İrəvan da bir
nağıl idi...
“İrəvanda milli maarifçilik
mühiti” kitabı haqqında düşüncələr
Qarşımda bir kitab var. Çox nəfis şəkildə
çap edilib.
Kitab “İrəvanda maarifçilik mühiti”
adlanır. Kitabın üz
qabığında altı şəkil diqqəti çəkir.
Azərbaycanın məşhur pedaqoqu, “ürəyi atəşli
müəllim”, Qori Müəllimlər Seminariyasının
ilk məzunlarından biri, İrəvan gimnaziyasının Azərbaycan
dili müəllimi, ölkəmizdə təhsil sisteminin milli əsaslar
üzərində qurulması prosesində böyük əhəmiyyətə
malik işlər görən Firidun bəy Köçərlinin
şəkli oxucunu özünə cəlb edir. Digər
şəkillər, şagird, müəllimlər kollektivinə
aid olub nadir sənəd nümunələridir.
Kitabın müəllifləri
Azərbaycanın tanınmış alimlərindən Cəfər
Cəfərov ilə Cəlal Allahverdiyevdir. Kitabın
elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.
Kitabı vərəqləyirəm, vərəqlədikcə
Vətən həsrəti qəlbimi göynədir, ürəyimdən
nələr keçir. Xalqın belə bir deyimi yadıma düşür:
“İnsan nə qədər ki, dağın üstündədir,
dağın ucalığı bilinmir. Nə vaxt
ki, dağdan endin, uzaqlaşdın, dönüb dağa
boylananda onun ucalığı, əzəməti
görünür”. Vətən də belədir.
Nə vaxt ki, gənclik illərimizdə o yerlərdə idik,
asudə yaşayırdıq, doğma kəndimiz, uca-uca
dağlarımız, otaraq və biçənək yerlərimiz,
soyuq bulaqlarımız, tər-təmiz havamız və s. bizlərə
məxsus idi, özümüzünkü idi, heç bir
narahatlığımız da yox idi. İndi bu
yerlərə, doğma yurd-yuvamıza həsrətlə
baxırıq. O yerlər haqqında yazılan,
irili-xırdalı kitablardan İrəvanın, Zəngibasarın,
Basarkeçərin, Göyçənin,
Güllübulağın, Dərəçiçəyin,
Gözəldərənin dədə-baba yurdlarını,
xatirələrimizi yada salırıq. İmkanı
olanlar bu sahədə qələmlərini sınayırlar.
Bu da bir həyatdır. Bu da
bir Vətən borcudur.
Kitabı vərəqlədikcə, onun müəllifləri
olan qələm dostlarımın minbir zəhmətlə, həvəslə
topladıqları sənədlər - fotoşəkillər, Qərbi
Azərbaycanın kənd və şəhərlərinin
milli-maarifçilik mühiti oxucunu valeh edir.
Kitabın əvvəlində yer almış Buludxan
müəllimin “Təhsil tariximizə yeni töhfə” adlı
ön sözü çox şeydən xəbər verir.
Müəllif çox haqlı olaraq yazır ki, “təhsilimizin
həm tarixi, həm də müasirlik baxımından milli
spesifiklik xüsusiyyətlərini öyrənmədən
dünya təhsil sisteminə inteqrasiya prosesində milli
kimliyimizi təqdim edə bilmərik”.
Kitabda Qərbi Azərbaycan mənşəli
ziyalıların bütöv bir nəsli haqda məlumat
toplanmışdır.
Bu kitab ümumiyyətlə çox zəngin əməyin
nəticəsində ərsəyə gəlmişdir, - desəm
yəqin ki, səhv etmərəm.
İrəvan
Cənubi Qafqazın qədim şəhərlərindən biri
olub, özünün tarixi, coğrafi, elmi-pedaqoji, ictimai və
ədəbi mühiti ilə, həmçinin şifahi xalq
yaradıcılığı, folklor nümunələri, sənətkarlıq,
ticarət, ab-havası, qonaqpərvərliyi, qədim abidələri
ilə zəngin əsl, sırf müsəlman şəhəri
kimi əsrlərdən bəri ata-babalarımızın,
ulularımızın, qədim Oğuz övladlarının məskəni
olub.
İrəvan müstəqil xanlığa çevrilənə
qədər Səfəvi dövlətinin Çuxursəd bəylərbəyliyinin
mərkəzi vilayəti olmuş, mürəkkəb və zəngin
tarixi yol keçmişdir.
XVII əsrdə sayı on üçə çatan bəylərbəylikdən
biri də mərkəzi İrəvan şəhəri olan
Çuxursəd bəylərbəyliyi idi. İrəvan
Səfəvilər dövlətinin ən varlı və
çox gəlirli olan əyaləti idi.
İrəvan xanlığının əhalisi etnik
baxımdan yekcins olmayıb, burada azəri türkləri,
maldarlıqla məşğul olan kürdlər və
qaraçılar yaşayırdı. Xanlığın əhalisinin
böyük əksəriyyətini, bəzi mənbələrə
görə 3/4 hissəsini azəri türkləri təşkil
edirdi.
İrəvan xanlığı XVIII və XIX əsrlərdə
ümumi Azərbaycanın elmi-pedaqoji, ictimai və siyasi həyatında
mühüm əhəmiyyət kəsb etmişdir.
Lakin
zaman-zaman sakinləri kimi bu şəhərin də
başı bəlalar çəkmiş, XIX əsrin 30-cu illərində
rus imperiyası tərəfindən işğala məruz
qalmış, çar I Nikolayın fərmanı ilə
xanlıq “Erməni vilayəti” adlı inzibati-əraziyə
çevrilmiş, XX əsrin əvvəllərində paytaxt
kimi ermənilərə hədiyyə edilmiş, Sovetlər
birliyi dövründə isə Azərbaycanın ətraf
torpaqları hesabına yaradılan Ermənistan deyilən
respublikanın paytaxtına çevrilmişdir. Bütün
bunlar onunla nəticələndi ki, sovet tarix elmində hökm
sürən “konsepsiyaya ” uyğun olaraq onun tarixi, elmi-pedaqoji, ədəbi,
ictimai-iqtisadi mühiti, maarifi və mədəniyyəti
saxtalaşdırıldı və hərtərəfli təhriflərə
məruz qaldı. Ermənilər o yerlərin
türk-Azərbaycan xalqına məxsus olduğundan onun tarixi
keçmişini nəinki obyektiv tədqiqata cəlb etmədilər,
əksinə saxtalaşdırdılar. Bütün
toponimləri, yer-yurd adlarını dəyişdirərək
erməniləşdirdilər.
M.A.Santrosyanın
1964-cü ildə nəşr etdirdiyi “XIX əsrin birinci
yarısında Şərqi erməni məktəbi” adlı əsərində
Şuşada, Gəncədə, Şamaxıda olan qəza məktəblərini
erməni məktəbi hesab etməsi və yaxud QTD-nin
müşaviri N.Dementyevin 1839-cu ildə Tiflisdə ərəb
əlifbası ilə nəşr etdirdiyi “Təmsillər və
hekayələr” adlı dərs vəsaitini erməni kitabı
hesab edərək onu 1967-ci ildə İrəvanda nəşr
edilmiş “Erməni kitabı”nın (1801-1850) birinci cildinə
daxil etmələri onların qeyri-səmimiliyinə və
saxtakarlıqlarına əyani sübut deyilmi?!
Yalnız Azərbaycan müstəqillik əldə etdikdən
sonra İrəvan şəhərinin və
xanlığının obyektiv tarixinin tədqiqi sahəsində
diqqətçəkən addımlar atıldı, irihəcmli,
samballı, tarixi faktlara əsaslanan əsərlər,
monoqrafiyalar meydana gəldi. Belə əsərlərdən biri
də haqqında söhbət etdiyim “İrəvan
maarifçilik mühiti”dir. Əhalinin və dövlət məktəblərində
təhsil alan şagirdlərin milli tərkibinə
aid cədvəllər verilsə kitab daha oxunaqlı olar. Bir də materialları problemlər üzrə şərh
etmək faydalı olardı. İrəvan-Təbriz
elmi-pedaqoji əlaqələri, ən vacibi “İrəvanın
sırf müsəlman şəhəri” olmasına aid sənədlər
kitabın gələcək nəşrinə daxil edilməlidir.
Mən bu sahənin az-çox tanınmış tədqiqatçısı
olduğumdan gələcəkdə də bəzi məqamlara
diqqət yetirilməsini qeyd etmək istərdim. Bunlar
aşağıdakılardır:
İrəvan maarifçilik mühiti ilə bağlı
bəzi məlum bilgilərə də nəzər
salınsın. Bunlardan birincisi Mirzə Ələkbər
Elxanovdur (1828-1883). O, Uluxanlıda anadan olmuş, İrəvandakı
baş məscid nəzdindəki məktəbdə təhsil
almış, rus dilini öyrənmiş, 1856-cı ildə
Tiflis gimnaziyasında imtahan verərək Azərbaycan dili
müəllimi adını almış, həmin ildən
ömrünün sonunadək 30 ilə yaxın İrəvandakı
dövlət məktəblərində Azərbaycan dilindən
dərs deməklə yanaşı, bu dildə ilk dəfə
olaraq “Vətən dili” adlı dərslik də
yazmışdır.
Qafqaz tədris
dairəsinin (QTD) popeçiteli 1883-cü ilə aid
hesabatında yazırdı: “İrəvan gimnaziyasının
tatar (Azərbaycan - H.Ə.) dili müəllimi M.Ə.Elxanovun
K.D.Uşinskinin “Vətən dili” dərsliyi nümunəsində
hazırladığı “tatar dili” dərsliyi nəşrə
hazırlanır”.
M.Ə.Elxanovun bu dərsliyi QTD tərəfindən
Peterburqa - Rusiya Xalq Maarif Nazirliyinə göndərilmişdir. Kitaba S. - Peterburq
Universitetinin Şərq fakültəsinin dosenti V.Smirnov rəy
vermiş və kitabın çap edilməsini faydalı hesab
etmişdir. (S. - Peterburq MDTA, F. 734, s. 3. iş ¹ 46, v. 803-809). Göstərilən rəyin surəti, bu sətirlərin
müəllifinin şəxsi arxivində saxlanılır.
Müəllif bu rəyin tam mətnini 2012-ci ildə
nəşr etdirdiyi “Avrasiya xalqlarının məktəb və
pedaqoji fikir tarixinə dair oçerklər” kitabına daxil
etmişdir (səh. 248-254). Lakin, təəssüf ki,
M.Ə.Elxanovun 1885-ci il martın 31-də vəfat
etməsi ilə bu kitab nəşr edilmədi. Amma sonralar belə
dərsliklərin hazırlanmasına təkan verdi.
Firidun bəy Köçərli ilə bağlı deyəcəyim
bir fikir onun 1886-cı ildə İrəvanda işləyərkən
tərtib etdiyi “Azərbaycan dili proqramı” ilə əlaqədardır. Kitab müəlliflərinin
və redaktorun ixtisasca dilçi olduqları üçün
bu proqrama diqqət yetirmələri faydalı olardı.Bu
proqramın tam mətnini keçən əsrin 70-ci illərində
Ermənistan MDTA-dən əldə etmişik. Həmin
proqram bu sətirlərin müəllifinin 2013-cü ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin nəşriyyatında nəşr
etdirdiyi “Maarif fədailəri, Qoşa qanad” adlı əsərinə
daxil edilmişdir (səh. 96-102).
Tələbkar oxucularımıza onu da bildirmək istərdim
ki, İrəvanın maarifçilik mühiti təkcə
İrəvanla - Qərbi Azərbaycan mühiti ilə məhdudlaşmayıb. İrəvan
maarifçilik mühiti həm də qonşu ölkələrin,
ilk növbədə, Təbriz ziyalılarının da diqqətini
çəkmişdir. Belə ki, XIX əsrin ikinci
yarısında əslən Təbrizdən olan
ziyalıların bir dəstəsi İrəvana üz
tutmuş, buradakı yeni üsullu məktəblərin, bu məktəblərin
təşkilatçıları olan məktəbdarların
iş təcrübəsini öyrənmiş, bəziləri
özləri də İrəvanda yeni üsullu məktəblər
açmış, sonralar vətənlərinə qayıdaraq
bu məktəblərin timsalında Təbrizdə də yeni
üsulla məktəblər yaratmış, hətta
M.Ə.Elxanovun və A.O.Çernyayevskinin “Vətən dili” dərslikləri
nümunəsində özləri də dərslik yazıb nəşr
etdirmişlər. Bunlardan biri də Mirzə Həsən
Rüşdiyyədir (1850-1944).
O,
1883-cü ildə İrəvanda yeni üsullu məktəb
açmış, pedaqoji təcrübə topladıqdan sonra
Təbrizə qayıtmış və 1888-ci ildə yeni
üsullu məktəbin əsasını qoymuşdur.
M.H.Rüşdiyyə həm də “Vətən dili”
adlı dərslik yazmışdır. Cənubi Azərbaycan
maarifçilərindən olan Məhəmmədəli Tərbiyətin
yazdığına görə, Rüşdiyyə “Vətən
dili” kitabında M.F.Axundovun əlifba haqqındakı fikirlərindən
istifadə etmişdir (bax. M.Tərbiyət.
Azərbaycan alimləri. Tehran 1314 (Şəmsi)
səh. 5. /farsca). S.C. Pişəvəri
və Cavad Heyət bu kitab haqqında maraqlı məlumat
vermişlər (bax: “Azərbaycan ruznaməsi”, 12 mehr 1324, ¹ 23;
Cavad Heyət. “Azərbaycan ədəbiyyat
tarixinə bir baxış;” Hüseyn Əhmədov, Ana dili məktəblərinin
Cənubi Azərbaycana yayılması, “Varlıq” dərgisi.
Tehran, 1979, ¹ 2).
Bir haşiyə. Mən vaxtı ilə XIX əsrdə nəşr
olunan Azərbaycan dili dərsliklərimizi əldə etdim,
onları transliterasiya və faksimiliya yolu ilə çap
etdirdim. Lakin Təbrizdən Rüşdiyyənin “Vətən
dili” dərsliyini, Tehrandan isə Zaqafqaziya Şeyxul İslam
Əbdusəllam Axundzadənin 1878-1879-cu illərdə Tiflisdə
nəşr etdirdiyi “Kitabi-müəllim-ül-ətfal”
adlı dərsliyini əldə etmək mənə qismət
olmadı (bu kitab haqda bax: Məhəmmədəli Tərbiyət.
“Danişməndani - Azərbaycan” Bakı.
1987. Səh. 31-32).
Bu kitabları əldə etmək gələcək tədqiqatçıların
üzərinə düşür.
Ana dili dərsliklərimiz milli sərvətimizdir. Bu sərvət
harada olarsa-olsun onu tapıb əldə etmək bizim borcumuzdur.
Bu kitabların əldə edilməsi xüsusilə iki cəhətdən
faydalıdır. Birincisi budur ki, bu dərsliklərimizin əldə
edilməsi XIX əsrdə çap edilmiş Azərbaycan dili
- ana dili dərsliklərimizin nəşri tarixini bir qədər
də zənginləşdirər.
İkinci
vacib cəhət odur ki, bu kitablardan birinin
Şeyxül-İslama aid etdiyimiz dərsliyin əldə edilməsi
son 30-40 il ərzində Azərbaycan mətbuatında
baş alıb gedən mübahisələrə, diskussiyalara son
qoyar.
XIX əsrdə İrəvanda məktəb
açanlardan biri də Mirzə Həsən Rüşdiyyənin
qardaşı Axund Mirzə Əli olmuşdur. “Axund Mirzə
Əli cənabları dəxi o vaxtlar İrəvanda məktəb
açmışdı. Bu cənab
artıq qeyrətmənd və çalışqan cavan bir
müəllim idi” (Firidun bəy Köçərlinin
yazdıqlarından).
Haqqında bəhs etdiyimiz kitabda Cabbar Əsgərzadənin
(Bağçabanın) şəkilləri də yer
almışdır (səh. 26 və 304). Lakin onun
haqqında yalnız bir cümlə var (səh. 26). Bu şəxs ilə bağlı əlimizdə olan
məlumatı da hörmətli oxuculara təqdim edirəm.
Mənbələrdə deyildiyinə görə. C.Baxçabaninin əslən
irəvanlı olan atası Əsgər kişi
tanınmış memar olub. C. Baxçabani şəmsi qəməri
təqvimlə 1264-cü ildə, miladi təqvimlə 1885-ci
ildə anadan olmuşdur. O, ilk təhsilini qədim İrəvan
məscidində alıb. Ailə vəziyyəti
çətin olduğundan təhsilini yarımçıq
qoymağa məcbur olmuş və atasının yanında
onun peşəsini öyrənməyə
başlamışdır. Gənclik
dövründə İrəvanda gizli yollarla evlərdə
müsəlman qızlarına dərs demişdir. Bir müddətdən sonra o, “Kavkaz” qəzeti və
“Molla Nəsrəddin” jurnalında çalışan satirik
şairlərdən biri olmuşdur.
1913-cü ildə İrəvan şəhərində nəşr
olunan və geniş yayılan “Lək-lək” yumoristik
jurnalında redaktor vəzifəsində
çalışmışdır.
Baxçabani Birinci Dünya müharibəsinin son ilində
Türkiyəyə gedib, İğdır şəhər idarəsinin
təhvildari olmuşdur. Bır az sonra həmin şəhərin
qubernatoru vəzifəsinə keçmiş və
osmanlılar məğlub olduqdan sonra İrəvana
qayıtmışdır. O vaxtlar İrəvanda azərbaycanlılara
qarşı keçirilən soyqırımı ilə əlaqədar
olaraq 1919-cu ildə Cənubi Azərbaycana getməyə məcbur
olmuşdur.
Cabbar Baxçabani İrəvandakı maarifçilik fəaliyyəti
ilə bərabər Cənubi Azərbaycan maarifçilik
tarixində də özünəməxsus yer tutmuşdur.
O, əvvəllər
İranın Mərənd şəhərindəki “Əhmədiyyə”
mədrəsəsində müəllimlik etdiyi vaxt, həm də
İranda ilk dəfə olaraq uşaq bağçası
açmışdır. O, bu barədə öz tərcümeyi-halında
ətraflı məlumat verir. Təxminən
1925-ci ildə Cənubi Azərbaycanın Maarif başqanı
onu öz yanına çağırıb açmaq istədiyi
uşaq bağçasının idarə olunmasını ona
tapşırır. O sonralar yeni vəzifəsi ilə əlaqədar
“Baxçaban” sözünü özünün soyadı qəbul
etmişdir. C.Baxçabani maarifçilik tarixində ilk dəfə
olaraq lal-karlar üçün xüsusi məktəb
açmışdır (onun tərcümeyi-halı haqda bax:
S.S.Nija “Məşhuri Azərbaycan” (Azərbaycanın məşhurları),
2-ci nəşr. Təbriz, 1998, səh.
275-293, fars dilində).
Kitabda İrəvan gimnaziyası ilə İrəvan
Müəllimlər Seminariyasından və orada təhsil
almış azərbaycanlılardan bəhs edilir. Onların bir
çoxu haqqında verilən epizodik məlumatlar maraqla oxunur.
Qeyd edim
ki, İrəvan Müəllimlər Seminariyası çar
hökumətinin 1880-ci il 20 oktyabr tarixli
61.455 saylı qərarı ilə Cənubi Qafqazda
açılan sayca üçüncü seminariya idi (həmin
qərarın surəti əlimizdədir).
İrəvan
Müəllimlər Seminariyasını bitirənlərdən
biri də əslən Qutqaşendən (Qəbələ) olan
Vahid bəy Musabəyovdur (1864-1943). Onun tələbəlik
illərində çəkdiyi xəritələr əlimizdədir.
Bunlar Rusiyanın, Qafqazın, İspaniyanın,
Portuqaliyanın, İtaliyanın, Norveçin, Danimarkanın,
Amerikanın coğrafi xəritələridir. V. Musabəyov 55
il Qutqaşen kənd məktəbində fəaliyyət
göstərmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin
15 oktyabr 1932-ci il tarixli fərmanı ilə respublika
qarşısında böyük xidmətlərinə görə
“Əmək qəhrəmanı” adına layiq
görülmüşdür (bax. Hüseyn Əhmədov, 55 il xalq maarifi cəbhəsində. “Azərbaycan müəllimi”. 11 mart.
2011-ci il).
İrəvan
Müəllimlər Seminariyasını bitirənlərdən
biri də bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq
Cümhuriyyətinin 2,3 və 4-cü hökumət kabinələrində
maarif və dini etiqad nazirinin müavini, 5-ci hökumət kabinəsində
isə nazir və parlamentin üzvü olmuş Həmid
ağa Xəlil ağa oğlu Şahtaxtinskidir (1880-1944). Onun
Bakı Dövlət Universitetinin və Pedaqoji İnstitutun təşkilində
xüsusi xidməti olmuş, 1929-cu ildən professor
adını almış, Azərbaycan Dövlət Tibb
İnstitutunda və digər təhsil müəssisələrində
çalışmış, dərsliklər yazmış,
repressiyaya məruz qalmış, həbs olunaraq sürgün
edilmişdir.
Bu sətirləri yazarkən şəxsi arxivimdə
mühafizə edilən bir venetka da diqqətimi çəkdi. Bu, İrəvan
Müəllimlər Seminariyasının 1901-1902-ci tədris
illərində oranı bitirən məzunların
venetkasıdır.
Bu
venetkada haqqında bəhs etdiyimiz kitabın 29-cu səhifəsində
yer almış
seminariyanın məzunlarından biri, əslən
Vedidən olan, 1903-1917-ci illərdə Uluxanlı kənd məktəbinin
müdiri Səmdin bəy Mahmudbəyov da var.
Nəticə olaraq qeyd edək ki, bu kitab İrəvan
maarifçilik mühitinə, bütövlükdə Qərbi
Azərbaycan maarifinə bir töhfə kimi qiymətlidir. Burada bir arzumu
da bildirmək istərdim. Hər il, xüsusilə də
ADPU-nun üzümüzə gələn 100 illik yubileyi ilində
filologiya fakültəsini bitirən məzunların hər
birinə diplom ilə bərabər bu kitabın da bir nüsxəsi
hədiyyə edilsə gənclərdə vətən
sevgisini, (vətən həsrətini) vətənpərvərlik
hisslərini xeyli gücləndirərdi.
Böyük tarixi keçmişə, zəngin milli
maarifçilik mühitinə malik olan İrəvan və onun
bölgələrindən ərsəyə gələn
yüzlərlə soydaşımızın fəaliyyətini
özündə əks etdirən bu kitab haqda fikrimi
yekunlaşdırarkən bəzi məqamlar da dilə gəldi. Bunlardan birincisi budur ki,
İrəvan maarifçilik mühitini təkcə orada orta və
qismən ali təhsil almış, təhsil
müəssisələrinə rəhbərlik etmiş
ziyalılarla məhdudlaşdırmaq kifayət deyil.
Tarixi faktlar sübut edir ki, kitabda adları çəkilən
alimlərin demək olar ki, hamısı (Əkbər İrəvanlıdan
başqa) Azərbaycan maarifçilik mühitinin yetirmələridirlər.
İkinci fikrim isə budur ki, İrəvan
maarifçilik mühitindən bəhs edəndə bu
mövzuda yazılan əsər və məqalələrə
də diqqət yetirmək lazımdır.
İrəvan tarixçilik mühiti bu gün tarixə
çevrildi, tarixləşdi. Keçən əsrin
sonlarına qədər orada mühüm vəzifədə
çalışan soydaşlarımızın sonuncu nümayəndələri
də ömürlərinin son illərini Azərbaycana bağlamalı
oldular. Bununla da İrəvan maarifçilik mühiti erməni
xislətinə tab gətirmədi. Müvəqqəti
olsa da çökdü. Bu gün İrəvan
maarifçilik mühiti yalnız və yalnız xatirələrdə
yaşayır.
Oxuculara ərməğan
eylədiyim bu nağılı əslən irəvanlı
olan, keçən əsrin ortalarında İrəvan Pedaqoji
Texnikumunu bitirib bizim kənddən bir tələbə
yoldaşına könül verib, Toxluca kəndinə gəlin
köçən, ömrünü kənd məktəbində
müəllimliyə həsr edən, bu gün Bakıda
yaşayan 94 yaşlı Ceyran İrəvanlının
Göyçə dərdini ovudan bir bayatısı ilə
tamamlamaq istəyirəm.
Eləmi
göyçəməndə,
Gül bitər göy çəməndə.
Mən
Göyçədə yaşamasam da,
Yaşayır Göyçə məndə.
Hüseyn ƏHMƏDOV,
Rusiya Təhsil Akademiyasının
akademiki
Azərbaycan müəllimi.- 2018.- 21 sentyabr.- S.12.