Məktəbimiz “Təhsildə keyfiyyət ili”ndə

 

Gələcək üçün təhsilli, sağlam vətəndaş və şəxsiyyət yetişdirmək məsuliyyətimiz artır

 

Təhsil sahəsində aparılan bütün islahatların məqsədi onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Çünki keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və təhsilalanların sosial tələbidir. Təsadüfi deyil ki, pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti “cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq və peşə səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriyakimi xarakterizə olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə isə “Təhsilin keyfiyyət səviyyəsi” ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə uyğun olaraq müəyyən edilir.

Təhsil nazirinin əmri ilə 2017-2018-ci dərs iliÜmumi təhsildə keyfiyyət ilielan edilib. Əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin fəaliyyət planı da təsdiqlənib.

İstənilən sahədə keyfiyyət anlayışı müəyyən olunmuş standartlara uyğunluğu ifadə edir. Təhsilin keyfiyyəti də əldə olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş meyarlara, yəni standartlara nisbəti ilə müəyyənləşdirilir.

Bütün respublikanı əhatə edən keyfiyyətli təhsil uğrunda hərəkat rayonumuzun da təhsil sistemindən yan keçməyib. Demək olar təhsilin bütün sahələrində yeniliklər həyata keçirilir ki, bu da rayonumuzda təhsilin inkişaf və tərəqqi etməsinə səbəb olur.

Təhsildə keyfiyyətə təsir edən bir çox amillər vardır ki, bunlardan biri də uşaqların məktəbəhazırlıq mərhələsini keçməklə təlimə başlamasıdır. 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığının artırılmasını, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırılmasını, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, bununla da ibtidai təhsilə keçidi asanlaşdırmaq məqsədilə yaradılan hazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların tədris vəsaitləri dövlət hesabına ödənilir. Əgər 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün beşyaşlıların 24, 2016-2017-ci dərs ilində 55 faizini əhatə edirdisə, 2017-2018-ci dərs ilində artıq bu göstərici 65 faizdir. Bu islahat eyni zamanda Salyan rayonunu da əhatə edir. Rayonun bütün təhsil müəssisələrində 5 yaşlı uşaqların təhsilə cəlb olunması təmin edilmişdir.

Son illər Təhsil Nazirliyi tərəfindən məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri də əsas götürülür. Bəllidir ki, bu mərhələdə məktəblərin göstəricilərinin yüksək olması şagirdlərin tam orta təhsil səviyyəsində uğurlu təhsilə yiyələnməsinə zəmanət verir.

İlk dəfə 2016-2017-ci dərs ilində şagirdlər kurikulumla tədris üzrə buraxılış imtahanı veriblər. Rayonumuzun IX sinif məzunları da bu imtahanlarda iştirak edərək yüksək nəticələr göstəriblər. Müəllimi olduğum 2 nömrəli tam orta məktəbin IX sinif şagirdlərinin buraxılış imtahanlarında göstərdikləri nəticələr qənaətbəxş olub.

Təhsilin keyfiyyətinə təsir edən amillərdən biritam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkil olunmasıdır. Təmayülləşmə son 2 ildə həyata keçirilən önəmli islahatlardan biridir. 2015-2016-cı tədris ilində ölkə üzrə 50, 2016-2017-ci tədris ilində isə 58 məktəb bu layihəyə cəlb edilib.Təmayülləşmənin tətbiqi həmin tədris müəssisələrində daha yüksək təlim nəticələrinin əldə edilməsini nəzərdə tutur. Qeyd edim ki, hazırda sinif rəhbəri olduğum XI b sinfi də ötən tədris ilindən təmayül sinif kimi təsdiq edilib. Sinif texniki fənlər üzrə təmayülləşdiyi üçün burada riyazi fənlərin tədrisinə geniş yer ayrılır. Riyaziyyat fənni həftədə 9, fizika 5, kimya 4 saat keçilir ki, bu da şagirdlərin kənarda, repetitor yanında deyil, məktəb çərçivəsində biliklərə yiyələnməsini tam təmin edir. Sinfimin şagirdlərinin yüksək hazırlığı sayəsində onlar rayon səviyyəsində keçirilən bir çox bilikintellektual yarışlarda, müsabiqələrdə iştirak edərək mükafatlara layiq görülüblər. 5 şagirdim “Xəmsə” bilik yarışmasının rayon mərhələsində iştirak edərək 7 məktəb arasından birinci olub və tərifnamə ilə təltif olunub. Səbuhə Əliyeva isə “Müstəqilliyimiz əbədidir” inşa müsabiqəsində rayon birinciliyini qazanaraq mükafatlandırılıb. Anaxanım Rüstəmova sınaq imtahanlarında yüksək bal (664) toplayıb. Mütəmadi olaraq keçirilən monitorinqlərin müsbət nəticələri də təmayülləşmənin şagirdlərin bilik və bacarıq səviyyələrinin yüksəldilməcində necə mühüm rol oynadığını sübut edir.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi nəticəsində rayonumuzdan da bir çox müəllim ehtiyac duyulan kənd və qəsəbələrdə işlə təmin olunmuşdur.

Ümumrespublika səviyyəsində keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi də son illər təhsildə aparılan islahatların bariz nümunəsidir. Bu imtahanlar nəticəsində müəllimlər bilik və bacarıqlarını nümayiş etdirərək topladıqları nəticəyə uyğun dərs yükü ilə təmin edilmiş, onların əməkhaqqı artırılmış, sosial rifahı yaxşılaşdırılmışdır. Qeyd edim ki, mən də bu prosesdə iştirak edərək Salyan rayonu üzrə ən yüksək nəticə göstərmiş və balıma uyğun dərslə təmin edilmişəm. Buna görə, eləcə də Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.

Keyfiyyət özünü yalnız tədrisdə deyil, eləcə də tədris aparılan məktəb binalarının tikinti və təmirində də göstərir. Demək olar ki, respublikanın bütün bölgələrində yeni təhsil müəssisələri tikilib istifadəyə verilir. Həmin şanslı məktəblərdən biribizim Salyan şəhər 2 nömrəli tam orta məktəbdir. Xatırladım ki, məktəbin köhnə binası ötən əsrin 30-cu illərində tikilmiş və uyğunlaşdırılmış bina kimi istifadə edilmişdir. Məktəb müasir tələblərə cavab vermədiyindən həmin binada keyfiyyətli təhsildən də söhbət gedə biməzdi. Cənab Prezidentin 2016-cı il 7 sentyabr tarixliSalyan şəhərində yeni ümumtəhsil məktəb binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən köhnə məktəb binasının yerində 1200 şagird yerlik müasir standartlara uyğun yeni bina inşa edilərək istifadəyə verilib. 2017-ci il sentyabrın 24-də Prezident İlham Əliyev məktəbin yeni binasının açılış mərasimində iştirak etdi.

Bütün bu sadaladıqlarımız biz təhsilverənlərin gələcək üçün təhsilli, sağlam vətəndaş və şəxsiyyət yetişdirmək məsuliyyətimizi daha da artırır.

 

Aygün ƏZİZOVA,

Salyan şəhər 2 nömrəli tam orta məktəbin

Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.6.