Ticarət etmək üçün
oxumaq
Yaxud dünyanın ən yaxşı
biznes məktəblərindən birində
gələcək sahibkarlar necə
hazırlanır
Gələcəyini biznesdə görən və biznesmen peşəsinə yiyələnmək istəyən gənclərin ticarət işi üzrə ali savad almalarına ehtiyac var, yoxsa bu, anadangəlmə intuisiya və fərasətdən asılı bacarıqdır? Tarix boyu dünya heç bir məktəb oxumamış minlərlə uğurlu tacirlərə şahidlik edib. İndinin özündə də təhsili boş vaxt itkisi sayan böyük kapitala sahib biznesmenlər var. Bir tərəfdən iri transmilli şirkətlərdə işçilərin işə götürülməsi zamanı diplomlardan imtina edilməsi tendensiyasını izləyirik. Qərbin böyük korporasiyaları bacarıqları diplomdan üstün tutmağa başlayıblar. Digər tərəfdən isə gəncləri biznes işinə öyrədən köklü universitetlər fəaliyyətlərini uğurla davam etdirirlər. Bir çox reytinqlərə görə ən yaxşı biznes təhsili verən ali məktəblərdən biri də ABŞ-ın Babson Kollecidir.
Məqsədə
nail olmaq üçün
iradəyə malik şəxslərin məktəbi
Babson Kollecinin əsası 100 il əvvəl Massaçusetsdə Rocer Babson tərəfindən qoyulub. Ali məktəb Boston şəhərinə coğrafi yaxınlığa malikdir. Bu şəhər isə məlum olduğu kimi, ABŞ-ın iri biznes mərkəzlərindən biri hesab olunur. Babson Kolleci biznes təhsili ənənələrinə malik olan sayılıb seçilən ali məktəblər sırasında ən yaxşılardandır. Bir əsrdir ki, bu təhsil ocağı nəinki ənənələrini qoruyub saxlayır, Babson Kolleci eyni zamanda, bütün bəşəri yeniliklərə açıq ali məktəbdir. Təsadüfi deyil ki, hazırda qarşısında durduğu ən ciddi məsələ bir sıra peşələrin tədricən süni intellekt tərəfindən əvəzlənməsi ilə əlaqədar olaraq həm proqramın, həm də tədris metodlarının transformasiyasına nail olmaqdır.
Kollecin təqribən 3500 tələbəsi var. Onlar həm bakalavr, həm də magistr proqramları üzrə təhsil alırlar. Eyni zamanda, rəhbər heyət üçün xüsusi proqramlar da fəaliyyət göstərir. Tələbələr üçün təklif edilən magistr proqramlarında fənlərin tən yarısı humanitar istiqamətlidir. Ancaq 24 ixtisasdan 6-sı humanitar əsaslıdır.
“U.S. News and
World Report” kimi nüfuzlu nəşr özünün “ABŞ-ın ən
yaxşı biznes məktəbləri”
araşdırmasında Babson Kollecini “Sahibkarlıq üzrə ¹1 biznes məktəb” elan edib. Düz 13 il! “Success” jurnalı isə
kolleci 5 il
ardıcıl olaraq “Sahibkarlar
üçün ən yüksək səviyyəli
təhsil ocağı” olaraq təqdim edib. “Ernst
& Young”, “Highwired Network”, “International Data Corp.”, “A.T.Kearney”,
“Deloitte & Touche”, “KPMG Peat Marwick”, “Polaroid”, “SAP America” kimi
dünya çaplı korporasiyalar Babson Kollecinin əsas
rekruterləridir. Kolleci bitirən şəxslərin işlədikləri
yerlərdə illik maaş göstəriciləri 100 min
dollarlıq həddən başlayır.
Kollecin innovativ
bakalavr proqramı
nüfuzlu “The Pew Charitable Trust” mükafatına malikdir. “Menecment və
sahibkarlığın əsasları” kursu Amerikanın
Kiçik biznes və sahibkarlıq Assosiasiyası tərəfindən
sahibkarlıq sahəsində ən qabaqcıl proqram kimi qəbul
olunur. Babson bakalavr biznes təhsilinə görə Teodor
Hesberq mükafatına layiq görülüb. “Financial Times” və
“BusinessWeek” Babsonun ixtisasartırma kurslarını dünyada ən
yaxşılardan biri kimi qiymətləndirirlər.
Babson ailəsi özünün
dənizlə bağlılığı
ilə məşhur olub, nəsildən bir neçə gəmi
kapitanı çıxıb. Bu səbəbdən universitetin
gerbində də gəmi şəkli öz əksini tapır.
R.Babson hesab edirdi ki, üzən gəmi öz yerini bilən və
qarşısındakı məqsədə nail olmaq
üçün kifayət qədər iradəyə malik
şəxslərin simvoludur.
Ali məktəbə ilk olaraq
27 nəfər qəbul olunub və söz verilib ki, onlara
uğurlu biznes karyerası qurmaları üçün
lazım olan nə varsa, öyrədiləcək: şəxsi
gigiyenadan tutmuş mühasibat uçotuna qədər.
Düşünə bilərsiniz ki, şəxsi gigiyenanın
tədris proqramına nə dəxli? Elə deyil. Babsonun niyyəti
mükəmməl biznes adamlarını yetişdirmək olub,
onun hərtərəfli inkişafı və
dünyagörüşü, o cümlədən, şəxsi
gigiyenası da diqqət mərkəzində olmalıdır. Tələbələr
dress-koda və sənaye dövrünün iş saatına bərabər
sərt dərs vaxtı rejiminə riayət edirdilər, hər
biri biznes-mühitin imitasiyası məqsədilə köməkçilərə
malik idilər.
Babson əmin idi
ki, insanın xarakteri onun taleyini müəyyən
edir və nəsildən-nəslə ötürülür. Bu səbəbdən o, ilk
illərdə universitetə istisnasız olaraq iş
adamlarının övladlarını qəbul edirdi. Tezis belə
idi: İşgüzarlıq anadangəlmə qabiliyyətdir!
Coan Roulinqin magiyalı dünyasındakı kimi - ya var, ya
yoxdur.
Ancaq sonradan hamı anlamağa
başladı ki, həvəs və savad əldə etmək
istəyinin mövcudluğu şəraitində hər bir
şəxs biznes təhsili ala bilər. Maraqlıdır ki, bu qənaətin
lokomotivlərindən biri də məhz elə Babson Kolleci
oldu. Əvvəl Babson düşünürdü ki,
bacarıqlar insanda doğulan andan mövcuddur, latent haldadır
və onları inkişaf etdirmək lazımdır.
Cəmi
bir il
sonra isə fikrini dəyişməli oldu
və biznes peşəsinə yiyələnmək istəyən
hər bir kəsi kollecə qəbul etməyə
başladı. Dress-kod ləğv edildi, köməkçilər
ixtisara düşdü. 4 illik sistem təyin edildi, kurslar
modullara bölündü, tədris vaxtı fərdiləşdi.
İşgüzarlıq konkret tapşırıq deyil, riski də
nəzərə almaqla özünə istədiyin istiqamətdə
cığır açma bacarığı kimi qəbul edilməyə
başlandı.
Pul qazanmaqdan da ali
amallar var
Tədris planını şərti
olaraq ETA (Entrepreneurial Thought and Action)
formulu və “mədəni hazırlığ”ın vəhdəti
hesab etmək olar. ETA qeyri-müəyyənlik şəraitində
işgüzarlıq fəaliyyətini əks etdirən Babson
metodologiyasıdır. Bakalavr mərhələsində dərslərin
yarısı azad sənət kurslarına həsr olunur. Məsələn,
“Şəhər bir test kimi”, yaxud “Qədim Yunan fəlsəfəsi”.
Bu, tələbənin mədəni
hazırlığını təmin edən dərslər
blokudur. Hesab olunur ki, birincisi, azad sənətlər insanı
cəmiyyətin elitasına yaxınlaşdırır, bir
növ sizin vizit kartınızdır. Söhbət nədən
gedir? Sizin mədəni hazırlığınız həmsöhbətinizlə
ünsiyyətinizi daha möhkəm, davamlı və məzmunlu
edir. Elə bu ünsiyyət müstəvisində də
bizneslə bağlı problemləri həll edə bilirsiniz.
Ən azı cəhd edirsiniz. İkincisi isə azad sənətlərdə,
incəsənətdə insanın
dünyagörüşünün formalaşması
texnikası mövcuddur.
Digər dərslər bloku isə sırf biznes və sahibkarlıqla
bağlı fənlərdən ibarətdir. Bunlardan ikisinə xüsusilə
toxunaq. Məsələn, “Menecment və
sahibkarlığın əsasları”. Bu kursu bir il müddətində
şəxsi biznesin başlanılması və inkişaf
etdirilməsi kimi də qələmə verə bilərik.
Proses necə baş verir? Başlıca tezis budur: nəyisə
məhz edərkən öyrənmək olar. Tələbələrə
startap üçün 3000 dollar verilir. Onlar da bu vəsaiti bir
işə yatırırlar, əldə edilən gəlir yerli
sosial xidmətlərin hesablarına ianə edilir. Özü də
“startap” deyilərkən mütləq halda hansısa nou-haudan
söhbət getməməlidir. Əsas məqsəd gəlir əldə
etməkdir. Məsələn, 2017-ci ildə tələbələr
“Gold feet” adlı şirkət yaradıblar. Şirkət
gül ətri verən corablar istehsal edib. Satışdan əldə
edilən pullar isə Massaçusetsdəki evsizlərin
hesabına köçürülüb. Kurs ərzində tələbələr
real işin köməyi ilə biznes bacarıqlara yiyələnirlər.
Paralel olaraq həm də bu tip ianə və yardımlarla digərlərinin
həyatlarını necə dəyişə bilmək
imkanları barədə məlumatlanırlar. Bu yanaşma
R.Babsonun mənəviyyat fəlsəfəsindən
qaynaqlanır.
Babson düşünürdü ki, pul qazanmaq vacibdir, ancaq əsas
məqsəd olmamalıdır. Çünki pul qazanmaqdan da ali və
müqəddəs amallar var.
İkinci proqram isə “Liderliyə və komanda işinə
hazırlıq” adlanır. Tələbələr müxtəlif
keyslər üzərində işləyir, müəllimlər
və iş adamları isə onların düşüncə
tərzləri və qərar qəbuletmə
bacarıqlarını izləyirlər. Sonra müəllim hər
tələbə ilə ayrılıqda görüşüb
söhbətləşir, iki həftə sonra isə hər kəsə
məktub göndərilir. Məktubda buraxılan səhvlər
və zəif nöqtələr barədə məlumat
verilir. Vəssəlam. Heç bir qiymətləndirmə
sistemi yoxdur.
Təkrar edilməyəni və
ehtimal olunmayanı kəşf etmək
Babson Kolleci Olin Kolleci ilə qonşuluq edir. Olində gələcəyin
mühəndisləri hazırlanır. Babson və Olin
“qonşu” olsalar da, onların tələbələrini dərhal
fərqləndirmək mümkündür. Olinin gələcək
mühəndislərini gözlərindən tanıya bilərsiniz
- sakit, mülayim, haradasa xəyalpərəst
görünüşlü. Babsonun yetirmələri isə əksinə,
özündən arxayın, inamla addımlayan, sanki nəyi
necə etməyi hamıdan yaxşı bilən.
Sahibkarlıq təhsili getdikcə
bir normaya çevrilir və bu prosesdə
Babson nəinki sonuncu rolu oynamır, kollec hətta ən
yaxşı biznes savadı verən ali məktəblərdən
biridir. “Bizim biznes təhsilinə baxışımız ənənəvidir:
tələbəyə şəxsi işini qurmağa kömək
et və bu, yetərlidir” - deyə kollecin beynəlxalq əlaqələr
üzrə məsul nümayəndəsi Amir Reza söyləyir.
Babsonun ETA sistemi bu prosesi tənzimləyir. ETA hər şeyə
cavabdehdir - biznesin açılmasından bağlanmasınadək,
“paslanmış” işin yenidən dirçəldilməsindən
hətta romantik münasibətlərin qurulmasınadək.
Kollecin fəlsəfəsi bütünlüklə
sahibkarlıq ruhunun formalaşmasına xidmət edir.
20 il bundan
əvvəl Babsonla London Biznes Məktəbi
birlikdə “Global Entrepreneurship Monitor” (GEM) proqramına start
veriblər. Proqramın əsas vəzifəsi
sahibkarlığı araşdırmaqdır. GEM-in əldə
etdiyi hər bir yenilik dərhal tədris proqramına daxil
edilir. Olinlə müştərək yeni proqrama da start
verilib. “Foundry”nın fəaliyyət sahəsi sahibkarlıqla
mühəndisliyin “sərhəd”idir.
Yüz ildir
Babson ənənələri qorumaqla
yanaşı, həm də inkişaf edir və dəyişir. Mütəxəssislərin
dediyinə görə, hazırda ABŞ-da biznes təhsili
sanki bir böhran yaşayır. Şirkətlər əməkdaşlarının
“upgrade”i üçün ya vəsait ayırmırlar, ya da
bunu könülsüz edirlər. Statistika göstərir ki,
magistraturaya daxil olmaq üçün tələb olunan GMAT-ı
verən tələbələrin sayı getdikcə azalır.
Bu tendensiya hətta məşhur Harvard Biznes Məktəbinə
də şamil olunur. Belə bir reallıqda hamı, o cümlədən
Babson da çıxış yolları arayır. Kollecdə
MBA sabibkarlıq kursları onsuz da çox idi, getdikcə daha
da artır. Babson rəhbərliyi hesab edir ki, daima eksperimentlər
etməlisən, risk olmasa, inkişaf edə bilməyəcəksən.
Boston Universitetinin prezidenti Cozef Aun özünün “Süni
intellekt əsrində ali təhsil” (Robot-Proof: Higher Education in
the Age of Artificial Intelligence) kitabında yazır ki, “nəyi
ki, təkrarlamaq və ehtimal etmək olar,
avtomatlaşdırılacaq”. Bu tezisdən
çıxış edən Babson rəhbərliyi də hesab
edir ki, kollecin amalı təkrar olunmayan və ehtimal edilməyəni
kəşf edə biləcək tələbələri
hazırlamaq olmalıdır.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.-
2019.- 8 fevral.- S.9.