“Keyfiyyətdə əsas nəticəmiz 4
il sonra bilinəcək”
Natiq İbrahimov:
“Məzunlarımıza olan tələbat artıb”
II hissə
Lənkəran Dövlət Universiteti son 2 ildə bir
çox ilklərə imza atıb. Ancaq bunların ən
önəmlisi tədrisdə keyfiyyəti
artırmalarıdır. Bəs, buna necə nail olublar?
Universitetin rektor əvəzi Natiq İbrahimov “Azərbaycan
müəllimi”nə müsahibəsində tədrisdə
müəllimdən başlayan keyfiyyət dəyişikliyinə
doğru addım-addım irəlilədiyi yola bələdçilik
edib:
- Keyfiyyətli
təhsil müəllimdən başlayır. Rəhbərlik
etdiyiniz universitetdə verilən təhsilin keyfiyyətini
artırmaq üçün bu sahədə hansı tədbirlər
görülür?
- Yəqin siz də qəbul edərsiniz
ki, yüksək maaş verən
universitetin müəllimlərə, dosentlərə etdiyi təklifdən
imtina olunmur. LDU-da müəllimlərin
maaşı 600 manatdan başlayır. Halbuki
Bakıdakı universitetlərin bəzilərində bu məbləğ
400 manatdır. Azərbaycan Milli Elmlər Akademiyasında
çalışan və təqribən 450 manat əməkhaqqı
alan, əslən bu bölgədən olan
dosentə 1000 manat əməkhaqqı təklif etdik və təklifimiz
qəbul olundu. Odur ki, artıq universitetin müəllimə
olan ehtiyacını ödəyə bilmişik. 150 müəllimimiz arasında elmlər
doktorlarının sayı artıb. Yüksək maaş sadəcə müəllimlərin əməkhaqqında
deyil. Bizdə vəzifə maaşları da digər
universitetlərlə müqayisədə yaxşıdır.
Müəllim 600 manat, baş müəllim 800-dən
çox, dosentlər 900 manat, professor və kafedra müdirləri
1100 manat maaş alırlar. Müəllimlərə
başqa yerdə işləmək imkanı da
yaradılıb. Akademiyanın regional
bölməsində işləyənlər, LDU-da
yarımştat çalışanlar var. Dərslər əvvəllər
8.00-da başlayıb, axşam 19.00-da bitirdi. Artıq 8.30-da başlayıb 17.30-da bitən
ikinövbəli dərs sistemini yekunlaşdırırıq.
Üstəlik, cədvəllər tələbələrin
seçimi əsasında, müəllimlərin vaxtına
uyğun qurulur. Yarım saat fasilə var.
Birinci və ikinci növbə üzrə təhsil
alanların dərsləri toqquşmur. Dünyada
tətbiq edilən bu qaydanı müəyyən qədər
özümüzünküləşdirərək tətbiq
edir, uğurlu nəticələr əldə edirik.
Bununla yanaşı, son iki ildə LDU üçün
elmi-pedaqoji kadrların hazırlanması məqsədilə
universitetə fəlsəfə doktoru proqramlarına
doktorantura və dissertanturaya müxtəlif ixtisaslar üzrə
40-dan çox gənc qəbul olunub, həmçinin 5 nəfər
digər ali məktəblərə məqsədli
yerlərə göndərilib. Eyni zamanda, son 2 ildə müxtəlif
ixtisaslardan elmlər doktoru proqramı üzrə 11 nəfər
fəlsəfə doktoru Bakı Dövlət Universitetinə,
2 nəfər fəlsəfə doktoru isə Azərbaycan
Dövlət İqtisad Universitetinə təhsil almaq
üçün ayrılan məqsədli yerlərə
göndərilib. Nəticədə bir neçə
ildən sonra universitetimizdə çalışan elmlər
doktoru və professorların sayının bir neçə dəfə
artması gözlənilir. Bunu ölkəmizdə
ilk dəfə Lənkəran Dövlət Universiteti tətbiq
etdi. Bu, çox vacib məsələdir.
Fəlsəfə doktoru hazırlamaq
üçün universitetin özünün gücü
yoxdur. Bu, universitetin canlanması
üçün çox vacibdir.
- Müəllimlərinizin
yaş tərkibi də maraqlıdır. Aralarında gənclər
çoxdur, yoxsa..?
-
Universitetimizdə gənclərin fəaliyyətinə
xüsusilə diqqət yetiririk. LDU hazırda ən
yaxşı inkişaf mərhələsini keçir. İş bacaranlardan ibarət böyük bir komanda
universitet rəhbərliyində təmsil olunub. Universitet cavan olduğu üçün İdarə
Heyəti də cavanlardan ibarətdir. Ümumiyyətlə,
xaricdə təhsil alan gəncləri
universitetə dəvət edirik. Bu məsələdə
əlimdən gələni əsirgəmirəm. Yaxşı kadrları dəvət etmək
üçün bəzən müdafiə etdiklərinə
dair təsdiq sənədini almalarını belə gözləmirəm.
Gənc müəllimimizdən birini məhz belə
etdik. Hələ Ali Attestasiya
Komissiyasından təsdiqini almadan, bizim universitetdə işə
başladı. Onu da qeyd edim ki, universitetdə
tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor vəzifəsini icra edən riyaziyyat
üzrə fəlsəfə doktoru, dosent İdrak Əsgərov
gənc mütəxəssislərdən biridir.
-
Universitetə ancaq bu bölgədən olan müəllimləri
dəvət edirsiniz?
- Bəli, əsasən bu bölgədən
olanlara üstünlük verdik. Lakin seçki
üsulu ilə başqa bölgələrdən olanlar da
universitetdə işlə təmin olunurlar.
- Əslən bölgədən olanlara
üstünlük verilməsi müəllimlərin
yaşayacağı, qalacağı yerin olması ilə əlaqədardır?
- Xeyr. Bu, onların
bölgəyə yaxından bələd olmaları ilə əlaqədardır.
Məqsədimiz LDU-nun müəllimə olan
çox böyük ehtiyacını ödəmək idi.
İndiyədək 10 nəfər müəllim
gəlib. 7 nəfəri əslən bu
zonadan olsa da, Bakıda yaşayandır. Qalmaq
üçün yerə gəlincə, bunu universitet
özü təmin edir. Qalmağa evi
olmayanları hər cür şəraiti olan mənzillərdə
yerləşdirdik. Bu məqsədlə Azərbaycanda
ilk dəfə olaraq müəllimlər üçün
yaşayış evləri tikdik. İlkin
mərhələdə 6 ikiotaqlı mənzil tikib
hazırladıq. 6 mənzil tikməklə
7 müəllimin gəlməsini reallaşdırdıq. Onu da deməliyəm ki, ilk mərhələdə həmin
7 müəllimin gəlişi universitetin işinə
böyük dəstək oldu. Sonrakı mərhələdə
dəvət olunan müəllimlər üçün də
10 nəfərlik qonaq evi yaradıldı.
- Mənzillər
müəllimlərə hansı şərtlərlə
verilib?
- Hər
biri ilə razılaşmışıq ki, LDU-da işlədikləri
müddətdə həmin mənzillərdə qeydsiz-şərtsiz,
pulsuz yaşayacaq, gedəndə isə götürdükləri
mənzilləri aldıqları kimi təhvil verəcəklər.
Yüksək
bal toplayanlar arasında universitetimizi
seçənlərin sayı artdı
- Bu tədris
ilində 500-600 və ondan daha yüksək bal
toplayanların seçdiyi universitetlər arasında Lənkəran
Dövlət Universitetinin də adı vardı. Yəqin bu da tədrisin keyfiyyətində
özünü göstərəcək?
- Keyfiyyətdə
əsas nəticəmiz 4 il sonra bilinəcək.
Amma bu tədris ilində qəbulumuz,
sözün əsl mənasında, yaxşı oldu. Yerlərimiz 90 faiz doldu. Yüksək bal toplayanlar arasında universitetimizi seçənlərin
sayı artdı.
- Bu,
payız imtahan sessiyasında hansısa fərq
yaratdımı? Keyfiyyətli təhsilə nail olmaq
üçün imtahanlarda da ciddi dəyişikliklər etmisiniz...
- Universitetdə imtahan sistemi dəyişdirilib.
İmtahanlar tamamilə şəffaflaşdırılıb.
İctimai Şura yaradılıb, bütün imtahanlar
ictimaiyyət nümayəndələrindən ibarət şuranın nəzarəti
altında keçirilir. Yazılı aparılan
imtahanlarda 5 sual qoyulur. Hər sualın
cavabı ayrıca bir vərəqdə yazılır,
ayrı-ayrı kodlaşdırılaraq müəllimlərə
paylanır. Bu qayda ilə müəllimlər
bir yerdə yoxlasalar belə, yazıların kimə aid
olduğunu müəyyənləşdirə bilməzlər.
- İmtahanların hamısı yazılı olmur?
- Əlbəttə, yox. Elə fənlər
var ki, tələbə ona şifahi də cavab verməlidir.
Məsələn, ingilis dili müəllimliyində
şifahi tərcümə fənni var. Bu fənn üzrə
imtahanı yazılı necə götürmək olar? Ona görə də bəzi fənlər üzrə
imtahanlar şifahi götürülür.
Vəziyyətdən
kim razıdır, kim narazı?
-
Universitetdə baş verən dəyişiklik necə qəbul
edilir? Daha doğrusu, qəbul edilirmi? Neçə illik ənənəni dəyişdirirsiniz.
Müqavimət olmurmu?
-
Aşağı kurslarda oxuyan tələbələr vəziyyətdən
razıdır. Ancaq IV və V kurs tələbələri
arasında vəziyyətdən narazılar var. Başqa
cür qiymət almağa alışdıqlarından şəffaflıq
və obyektivlik ürəyincə olmayanlar var. Ancaq hətta
narazılar belə, indiki universitetin fərqini anlayırlar.
Bir neçə tələbəmiz başqa
universitetlərə köçürülmüşdü, bəziləri
yenidən qayıtdı. Siz təsəvvür edin ki, Bərdədən
tələbəmiz oxuyur, halbuki Bərdədə evinin
yanında universitet var. Yaxınlığındakı ali məktəbləri qoyub Lənkəran
Dövlət Universitetində təhsil almağa
üstünlük verənlər çoxdur. Düşünürəm
ki, belə gənclərin sayı növbəti tədris illərində
daha da artacaq.
- Söhbət
cəmi 25 illik tarixi olan universitetdən gedir, ancaq 100
yaşı olan ali təhsil müəssisələri
ilə rəqabətə hazırsınız?
- Bunun üçün əlimizdən
gələni edirik.
Bəlkə
bu barədə danışmaq hələ tezdir, ancaq biz Lənkəran
Dövlət Universitetini xarici ölkələrin ali təhsil
müəssisələri ilə rəqabət gücünə
malik bir təhsil ocağına çevirməyi
qarşımıza məqsəd qoymuşuq. Macarıstanla
sıx əlaqələr qurmuşuq. Həmin
ölkənin universitetlərindən biri ilə
qarşılıqlı gediş-gəlişimiz var, tələbə
mübadiləsi həyata keçiririk. Tələbələrimizi
həvəslə gözləyirlər.
Bizdən
10, hətta 15 tələbə qəbul etməyə
hazırdırlar. Ancaq bəzən bu cür
imkanları dəyərləndirə bilmirik. Tələbələrin xaricə gedə bilməsində
yeganə əngəl onların xarici dil bilməməsidir.
Bu əngəli aradan qaldırmaq
üçün tələbələrimizlə əlbir
olmuşuq. Bəziləri kurslara gedir, bəziləri
üçün isə özümüz dil kursları təşkil
edirik. “ERASMUS” mübadilə
proqramının verdiyi imkanlardan istifadə etməyə
çalışırıq. Artıq bu
imkanlardan yararlanan 5 tələbə və 2 müəllimimiz
olub. “Mövlanə”, yaxud “ERASMUS” kimi
mübadilə proqramları ilə tələbələrimiz
xarici universitetlərdə olub. Ancaq biz istəyirik
ki, birbaşa müqavilə ilə xarici universitetlərə tələbə
göndərək. Müqavilələrimiz
artıq var. Tələbələrimizin hazır
olmasını gözləyirik.
-
Müqavilələriniz hansı ölkə və universitetlərlədir?
- Hazırda Lənkəran Dövlət Universiteti 50-yə
yaxın universitet, institut və təşkilatla əməkdaşlıq
edir. Təhsil və elm sahəsində imzalanan ikitərəfli
əməkdaşlıq müqavilələrinin çoxu 2017-2018-ci
illərə aiddir. Məsələn, Macarıstanın
Kapoşvar Universiteti ilə bu il imzalanan müqavilə tərəflərin
üzərinə elmi nəşrlərin mübadiləsi, elmi
məlumat və yeniliklərin - birgə konfrans, simpozium və
seminarlar çərçivəsində təşkili və keçirilməsi,
aqrar ixtisaslar üzrə tələbə-müəllim heyətinin
mübadiləsi, magistr və doktorant-dissertantlara birgə elmi
rəhbərlik kimi vəzifələr qoyub. Polşanın
Rzesov və Bıdqoş İqtisadiyyat universitetləri, Türkiyədəki Amasya, Beykent,
İstanbul Kültür, Sinop, Çukurova, Kavkas (Kars)
universitetləri, Üsküdar və Avrasiya universitetləri
ilə müqavilələrə görə
qarşımızda böyük yol dayanıb. Elmi-tədqiqat
xarakterli beynəlxalq konfranslarda iştirak edəcək, elmi nəşrlərin
çap edilməsi, müvafiq ixtisaslar üzrə tələbə-müəllim
mübadiləsi həyata keçirəcək, ortaq tədqiqat
layihələrini birgə işləyəcəyik. Amasya Universiteti ilə əməkdaşlıqdan elm
və tədqiqat sahəsində birgə fəaliyyət, tələbə-müəllim
mübadiləsi, seminarlar və akademik görüşlərdə
iştirak nəzərdə tutulub. Beykent
Universitetilə müqavilədə tələbələrin,
akademik, elmi və inzibati heyətin mübadiləsi, elm və
tədqiqat sahəsində əməkdaşlıq,
qarşılıqlı maraq doğuran digər təhsil, elmi
və akademik əməkdaşlıq, nəşrlərin, elmi
məlumatların mübadiləsi nəzərdə tutulub.
İstanbul Kültür Universiteti akademik, təhsil və elm
sahələrində əməkdaşlıq, tələbə-müəllim
mübadiləsi, elmi nəşrlərin, elmi məlumatların
mübadiləsi, Sinop Universiteti ilə elmi, akademik sahələrdə
əlaqələrin gücləndirilməsi üçün
müəllim-tələbə-tədqiqatçıların
mübadiləsi, ortaq konfrans, seminarlar, görüşlərin,
ortaq yay məktəbinin təşkili nəzərdə
tutulub. Ötən il Kavkas (Kars) Universiteti
ilə bağlanan müqaviləyə əsasən, nəinki
bütün səviyyələrdə akademik heyət və tələbə
mübadiləsinin aparılması, həmçinin birgə
idman fəaliyyətinin və elmi görüşlərin təşkil
edilməsi planlaşdırılıb. İstənilən sahədə tədqiqat
aparmaq, layihələr yazıb həyata keçirmək, elmi
işlər üzərində birgə işləmək hər
iki universitetin həyatında canlanmaya səbəb olacaq.
Üsküdar Universiteti ilə ortaq tədqiqat işlərinin
həyata keçirilməsi, fakültə əməkdaşlarının
və tədqiqatçıların mübadiləsi, ikili
diplom proqramlarının hazırlanması və həyata
keçirilməsi, Avrasiya Universiteti ilə tələbə
mobilliyi, akademik əməkdaşlıq, birgə layihələrin
işlənməsi, birgə simpoziumların, konfransların təşkili
və keçirilməsi ötən ilin uğurlarından
sayılır. Rusiya və Polşa universitetləri
ilə əməkdaşlıqların əsasını qoymaq
baxımından da bizim üçün uğurlu olub. Bıdqoş İqtisadiyyat Universiteti ilə birgə
elmi tədqiqatların aparılması, tələbə
mübadiləsi, ortaq layihələrin işlənməsi, dərc
olunmuş materialların mübadiləsi məqsədilə
sövdələşmişik. Rusiyanın
Ural Dövlət Aqrar Universiteti ilə birgə elmi konfrans və
seminarların keçirilməsi, materialların,
proqramların, nəşrlərin mübadiləsi,
qarşılıqlı maraq doğuran layihələrin
işlənməsi razılaşdırılıb.
Başqırdıstan Dövlət Aqrar Universiteti, Puşin
Dövlət Təbii Elmlər İnstitutu, Samara Dövlət
İqtisad Universiteti ilə birgə elmi konfrans və
seminarların keçirilməsi, materialların, proqramların,
nəşrlərin mübadiləsi, elmi tədqiqatın
inkişafı, tədris-təlim və ictimai-mədəni əməkdaşlıq,
yeni texnologiya və üsullar üzrə təcrübə
mübadiləsi, elmi kadrların hazırlanmasında
qarşılıqlı köməkləşmə, gənc
alimlərin, tədqiqatçıların, müəllim-tələbə
heyətinin mübadiləsi buradakı hər kəsin
uğurudur. Rusiyada elm və təhsil proqramlarının birgə
işlənməsi və həyata keçirilməsi, innovativ
yeniliklərin birgə işlənməsi, professor-müəllim
heyətinin, magistrant, doktorant, dissertantların mübadiləsi
və elmi məqalələrinin impakt faktorlu jurnallarda birgə
nəşri, Belarus Dövlət Aqrar Texniki Universiteti ilə
yüksək ixtisaslı və təcrübəli kadrların
hazırlanması, elmi nəşrlər və materialların
mübadiləsi, texnika və texnologiya sahəsində təcrübə
mübadiləsi məsələlərində
razılığa gəlinib. “ERASMUS +” üzrə Türkiyənin
Qazi Universiteti, Üsküdar Universiteti və İğdır
Universiteti, “Mövlanə” mübadilə proqramı çərçivəsində
Adıyaman, Batman, Çukurova, Yalova, Munzur, Kafkas (Kars)
universitetləri, həmçinin İğdır, Kocaeli, Artvin-Çoruh,
Kastamonu, Sakarya, Sinop, Qazi universitetləri ilə müqavilələr
imzalanıb. Bulent Ecevit Zonguldak Universiteti ilə
2017-ci ildə bağlanan əməkdaşlığın da
ömrü uzun olacaq.
- Ölkəmizdəki ali məktəblərlə əlaqələriniz
necə qurulub?
- Onlarla
da müqavilələrimiz var. Məsələn, Bakı
Dövlət Universiteti ilə elm və təhsil sahəsində
əməkdaşlıq haqqında müqavilə, Bakı
Mühəndislik Universiteti ilə elmi-texniki əməkdaşlıq
protokolu, Bakı Avrasiya və Azərbaycan Dövlət Neft və
Sənaye universitetləri ilə akademik elmi əməkdaşlıq
protokolu imzalamışıq. Xəzər
Universiteti ilə “Erasmus” mübadilə proqramı çərçivəsində
əməkdaşlığa başlamışıq. Bundan başqa, Azərbaycan Dövlət İqtisad
Universiteti ilə tələbə-müəllim mübadiləsi,
Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə
mütəxəssis hazırlığı nəzərdə
tutulub. Sadəcə, universitetlərlə də əməkdaşlıq
etmirik, müxtəlif qurumlarla fərqli məsələlərdə
razılaşmalarımız var. Məsələn, keyfiyyətli
mütəxəssis hazırlığı haqqında Azərbaycan
Milli Elmlər Akademiyası Torpaqşünaslıq və
Aqrokimya İnstitutu, mütəxəssis
hazırlığı, elmi-tədqiqat haqqında Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə əməkdaşlıqlara
imza atmışıq. Azərbaycan Milli Elmlər
Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan
Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu,
“Standard İnsuarance” sığorta şirkəti ilə
qarşılıqlı əməkdaşlıqla əlaqədar
razılaşmışıq. “Azercell Telecom” MMC
ilə elmi-texniki və tədris sahəsində təcrübə
mübadiləsi aparacağıq. “Maarifçi”
Tələbə Kredit Fondu ilə təhsil sahəsində əməkdaşlıq
müqaviləsi, Azərbaycan Respublikası Auditorlar
Palatası ilə kadr hazırlığı, elmi-tədqiqat
işləri ilə bağlı əməkdaşlıq
sazişi bağlanıb.
LDU-nu
qazanan üçün keyfiyyətli təhsil, bitirən
üçün isə iş əlçatandır.
- Təhsil
haqqı və onun ödənişi qaydaları universitetinizi əlçatan
edir, yoxsa əksinə?
- Təhsil
haqqının ödənilməsində tələbələrimizi
sıxışdırmırıq. Birinci kurslar
da daxil olmaqla, tələbələrimizə hissə-hissə
ödəniş üçün imkan yaratmışıq.
Birinci kurslar təhsil haqqının
yarısını ödəmək imkanına malikdir. Onların heç birini təhsil haqqına görə
qapıdan qaytarmırıq.
İllik ödənişin yarısını ödəyən
hər tələbəyə təhsil almaq üçün
şərait yaradılıb. Hesab edirəm ki, bu,
daha ədalətlidir. Bəlkə tələbə
ikinci semestrdən təhsilini başqa yerdə davam etdirəcək.
Ona görə də təhsil haqqı məsələsində
hər hansı şərt qoymuruq.
- Yerdəyişənlər
çox olur?
-
2018-2019-cu tədris ilindən 18 nəfər LDU-ya transfer
olunaraq bizdə təhsil almağa başlayıb. Onlardan 4 nəfəri ötən semestrlərdə
gedənlər idi, geri qayıtdılar. Eyni zamanda təxminən
30 tələbə bizdən başqa ali məktəblərə
transfer olunub.
- Bəs,
məzunlarınız? Onları müraciət etdikləri
iş yerlərindən geri qaytarmırlar ki?
-
Əksinə, məzunlarımız bu il
ali məktəbi bitirən kimi iş tapdılar. Laboratoriyalarda
hazırlanan kadrlar iş yerində çətinlik çəkmir
və kadrlarımızın hazırlıq səviyyəsi
işverənin tələblərinə cavab verir. Təhsilin
keyfiyyətinin artması məzunlarımıza olan tələbatı
da artırıb. Mənə verilən məlumata görə,
məzunlarımızın əksəriyyəti müsahibə
mərhələsini uğurla başa vuraraq, müəssisə
və təşkilatlarda asanlıqla işə qəbul
olunurlar. Lənkəranda 2 dəfə məzun yarmarkası
keçirilib. Birinci dəfə yüzdən çox, ikinci dəfə
iki yüzdən çox tələbəmiz iş yeri
tapıb. Hətta çay fabriki tələbəmizi hələ
məzun olmadan işlə təmin edib. Bu, kadr
hazırlığında keyfiyyətə nail olduğumuzu
göstərir.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.- 8 fevral.- S.5.