Təhsilin sərhəddi
olmamalıdır
Şagirdlə müəllimin bərabər
olduğu məktəb
Moskvanın 45 nömrəli orta məktəbini əvvəllər
ittifaq, indi isə Rusiyanın pedaqoji mühitində
tanımayan yoxdur. Bu populyarlığın banisi isə təhsil
ocağının unudulmaz direktoru və yaradıcısı
Leonid Milqramdır. Milqram düz 42 il ərzində
bu məktəbi idarə edib. Onun direktor
olduğu dövrlərdə siniflərdə Selinceri oxuyur,
“ABBA”ya qulaq asırmışlar. Hələ SSRİ
dönəmində ilk olaraq məhz bu məktəbin
şagirdləri ABŞ-a səfər edə
bilmişdilər. O vaxtın şagirdləri indi nənə və
baba olaraq nəvələrini 45 nömrəli məktəbə
oxumağa yola salırlar...
“Vətən
xaini”nin oğlu
“Vətən xaini”nin
oğlu və İtaliya Kommunist Partiyasının funksionerlərindən
birinin kürəkəni olması səbəbindən partiyada
Milqramın məktəb direktoru olmasına isti baxanlar yox səviyyəsində
idilər. Onun dostları tez-tez zarafat edirmişlər
ki, “sənin tərcümeyi-halın başına bəladır”.
Bununla belə, 1960-cı ildə qərara
alınır ki, L.Milqram məktəb direktoru vəzifəsinə
təyin olunsun. Məktəbin
çiçəklənmə dövrü də məhz
Milqramın direktor olduğu qarşıdakı 42 ilə təsadüf
edir.
Leonidin uşaqlığı çox qısa və
olduqca çətin keçib. Atası, sovet kəşfiyyatçısı
İsidor Milqram 1937-ci ildə həbs edilib və güllələnib.
Buna baxmayaraq, L.Milqram hər zaman atası ilə
fəxr edib və ona bənzəməyə
çalışıb. Tezliklə ögey
anası, aktrisa Yevlaliya Uspenskaya da həbs və sürgün
edilir. Yay düşərgəsindən evə
dönən Leonid qapılarının möhürlü
olduğunu görür və tənha qaldığını
başa düşür. Böyük
çətinliklərlə o, Moskva Dövlət Universitetinin
tarix fakültəsinə qəbul olunur, ancaq müharibə
başladığından təhsili yarımçıq
qalır. Milqram müharibəni ilk
günündən sonunadək 40 saylı artilleriya
diviziyasında keçirir. Müharibədən
sonra Leonid İtaliya kommunistlərinin liderlərindən birinin
qızı Mirella Pastore ilə ailə həyatı qurur.
Peşə fəaliyyətinə Arxangelskdə,
texnikumda tarix müəllimliyi ilə başlayır. Ardınca Moskvadakı 106 nömrəli (sonra 45
nömrəli olur) məktəbə təyinat alır, burada
böyük nüfuz qazandığından ona direktor
olmağı təklif edirlər.
Etimad və nüfuz
Milqram məktəb
direktorluğunun mənasını özünün dediyi kimi
“insan yetişdirmək”də görürdü. Tez-tez deyirmiş ki, əsas məqsədi şagirdlərinin
dünyagörüşündə bir yeniliyə səbəb
olmaq, onların həyata və dünyaya gözlərini
açmaqdır. İntellektuallara deyil,
ziyalılara dərs demək istəyirmiş. Çünki məhz ziyalı digərləri
üçün nə isə etməyə
çalışır. Milqram ziyalı təbəqəsinin
yetişdirilməsini özünün missiyasının
başlıca bəndi sayırmış.
Bəs onun direktoru olduğu məktəbin əsas fəaliyyət
prinsipləri nələr olub? Şagirdlərinin
sözlərinə görə, məktəbdə
qamçı ilə çörək bir-birini harmonik şəkildə
tamamlayırmışlar. Direktor şagirdləri
ilə sərt olub, ancaq ədaləti heç vaxt
unutmadığından ondan incimirmişlər. “Milqram bizə qorxmamağı və öz hərəkətinə
cavab verə bilməyi öyrədirdi. Sinfimizdə belə
bir hal olmuşdu: Petya pioner qalstukuna xətkeşlə dəstək
düzəldib altından çalışmanı
köçürürdü. Bunu görən
müəllim onu direktorun yanına apardı. Milqram Petyanı sərt danladı, sonra müəllimi
dərsə yola saldı. Qayıdıb
öz qalstukunu çıxarıb Petyaya
bağışladı. Etdiyi “kəşf”ə
görə. Belə incə yanaşma hər şeyin
ağ-qara olduğu sovet dönəmi üçün
çox nadir hal idi”, - deyə 1988-ci ilin məzunu Yekaterina
Evdokimova danışır.
Milqramın məktəbinin
bünövrəsi iki mühüm sütun üzərində
bərqərar olmuşdu: şagirdlərlə münasibətdə
etimad və nüfuz. “O, çox sərt, ancaq nüfuzlu idi. Mən onun fikirlərinə, tənbehinə çox
böyük önəm verirdim. Hansısa
səhv hərəkətimi tutsaydı, çox utanardım” -
deyə Yekaterina davam edir. Yekaterina da daxil olmaqla heç
bir şagird hər səhər saat 7:30-da direktorun onları məktəbin
qarşısında gözlədiyini unutmayıblar. Hər səhər şagirdlər mütləq
onunla salamlaşmalı, onun zarafat və tənbehlərini dinləməli
idilər. Deyilənə görə,
saçlarını vaxtında kəsdirməyən
oğlanlara qarşı xüsusilə “amansız”mış.
Özü keçəl olduğundan saçı uzun
oğlanları saxlayıb deyirmiş: “Sən qəsdlə belə
edirsən ki, mənim paxıllığım tutsun?”. Sonra həmin şagirdə 15 qəpik
verib bərbərə göndərirmiş.
Direktorun maketi
Natalya Romanova xatırlayır: “Bir dəfə
dərsə gəlirik, bir də gördük ki,
sütunların birinin arxasından direktor Milqram bizə tərəf
boylanır. Biz dərhal qaçdıq. Sən demə bu, onun özü deyil, maketi imiş.
Heç vaxt tuta bilmirdik, bizi izləyən
direktorun əslidir, ya surəti. Ona görə
də dərsə vaxtında və hazır gəlmək
lazım idi. Milqramın özü belə
idi. Getdiyin yerdə bir də gördün səni
möhkəm əlləri ilə saxladı: “Bəs
salamlaşmaq?!”.
45 nömrəli məktəbin bütün məzunları
təhsil ocağındakı yaradıcı mühitdən
danışırlar. 20 il tərbiyəvi işlər
üzrə direktor müavini işləmiş Yelena Podqornaya
xatırlayır ki, bir dəfə Milqram Arbatda gənc rəssam
oğlanla tanış olur və onu məktəbə gətirir.
Göstəriş verir ki, bütün müəllimlərin,
o cümlədən onun özünün şarjını
çəksin. Bir neçə gündən
sonra şarjlar məktəb divarlarını bəzəyir.
“Yuxarı”lardan gələnlər hər dəfə
şarjları gördükdə təəccüb içində
qalırmışlar.
Milqramın kabinetinin
qapıları şagirdlər üçün hər zaman
açıq olub. Dəxli yoxdur, qəbulunda kim olur-olsun - müəllim, qonaq, hansısa
tanınmış şəxs, - şagird gəldisə,
direktorun diqqəti ona yönəlirmiş. “Sizin
üçün mən məşğul ola
bilərəm. Şagirdlər üçün
isə hər zaman azadam” - deməyi sevirmiş. Milqram şagirdləri mütəmadi olaraq kabinetinə
dəvət edər, yenilikləri müzakirəyə
çıxarar və onların fikirlərini öyrənməyi
sevərmiş. Şagirdlərin sözlərinə
görə, heç kim sadəlöhv,
ağılsız görünməkdən qorxmazmış,
bilirmişlər ki, onları sonadək dinləyəcəklər.
“Milqram bizdə qarşındakını dinləmək
mədəniyyəti tərbiyə etmişdi. Bu münasibəti mən sonralar heç bir yerdə
görmədim” - deyə 1966-cı ilin məzunu Viktor Doroxin
xatırlayır. Az qala yarım əsr
sonranın məzunu, məktəbi 2002-ci ildə bitirmiş
Lev Borovkov da eyni qənaətdədir: “Biz həmişə
özümüzə qarşı bərabərlik və
hörmət hiss edirdik. Bu, imkan verirdi ki, bizə
hörmət edənə biz də hörmət edək.
Belə bir halın şahidi olmuşam: akt zalında
hansısa məsələ müzakirə olunurdu, həmyaşıdlarımdan
biri ayağa qalxıb direktorla mübahisə etdi. Milqram da tam bərabər şəkildə öz
mövqeyini əsaslandırmağa
çalışırdı. Axırda
ortaq məxrəcə gəldilər”.
Sərhədsiz təhsil
45 nömrəli məktəb uşaqları tək
mühiti ilə cəlb etmirmiş. L.Milqramın ideyalarla
dolu, təşəbbüskar, maraqlı insan olması valideynlərlə
yanaşı, məktəblilərin də ürəyincə
idi. İttifaqın, hətta bir sıra
xarici ölkələrin tanınmış
yazıçıları, incəsənət, mədəniyyət
və hətta siyasət adamları məktəbin
qonağı olurmuşlar. Milqram sübut
etməyə çalışırdı ki, təhsilin
heç bir sərhəddi olmamalıdır, uşaq azad
oxumalıdır. 45 nömrəlidə
güclü ingilis dili dərsləri olub. O vaxtın
reallıqları üçün bu, bəlkə də
qeyri-adi görünə bilər, ancaq Milqramın məktəbində
ingilis dili dərslərində uşaqlar Selinceri oxuyur, “ABBA”nın mahnılarının sözlərini tərcümə
edirdilər. ABŞ-a gediş-gəlişin
qadağan olunduğu dövrdə 45 nömrəli məktəbin
şagirdlərinin okeanın o tayına səfəri təşkil
olunmuşdu. Özü də bu səfərin
çox maraqlı tarixçəsi var. Moskvadakı Amerika səfirliyinin
əməkdaşlarının uşaqları 45 nömrəli
məktəbdə təhsil alırmışlar. Səfir o vaxtkı prezident Ronald Reyqana təklif edir
ki, belə bir səfər təşəbbüsü ilə
çıxış etsin. Reyqan
razılaşır. Nəticədə 45 nömrəli məktəb
düz 14 il Vaşinqtondakı “Bethesda Chevy
Chase” dövlət məktəbi ilə əməkdaşlıq
edir.
45 nömrəli novator
təhsil ocağı kimi Rusiyadan Beynəlxalq Bakalavriata qəbul
edilmiş ilk məktəb olaraq tarixə də
düşüb. Podqornaya deyir: “10-cu siniflərdə 72
şagirdimiz, 72 tədris proqramımız var idi. Uşaqlar qrup halında nə ilə
maraqlanırdılarsa, onu öyrənirdilər”.
Milqram adına 45 nömrəli məktəbin
direktoru olmuş Mixail Şneyder birgə işlədikləri
günləri belə xatırlayır: “Mən təyin olunanda
məktəb akademik nöqteyi-nəzərdən ən
yaxşılardan idi. 1993-cü ildə hər məktəbdə
kompüter yox idi, ancaq 45 nömrəlidə informasiya
texnologiyalarının öyrənilməsi ilə
bağlı proqramlar mövcud idi. Uşaqlarla müəllimlər
arasındakı səmimi münasibətlər dərhal nəzərə
çarpırdı. Müəllimlər hər bir uşaqda
şəxsiyyət görməyə
çalışırdılar. Milqram heç vaxt humanizm prinsiplərindən
bir addım belə geri atmazdı. Axı baza dəyərləri olmayan
texnologiya bəşəriyyət üçün təhlükədir!”.
Milqram əsl direktor
kimi ən xırda detalları belə diqqətsiz qoymazdı.
Şagirdlərini tək-tək tanıyardı.
Hətta təqaüdə çıxandan sonra belə
şagirdlərini evində qəbul edib onlara zarafatla attestat
verərmiş...
Rüstəm Qaraxanlı
Azərbaycan
müəllimi.- 2019.- 9 avqust.- S.1; 5.