Şükürlər olsun ki, ölkəmizə bürünc medal gətirə bildim

 

2003-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Orta təhsilinə Bakıdakı   Məmməd Rahim adına 7 nömrəli  tam orta məktəbdə başlayıb. Hazırda təhsilini  Fizika-riyaziyyat informatika təmayüllü liseyin 10-cu sinfində davam etdirir. 2016-cı ilin martında Təhsil Nazirliyinin təşəbbüsü ilə olimpiada siniflərinin yaradılması üçün keçirilən Respublika fənn olimpiadalarında riyaziyyat fənnindən qalib olub.  2017-ci ilin dekabrından riyaziyyatla bərabər informatika fənni ilə yaxından məşğul olmağa başlayıb. 2018-ci ilin mayında Respublika fənn olimpiadalarında informatika fənni üzrə 2-ci yerə layiq görülüb. 2018-ci ilin iyulunda  gənclər arasında keçirilən Avropa Olimpiadasında (EJOI) bürünc, 2018-ci ilin sentyabrında isə  Meqapolislər  Olimpiadasında yenidən informatika fənni üzrə bürünc medala sahib olub. İbrahim idmana həvəs göstərir.  Müxtəlif illərdə açıq cüdo birinciliklərində I,  III,  2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi 26 fevral - Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş dama üzrə açıq birincilikdəƏn fəal damaçıdiplomuna layiq görülüb.

-  Bu,  mənim ölkədən xaricə 2-ci səfərim idi. Əvvəllər Moskva haqqında bildiyim yalnız  eşitdiklərimdən ibarət  idi. Lakin Rusiya paytaxtına getdikdə Moskvanın eşitdiklərimdən daha yaxşı şəhər olduğunu gördüm. Moskva öz qədimliyini qorumaqla yanaşı,  həm müasir şəhərdir. Bizə göstərilən xidmətlər yüksək səviyyədə idi. Yarışlardan sonra ekskursiyalar təşkil olunurdu, bu da imtahan yorğunluğunun aradan qalxmasına kömək edirdi. İmtahandan  əvvəl təşkil olunan “blitz tur”da kimyaçı şagirdlər tam nəticə göstərərək mükafata layiq görülməyimizə çox kömək oldular. Yarışda rəqiblərim arasında güclülərə rast gəlmək olardı. Bu, məni həyəcanlandıraraq bəzi səhvlərə yol verməyə səbəb oldu, lakin şükürlər olsun ki, ölkəmizə bürünc medal gətirə bildim. Lakin bununla kifayətlənmək fikrim yoxdur, gələn il Azərbaycanda keçiriləcək İnformatika üzrə Dünya olimpiadasında da medal qazanmaq istərdim.

 

İbrahim TAĞIZADƏ,

Fizika-riyaziyyat  informatika təmayüllü liseyin şagirdi

 

Azərbaycan müəllimi.- 2018.- 15 sentyabr.- S. 9.