Pillələri qırıq nərdivan kimiyik...

 

Qriqoriy Petrov və “İdeal müəllim” əsəri

 

Onu təqdim edəndə “Ağ Zanbaqlar ölkəsində” əsərinin müəllifi olduğunu xüsusi vurğulayırlar. Əsər Finlandiyanın iqtisadi, siyasi, mədəni tənəzzülü uğurlu təhsil mexanizmi və standartları sayəsində aradan qaldırmasından bəhs edir. Hətta kitab yayımlandıqdan bir neçə il sonra Mustafa Kamal Atatürkün göstərişi ilə türk dilinə tərcümə olunaraq hərbi məktəblərin tədris planına salınmışdı. Üstəlik, o zamanlar əsərin oxunması ilə bağlı maraqlı statistika verilmişdi: “Bu kitab Türkiyədə Qurandan daha çox oxunub”.

 

İçki mühitində böyüyən din adamı

 

Qriqoriy Petrov 1866-cı ildə Rusiyanın Yamburq (indiki Kinqisepp) vilayətində doğulub. Valideynlərinin kimliyi ilə bağlı məlumatlar müəmmalıdır. Belə ki, bəziləri atasının kiçik tüccar, bir qismi isə barmen olduğunu deyirdilər. Hətta bu haqda iki dahi rus yazıçısının məktublaşmasında maraqlı fakt verilib. Belə ki, 1898-ci ildə Qriqoriy Petrovun “İncil həyatın təməli kimi” kitabı sürətlə oxucu kütləsi qazanır. Əsəri oxuyandan sonra dövrünün məşhur rus yazıçısı Maksim Qorki onun haqqında dostu Anton Çexova yazırdı: “Barmenin oğlu hesab edilən Petrov uşaqlığında sərxoş və söyüş mühitindən başqa yer tanımayıb... Buna baxmayaraq, bir neçə ruhu var, aydın, dərin, mömin bir ruh... Kitab kahin tərəfindən yazılıb, ancaq elə yazılıb ki, heç bir kahin belə əsər yarada bilməz”.

Qayğıdan uzaq, başı sığal görməyən uşaq həyatın çətinliklərindən daha tez nəticə çıxarmağa başlayır. Qriqoriy insanlığın xilası ilə bağlı utopik xəyallar qurur, Lev Tolstoy kimi yer üzünü cənnətə çevirmək yollarını axtarırdı.

“Elm, din, fəlsəfə, sənət insanlığın xoşbəxtliyi üçün faydalı deyilsə, heç bir dəyəri olmaz”-deyən Petrov din adamı olmağa qərar verir. Məhz bu yolla daha geniş auditoriyalarda görüşlərə qatılıb, insanlara təsir edəcəyini düşünür. Hədəflədiyi təbəqə isə əsasən yoxsullar, fəhlələr, kəndlilər idi. Onların düşüncəsində, həyat tərzində inqilab edəcəyinə inandırmışdı özünü. Ömrünün sonuna qədər də bu əqidəsinə sadiq qalır.

 

Kilsədən qovulan kahin

 

Narva gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqda dini seminariyaya qəbul olunur. Qriqoriy özünü artıq tam bir dindar kimi hiss edir, bu sahəni daha dərindən mənimsəmək üçün Sankt-Peterburq İlahiyyat Akademiyasına sənəd verir. Akademiyanı yüksək nəticələrlə bitirdiyinə görə magistr dərəcəsini imtahansız əldə edir. Məhz bu nailiyyət ona bir çox nüfuzlu universitet və liseydə mühazirə demək imkanı yaradır.

Qriqoriy məqsədinə çatmışdı. Ancaq arzularının miqyası sərhədsiz idi. Sankt-Peterburqda günü-gündən ideya məsləkdaşları formalaşır, böyük toplumun nəbzini tutmağı bacarırdı. İnsanlar onun çıxışlarını dinləmək üçün bölgələrdən axın edirdilər. O, xalqın hissiyyatını ələ ala bilən, problemlərə impulsiv yanaşma bacarığı olan natiq idi. Hətta çar ailəsi övladlarına dərs verməsi üçün onu saraya dəvət etmişdi. Lakin Petrovun artan nüfuzu kilsə idarəçilərinin narahatlığına səbəb olurdu. Onlar Qriqoriyin əleyhinə qarayaxma kampaniyaları aparırdılar. Əlbəttə, elmlə məşğul olan insanlara siyasət və dindən uzaq durması çağırışını edən dindar kilsə fədailərini qıcıqlandırmaya bilməzdi. Nəhayət, Petrova qarşı səsləndirilən ittihamlar işə yarayır və o, 1903-cü ildə kilsədən uzaqlaşdırılır.

1907-ci ildə isə “zərərli qəzetçilik fəaliyyəti” səbəbindən Peterburq yaxınlığındakı bir monastra sürgün edilir. Amma cəmiyyətdən təcridi ideya qardaşlarının Petrova olan rəğbətini daha da artırır və namizədliyini irəli sürmədiyi halda Rusiyanın II Dövlət Dumasına deputat seçilir. Bu müddətdə Qriqoriy həm də bir neçə qəzetlə əməkdaşlıq edir, özünün də dediyi kimi “yatmış xalqı oyandıran” yazılar yayımlayırdı. Günlərin birində Qriqoriy kilsə idarəçiliyinə yönəlmiş tənqidi yazısı ilə qarşı tərəfin təzyiqindən yayına bilmir, keşiş rütbəsi əlindən alınır. Ona qarşı 7 il müddətində Peterburq və Moskvada yaşamaq, 20 il ərzində dövlət işlərində çalışmaq qadağası tətbiq olunur.

Sabiq keşiş bundan sonra Balkan və Avropa ölkələrinə səyahətə çıxır. Gəzdiyi yerlər arasında ən çox Finlandiyanın təbiəti, iqtisadi və sosial durumu, cəmiyyətin mədəni inkişafında təhsilin rolu Qriqoriyin yaradıcılığına əhəmiyyətli dərəcədə təsir edir.

1917-ci ildə Rusiyada Oktyabr çevrilişindən sonra bolşeviklər tərəfindən təhdidlərə məruz qalır. Krıma sığınan Petrov bir müddət burada yaşamalı olur. 1919-cu ildə atasının da məsləhəti ilə “Könüllü ordu”ya yazılan oğlu Kerç yaxınlığında döyüşlərin birində öldürülür. Qəribədir ki, Qriqoriyin bu itkisinin qarşılığında elə həmin il ikinci həyat yoldaşından qızı doğulur. Oğlunun ölümündən sonra geniş kütlələr içində inqilabçı çıxışlarını daha cəsarətlə davam etdirən din adamını az qala hər addımına görə ittiham edirdilər. Nəhayət, 1920-ci ildə Krımdan İstanbula gizli qaçqınlar daşıyan gəmiyə ən son sərnişin olaraq, ayaqyalın, nimdaş paltarda atlayaraq canını qurtara bilir. Türkiyədən Serbiyaya keçir. Qriqoriy ona rəğbət bəsləyən bir qrup ziyalının dəstəyi ilə Belqrad Universitetinə professor təyin olunur.

 

Xərçəngdən ölür, iki dəfə dəfn olunur

 

Qərib ölkədə yaşamasına baxmayaraq, vətənindən əlini üzməmişdi. Necəsə oralara səsini çatdırmağı, bəşəri örnəkləri xalqına göstərməyi düşünürdü. 1923-cü ildə bütün bu gözləntilərinin məcmusu kimi ona böyük şöhrət gətirən “Ağ Zanbaqlar ölkəsində” əsəri yazılır. Kitab serb dilində çap olunur. O, iqtisadi, siyasi, mədəni tənəzzüldən sırf mükəmməl təhsil strategiyasına görə üzüağ çıxan Finlandiyanı nəinki Rusiyaya, digər ölkələrə də nümunə göstərirdi. Əsər ölümündən sonra bir neçə xarici dilə çevrilir. Beləcə, həm yazıçının, həm əsərin əhəmiyyətinin sərhədi genişlənməkdə davam edir. Bu günə qədər də aktuallığını itirməyən əsər dəfələrlə nəşr olunur, oxucular tərəfindən sevilir.

1925-ci ildə xərçəng xəstəliyinə tutulan Qriqoriy Parisə yollanır. Lakin əməliyyat uğursuz olur və Petrov elə xəstəxanada vəfat edir. Nəşi yandırılaraq Serbiyadakı həyat yoldaşı Zinayda İvanovnaya göndərilir. Xanımı onu Novi-Sad şəhərindəki Uspensk qəbirisitanlığında dəfn etdirir. 1981-ci ildə bu ərazidə aparılan tikinti işləri ilə əlaqədar bəzi qəbirlər, eləcə də Petrovun məzarının köçürülməsinə qərar verilir. Yazıçının Almaniyada yaşayan qızı atasının cənazəsinin qalıqlarını yaşadığı Münhen şəhərindəki Ostfridxov qəbiristalığına gətirir.

 

“İdeal müəllim”

 

Rubrikamızın bu sayında isə Qriqori Petrovun xüsusən məktəblər, təhsil sahəsində çalışanlar üçün adı oxunulması vacib əsərlər siyahında olan “İdeal müəllim”indən danışacağıq.

“Yumruq” Ədəbi Birliyi tərəfindən nəşrə hazırlanan əsərin tərcüməçiləri Zaur Həsənzadə və Sayalı Həsənzadədir.

Əsərin əsas obrazı, həm də real qəhrəmanı Rusiyanın tanınmış botanik-riyaziyyatçı alimi Sergey Raçinskidir. O, Moskva Universitetində dərs deyir. 1880-ci illərdə Rusiyanın elmi-texniki sahədə geridə qalması, xüsusən əyalətlərdəki cəhalət onu ruhdan salır. Professor bu problemin həlli yollarını axtarmağa başlayır. Bir ziyalı kimi düşünür ki, əlini-qolunu bağlayıb yalnız universitetdə oturmaqla, çox az sayda gəncə təhsil verməklə köklü dəyişiklik gözləmək ağılsızlıqdır. Həyatının ən çətin qərarını verməli olur. Doğulduğu ucqar Tatevo kəndinə getməli, ailələri uşaqlarını məktəbə göndərməyə məcbur etməli, istedadları özü tapıb üzə çıxarmalıdır. Raçinskinin bu qərarından rektor, müəllim yoldaşları qəzəblənir. Ancaq heç kəs onu fikrindən daşındıra bilmir.

“Hamınız çox yaxşı bilirsiniz ki, torpağın altından neft çıxarmaq istəyənlər ilk növbədə yerin üstünü qazırlar... Mən də millətimizin ruhunun dərinliklərində gizli qalan böyük istedadları tapıb ortaya çıxarmaq üçün kəndlərə gedirəm... Ölkəmizdə məktəblərin sayı çox azdır. Mövcud olan məktəblərdə isə yaxşı müəllimlər yoxdur. Bu məktəblərə gedən şagirdlər öyrəndiklərini tutuquşu kimi əzbərləyiblər”.

Raçinskidən bu sözləri eşidənlər “doğrudan da riyaziyyatçılar dəli olur”-deyə ona tənə edirlər.

Yerli kənd müəllimləri onu çox soyuq qarşılayırlar. Hamı professorun ağlını itirdiyini düşünürdü. İçki düşkünü, qaba kəndlilərin arasında tezliklə həvəsdən düşüb geri qayıdacağını zənn edirdilər. “Kəndlərimizə bilik yox, meyxana, içki lazımdır” deyən müəllimlərə qəzəblənərək: “Sizdə heç utanmaq yoxdurmu? Bu sözləri kimin haqqında deyirsiniz? Özünüzün də içində yaşadığı millət haqqında, elə deyilmi?” cavabını verir.

“Hamımız 10 il və ya daha artıq bir müddətdə məktəblərdə təhsil aldıq. Böyük yazıçıların əsərlərini oxuduq. Əsl sənətkarların yaratdığı tablo və heykəllərə tamaşa etdik. Ruhu vəsf edən musiqiləri dinlədik... Buna baxmayaraq, hər birimiz canlı bir işıq saçan fənər olmaq əvəzinə yatmış vəziyyətdəyik, pillələri qırıq nərdivan kimiyik. Bu qüsurumuzla biz məsum xalq kütləsinə hücum edir və onları alçaldırıq. Özümüzü isə sivil insanlardan biri hesab etməkdən də çəkinmirik”.

Nəhayət, Raçinski çətinliklə də olsa kənddə arzuladığı məktəb mühitini yaratmağı bacarır. Şagirdlərinə dərs məsuliyyətindən başqa məktəbə, müəllimə diqqətlə yanaşmağı, paltarlarını, sinif otağını təmiz saxlamağın mənəvi tərəflərini izah edir. Professor hər keçən gün şagirdlərinin mədəni, zehni inkişafını izləməkdən zövq alır. O, həm də kəndin kişiləri arasında içkinin zərərləri ilə bağlı təbliğatlar aparır, spirtli içkiləri “şüşənin içində gizlənən şeytan” adlandırırdı. On il keçir. Raçinski əlindən tutub bu illər ərzində əziyyətlə oxutduğu Boqdanov Belski və Boqdanov Zabolotni adlı iki istedadlı şagirdin birincisinin rəssam, ikincisinin isə tanınmış kimyaçı olmasına böyük dəstək verir. Beləcə, kiçik Tatevo kəndindən mühəndislər, maşinistlər, həkimlər çıxır.

Əsərin sonuncu hissəsi çar Rusiyasının devrilməsi dövrünü əhatə edir. Bu zamanlarda bəzi tanınmış alimlərin, din adamlarının təqibi və yetirmələrinin ağır günlərini Raçinskinin görmədən öldüyü yazılır.

“Həyatın bitib tükənməyən min bir işlərinin arasında sahiblənməyimiz gərək olan real düşüncələri itiririk. Dayanmadan ən yaxşı yemək və içkilər, ən rahat divan və yataq yerləri hazırlamağı düşünürük. Hamımız axmaqcasına geyinib bəzənməyə, dəyərli vaxtımızı zövq və əyləncə içində keçirməyə çalışırıq. Ölkəmizdə demək olar ki, mənəviyyatla məşğul olan adam qalmayıb, gələcəyimizi düşünən idealistlər itiblər. Hər kəsin ağlında yalnız bir şey var, o da harada və necə daha artıq qazanc əldə etməyi düşünməkdir”.

Xüsusən, təhsil sahəsində çalışan, peşəsini sevən, dəyər verən hər bir müəllimin mütləq oxumalı kitablar siyahısında belə ibrətamiz kitabın olması vacibdir. Məhz buna görə də “İdeal müəllim” əsərini oxuculara tövsiyə edirik.

 

Gülnarə İLHAM

 

Azərbaycan müəllimi.- 2018.- 12 yanvar.- S.13.