Ali məktəbdə konsaltinq

 

Universitetlərdəki düşünən beyinlər intellektual imkanlarını vəsaitə çevirməlidirlər

 

Hazırda inkişafı barədə düşünülməsə də, konsaltinq gələcək üçün ən önəmli məsələlərdəndir. “Gələcək” deyəndə, Azərbaycan reallığında gələcəkdən söhbət gedir. Müxtəlif sahələrdə konsaltinq xidmətləri dünyanın qabaqcıl ölkələrinin bugünündə ən gəlirli sahələrdən biri kimi böyük yer tutub. Bu sahənin inkişafından tanınmış ali təhsil müəssisələri də yararlanır və həmin xidməti göstərməklə əsas qazanc mənbələrindən birini formalaşdırır.

Azərbaycanda isə tam fərqli vəziyyət müşahidə edilir. Ölkəmizdə konsaltinq xidməti göstərən şirkətlər olsa da, onların sayı da, nüfuzu da azdır. Ali təhsil müəssisələrində isə belə bir xidmət, ümumiyyətlə, yoxdur.

Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov ali təhsil sistemində konsaltinq xidmətinin yaradılması zərurətindən danışıb. Onun fikrincə, xüsusən texniki təhsil müəssisələri bu sahədə mövcud boşluğu doldura bilər:

- Konsaltinq hərfi tərcümədə “məsləhət vermə” deməkdir. Burada “məsləhət” sözünün həm hüquqi, həm də məzmun nöqteyi-nəzərindən böyük mənası var. Məsələn, böyük bir sahənin inkişaf strategiyası, yaxud yeni bir texnologiya hazırlananda həmin sahəni təmsil edən konsaltinq xidməti əsaslı şəkildə araşdırma aparır. Araşdırmanın nəticəsində sözsüz ki, müəyyən sənəd, məsələn, rəy hazırlanır. Mütəxəssislərdən ibarət bir komandanın verdiyi həmin rəy əsaslı sənəd sayılır. Burada hər hansı texnoloji işləmədən söhbət gedirsə, nəzərdə tutulan texnologiyanın nə qədər məqsədəuyğun olduğu öz əksini tapır. Ola bilsin ki, bu araşdırmanın nəticəsi olaraq həmin texnologiyanın tətbiqi barədə qərar mənfi olsun. Belə olduqda, mütəxəssis rəyi müvafiq texnologiyanın tətbiqinin məqsədyönlü olmadığını ifadə etməlidir. Yəni, mütəxəssis öz rəyində istehsalatçını gözlənilən risklə bağlı məlumatlandırır. Bu da həmin istehsalat şirkəti üçün əldə olunmuş nəticə sayılmalıdır. Belə ki, əvvəlcədən araşdırdığı üçün səmərəsiz işə başlamır. Yaxud, araşdırmanın nəticəsi göstərə bilər ki, nəzərdə tutulan işdə perspektiv olması üçün əlavə tədbirlər də görülməlidir. Bu da imkan verir ki, işə başlamadan ortaya çıxa biləcək problemlər əvvəlcədən müəyyənləşdirilsin və çatışmazlıqlar həll edilsin. Elə sahələr var ki, konsaltinq xidmətləri böyükhəcmli materiallar hazırlayır. Tutaq ki, hər hansı filiz yatağı ilə bağlı konsaltinq fəaliyyəti mütəxəssislərdən geoloji araşdırmalar tələb edir. Üstəlik, belə bir sənədi hazırlamaq istehsal texnologiyasında gözlənilən çətinlikləri, texnologiyanın xüsusiyyətlərini nəzərə almağı tələb edir. Elə işlər var ki, onun araşdırması və müəyyən qərar qəbul olunması üçün qısa müddət kifayət edir. Hər işin özünün xarakteri var. Məsələn, tutaq ki, xarici ölkədən xammal alıb hər hansı məhsul istehsal etmək üçün bir çox məsələni bilməlisən.

Bəlkə o məhsula Azərbaycanda ehtiyac çox deyil. Bundan ötrü ayrı istehsalat qurmağa ehtiyac yoxdur. Bəlkə xammalın qiyməti elə baha başa gələcək ki, ondansa, hazır olanı almaq daha əlverişlidir? Mövcud olan məhsuldan daha baha başa gələcəksə, təbii ki, yenisini yaratmağa ehtiyac yoxdur. Odur ki, bazarı, texnologiyanı, keyfiyyət göstəricilərini bilmək tələb olunur. Bütün bunlar mütəxəssis baxışı tələb edirkomanda şəklində fəaliyyət hesabına reallaşa bilər.

Ali məktəblərdə konsaltinq xidmətlərinin yaradılması perspektivli ola bilər

- Bu xidmət Azərbaycanda hansı səviyyədədir?

- Müxtəlif sahələrdə bu xidməti göstərənlər var. Ancaq bu pərakəndə və kiçikhəcmli işlərdir. Xüsusən, texnika sahəsini, elmi-texnoloji işləmləri əhatə edən belə bir fəaliyyət, demək olar ki, çox zəifdir. Bu boşluğu doldurmaq üçün ali məktəblərdə müxtəlif sahələrdə konsaltinq xidmətlərinin yaradılması perspektivli hesab edilə bilər.

- Niyə məhz ali məktəblərdə?

- Ona görə ki, müvafiq sahələrdə mütəxəssislər əsasən burada toplanıblar. Götürək energetika sahəsini. Tutaq ki, bu sahədə hər hansı problem baş verib. Halbuki bu sahədə ola biləcək risklər əvvəlcədən hesablanmalıdır. Bunu kim hazırlamalıdır? Əlbəttə ki, mütəxəssislər. İndi mütəxəssislər harda işləyirlər? Ali təhsil müəssisələrində. Ali məktəblərdə tədris prosesi həyata keçirilir. Amma hazırlanan kadrlarla sadəcə tədrisdən ibarət olmamalıdır, eyni zamanda, tədqiqat işi həyata keçirilməlidir. Tutaq ki, nəqliyyat sahəsində ekspertiza tələb olunan çoxlu situasiya mövcuddur. Bu ekspertizanı kim həyata keçirməlidir? Əlbəttə ki, ali məktəblərdəki kafedralar. Həmin fəaliyyətə görə ali məktəblər həm vəsait əldə edəcək, həm də tələbələri təcrübə qazanacaq, mütəxəssis kimi formalaşacaqlar. Bu xidmət sayəsində ali məktəblərdə çalışan mütəxəssislər özünü təkmilləşdirəcək, yazılı məsuliyyət daşıdığı müəyyən rəylər verəcəklər. Maşınqayırma, metallurgiya, energetika, İKT sahəsində, tutaq ki, kibertəhlükəsizlik sahəsində bu xidmətin tətbiqi şərtdir. Məsələn, İKT biliyi olan şəxslər əvvəlcədən risk təşkil edən sahələri müəyyənləşdirməli, bununla bağlı təkliflər verməlidirlər. Bu bir həqiqətdir ki, məsləhət şirkətlərinin qazandığı vəsaitin miqdarı kifayət qədər böyük olur. Bu da intellektual mülkiyyətin kommersiyalaşmasıdır. Başqa sözlə, intellektual potensialın maddi vəsaitə çevrilməsi texnologiyasıdır və onu tətbiq etmək uğurlu nəticələr doğurur. Günün reallığı tələb edir ki, universitetlərdəki düşünən beyinlər intellektual imkanlarını vəsaitə çevirməlidirlər. Məhz bunun üçünkonsaltinq xidmətlərinin təşkil edilməsi məqsədəuyğundur.

Hər sahədə konsaltinq fəaliyyəti üçün müəyyən imkanlar var. Bu imkanları da yalnız həmin sahənin mütəxəssisləri müəyyənləşdirməlidirlər. Düşünürəm ki, bu xidmətin yaradılması böyük dinamika yaradacaq, istehsalatla ali məktəb arasında inteqrasiyanı təmin edəcək.

Başqa bir tərəfdən, məlumdur ki, xarici ölkələrdən olan konsaltinq şirkətləri kifayət qədər böyük vəsait müqabilində xidmətlər göstərirsə, həmin xidmətlər öz mütəxəssislərimiz tərəfindən daha məqbul vəsait hesabına görüləcək və bu sahədə lazımi vərdişlər qazanılacaq. Burada həm görülən işin maddi dəyəri azalacaq, həm də öz şirkətlərimiz yaranacaq. Beləliklə, istehsalat müəssisələri ali məktəblərə vəsait xərcləməklə inkişaf dinamikası yarada bilərlər.

- Belə bir şirkətin fəaliyyəti üçün nə lazımdır?

- Öncə hüquqi baza yaradılmalı, sonra bu istiqamətdə universitetlərdə böyük təşviqat işləri aparılmalıdır. Konsaltinq fəaliyyəti hüquqi müstəviyə keçirilməli, firmalaşma getməlidir ki, gələcəkdə müvafiq sahələrə xidmət göstərsinlər. Məsələn, tutaq ki, maliyyə sahəsində hər hansı mütəxəssisin məsləhət vermək imkanları var. Həmin şəxs bu imkanını dəyərləndirib fərdi olaraq müvafiq xidmət göstərir. Bu da konsaltinq xidmətidir. Ancaq şirkətləşməyib. Texnika sahəsində böyük şirkətlərin fəaliyyət göstərməsi üçün məsləhət xidməti çox önəmlidir. Tutaq ki, metallurgiya sahəsində qurulacaq istehsalat müəssisəsinin səmərə verib-verməyəcəyinin əvvəlcədən texniki-iqtisadi göstəriciləri hazırlanmalıdır. Həmin sahənin rentabelliliyi müəyyən edilməli, marketinq, bazarın vəziyyəti öyrənilməli, həmin məhsula nə qədər ehtiyac olduğu müəyyənləşdirilməli, nəhayət, istehsalatın qurulması üçün tövsiyə xarakterli sənəd hazırlanmalıdır. İstehsalat sahəsinin gələcəkdə rentabelli olub-olmayacağı həmin sənəddə təsbit edilməlidir. Burada məsləhət şirkətinin özünün səviyyəsi də mühüm əhəmiyyət kəsb edir. Şirkət işini elə səviyyədə qurmalıdır ki, onun verdiyi tövsiyə sənədinə istehsalat şirkətləri tərəfindən etibar edilsin. İnam isə bir gündə qazanılmır. Əvvəlcə belə şirkətlərin qurulması, özünü təsdiq etməsi lazımdır. Fəaliyyəti ilə özünü təsdiq etdikdən sonra dövlət də onları tanıyacaq. Nəticədə, tutaq ki, texniki sahədə hər hansı istehsalat müəssisəsinin qurulması ilə bağlı təklif birbaşa dəyərləndirilməyəcək, bu sahədə özünü təsdiq etmiş hər hansı konsaltinq  şirkətinin tövsiyəsi də tələb ediləcək.

Sifarişçi bazarda kimə güvənəcəyini özü müəyyənləşdirəcək

- İstehsalat müəssisələri ilə konsaltinq xidmətinin qarşılıqlı münasibətləri necə tənzimlənməlidir?

- Hər şey qarşılıqlı müqavilə əsasında müəyyən edilir. Konsaltinq müəyyən olunmuş məbləğ qarşılığında əvvəlcədən nəzərdə tutulan müddət üçün üzərinə öhdəlik götürür. Ortaya çıxan sənəd sifarişçiyə təqdim edilir. Həmin sənədə əsaslanıb-əsaslanmamaq sifarişçinin öz işidir. Konsaltinq şirkətinin verdiyi məsləhətin haqqı ödənilir. Bazarda şirkətlərin sayının artması isə rəqabət mühiti yaradacaqsifarişçi bazarda kimə güvənəcəyini özü müəyyənləşdirəcək. Bu, konsaltinq şirkətlərinin məsuliyyətini də artıracaq. Özünü doğruldanlar isə adla tanınacaq və onların tövsiyəsinə daha çox etibar ediləcək.

- Mümkün narazılıqlar necə tənzimlənəcək? Tutaq ki, sifarişçi şirkət konsaltinq şirkətinin məsləhətinə güvənib və uduzub. Bu zaman necə tənzimlənməlidir? Gəlirdən faiz götürdüyü kimi, itkiyə də ortaq olurmu?

- Konsaltinq qarşılıqlı razılaşma sənədində üzərinə bununla bağlı hər hansı məsuliyyət götürübsə, ona uyğun olaraq ziyana da şərik çıxa bilər. Konsaltinq xidməti göstərən şirkətlər məsləhətinə inam yaratmaq üçün bunu edirlər. Ancaq dünyada belə bir bənd olmadan da etibar qazanmış, öz imzası ilə tanınan şirkətlər, hətta şəxslər var.

- Söz dünyadan düşmüşkən, dünya təcrübəsində bu sahənin inkişafına nail olan universitetlər çoxdurmu?

- Xarici ölkələrdə bu istiqamətdə kifayət qədər əsaslı işlər görürlər. Çox vaxt onların xidmətindən Azərbaycanda da geniş istifadə olunur. Halbuki bu xidmətin Azərbaycanda yaradılması daha yaxşı olar.

-  Azərbaycan universitetlərinin bu sahədə təcrübəsindən yararlana biləcəyi hansı təhsil müəssisələri var?

- Azərbaycanda xarici konsaltinq şirkətlərinin fəaliyyəti, əsasən, müvəqqəti xarakter daşıyır. AlmaniyadaAmerikada bu xidmət sahəsində fəaliyyət mükəmməl qurulub. Elmi-tədqiqat mərkəzləri, universitetlər əsas etibarı ilə bu fəaliyyəti həyata keçirirlər. Bu ölkələrdəki istehsalat sahələrində həmin şirkətlərin rəyini almadan hər hansı yenilik həyata keçirmirlər.

Konsaltinq: fikir var, ehtiyac da...

- İşin əsas hissəsi konsaltinq şirkətinin üzərinə düşürsə, bu qədər gəlirli bir sahə olduğu da artıq təsdiqlənibsə, bu xidmətin qurulması ölkəmizdə niyə ləngiyir?

- Sovet İttifaqında belə bir xidmət olmayıb. Həmin xidməti institutlar şəklində fəaliyyət göstərən müəssisələr həyata keçirib. Bazar iqtisadiyyatı dövründə həmin institutlar artıq özünü doğrultmur. Artıq institutlar daxilində ayrı-ayrı istiqamətlər üzrə 4-5 mütəxəssisdən ibarət qrup yaradıla bilər. Həmin qrup getdikcə fəaliyyətini tərkibini genişləndirər, beləliklə leqal fəaliyyət göstərər. Bəzi sahələrdə artıq bu xidməti göstərən belə qruplar var. Ancaq texnika sahəsində demək olar ki, yoxdur. Böyük texnologiyalar yaradan şirkətlərə konsaltinq xidmətləri göstərilmir.

- Belə çıxır ki, Azərbaycanda bu xidmətə ehtiyac hiss olunur. Amma bu xidməti xaricdən kiminsə göstərməsinə maraq var. Bu ilə izah olunur?

- Bəzən sənədlərdə öz əksini tapır ki, hər hansı layihə üzrə konsaltinq xidmətini hər hansı xarici şirkət həyata keçirsin. Bu xidmət bizdə yoxdursa, sözsüz ki, başqa bir ölkənin xidmətindən istifadə etməliyik. Bu xidmət bir günün içərisində yaradıla bilməz. Xüsusi ehtiyac olan sahələrdə yaradılmalı, bazasında digər sahələr inkişaf etdirilməli, getdikcə şəbəkələşməli, təmərküzləşməlidir. Ayrı-ayrı sahələrin mütəxəssisləri bir-birilə əlaqəli işləyəcəklər. Odur ki, bir sahə ilə başlamaq lazımdır. Xüsusən, Azərbaycanda sənaye sahələri inkişaf edir, ağır sənayenin inkişafı istiqamətində böyük işlər görülür. Odur ki, ölkəmizdə konsaltinq xidmətləri məhz bu istiqamətdən başlamalıdır. Məsələn, Azərbaycanda hər hansı mövcud faydalı qazıntı yataqlarının işlənməsi, məhsul istehsalı qədər rentabellidir? Vəsait qoyularsa, gələcəkdə bu sahə özünü doğruldacaqmı? Bunu texniki-iqtisadi cəhətdən əsaslandırmalı olan komandanın yaradılması bir günün işi ola bilməz. Bu işlərə başlamaq lazımdır.

- Fikir var, potensial da var. Bəs niyə yaratmırsınız?

- Bu istiqamətdə müəyyən düşüncələrimiz var. Kifayət qədər yeni baxışdır. İstehsalat müəssisələri bu məsələyə hələ ki, az maraq göstərirlər. Çünki onlar hazır texnologiyalar alırlar. Bir neçə mütəxəssisin xidmətindən istifadə etməklə öz işlərini qururlar. Fikrimiz var ki, istehsalatdakı müəssisələrlə işçi qrup yaradaq. Həmin komanda lazım olanda istehsalat sahələri ilə birgə yaranacaq problemlərin həllinə kömək etsinlər. Onsuz da mütəxəssislərimiz istər tək, istərsə başqa mütəxəssislərlə birgə bu prosesdə iştirak edirlər. Amma bu, pərakəndə şəkildədir təşkilati formaya düşməlidir.

- Fikir formasındadır, yoxsa hansısa çərçivədə müzakirə etdiyiniz bir əhatə dairəsi formalaşıbmı?

- Analoji şirkətlər haqqında məlumatlar toplamışıq. Onların arasında qrup da var. Hansı ki, xarici universitetlər daxilində qrup şəklində fəaliyyət göstərir bu xidməti həyata keçirirlər. Onların fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi araşdırılmalıdır. Məsələn, universitet daxilində fəaliyyət göstərə bilirmi, yoxsa mütləq qeydiyyatdan keçməlidirmi? Bu sahədə bizim özümüzə məsləhət lazımdır. Yaxud, təhsil sahəsində belə bir xidmət yaradıb xaricdə təhsil almaq istəyənlərə məsləhətlər vermək olar. Universitetlərimizin tərkibində belə bir qrupun fəaliyyətinin nəyi pisdir.

- Bu xidməti təşkil edəcək kadr potensialı necə, varmı?

- Metallurgiya sahəsində kifayət qədər belə mütəxəssislərimiz formalaşıb. BizimMetallurgiya metalşünaslıqkafedrasının məzunlarından biri öz komandası ilə Qazaxıstanda böyük bir metallurgiya zavodunu yenidən quraraq istifadəyə verdi. Həmin müəssisənin açılışında Qazaxıstanın baş naziri iştirak etdi. Həmin mütəxəssislərimizin xidmətindən Birləşmiş Ərəb Əmirliklərində bir metallurgiya zavodunun açılışında istifadə olundu. Ümumiyyətlə, metallurgiya sahəsində müəyyən ənənələrimiz mütəxəssislərimiz var. Əsas olan da budur. İlk növbədə mütəxəssis olmalıdır. Demək, bu xidmət sahəsində uğur qazanmağımız mümkündür.

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2018.- 21 sentyabr.- S.1; 5.