiyasının nəticəsidir. Əgər
uşaqlar görürlərsə ki, müəllim öz fənnini
ürəkdən sevir, dərsdə və öz şagirdlərinin
inkişafında maraqlıdır, onda onların marağı
da əhəmiyyətli dərəcədə artır. Motivasiyanı tədris prosesində uşaqları cəlb
edən metodlardan istifadə etməklə qururam. Hətta tədris prosesinin ən
darıxdırıcı elementlərindən biri kimi qəbul
olunan yoxlama işlərini belə, biz uşaqlarla
tapşırıqlar vasitəsilə fərdiləşdirməyə
çalışırıq. Çünki
uşaqlar özləri real həyati situasiyaların təsvir
olunduğu, yumor və qismən ironiya payının olduğu
bu tapşırıqların baş qəhrəmanıdırlar.
Uşaqları motivasiya etməyin ən yaxşı
üsullarından biri müxtəlif layihələrdir. Biz şagirdlərlə
birlikdə həm xeyriyyəçilik, həm vətən-pərvərlik,
həm də sosial məzmunlu müxtəlif layihələr
reallaşdırırıq ki, onların məqsədi ətrafımızdakı
dünyanı daha yaxşı etməkdir. Digər
tərəfdən, qeyd etməliyik ki, bütün dövrlərdə
həmişə ən yaxşı motivasiya şəxsi
nümunə olub və indi də olmaqdadır.
Mənə
elə gəlir ki, uşaqları uğurlu insanların real
nümunələri ilə tanış etmək
çox əhəmiyyətlidir. Həm də təkcə
bütün dünyada tanınan, lakin bizim uşaqlardan kifayət
qədər uzaq olan Coan Roulinq və ya İlon Mask kimi qəhrəmanlarla
deyil. Şagirdləri öz həmyerliləri, onların
müasirləri, müxtəlif sahələrdə
böyük nailiyyətləri olan gənclərimizlə də
tanış etmək lazımdır. Bunun üçün mən “20 adi çeçen”
adlı kiçik kitab yazdım və
Çeçenistanın Elm və Təhsil Nazirliyinin köməyi
ilə bu kitabı respublikanın bütün məktəblərində
yaydıq. Bu kiçik əmək kifayət
qədər tələbolunan və məşhur oldu.
- Siz müəllim peşəsində
nələri başlıca hesab edirsiniz?
-Ən əsası, sözsüz ki, uşaqlara
qarşı səmimiyyət və əsl sevgidir. Bu
bünövrə olmadan müəllim işləmək, əlbəttə,
olar, amma ciddi nəyəsə nail olmaq praktik cəhətdən
mümkün deyil. İkinci ən əhəmiyyətli
qayda - daim oxumaqdır. Mən tez-tez deyirəm
ki, müəllim öyrədəndən çox özü də
öyrənəndir, həm də bütün karyerası
boyunca. Müəllim öyrənir, kitablar oxuyur,
ixtisasartırma kurslarına qatılır, müsabiqələrdə
iştirak edir, öz təcrübəsini həmkarları ilə
bölüşür və s. Nəhayət, hər zaman və
hər şeydə uşaqlar üçün nümunə
olmaq lazımdır: yüksək təhsilli, intellektual,
özünü inkişaf etdirən insan nümunəsi. Əxlaqlı davranışın nümunəsi.
Öz ölkəsinin vətəndaşı və
vətənpərvərlik nümunəsi.
-Sizin pedaqoji kredonuz? Bir müəllim
kimi, pedaqoji uğurunuzun sirri nədədir?
-O belə
səslənir: “Uşaqları sevmək. Öz
işini sevmək. Həmişə”.
Heç bir xüsusi sirr yoxdur. Uşaqlar
başqalarından fərqli olaraq daha çox hiss edirlər
ki, kim onları həqiqətən sevir,
onlara qarşı ədalətli davranır və onlar
üçün dostdur. Və əgər onlar bunları hiss
edirlərsə, onda həmişə qarşılıqlı
cavab verirlər. Bax, bu qarşılıqlı
xeyirxah və dostluq münasibətləri, çox güman
ki, mənim pedaqoji uğurlarımın “sirfidir. Digər tərəfdən, müsabiqədəki qələbəmin
məni dərhal bütün Rusiyanın ən yaxşı
müəllimi edəcək kimi xəyal da qurmur və
özümü aldatmaqla da məşğul olmuram. Həqiqətən bu zirvəyə çatmaq, bu ada
layiq olmaq üçün mənə hələ çox
oxumaq və oxumaq, işləmək və işləmək
lazımdır.
-Sizin fikrinizcə, indiki məktəbə
nə çatmır?
-Bayağıdan başlayacağam.
Daha yüksək maaş çatmır. Müəllim peşəsinin nüfuzu, hərçənd
ki, artır, ancaq yüksək deyil. Bizim
respublikamızda məktəblərdə yer
çatışmır. Nə qədər
ki, məktəb 2-3 növbədə işləyir və
siniflərdə 20-30 şagird var, təhsilin keyfiyyətinin
yüksəlməsindən danışmaq çətindir.
Bundan başqa, məktəblərdə etimad
çatmır. Direktorlara, müəllimlərə,
şagirdlərə etibar çatmır. Həddən
artıq nəzarət, yoxlama və kağız işi. Uşaqlarımıza isə, çox yəqin ki,
dialoq çatmır. Biz uşaqlara daha
çox müstəqillik, yaradıcılıq imkanları
verməliyik, bununla belə, unutmamalıyıq ki, istənilən
dərsdə baş qəhrəman şagirdlərdir.
-Ənənəvi qiymətləndirmə
sistemlərinə münasibətiniz necədir? Şagirdlərinizə tez-tezmi “2”
verirsiniz?
-Bu,
mürəkkəb və çox mühüm məsələdir.
Rusiyada çox onilliklərdir ki, 5 ballıq
sistem qüvvədədir, hansı ki, faktiki olaraq öz mahiyyətinə
görə 4 ballıq olub. Çünki
“1”-ləri demək olar ki, heç kəs və heç vaxt
qoymur. Bəzən “4” qiymət mənə
çatışmır, buna görə də “üstəgəl”
və “minuslar” da qoymaq lazım olur.
Ancaq 12 ballıq və ya 100 ballıq sistemə
keçid böyük risklərlə nəticələnə
bilər. Gələcəyi düşünmək və bu məsələni
təhsil prosesinin bütün iştirakçıları ilə
birlikdə müzakirə etmək lazımdır.
Ümumiyyətlə, heç “2”-lər qoymamağa
çalışıram. Bu, effektsiz vasitədir,
çünki işləmir, səmərəsi yoxdur. “Qeyri-kafi”dən sonra uşağın marağı
daha çox enir. “2” qoymaq əvəzinə
adətən şagirdə bir qədər də
çalışmağı təklif edir və dərsin
sonunda qiymətini düzəltmək şansı verirəm.
-Sizcə, müasir məktəb və
uşaqlar çoxmu dəyişib?
-Mən
orta məktəbi 12 il əvvəl
bitirmişəm və o vaxtdan böyük dəyişikliklərin
baş verdiyini deyə bilərəm. Baxmayaraq
ki, məktəbin bünövrəsi və strukturu əvvəlki
kimi qalıb.
Təhsildə kompüterləşdirmə sürətlə
gedir, internet və qadjetlər həyatın və təhsilin
ayrılmaz hissəsi olub. Bu gün uşaqlar
özlərini artıq telefonsuz və sosial şəbəkələrsiz
təsəvvür edə bilmirlər. Bir tərəfdən,
müəllimlər də zamanla ayaqlaşaraq və
uşaqların təhsilə marağını qoruyub
saxlamaqla dərslərdə yeni texnologiyalardan istifadə etməlidirlər.
Digər tərəfdən isə müəllimlər
biliklər üzərində inhisarçılığı
qəti və birdəfəlik olaraq itiriblər.
Hər bir şagird YouTube-da, məsələn, başqa
mütəxəssislərin hazırladıqları onlarca
videodərs və mühazirə materialını tapa, internetdəki
onlayn-resurslardan və əlavələrdən (proqramlardan)
istifadə edə bilər. Deyək ki, Rusiya
Elektron Məktəbinin (REM) yaradılması sayəsində
uşaqlar bütün fənlər üzrə ölkənin ən
yaxşı müəllimlərinin təqdim etdiyi dərslərin
tam kursunu əldə edə bilərlər.
Daha nə dəyişdi? Bütün bu illər ərzində
Rusiyanın ən ucqar rayonlarından olan uşaqlara ölkənin
ən nüfuzlu ali məktəblərinə
daxil olmağa imkan verən vahid dövlət imtahanları əsaslı
şəkildə möhkəmləndi. Dövlət fəal
şəkildə çoxsaylı kurslar, müəllimlərin
milli inkişaf sistemi və s. vasitəsilə pedaqoqların
ixtisasının artırılmasına başladı. Çeçen Respublikasında isə söhbət
müxtəlif məşğuliyyət sahələrinin, demək
olar ki, fasiləsiz konveyerindən gedir, ən yaxşı
regional və federal mütəxəssislər tərəfindən
müəllimlər üçün kurslar, seminarlar,
konfranslar keçirilir.
Nəhayət, deyək ki, çox çətinliklə
də olsa, məktəbdə təhsilin paradiqması dəyişir. Biliklər sürətlə
köhnəlir və unudulur. Bu mətni
oxuyan qeyri-riyaziyyatçılardan kimlər daha tez üç
perpendikulyar haqqında teoremin adını çəkə bilər?
Ancaq bəziləri. Və yaxud, Google-un
köməyi olmadan kim Kosovo düzündə
baş vermiş döyüşün tarixini xatırlayacaq? Hamı deyil. Buna görə də biz əsas
diqqəti fənn bilikləri üzərində saxlamaqla
uşaqlarda həm şəxsiyyət, həm də metafənlər
üzrə nəticələri inkişaf etdirməyə,
onlara gələcəkdə təhsil və istənilən
sahədə lazım olacaq universal bacarıqları və
münaqişələri həll etmək, qrupda işləmək,
məlumatları axtarmaq və təhlil etmək,
özünü qiymətləndirmək, hədəflər
qoymaq və s. kimi səriştələri də
formalaşdırmağa çalışırıq.
-Sizcə, yaxşı müəllim
kimdir? Müasir müəllim hansı keyfiyyətlərə
malik olmalıdır?
-Düşünürəm
ki, ilk növbədə, bunu uşaqların özlərindən
soruşmaq lazımdır. Çoxsaylı tədqiqatların
nəticələrinə görə, şagirdlər deyirlər
ki, müəllim materialı asan və aydın şəkildə
izah etməyi bacarmalı, sinifdə müsbət ab-hava
yaratmalı, xeyirxah və ağıllı, qiymətləndirmədə
obyektiv olmalıdır. Əlbəttə
ki, mən fənn səriştəsi barədə
danışmıram, bunlar onsuz da olmalıdır.
Müasir müəllimlərə yeni texnologiyalara
mükəmməl yiyələnmək, həssas, çevik
olmaq çox vacibdir. Qrupda işləməyi bacarmayan,
münaqişələrin öhdəsindən gələ bilməyən,
yəni bizim dövrümüzdə çox zəruri olan
qlobal şəriştələrə malik olmayan müəllimi
21 -ci əsrin müəllimi kimi təsəvvür etmək
çox çətindir. Psixologiyanın əsaslarını
bilmək, fərdi yanaşmanı tətbiq etmək
bacarığı, daim özünü inkişaf etdirmək və
ixtisasını artırmağa cəhd etmək - bunlar da həmçinin
müəllimin əsas keyfiyyətləridir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2018.- 19 oktyabr.- S.9