Modulların tədrisində nəzəri

praktik təlimlərin inteqrasiyası

 

Tələbələr az vaxt ərzində, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış bilik və bacarıqlar əldə edirlər

 

Peşə təhsili müəssisələrində keyfiyyətli, səriştəli kadrların hazırlanmasına təsir göstərən amillərdən biri nəzəriyyə ilə praktik təlimlərin əlaqəli tədrisinin aparılmasıdır. Belə ki, ixtisasa dair öyrənilən maşınların, texnikitexnoloji qurğuların quruluşu prinsipləri müəyyən fiziki, texniki, kimyəvi, riyazis. əsaslı qanunauyğunluqlara əsaslanır. Təcrübə göstərir ki, nəzəri və praktik təlimlər əlaqəli tədris edildikdə öyrənənlərdə mənimsəmə yaxşı olur, təlimlərdə nəticəyönümlülük yüksəlir.

Nəzəri təlimlərlə praktik təlimlərin əlaqəli tədrisi zamanı eyni anlayışların izah olunması iki dəfə təkrar edilmir, az vaxtda şagirdlərin əvvəldən qazandıqları biliklər yeniləşdirilir, digər tərəfdən tələbələrdə kompleks bilik sisteminin yaranmasına imkan verir. Bundan əlavə, nəzəri və praktik təlimlərin elmi əsaslara istinad edən inteqrasiyalı tədrisi tələbələrin idrak fəaliyyətlərinin gücləndirilməsinə, onların ixtisasa dair peşə səriştələrinin yüksəlməsinə xidmət edir. Ona görə də təlimlərin bu cür əlaqəli şəkildə tədrisinin böyük didaktik əhəmiyyəti vardır. Məsələn, qaynaq tikişini keyfiyyətli aparmaq üçün qaynaqçıya qaynaq zamanı işlətdiyi materiallar haqqında (metallar, ərintilər, elektrodlars.) biliklər lazımdır. Bütün bu biliklər praktik təlimlərdə deyil, ixtisasa dair nəzəri təlimlərdə aşılanır. Praktik təlimlərdə isə nəzəri təlimlərdən qazanılan elmi biliklər əsasında tələbələrə peşələrinə dair praktik bacarıqlar və səriştələr aşılanır.

Təcrübə göstərir ki, tədris prosesində moduldaxili və modullararası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsində, dərslərin maraqlı və məzmunlu qurulmasında, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranmasında vacib şərtlərdən biridir. Moduldaxili inteqrasiya müəyyən bir təlim nəticəsinin aşıladığı anlayışların, bilik və bacarıqların əlaqələndirilməsi, modul daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı təlim nəticələrinə cəmləşdirilməsi də hesab etmək olar. Bu isə son nəticədə modulun məzmununun strukturunun dəyişdirilməsinə gətirib çıxarır. Bu mənada inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərdə daha əhatəli kateqoriyalarla düşünmə bacarıqları formalaşdırmağa kömək edir. Peşə təhsilində modulların tədrisində geniş şəkildə istifadə olunan moduldaxili inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluşu daha xarakterik hesab etmək olar. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni məlumatlarla, bağlılıqlarla və asılılıqlarla zənginləşərək daha maraqlı hala gəlir. Bu formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirir və dərinləşdirirlər.

Modullararası inteqrasiya bir neçə modulun əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir modula aid anlayışların və metodların digər bir modulun tədrisində istifadəsini nəzərdə tutur. Bu inteqrasiya müxtəlif modullar arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı modullar vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır.

Modullararası və moduldaxili münasibətlərin sadəcə əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, modullararası və moduldaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır. Tələbələrin qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.

İnteqrasiya nəticəsində tədris materialının yığcamlığı  təmin edilir, təkrara yer verilmir, tələbələr artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt ərzində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər və bacarıqlar əldə edirlər. Bu məqsədlə tələbələri inteqrativ biliklər əldə etməyə hazırlayan modullararası əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi üçün müəllim bütün modullar üzrə proqram materiallarına yaxşı bələd olmalı, modullararası əlaqədən istifadə etməyin yollarını, metodikasını dərindən bilməlidir.

Modullararası əlaqə prosesində  tədris olunan təlim materialı tələbələr tərəfindən yaxşı mənimsənilir, bir neçə modul üzrə bilik, bacarıq və vərdişlər təkrarlanır. Biliyin tələbələr tərəfindən  sistemli mənimsənilməsi təmin edilir.

Modullararası əlaqədən ardıcıl şəkildə istifadə tədrisin səviyyəsini yüksəldir, tələbələrin təfəkkürünü inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI əsrin tələb etdiyi həyati bacarıqların inkişaf etdirilməsi prosesi kimi baxılmalı, tələbələr həyat boyu öyrənməyə hazırlanmalıdırlar.

Səriştələrə əsaslanan modul təhsil texnologiyalarının əsas ideyası təhsilalanlarda təlim üçün nəzərdə tutulan yerlərində aktiv fəaliyyətə geniş imkanlar açsın və onlar özlərini maksimum dərəcədə sərbəst hiss etsinlər. Bu, təhsilalanlara imkan verir ki, onlar real əmək fəaliyyətinə tez bir zamanda adaptasiya olunsunlar, öyrəndiklərini inkişaf etdirə və işəgötürənlərin müvafiq peşə üzrə  tələb etdikləri səriştələrə sahib ola bilsinlər.

Praktik təlimin təşkili. Təlim prosesində  təkcə nəzəriyyə ilə praktikanın inteqrasiyası  kifayət deyil, bundan əlavə, təlim prosesi elə təşkil olunmalıdır ki, o, təhsilalanlara səriştələrə əsaslanan peşəkarlığa yiyələnmənin  açarlarını verən effektli münasibətlər qurmağı, yaradıcı olmağı aşılasın. Hər modula başlamazdan əvvəl təhsilalanlar modulun spesifikasiyası və bu moduldan nələri öyrənmələri, hansı nəticələrin onlardan gözlənildiyi haqda məlumatlarla tanış olmalıdırlar. Təlimin bu cür təşkili təhsilalanlarda təlimlərin effektliyini, keyfiyyətini yüksəltmələri və təlim nəticələrinə çatmaları  üçün motivasiya yaradır.

Təhsilalan şüurlu olaraq başa düşməlidir ki, təlim nəticələrinə görə təkcə öyrədənlər deyil, onun özü də məsuliyyət daşıyır. Bundan ötrü təhsilalan təlimlər zamanı işlərin kiçik qruplarda təşkil olunmasında, layihələrin işlənməsində, problemlərin həll olunması üzrə tapşırıqların  yerinə yetirilməsində və s. fəal olmağa çalışmalıdır.

Təhsilalan nəzəri təlimlərdə peşə üzrə  kompetensiyaların formalaşdırılmasına dair yalnız məlumatlar əldə edir. Əldə edilən bu məlumatlar kompetensiyalara o zaman gətirib çıxarır ki, təhsilalan bu məlumatları praktik olaraq tətbiq etsin. Tətbiq zamanı təhsilalan informasiya mübadilələrində iştirak edironun söylədikləri yoldaşları tərəfindən qəbul edildikcə bu, onu daha irəli getməyə həvəsləndirir.

Tapşırığa dair işlərin yerinə yetirilməsi prosesində tələbələrin psixolojipraktik fəaliyyətləri dəyişilməz qalmır. Əvvəlcə tələbə ona tanış olmayan bir işlə üz-üzə durur, tədricən tapşırıqları mərhələ-mərhələ yerinə yetirdikcə və yerinə yetirilən işlər təkrarlandıqca onda özünəinam və öyrənmək həvəsi artır və sonda işləri sərbəst və köməksiz yerinə yetirməyə başlayır.

Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. Belə olan halda tələbələr təlim prosesinin passiv iştirakçısı olmur. İnteqrativlik tələbələrə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşmağa imkan yaradır. Bu o zaman mümkün olur ki, təhsil müddətində öyrənilən modullar və onların  əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər bir tərəfdən  inteqrativ kurikulum şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir.

 

Hikmət CAMALOV,

Abşeron-Ceyranbatan Peşə Liseyinin ixtisas fənn

müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri

 

Azərbaycan müəllimi.- 2019.- 1 fevral.- S.8.