Peşə təhsilinin yeni tədris ilində qarşısında duran vəzifələr

 

Çevikbazaryönümlü peşə təhsili sisteminin yaradılması əsas istiqamətdir

 

Sentyabrın 14-də “Peşə təhsili: yeni tədris ilində qarşıda duran vəzifələr  mövzusunda tədbir keçirilib. Konfransda peşə təhsili sahəsində yeniliklər və yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə peşə təhsilində normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yeni kurikulumların tətbiqi, dayanıqlı və çoxmənbəli maliyyələşdirmənin formalaşdırılması, peşə təhsili sahəsində həyata keçirilən layihələrin əsas istiqamətləri barədə məruzələr dinlənilib. Avropa İttifaqının Peşə təhsili və təliminə dəstək texniki yardım layihəsinin  qrup rəhbərinin  müavini Azər  Nəsirov  “Peşə təhsilinə Avropa İttifaqının dəstək layihəsinin icrası” məruzəsində bildirib ki, bu layihə NİRAS-ın rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir. Layihənin məqsədi Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinə Peşə Təhsili və Təlimi (PTT) sahəsində mövcud olan təhsilin keyfiyyətini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, məşğulluq imkanlarının, PTT-nin bütün səviyyələri üzrə həm gənclər, həm də yaşlı insanlar üçün cəlbediciliyin artırılmasıdır. Qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 4 komponent müəyyən olunub. Komponentlərin icrası Azərbaycan Respublikasında PTT sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və bir  neçə ölkənin təcrübələri əsasında həyata keçirilir. Hər komponent üzrə həm yerli, həm də xarici ekspertlər iştirak edir. Bu komponentlər üzərindən peşə təhsilinin idarə olunması və inkişaf edilməsi üçün tam yeni alətlər hazırlanır. Həmin alətlərin istifadəsi üçün yeni qanunvericilik bazasının layihələri və tətbiq olunması üçün yeni mexanizmlərin hazırlanması əsas vəzifələrdəndir. Peşə təhsili və təlimi üçün yeni maliyyələşdirmə mexanizmlərinin nümunələri hazırlanıb. Artıq bir neçə məktəbdə təlimçilərə yeni kurikulumlarla bağlı treninqlər keçirilib. Yeni akademik ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzarəti altında kurikulumlar pilot layihə olaraq tətbiq ediləcək. Layihənin əsas hədəflərindən birimonitorinq sisteminin yaradılmasıdır.

Keyfiyyətin ölçülməsini təmin edən sistem müəyyən olunmuş indikatorlar əsasında həyata keçiriləcək və həmin nəticələrə əsasən yekunda PTT məktəblərin reytinqi müəyyən ediləcək. Reytinqi müəyyən edən indikatorlara PTT məktəbinin fəaliyyətinin bütün sahələrinin qiymətləndirilməsi daxildirbu qiymətləndirmə qəbul planına, əlavə maliyyələşdirilməyə birbaşa təsir edəcək. Komponentlərin icrası tam yekunlaşdıqda PTT idarə olunmasında potensialın artırılması çərçivəsi tam aydın olacaq, peşə təhsili sahəsində rəqabət mühitini formalaşdıracaq. PTT-lər birbaşa əmək bazarında baş verəcək dəyişikliklərə çevik reaksiya vermək qabiliyyətinə malik olacaqlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri  Amil Əlili “Yeni tədris ilində qarşıda duran vəzifələr” məruzəsi ilə çıxış edib. Agentliyin rəsmisi peşə təhsili müəssisələrinin idarəedilməsinin daha da təkmilləşdirilməsindən, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından, peşə təhsili ilə bağlı yeniliklərdən və bu istiqamətdə görülən işlərdən söz açıb. Ölkə başçısı tərəfindən peşə təhsilinin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan uğurlu nailiyyətlər barədə ətraflı məlumat verən Amil Əlili  ixtisaslı kadr hazırlığını həyata keçirən çevikbazaryönümlü peşə təhsili sisteminin yaradılmasının vacibliyindən danışıb. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasının və “Peşə təhsili haqqında” Qanunun qəbul edilməsinin bu sahənin inkişafında rolunun mühümlüyünü qeyd edən məruzəçi əmək bazarının dəyişən tələblərinə uyğun təhsil proqramlarının hazırlanmasını, mühəndis-pedaqoji heyətin peşə-ixtisas səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib.

O, 2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində  dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələrindən danışaraq, ildən-ilə qəbul olunanların keyfiyyət göstəricilərinin yüksəlməsini layihənin uğuru kimi qiymətləndirib.

Ötən tədris ilində peşə təhsili müəssisələrində monitorinqlər zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, təhsil müəssisələri arasında koordinasiyanın təkmilləşdirilməsi, məlumat bazasının elektronlaşdırılması, təlim-təsərrüfat sahələrindən səmərəli istifadə edilməsi kimi məsələlərə toxunulub.

 

 Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2018.- 15 sentyabr.- S. 1; 11.