Yüksəlişdən enişə doğru

 

Finlandiya modeli də daimi təkmilləşmə tələb edir

 

Dünya ölkələrində rifah halı və yaşayış səviyyəsinə dair reytinqlərin əksəriyyətində Finlandiyanı ilk “beşlik”də görürük. İstəyirsiniz “Dünyanın ən xoşbəxt insanları harada yaşayır” məzmunlu sorğu keçirin, görəcəksiniz ki, beş sıradan birində Finlandiya qərarlaşıb. Bu ölkədə əhalinin sosial durumu faktiki olaraq sabitdir: təbəqələrarası fərq nəzərəçarpacaq dərəcədə böyük deyil. Meşə, elektron, maşınqayırma sənayesi Finlandiya iqtisadiyyatının aparıcı sferalarıdır. Bu sahələr hər zaman güclü mütəxəssisə ehtiyac duyub. Mütəxəssis isə məktəbdə yetişir. Yəqin məntiqi aydınlaşdırdınız: yuxarıda sadalanan iqtisadiyyat sferaları ilə yanaşı, Finlandiya həm də təhsili ilə məşhurdur. Finlandiya orta təhsili özünün bütün müsbət və mənfi cəhətləri ilə bir brend və finlər üçün fəxarət obyektidir. Bu brenddən dünyanın istənilən yerində ilhamlanan və onu lokal şəraitə uyğunlaşdırmaq istəyən təhsil mütəxəssisləri ilə rastlaşa bilərsiniz. Ancaq nəticənin müsbət olacağına təminat varmı?

 

Niyə Finlandiyada olar, bizdə olmaz?

 

Son on il ərzində Finlandiya məktəblilərinin bilik səviyyəsinin aşağı düşmə tendensiyası müşahidə olunur və bunu hökumət də qəbul edir. Artıq Finlandiya orta təhsili bir nümunə olaraq göstərilmir. Ancaq hökumət 2016-cı ilin ikinci yarısından etibarən Finlandiyanı “təhsil liderliyi”nə qaytarmağı qarşısına məqsəd qoyan yeni proqramın icrasına başlayıb. Nəticələr barədə danışmaq hələ tezdir.

Fin təhsili barədə aparılan diskussiyalarda əsas sual bundan ibarət olur: niyə bizdə də finlilərdə olduğu kimi etmək olmaz? Bu sual postosovet məkanı üçün də aktualdır. Hətta Türkmənistan hökuməti Finlandiya təhsil sistemindən qaynaqlanan yerli sistemin yaradılmasına cəhd edib, ancaq nəticə barədə hələlik bir məlumat yoxdur. Təhsil ölkənin və xalqın mental düşüncə tərzi ilə sıx bağlı məsələdir. Bu baxımdan, orta statistik türkmənlə finin eyni tərzdə düşünmədikləri, dünyagörüşlərinin köklü şəkildə fərqləndikləri hamımıza aydındır. Gəlin elə coğrafiya və demoqrafiyadan başlayaq:

1. Finlandiya əhalisinin azlığı. Cəmi 5,5 milyon nəfərdir, əsas etibarilə ölkənin cənubunda, bir-birlərinə yaxın ərazilərdə yaşayırlar;

2. Əhalisi olduqca homogendir: 89% finlər, 5-6% isveçlilər. Dini təmayüllər müstəvisində heç bir ayrı-seçkilik yoxdur;

3. Əhalinin gəlirləri arasında fərq cüzidir;

4. 2008-ci ilin statistikasına görə, məktəblərin 1/3-də uşaqların sayı 50 nəfərdən azdır. Yalnız 4% məktəblərdə şagirdlərin sayı 500 nəfər ətrafındadır.

Artıq sadalanan amillər göstərir ki, Finlandiya təhsil sistemini bizdə, yaxud Qazaxıstanda və ya tutaq ki, Türkiyədə tətbiq etmək mümkünsüz olmasa da, hər halda çətin və məsuliyyətli prosesdir. Ancaq onun ayrı-ayrı elementlərindən yararlanmaq və müsbət nəticə əldə etmək perspektivi istisna deyil.

 

Fin eyforiyası

 

Finlandiya təhsil sisteminin 2000-ci illərin əvvəllərində əldə etdiyi uğurların əsas qaynağı 1980-90-cı illərdə həyata keçirilmiş islahatlara bağlanır. Ötən yazımızda bu məqama ətraflı toxunmuşuq. Həmin illərdə hansı islahatlar aparılmışdı ki, Finlandiya məktəbi bir etalona çevrilmişdi?

1. Məktəblərin hamı üçün pulsuz olması və vahid məktəb proqramı;

2. İbtidai siniflərdə dərs deyən müəllimlərin yüksək səviyyəli mütəxəssis olmaları;

3. Müəllim üçün ölkənin bütün “qapı”larının açıq olması: təhsil işçisi tək məktəbdə deyil, dövlət və özəl sektorda da asanlıqla iş tapa bilər, peşə məhdudiyyətinə məruz qalmır və peşəkar artım üçün hər cür şəraitə malikdir;

4. Müəllimə etimad mədəniyyətinin yüksək səviyyəsi.

Bütün bu amillər ona gətirib çıxartdı ki, Finlandiya əsrin əvvəllərində bir təhsil nümunəsi, yaxud cənnətinə çevrildi. Finlilər faktiki olaraq PİSA-nı “işğal” etmişdilər: əvvəl 2000-ci ildə, sonra 2003 və 2006-da Finlandiya reytinqin lideri oldu. Aradakı və sonrakı illərdə isə sabit olaraq ilk “beşlik”də təminatlı yer. Ancaq birdən... 2013-cü ildə məlum oldu ki, Finlandiya nəinki liderdir, heç “onluğ”a da daxil deyil: 12-ci yer! “Business İnsider”də yazı çıxdı: Nə etməli?

Eyforiya? Bəli. Bir sıra mütəxəssislər düşünür ki, Finlandiyanın əsrin əvvəllərində təhsil sahəsində gözlənilməz liderliyi finliləri daimi təkmilləşmə və yeniləşmə fokusundan yayındırdı. Onların fikrincə, finlilərin başı turistlərə “təhsil möcüzə”sinə necə nail olduqlarına dair izahat verməyə qarışmış, sistemin yenilənməsi, başqa sözlə, tempdə qalmasını təmin etmək isə unudulmuşdu.

Eyni zamanda, PİSA-nın populyarlığı digər ölkələri məcbur etdi ki, onlar da təkmilləşsinlər. Sadə dillə desək, digər dövlətlər PİSA-nın soruşduğu sualları götürüb cavab axtarmaqla məşğul olduqları vaxt Finlandiya öz yerində addımlayırdı. Belinski demişkən, kim ki qabağa getmir, geriyə gedir: dayanıqlı vəziyyət yoxdur!

Hazırda ən ciddi problemləri qısaca olaraq belə qruplaşdıra bilərik:

- Məktəblilər arasında elmə olan aşağı maraq. Uşaqların 65%-nin elmə marağı aşağı həddədir. Onların da 2/3-ni oğlanlar təşkil edir;

- Oğlan və qız uşaqlarının təhsil göstəriciləri arasında ciddi fərq. Qızlar əsas etibarilə daha yaxşı nəticələr göstərir;

- Məktəblər arasında minimal olsa da, ötən illərə nisbətən diqqəti cəlb edən fərqlər;

- Qabaqcıl şagirdlərdə motivasiyanın yoxluğu. Finlandiya məktəblərində uşaqları fərqləndirmək praktikası yoxdur, əsas məqsəd hamının savad bərabərliyini təmin etməkdir. Kim geridə qalır, onu dartıb qabağa gətirmək lazımdır. Nəticədə daha ağıllı və savadlı uşaqlar üçün məktəb maraqsız olur.

Nə etmək lazımdır?

Bütün bunlara rəğmən hökumət gələcəyə optimistcəsinə baxır. 2016-cı ilin ikinci yarısında 1-6-cı siniflərin proqramında islahatlara dair plan təqdim olunub və icrasına başlanılıb. Növbədə yuxarı siniflərdir: plana uyğun olaraq 7-9-cu siniflərdə yeniliklərə 2017-ci ildən etibarən start verilib və 2019-cu ildə başa çatmalıdır. Mövcud sistemdən qalan amillər bunlardır:

- Hamı üçün təhsil;

- Pedaqoqların hazırlığına yüksək diqqət;

- Ayrı-ayrı məktəb və rayonlar səviyyəsində məsuliyyət və azadlıq.

Tətbiq olunan yenilikləri isə belə qruplaşdırmaq olar:

- Məcburi proqrama kross-nizam modulunun əlavə edilməsi. Uşaqlara elə məsələlər verilir ki, sırf bir predmetə aid olmur. Məktəblilər digər fənlərə dair biliklərindən də yararlanırlar;

- Hər məktəb üçün ayrıca tyutorun - tərbiyəçinin ayrılması. Onun əsas vəzifəsi yeni pedaqoji təcrübənin və rəqəmsal texnologiyaların tətbiqinə köməklik göstərməkdir;

- LUMA-proqramın tətbiqi. Əsas məqsəd uşaqlarda uşaq bağçasından tutmuş universitetlərədək riyaziyyat və təbiət elmlərinə marağı stimullaşdırmaq;

- Multiliteracy (bir neçə dilin öyrənilməsi). Məqsəd fənlərin müxtəlif dillərdə öyrənilməsidir.

Bu yeniliklərin nəticəsinin necə olacağını, təbii ki, zaman göstərəcək. Ancaq Finlandiya təcrübəsindən çıxış edib bir qənaətə gəlmək olar: təhsil canlı orqanizmdir, bir yerdə dayanmır, daim təkmilləşmə və yeniləşmə tələb edir. Bu reallığın dərk edilməsi müasir təhsilin əsas uğur faktorudur.

 

Rüstəm QARAXANLI

 

Azərbaycan müəllimi.- 2017.- 12 yanvar.- S.1; 5.