“Uşaqların internetdən istifadəsinə sərhədlər
qoyulmalıdır”
Bəyaz Babayeva: “İnternet
uşağın fiziki və psixoloji sağlamlığında ciddi problemlər yarada bilər”
Məlum olduğu kimi, uşaqların psixikasının inkişafına və onların dünyagörüşünün formalaşmasına təsir edən həlledici amillərdən biri də internetdır. Müasir zamanda telefonsuz, kompütersiz, planşetsız insan həyatını təsəvvür etmək qeyri-mümkündür. Adətən, biz özümüz internetdə keçirilən vaxtı idarə edə bilmirik, bununla da öz uşaqlarımıza mənfi nümunə oluruq. Çox vaxt analar zaman məhdudiyyəti qarşısında aciz qalaraq uşaqları texnika vasitələri ilə məşğul edirlər və bu hərəkət tədricən vərdişə çevrilərək gələcəkdə uşaqda internet asılılığına gətirib çıxarır. Bəs, görəsən uşaqların internetə, müxtəlif oyunlara marağı hardan yaranır və onun uşaqlar üçün mənfi təsirləri hansılardır? Bu mövzu ətrafında Azərbaycan Tibb Universiteti “I uşaq xəstəlikləri” kafedrasının assistenti Bəyaz Babayeva ilə söhbətləşdik.
- Bəyaz xanım, bildiyiniz kimi, bu gün
dünyanı internetsiz təsəvvür
etmək mümkünsüzdür.
Maraqlıdır, internetın uşağa
hansı neqativ təsirləri var?
- Bu problem bir neçə bucaq altında təhlil edilə bilər və bu təhlillərin hər biri çox vacib, önəmli və istiqamətvericidir. İnternet uşağın həm fiziki, həm də psixoloji sağlamlığında ciddi problemlər yarada bilər. Və bu, gələcəkdə uşağın sosial mühitlə əlaqələrini zəiflədir. Uşaq vaxtını internetə nə qədər çox sərf edirsə, bir o qədər yaşıdlarıyla ünsiyyətə girməyə, aktiv oyunlar oynamağa, açıq havada gəzməyə az vaxt ayırır. Kompüterin arxasında saatlarla oturmağın əsas fəsadları isə görmə qabiliyyətinin azalması və uşağın qamətinin pozulmasıdır. İnternet saytlarında müxtəlif informasiyaların sayı durmadan artır. Bunların bəziləri uşaqların psixikasına mənfi təsir və müxtəlif düşünülməmiş hərəkətlərə sövq edə bilər. Uşaq böyüklər uçün olan müxtəlif saytlarla, yaşına uyğun olmayan oyunların, müxtəlif zərərli maddələrin istifadəsinin təbliğatı ilə qarşılaşaraq düzgün istiqamətdə formalaşmır və artıq cəmiyyət üçün təhlükə təşkil edir.
- Kompüter oyunlarına və sosial şəbəkələrə
münasibətiniz necədir?
- Məktəbəqədər və məktəb yaşlı uşaqlar kompüteri oyuncaq kimi qəbul edirlər. Şahmat, dama və s. strateji oyunlar təfəkkürün inkişafına təkan verir. Eləcə də müxtəlif bilməcələr, məntiqi oyunlar çox faydalıdır. Lakin məntiqsiz və şiddətyönlü oyunlar da mövcuddur. Məsələn, “Siniy kit”, “Tixiy dom” kimi oyunlar. Onlar birmənalı reallığı təhrif edirlər. Bunun nəticəsi olaraq, uşaqda tədricən super istedada malikolma fikri yaranır və bu aqressiyanın artmasına gətirib çıxara bilər. Oyunlar problemin bir tərəfidir. O biri tərəfdən, sosial şəbəkələrdə, çatlarda virtual dostluq, şəkillərin paylaşması, bunlar hamısı vaxtın səmərəsiz keçirilməsinə, uşağın həmyaşıdları ilə təmasında müxtəlif problemlərə, onların qapalı olmalarına, ətraflarına maraqlarının itməsinə səbəb ola bilər. Hətta gələcəkdə ona əks cinslə əlaqə yaratmaqda çətinliklər yarada bilər. Əgər sosial şəbəkələrdə, çatlarda dostları ilə ünsiyyətə çox vaxt sərf olunmursa, onda qadağa qoymağa ehtiyac yoxdur. Valideyn övladlarının dostları ilə maraqlanıb, onların ünsiyyətinə şərait yaratmalıdır. Nəticə olaraq, internetə sərf olunan vaxt məhdudlaşır.
- Siz internetin mənfi
cəhətlərini hərtərəfli təhlil etdiniz. Bəs müsbət tərəfləri
mövcuddurmu?
- Uşaqların məntiqinə, yaddaşına, koordinasiyasına müsbət təsir edən proqram və müxtəlif oyunlar mövcuddur. Onların vasitəsi ilə uşaqları oxumağı, rəqəmlərlə tanış etməyi, xarici dilləri öyrətmək mümkündür. Uşaq evdə oturaraq dünyanın müxtəlif görməli yerləri ilə, tarixi hadisələrlə tanış ola bilər. Uzaqda yaşayan dost və qohumlarla ünsiyyət yarada bilər. İnternet uşağın təhsilində əvəzolunmaz köməkçi ola bilər. O, istənilən informasiyanı istənilən vaxtda əldə etməkdə uşağın böyük yardımçısıdır.
Unutmaq lazım deyil ki, biz yüksək texnologiyalar və informasiya əsrində yaşayırıq. Bu səbəbdən uğurlu gələcək qurmaq üçün kompüterin imkanlarından səmərəli istifadə etmək bacarıqları tələb olunur. Müvafiq olaraq, əgər sizin uşağınız kompüter və internetdən istifadə edə bilirsə, deməli, o bu tələbləri ödəyəcək və arzu etdiyi məqsədlərə nail olacaq.
- Kompüter
asılılığının profilaktikası necə
aparılmalıdır?
- Valideynlərin ən böyük səhvi odur ki, ya uşaqlara internetin istifadəsinə tam qadağa qoyurlar, ya da onların saatlarla internetdə olmasına göz yumurlar. Virtual aləm tədricən dünyanın bütün ölkələrini əhatə edir. Bu səbəbdən uşaqlara internetdən istifadə etmək qadağası qoymaq mənasızdır.
Bu problemi
yalnız psixoloji üsulla həll etmək olar. Uşağı yetərincə qayğı
və sevgi ilə əhatə etmək lazımdır.
Çünki uşaqlar
anlaşmamazlıqdan və
tam emosional həyat yaşamamaq səbəbindən virtual aləmə
qapılırlar.
Valideynlər uşaqların təkcə
fiziki səhhəti ilə deyil, həm də mənəvi aləmi ilə maraqlanmalıdırlar. Uşaqla
onun problemlərindən,
hisslərindən, perspektivlərindən
mütəmadi olaraq söhbət aparıb dost
olmaq zəruridir.
- İnternet istifadəsində
hansı təhlükəsizlik
tədbirləri mövcuddur?
- Ümumiyyətlə,
internetdən istifadə
etdikdə uşaqlara zərərin qarşısını
almaq üçün
maarifləndirici kampaniyalar
aparmaq, “internetdən təhlükəsiz istifadə”
proqramları həyata
keçirmək lazımdır.
Uşaqların yaşadığı
mühiti daha yaxşı başa düşmələri üçün
valideynlər internetdən
istifadənin təməl
prinsiplərini bilməlidirlər.
Uşaqların internetdən istifadəsi
ilə bağlı sərhədlər qoyulmalıdır.
Qeyd etmək lazımdır ki, uşaqlar yalnız evdə internetdən istifadə etmirlər. Hal-hazırda
kifayət qədər
internet klublar və bu kimi başqa
əyləncə mərkəzləri
fəaliyyət göstərir.
Uşaqlar orada internetdən
nəzarətsiz yararlana
bilirlər. Dövlət tərəfindən həyata
keçirilən layihə
nəticəsində bir
müddətdir ki, məktəblərdə filtrlənmiş
internetdən istifadə
olunur. Lakin internet klublara bu
layihə tətbiq edilmir. Bu səbəbdən,
həmin layihənin təkmilləşdirilməsi istiqamətində
ciddi işlər aparılmalıdır.
- Bəs
bir həkim olaraq siz valideynlərə
nə məsləhət
görərdiniz?
- Uşaqların
internetdə vaxt keçirməsinə məhdudiyyət
qoymaq lazımdır. Görmə qabiliyyətinin zəifləməməsi
üçun ən düzgün variant gündə
2-3 saatdan artıq olmamaq şərti ilə, hər saatdan bir 15-20 dəqiqə fasilə olmalıdır. Və uşağın
boyuna uyğun xüsusi oturacaq seçilməlidir.
Uzunmüddətli hərəkətsizlikdən sonra
kürək əzələləri
onurğa sütununun
normal fəaliyyətini təmin
edə bilmir. Onurğa sütunu
və boyun əzələləri mütəmadi
olaraq gərginləşir,
başqa əzələlər
isə hərəkətsiz
vəziyyətdə qalır. Bu, halsızlıq,
yorğunluq, başağrısı,
hətta başlanan osteoxondroza gətirib çıxara bilər.
Bu səbəbdən, kompüter
arxasında vaxt keçirəndən sonra
uşağın açıq
havada gəzməsi, aktiv oyunlarla məşğul olması
vacibdir. Bu, hərəkətsiz qalan əzələləri
aktivləşdirir.
Uşaqlar bizim gələcəyimizdir. Onların formalaşmasından
bütün bəşəriyyətin
gələcəyi asılıdır.
Ən azı bu səbəbdən övladlarımızın fiziki
və mənəvi sağlamlığının keşiyində
durmaq bizim hamımızın borcudur.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2018.- 15 sentyabr.- S. 12.