“Müəllimin
pedaqoji taktikası olmalıdır”
Tural Topçuyev: “Ən
ali məqsəd
mənəvi saflığa
malik şəxsiyyət
yetişdirməkdir”
Tural Topçuyev 1990-cı ildə Gədəbəy rayonunun Kələman kəndində anadan
olub. 2007-ci ildə rayonun Hacıalılar kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Həmin il Gəncə
Dövlət Universitetinin
tarix-coğrafiya fakültəsinə qəbul olub. 2011-ci ildə bakalavriat,
2015-ci ildə isə magistratura pillələri üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Hazırda Gədəbəy
rayonunun Qızılqaya kənd
tam orta məktəbində
coğrafiya müəllimi
işləyir. Bu il coğrafiya fənnindən
hazırladığı 4 şagird
600-dən, 13-ü isə 500-dən yuxarı bal toplayaraq tələbə
adını qazanıb.
Gənc müəllimin fikir və təəssüratlarını
öyrənmək üçün
onunla müsahib olduq.
- Tural müəllim, ali məktəbə qəbul
imtahanı verdiyiniz vaxtda keçirdiyiniz hissləri necə xatırlayırsınız?
- Sözsüz ki, bütün
abituriyentlər kimi mən də həyəcanlı idim. Amma düzünü deyim
ki, özümə çox arxayın idim. İnanırdım ki, qəbul imtahanında yüksək bal toplayacağam. Belə də oldu.
- Müəllimlik peşəsinə
sizdə maraq hardan
yaranıb? Orta məktəbi əla
qiymətlərlə bitirmisiniz.
Qeyri peşə sahibi də ola bilərdiniz?
- Doğrudur, nə çox peşə...Amma müəllimlik peşəsini seçməkdə
ilk yol göstərənim
atam olub. O, mənə həmişə deyirdi ki, kəndimizdə coğrafiya müəllimi yoxdur...
- Universiteti qurtardıqdan sonra doğulduğunuz
kənd məktəbini yox, ucqar Qızılqaya kənd
tam orta məktəbini seçdiniz. Buna səbəb
nə oldu?
- 2012-ci ildə Təhsil Nazirliyi müəllimlərin
işə qəbulu üzrə müsabiqə imtahanı keçirirdi.
Bu imtahana qatılaraq yüksək bal topladım. Sonra vakant yeri seçmək
üçün rayon təhsil
şöbəsinə getməli
oldum. Orada mənə bildirdilər ki, Qızılqaya kəndində
sizin kimi gənc müəllimə
böyük ehtiyac
var. İşləsəniz çox
yaxşı olar. Beləliklə də razılaşdım.
Məktəbin həyətində məni
direktor Oktay Məmmədov qarşıladı. O, məni
pedaqoji kollektivə təqdim etdikdən sonra dedi: “Tural müəllim,
sizin gəlişiniz, şübhəsiz
ki, bizim məktəbə
yeni bir nəfəs verəcək”. O gündən pedaqoji kollektivin mənə doğma münasibəti
mənim üzərimə
böyük məsuliyyət
qoydu.
- O vaxtdan artıq 6 il keçir. Şagirdlərlə
ilk dərs gününüz yaddaşınızda necə qalıb?
- 11-ci sinifdə coğrafiyadan “Türk birliyi anlayışı” mövzusunda dərs keçdim. Dərs şagirdlər tərəfindən
maraqla qarşılandı. Düzü, dərsin
maraqlı keçməsi
müəllimin hazırlığından
çox asılıdır.
Çünki müəllim
elə bir intellektual, mənəvi hazırlıq
səviyyəsinə malik
olmalıdır ki, sinifdə elmin mahiyyətini, öyrənməyin dəyərini
aşılaya bilsin.
- Pedaqoji fəaliyyətinizdə qazandığınız
nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Kənddə müəllim
işləməklə bərabər,
ikinci ildir ki, həm də
Gədəbəy şəhər
1 nömrəli tam orta
məktəbin iqtisadiyyat
təmayüllü 10-11-ci siniflərində
coğrafiyadan dərs
verirəm. Bu siniflərdə keçən
tədris ilindən bəllidir ki, şagirdlərin bilik səviyyəsi çox yüksəkdir.
Şübhəsiz ki, gələcəkdə onların hamısı ali məktəblərə qəbul
olacaq.
Həm də keçən tədris ili şagirdlərimdən
21 nəfər Respublika
fənn olimpiadasının
rayon mərhələsinin qalibi
olmuş, onlardan 3 nəfər isə final mərhələsində iştirak
etmişdir.
- Bildirdiniz ki, işlədiyiniz məktəbin
və qonşu məktəblərin şagirdləri
ilə coğrafiyadan əlavə məşğələlər
keçirirdiniz. Həmin
şagirdlər arasında ali məktəbə qəbulun
vəziyyəti
necə oldu?
- Ümumiyyətlə, bu il rayon üzrə ali
məktəblərə qəbulun
vəziyyəti
yüksək olub.
O cümlədən, mənim
coğrafiyadan məşğul
olduğum 4 şagird 600-dən, 13 nəfər isə 500-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olublar.
- Dərs dediyiniz şagirdlərinizin çoxunun
ali məktəbə qəbul olmağının sirri nədədir?
- Dərslərimdə
müasir dərsə
verilən tələbləri
gözləməklə, interaktiv
təlim metodlarından
bacarıqla istifadə
edirəm. Axı hər bir müəllimin özünün pedaqoji taktikasının olması
labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək, qarşısına
tələblər qoymaq
mümkün deyil.
Əgər belə olarsa, dərsdən səmərəni gözləmək yersizdir.
- Ucqar kəndlərdə
fəaliyyət göstərən
gənc müəllimlərə
həvəsləndirmə tədbirləri
tətbiq olunur. Gənc müəllim kimi siz bu güzəştlərdən necə istifadə edə bilibsiniz?
- Həvəsləndirmə tədbirləri
biz gənc müəllimlərin
yaxşı işləməsi,
fəaliyyət göstərməsi
üçün hər
cür imkanlar yaradır. 5 il müddətində kommunal xidmətlərdən
mən də azad olunmuşam.
- Təhsil Nazirliyi tərəfindən
“Ümumi təhsildə
keyfiyyət ili” çərçivəsində ümumtəhsil məktəblərində
çalışan müəllimlər
arasında Pedaqoji
mühazirələr keçirilmişdir.
Siz həmin Pedaqoji mühazirələrdə
iştirak edə
bildinizmi?
- Pedaqoji mühazirələr
rayon təhsil şöbəsinin
rəhbərliyi altında
yaxşı təşkil
olunmuşdu. Mühazirələrin rayon mərhələsində
qalib olduğumdan respublika mərhələsinin iştirakçısı
olmuşam.
- Cəmiyyətdə son vaxtlar “Müəllim şagird mənəviyyatının
qurucusudur” fikrini tez-tez eşidirik. Siz gənc müəllim kimi bu haqda nə deyə bilərsiniz?
- Doğrudan da belədir. Hər bir müəllim şagird mənəviyyatının
qurucusudur. Əsl müəllim üçün
dərsin bir məqamı
mühüm əhəmiyyət kəsb edir. Müəllim o məqamlardan istifadə
etməklə şagird
təfəkkürünün dərinliyinə nüfuz etməlidir.
- Deyirlər hər bir müəllimin həyatda
öz dünyası var. Bu haqda siz necə düşünürsünüz?
- Bəli, hər bir müəllimin öz dünyası
var. Çünki onun
hər bir şagirdi bu dünyanın bir vətəndaşıdır.
- Asudə vaxtlarınızdan necə
istifadə edirsiniz?
- Maraqlı sualdır. Gözləyirdim ki, belə
bir sual verəcəksiniz. Mən çox vaxtlar asuda
vaxtımı
kitabxanada
keçirirəm. Çünki Əkinçilik
Elmi-Tədqiqat İnstitutunun
dissertantıyam. Dissertasiya işimin
müdafiəsinə hazırlaşıram.
Arzum gələcəkdə tədqiqatçı
alim olmaqdır.
- Sonda müəllim olmaq istəyən şəxslərə
gənc müəllim
kimi nə tövsiyə edərdiniz?
- Cəmiyyətdə müəllim
haqqında müdrik sözlər, gözəl
kəlamlar deyənlər
çox olmuşdur. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”.
Nizami Gəncəvi müəllimi
günəşə bənzədirdi. L.N.Tolstoya görə öz işini sevən müəllim yaxşı müəllimdir,
bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.
Tural müəllim verilən sualları aram -aram cavablandırdıqdan sonra bir anlığa fikrə getdi... sonra isə fikrini belə yekunlaşdırdı: “Unutmamalıyıq
ki, müəllimlik daha çox mənəviyyat məsələsidir.
Hər bir müəllimin ən ali məqsədi
cəmiyyət üçün
mənəvi saflığa
malik olan şəxsiyyət yetişdirməkdir.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2018.-
7 sentyabr.- S.5.