Elmlə biznesin simbiozu
Dünyanın elmi-texnoloji gələcəyini müəyyən
edən “Silikon vadi”lər
XVII əsrdən etibarən Avropa dövlətləri yeni müstəmləkələrə hərbi dəniz ekspedisiyaları göndərərkən hər gəmiyə mütləq halda bir elm adamı təhkim edirdilər. Hərb öz yerində, alimlər isə gəldikləri yerlərin tarixi, coğrafiyası və təbiəti barədə məlumatlar toplayırdılar. Napoleon Misiri işğal edərkən özü ilə 150 nəfər müxtəlif sahələrin alimlərini götürmüşdü. Çarlz Darvin təsadüf nəticəsində Cənubi Amerikaya təşkil edilən ekspedisiyada yer aldı və “Təkamül nəzəriyyəsi”nin əsasını qoydu.
Bəzi müstəmləkələr azadlıq əldə etsələr də, bir vaxt işğalçı saydıqları dövlətlərdən mütərəqqi nə varsa əxz etməyi bacarıblar. Bunların sırasında, şübhəsiz ki, Hindistanın da adı çəkilməlidir. Düzdür, Hindistan tarixən bir çox elmi yeniliklərin vətəni olub, ancaq ilk milli hökumətin atdığı addımların bugünkü nəticələri yuxarıdakı qənaətimizin bir növ əyani göstəricisidir. Cəvahirləl Nehru hesab edirdi ki, riyaziyyata ənənəvi maraq baxımından yüksək texnologiyaların inkişafına ciddi önəm vermək lazımdır. Bu səbəbdən o, Hindistanın ilk milli hökumətinə bu sferaya vəsait yatırılmasını tapşırmışdı. O vaxt bu təklif ciddi müxalif mövqe ilə rastlaşdı, məntiq sadə və aydın idi: yüz milyonlarla əhalisi olan aqrar ölkədə o sahələrə kapital qoyuluşu edilməlidir ki, gələn gəlirlərdən hamı bəhrə götürə bilsin. Bununla belə, Nehru iddiasında qalmaqda idi və indi bu təşəbbüsün uğuru göz qabağındadır - Hindistan IT-nin payına görə üç ÜDM liderindən biridir.
İlk milli hökumətin həyata keçirdiyi islahatların başlıca məhsulu Hindistanın “Silikon vadi”si kimi tanınan Banqalorda yığılır. Ölkənin elmi mərkəzi kimi tanınan bu şəhər dünya iqtisadiyyatı və hay-tek sənayesinə ciddi təsir göstərən amillərdən biridir. Banqalor Hindistanın “Silikon vadi”si olsa da, dünyada ilk və ən böyüyü deyil. “Silikon vadi” anlayışının vətəni ABŞ-dır və bu baxımdan, həm ideya müəllifliyi, həm də kapital axını nöqteyi-nəzərdən təbii ki, Amerikanın “vadi”si dünyada bu qəbildən ən iri və uğurlu layihədir.
Pioner
Dünyanın ən iri
“Silikon vadi”si Kaliforniyada, San-Fransisko yarımadasında yerləşir. Ərazinin sahəsi
ilkin olaraq 56 km uzunluğu, 16 km eni olsa da, hazırda bu göstəricilər
simvolik xarakter daşıyır.
Dünyanın ən iri 3 min
şirkəti bu ərazidə fəaliyyət göstərir və
onların bir çoxu xeyli müddətdir ki, həmin o
simvolik sahənin hüdudlarını aşıb.
“Silikon vadi”si barədə təfərrüatlı
təsəvvür əldə etmək istəyən oxucu
üçün mənzərəni sadələşdiririk:
Amerikanın Las-Veqas şəhəri barədə eşitməyən
yoxdur. Dünyanın ən iri turizm mərkəzlərindən
biridir. Ötən əsrin ikinci
yarısında səhralıqda yaranıb. Bəs turistləri buraya, xüsusi təbiət
gözəlliyi və tarixi əhəmiyyəti olmayan yerə
cəlb edən nədir? Əyləncə! Yüzlərlə əyləncə mərkəzləri,
otellər və kazinolar.
İndi isə keçək
“Silikon vadi”sinə. Las-Veqasla müqayisəmiz təsadüfi
deyil. Necə ki, bu şəhər əyləncə məqsədilə
yaradılıb, eləcə də “vadi”nin
meydana çıxmasının əsas səbəbi elmi
yeniliklər və IT biznesdir. Hesab edin ki,
dünyada yeni və mütərəqqi nə kəşf
edilirsə, ən azı yarısının Amerikanın
“Silikon vadi”si ilə bu və ya digər formada əlaqəsi
var. Çünki dünyanın gələcəyini müəyyən
edən bütün müasir IT şirkətlər demək
olar ki, burada cəmləşiblər. Müasir
elmin ürəyi “Silikon vadi”də döyünür.
“Vadi”nin yaranma
tarixi belədir: Stenford Universitetinin bu ərazidə 32 kv.km-lik
torpaq sahəsi olub. Təhsil mərkəzinin
maliyyə durumunu yaxşılaşdırmaq məqsədilə
1951-ci ildə universitetin vitse-prezidenti Fred Terman burada texnoloji
parkın yaradılması və torpaq sahələrinin icarəyə
verilməsi təklifini irəli sürür. Stenfordun yaradıcısı Leland Stenford həyatdan
köçməmişdən əvvəl torpaqların
satışına qadağa qoyan vəsiyyət etmişdi.
Bu səbəbdən çıxış yolu
icarədə görülür. Elə həmin
vaxtdan etibarən dünyanın ən tanınmış
informasiya texnologiyaları şirkətləri “vadi”də “məskən”
salmağa başlayırlar. İlk sakinlər “Varian Associates”,
“Hewlett-Paskard”, “Eastman Kodak”, “General Electric”, “Lockheed Corporation”
olurlar. Bu gün tanıdığımız bütün məşhurlar
oradadır - “Intel”, AMD, “Oracle”,
“Apple”, “Cisco”, “Yahoo!”, “eBay”. Cəmi 20 il ərzində
“vadi” dünyanın elmi-texniki tərəqqi, mikroelektronika,
kompüter inqilabı və böyük maddi gəlirlər mərkəzinə
çevrildi. Bu gün “vadi” elektron və
aviakosmik məhsul istehsal edən şirkətlərlə elmin
simbiozudur.
Uğur formulu
“RİA-Novosti”nin
məlumatına görə, hazırda San-Fransisko “vadi”si milli
ixracın lideridir. Kaliforniyanın eksportunun 40%-i
bu ərazinin payına düşür. “
Silikon vadi” Amerikada
Vaşinqton və Nyu-Yorkla birlikdə üç texnoloji mərkəzdən
biridir. Vadidə 400 min IT mütəxəssisi
çalışır. Hər min nəfər
işçiyə 300 IT mütəxəssisi düşür.
Amerikanın elektronika, informatika və
hesablayıcı texnika sahəsindəki mühəndislərinin
40%-i Kaliforniyaya aiddir. “Vadi”də yaşayan
ailələrin uşaqlarının orta intellekt göstəriciləri
ABŞ üzrə göstəricilərdən bir neçə
dəfə çoxdur.
Amerikanın “Silikon vadi”sinin
uğurlarını şərtləndirən bir neçə
amil mövcuddur:
- Şəffaflıq, üfiqi
münasibətlərə üstünlüyün verilməsi,
şaquli idarəetmə orqanlarının yoxluğu;
- İnnovasiya, kreativlik və
yaradıcılıq ruhu;
- Elmi
resurslar, texnologiya və kəşflərə azad
çıxış;
- Yüksək səviyyəli və
amansız rəqabətə baxmayaraq, inkişaf etmiş
kommunikasiyalar və əməkdaşlıq;
- Yüksək aktivlik və motivasiya,
uğura köklənmə;
- Maliyyə;
- Qlobal bazarlara çıxış;
- Uğurlu yerləşmə.
Kaliforniya biznes nöqteyi-nəzərdən ABŞ-ın ən
zəngin bölgəsidir;
- Mütərəqqi qanunvericilik,
dövlətin minimum müdaxiləsi, yüksək sürətli
razılaşma. Qərarları qəbul edən və işlədən
əsas qüvvə kapitaldır;
- Dünyanın ən iri
investorları, uğurlu biznesmenləri, tanınmış
alimləri və iddialı mütəxəssislərinin bir
araya gətirilməsi.
IT sahəsində
tanıdığımız əksər populyar şirkətlərin
sahiblərinin Amerikanın “Silikon vadi”sinin keçmiş və
müasir tarixlərində özlərinə məxsus dəst-xətləri
olub. Ancaq tarixə nəzər yetirdikdə texnoloji
bölgənin ərsəyə gəlməsində 3 nəfərin
adı xüsusilə çəkilir.
1. Frederik Emmos Terman. IQ-testin
yaradıcısı Lyuis Termanın oğlu, Stenford
Universitetinin professoru. Termanı “vadi”nin
atası, ideoloqu və ilk “biznes-mələy”i hesab edirlər. 1951-ci ildən etibarən Stenford texnoloji
parkının yaradılması və formalaşması
prosesinin lokomotivi rolunda çıxış edib. Dünyanın ən iri biznes-inkubatorunun
yaradılması istiqamətində danılmaz səylər
nümayiş etdirib, bütün aparıcı şirkətlər
əraziyə məhz onun adı ilə yerləşiblər.
Tələbələri həvəsləndirmək
məqsədilə öz hesabına onlarla şirkətin
yaradılmasında iştirak edib.
2. Uilyam Şokli. 1956-cı
ildə fizika üzrə Nobel mükafatçısı.
Vadinin ilk laboratoriyasına rəhbərlik edib.
Ümumilikdə 100-dək şirkətin ərsəyə
gəlməsinin səbəbkarıdır. Bu şirkətlərdən ən məşhurları
“Fairchild Semiconductor” və “Intel”dir.
3. Uilyam Miller. Stenford
Universitetinin menecment və kompüter elmləri üzrə
professoru. Onlarla uğurlu startap və
şirkətin yaradılmasında iştirak edib. Vadidə
şəbəkə sahibkarlığı birliyi - “Joint Venture
Silicon Valley Netvork”un
yaradıcılarından biridir. Maraqlıdır
ki, ilk şəxsi şirkətinin əsasını 60
yaşında qoyub.
Müxtəlif hesablamalara
görə, vadidə yaşayan 30 mindən 60 min nəfərədək
mütəxəssis və onların ailə üzvləri
keçmiş SSRİ-dən çıxmalardır. Onların hansı qlobal
şirkətlərin yaradıcıları olduqlarına
baxıb düşünməyə dəyər: “Google”,
“WhatsApp”, “IPG Photonics”, “Zynga”, “Twitter”, “Spotify”, “Groupon”,
“PayPal”, “Parallels and Acronis”, “Genesys Telecommunications Laboratories and
Exigen Services”, “ParaGraph”, “Evernote”, ABBYY, “Fine Reader”, “Lingvo”,
“Viewdle”.
Rəqiblər,
analoqlar və təqlidçilər
San-Fransisko texnoloji “vadi”si
dünyada bir-birinin ardınca ona bənzər elmi-maliyyə mərkəzlərinin
yaranmasına səbəb oldu. İndi dünyanın
bir çox yerində eyni ssenari ilə qurulmuş texnoloji
parklar fəaliyyət göstərir. Miqyas,
kapital qoyuluşu və dünya bazarlarına
çıxış baxımından onlar Amerikanın “Silikon
vadi”si ilə rəqabət apara bilməsələr də, hər
halda simvolik olaraq “rəqib” sayılırlar.
SKANDİNAVİYA. Avropanın
şimalında İsveçlə Danimarkanın
yaratdığı Skandinaviya “vadi”sini xüsusi qeyd etmək
lazımdır. “Medikon vadisi” Avropanın ən
iri texnoloji parkıdır. Danimarkanın
paytaxtı Kopenhagen və İsveçin Malmö şəhərlərini
əhatə edir. Fərqləndirən cəhəti
odur ki, tibb, biotexnologiya, qida sənayesi sahələrində ixtisaslaşıb.
“Medikon”u 40 min nəfərədək mütəxəssis
və 4 min müxtəlif sahənin alimləri təmsil edir.
“Vadi”də elmi laboratoriyalar,
kommersiya strukturları, biotibbi texnologiyalarla məşğul
olan sənaye müəssisələri fəaliyyət göstərir. 7 elmi parkdan
ibarətdir ki, buraya təqribən 300-dək müxtəlif
şirkət, 14 universitet, 26 klinika daxildir. Ümumilikdə
3,2 milyon əhalisi var. 150 min nəfəri
tələbələrdir.
ÇİN. “Çjunquantsun”
elmi şəhərciyinin 1980-ci ildə əsası qoyulub.
Çinin Elmlər Akademiyası, Pekin
Universiteti, Politexnik İnstitutunun yerləşdiyi küçədə
yaranıb. 6 il ərzində indi məşhur
olan 100-dək şirkət burada formalaşıb. Hazırda Çinin “elektron küçəsi” hesab
edilir.
1999-cu ildə “Dövlət
quruculuğu üçün elm və texnikanı inkişaf
etdirək” şüarı ilə xüsusi dövlət əhəmiyyətli
rayonun əsası qoyulub. Hazırda özündə
elmi-texniki qüvvələri, “beyin mərkəzləri”ni və informasiya resurslarını birləşdirən
5 elmi parkdan ibarətdir.
Bu gün Çinin “Silikon
vadi”sində ofisləri olan 8 min müəssisədən tən
yarısı elektronika sahəsinin təmsilçiləridir. 23 transmilli
korporasiyanın burada filialı fəaliyyət göstərir.
Dünyanın proqram təminatı sahəsində
10 ən iri şirkətindən 4-nün “Çin vadisi”ndə
ofisi mövcuddur.
HİNDİSTAN. Dünyanın
200-dən çox iri korporasiyalarının Banqalorda
filialları açılıb. “Hind vadisi”
IT və yüksək texnologiyalar təmayülü ilə
seçilir. “Sun Microsystems”, “Intel”, “Cisco”, “Google” və
“Microsoft”un burada elmi mərkəzləri fəaliyyət
göstərir.
Yuxarıda qeyd olunanlarla
yanaşı, daha bir neçə ölkədə fəaliyyət
göstərən “vadi”lər dünya iqtisadiyyatı və
elminə öz töhfələrini verirlər. Təl-Əvivdə
yaradılmış park əsas etibarilə hay-tek və
kommunikasiya sahəsində ixtisaslaşıb. Türkiyədəki “İnformasiya vadisi”nə elmi-tədqiqat
institutları, universitetlər, müasir məhsullar istehsal edən
zavodlar, idman və tibb məntəqələri daxildir. İstanbul yanında yaradılmış şəhərcikdə
150 min nəfər yaşayır. Bu “vadi”
Rusiyanın “Silikon vadi”si - Skolkovo ilə eyni vaxtda
yaradılıb.
Belarusda Yüksək Texnologiyalar Parkı, Qazaxıstanda “Alatau IT City”, Fransada “Sofiya Antipolis”, Yaponiyada “Texnopolis Sukuba”, Azərbaycanda Sumqayıt Texnoloji Parkı fəaliyyət göstərir. Şübhəsiz ki, bu qəbildən olan elmi-texnoloji mərkəzlər dünyanın gələcək simasını müəyyən edirlər. Formul olduqca uğurludur: elmlə biznesin simbiozu. Sirr deyil ki, elm maddi dəstəyin olduğu mühitdə inkişaf edir. Gələcək elmdir. Kapital gələcəyə yatırılmalıdır.
Rüstəm QARAXANLI
Azərbaycan
müəllimi.- 2018.- 21 sentyabr.- S.1; 9.