“Müəllimlik böyük səbirdən
başlayır”
Sərvinaz
Abbasova: “Elə bilirəm ki, ancaq və ancaq müəllim
olmaq üçün doğulmuşam”
Maraqlıdır insanlar. Hərəsi bir
kitabdır. Həmsöhbətimiz 286
nömrəli orta məktəbin qabaqcıl müəllimi,
ibtidai siniflər üzrə metodist Sərvinaz Abbasova kimi. O, özündən
danışır, mən dinləyirəm. İllər öncə Pedaqoji
İnstituta qəbul üçün imtahan versə də, nəticəyə
nail ola bilməyib. Ona görə yox ki,
savadı, bacarığı çatmayıb. Ona görə ki, anasının ağır xəstələndiyi
və əməliyyat olunacağı xəbərini alıb.
Təhsilini başlamamış yarıda qoyub,
Qafana qayıdıb. Bir müddət sonra
ailəsinin məcburi köçkün ediləcəyi kəndə.
Uzun müddət anasına qulluq edib və qərara gəlib
ki, institutun qiyabi fakültəsinə təkrar sənəd
versin. Sonra atasına maraqlı bir təklif edib.
Məni yanında işə götür. Sərvinaz müəllim deyir ki, atasının katibəsi
işləyəndə ona bir tövsiyə verib. Söyləyib
ki, həmişə
qürurlu ol, məndən də kim nə danışsa, sus,
müdafiə etmə. Kimsəylə münasibətlərini
atan olan müdirinə görə pozma. Bəlkə kiminsə qəlbinə toxuna
bilər sözüm, o da deyinər, sən istənilən
halda sus. Bu məsələlərə sənin
aidiyyətin olmamalıdır. Müəllimə
deyir ki, gənc kadr kimi aldığı bu ilk dərs onun hələ
də həyat prinsipi olaraq qalır. Bir də
anasını xatırlayır. Anam
qulluğunda durub əziyyət çəkməyimə pis
olurdu. Deyirdi mənə görə işin yarıda
qaldı, fədakar qızım... Mənə həyatda bundan
böyük qiymət ola bilməz. Anamın fədakar qızı idim.
Bu fədakarlığına
qədərsə o, Abbasovlar ailəsinin balaca bir qız cocuğu
idi...
Qafanlı qız...
Əslən Qərbi Azərbaycandanıq. 1960-cı ildə
Qafanda anadan olmuşam, ziyalı ailəsində. Atam kəndimizin məktəbində direktor idi, anamsa
evdar qadın. Ailədə altı uşaq
olmuşuq, üç bacı, üç qardaş. Mən ortancıl, üçüncü qız
övladı idim. O vaxt insanların çoxu
üstünlüyü oğlan övladına verib. Nənə mən doğulanda zarafatla deyib ki, gəlin
bu qızın adını Bəsti qoyaq. Babam
uzun müddət Bakıda neftçi işləmişdi, onun
baxışı, dünyagörüşü dövrünə
görə çox fərqli idi. Deyib ki,
hamınızın acığına qızlarımı
nazlandırmağa davam edəcəyəm. Yəni əvvəli nə olsa, sonu ancaq “naz”la bitəcək.
Mənim adım belə Sərvinaz olub. Ancaq qəribə burasıdır ki, məndən
sonra üç qardaşım dünyaya gəlib. Beləcə, bizdən babam qədər nənəm
də razı qalıb.
Ağlımdakı Qafan...
Dünyanın harasına getsəm də, mənim
üçün vətən Qafandır. Bu gün belə
geri dönərəm. Kəndimiz, xatirələrim,
uşaqlığım, gözəl anlar,
yaxınlarımızın məzarları, hər şey
ordadır. Ora bizim bir
parçamızdır. Təbiətinin isə
müqayisəsi yoxdur. Kislovodski
görmüsünüz yəqin. Bax,
oranı görmüş, Qafanı görmüş, çox
yaxın təbiəti var bu iki şəhərin. Mənə bir müddət öncə
görüntülərin təqdim etmişdilər. Baxdm ki, bizim kənddə yaşayış var.
Evimizdə də kimsə yaşayır, özümü
saxlaya bilmədim, ağladım, o günlər film lenti kimi
gözümün qarşısından keçdi. Ordan atamın, anamın, qardaşımın necə
gəlməsini unuda bilmirəm.
Ailəmi qoruyan ştamp...
O zaman azərbaycanlıları
çıxaranda böyük təhlükə var idi. Adamları çox incidirdilər. Bu səbəbdən atam rəhbərlik etdiyi məktəbin
dövlət əhəmiyyətli sənədlərini
özü ilə götürdü. Düzdür,
cinayətlərini edirdilər, amma dövlət qulluğunda
olan azərbaycanlılara açıq-aşkar təzyiq edə
bilmirdilər, qorxurdular. O üzdən bizim ailənin əşyalarını
maşınla sərhədə qədər gətirdilər. Atam şərt qoymuşdu ki, bizim adamların birinə
də bir şey olmamalıdır. Əks
halda ştampı onlara verməyəcəyini bildirmişdi.
Niyə bilmirəm, amma çəkinib bir
söz deməmişdilər və bizimkilər sərhədi
keçəndən sonra atam sənədləri verib
özü keçmişdi.
İndi atam da, anam da dünyasını dəyişib. Hər ikisində
vətən, torpaq nisgili var idi. Qafandan gələn
gündən anam nə yedi, nə içdisə, “bala,
ağzımın dadı yoxdur”,- dedi. Qardaşlı-bacılı ona etmədiyimiz,
almadığımız qalmırdı. Axırda
gedib qardaşlarım bazarlığını Ordubaddan edirdi
ki, ay ana, dağın o tərəfi Qafandır, bu tərəfi
Ordubad, özümüzün, qohumlarımızın həyətindən
ting gətirib əkib becəriblər bu meyvələri.
Meyvəni ovcunda tutur, bəzən bir balaca dişləm
alıb, yavaşca yerə qoyub kövrəlir, deyirdi: “Sizi
inandıra bilmirəm ki, heç birindən Qafan
torpağının dadı gəlmir”. Sizə deyim ki, anam qədər
Qafanın həsrətini çəkən ikinci adam kiçik qardaşımdır. Bilmirəm, bəlkə də ona görə ki,
ata-anamla kənddən ən son çıxan o idi. İndi də deyir ki, hər şey düzəlsə,
mən bu dəqiqə qayıdaram. Baxmayaraq
ki, burda qurduğu şəraiti ora qayıtsa bəlkə də
qura bilməz.
Direktor atanın şagird
övladları...
Əslində, bəlkə kimsə deyər ki, ata rəhbər
olan yerdə şagird olmaq asandır, bütün müəllimlər
güzəşt edər. Mən deyirəm ki,
bu, ağırdır və məsuliyyətdir. Hər gün anam altı uşağının
altısını da qarşısına alıb bir-bir dərslərini
soruşurdu. Cəsarətimiz
çatmazdı bir cümləsinə cavab verməməyə.
Bunun üstündən də axşam atama dərs
danışardıq.
Anam atamdan söz eşitməsin deyə, bizim
hazırlıqsız olmağımıza yol verməzdi. Bundan
başqa, əynin həmişə səliqəli,
saçın hörüklü olmalı idi. Bir artıq hərəkət etməyin də
mümkün deyildi. Üstəlik, müəllimlərin
də tapşırığı var idi. Düzü,
o zamanlar bezirdik, nə qədər oxumaq olar axı.
İndi nail olduqlarımız göstərir ki, oxumasaydıq,
nəsə edə bilməzdik. İndi bəzən
öz övladlarım da deyir bunu mənə hərdən.
Tələbkar olmağımı yadıma
salır. Hərdən oğlum deyir ki, “ay
ana, mənə məktəbdə nəfəs almağa imkan
vermirdin”. Deyirəm, oğul, nəfəs
alsaydın, BDU-nun hüquq fakültəsini fərqlənmə
ilə bitirib, indi işlədiyin yerdə işləyə
bilməzdin.
Məşulət müəllim...
Bir tarix müəllimim vardı, Məşulət müəllim,
qəribə addır, bilirəm. Amma onun kimi gözəl
mütəxəssis indi çıraqla gəzilir bəlkə.
Mənim tarix dərsindən gedib kitab
oxuduğum yadıma gəlmir. Həmişə
də ən yüksək qiymət almışam. Dərsi elə izah edirdi ki, onun dediklərini kitabdan
oxumağa ehtiyac qalmırdı. Səhər
demək olar ki, hər kəs dərsinə hazır gəlirdi.
Müslət müəllim...
Bir də Müslət müəllimi heç zaman
unutmaram. O
zaman qadın müəllimlər son dərəcə az idi. O üzdən ibtidai siniflər üzrə
metodistlərin də çoxu kişi
müəllimlər idi. İndi statistika aparsaq,
bəlkə belə adamlar artıq yoxdur. Yəni ibtidai
siniflər üzrə metodist olan kişi
müəllimlərini deyirəm. O adam dərsi
o qədər sadə, rahat keçirdi ki, yorulduğum
ağlıma gəlmir. Mən evə gələndə
onun kimi dərs keçirdim rəfiqələrimə. Elə ibtidai sinif müəllimi olmağım da ona
baxıb həvəslənməyimin nəticəsi idi. Sizə bir söz də deyim. İndi
dövr və zaman fərqlidir. Düşünəndə
mənə elə gəlir ki, insanlar səbirsiz olub. Amma mən bizim peşədə olan bütün həmkarlarıma
məhz bunu diləyirəm, səbirli olmağı.
Çünki bütün uğurlara ancaq səbirlə nail ola bilərik.
52-də başlayan pedaqoji yol...
Müəllim
kimi ilk iş yerim 52 nömrəli məktəb olub. Bir gün direktorumuz 286 nömrəli məktəbə
yeni təyinat aldı. Məni yanına
çağırıb dedi, qızım, sən və daha iki
müəllim bu məktəbdən mənim yeni təyin
olunuğum yerə gedəcəyik. Əvvəlcə
razılıq verdim. Bu, mənim həm də
pedaqoji qabiliyyətimə verilən qiymətdir deyə
düşündüm. İndi sizinlə
söhbət etdiyim bu məktəbə gəldiyim ilk gün
yadıma düşəndə, inanın, bu gün də dəhşətə
gəlirəm. Məktəb yeni inşa
edilmişdi. Amma təmir işləri tam
başa çatdırılmamışdı. Niyəsini soruşsanız, o illər
bütünlükdə ölkəmiz üçün
ağır illər idi. Qaçqın, məcburi
köçkünlər problemi vardı. Üstəlik,
məktəbin yerləşdiyi qəsəbə yeni
salınırdı. Binaya girmək
üçün normal yol belə yox idi. Siniflərin
vəziyyətindən isə ümumiyyətlə,
danışmağa dəyməz. Sinif deyə
bir şey yox idi. Boş, yarıtəmir
olunmuş otaqlar idi. Hələ köçməmişdən,
dərslərə başlamamışdan xeyli iş
görülməsinə ehtiyac var idi. Düşündüm
ki, mənim gücüm çatan iş deyil bu. O üzdən
direktoruma bildirdim ki, mən bu şərtlərdə işləyə,
dərs deyə, uşaq yetişdirə bilmərəm. O isə
diqqətlə üzümə baxıb dedi kİ, oranı
düzəldib işə salmağı dövlət mənə
tapşırıb. Mən də düşünürəm,
yaxşı müəllim olmasa, ora nə uşaqlar cəlb
etmək olar, nə də iş görmək.
Bilmirəm başqalarında necədir, mən peşəmin
fanatıyam. Elə bilirəm ki, ancaq və ancaq müəllim
olmaq üçün doğulmuşam. O üzdən bu
söz mənə çox təsir etdi. Baxmayaraq
ki, kənar məktəblərdən müəllimlər bura
gəlmək üçün çox müraciət edirdi,
amma direktor razılaşmırdı. Onun
kadr seçimi standartı başqa idi. Beləcə,
mən haradasa 80-ci illərin əvvəllərində burada fəaliyyətə
başladım.
Ailəmi də cəlb etdim...
Məktəb deyəndə mənim üçün təxminən
durum bu olur, elə bilirəm axar sular durulur. O üzdən ailə
üzvlərimlə danışdım. Onlara vəziyyəti
izah etdim. Mənim ailəmin üzvləri
də məcburi köçkün həyatı
yaşayıblar, bu ərazidəki ailələrin əksəriyyəti
məhz o kontingent idi. Beləcə, ailəmlə
birlikdə məktəbdə, xüsusən də öz
sinfimdə təmizlik işləri aparmağa başladıq.
İndi gördüyünüz şəraitin
yaranması üçün günlərlə çalışdıq
və istədiyim nəticəni aldım.
Mənimlə birgə direktorumuz da öz üzərinə
düşən işi artıqlaması ilə
görürdü. Eyni qayda ilə məktəbə birlikdə
gələn iki həmkarım da işləyirdi. Baxdıq ki, məktəbdə işlər
görüldükcə həm bizim adımızı eşidən,
həm də ümumiyyətlə, ərazi baxımından
yaxınlıqda olan ailələr uşaqlarını bizə
yönəldir. Sevindiricidir, vacib bir iş görürsən.
Uşaqlara təhsil verirsən, insan, vətəndaş
yetişdirirsən. Bunun üçün
seçilmiş beş-on adamdan biri olursan. Elə şeylər var ki, ondan aldığın
qüruru heç nəylə əvəz etmək olmur. Mən o hissi məhz bu məktəbdə, o müəllim
masasının arxasında yaşamışam.
Düzdür, indi də bəzi dəyişikliklərə
ehtiyacımız var. Bu istiqamətdə isə bir neçə
ildir birgə işlədiyimiz yeni direktorumuz Samir müəllim
əlindən gələni edir. Gördüyümüz
işlərin qarşılığında çox
yaxşı nəticələr gözləyirik. Ümid edirəm ki, məktəbimizdə
köklü təmir işlərinə
başlanılacağı gün də uzaqda deyil.
20 Yanvarda ağlamayaq...
Məktəbimizdə
tədbirlər keçirməyə həmişə meyilli
olmuşuq. Son tədbirimiz 20 Yanvar şəhidlərinin
anım gününə həsr edildi. Sizə
bir söz deyim. İndi 20 Yanvar tədbirlərinin
demək olar ki, əksəriyyətində daha çox
ağlayır, kövrəlirik. Əslində, mən
düşünürəm ki, o an və
gün bizim qürur yerimizdir. Müstəqilliyimizə
gedən yolda ən böyük fəxarətlərimizdən
biridir. Həmin
gün məktəblərdə daha çox vətənpərvərlik,
dövlət, millət haqda materiallar təqdim etməliyik.
Tarixi şəxsiyyətlərimizin müstəqillik
yolundakı həyatlarından danışmalıyıq.
Məncə, kədər və göz
yaşı dolu mətnlər uşaqları qorxaq, cəsarətsiz
və çarəsiz edir.
Güllə altında...
Əslində, mən
o günü şəxsən yaşamış adamam. Xatırlayırsınızsa, həmin ərəfədə
Bakının müxtəlif yerlərində müdafiə
postları qurulmuşdu. Mənim
qardaşlarım da hamı kimi orda növbədə olurdu.
Güllələr atılmağa başlayanda
özümü saxlaya bilmədim, onlara yollandım. Gördüm qardaşımın biri növbədən
yeni qayıdıb, amma o birilər yoxdur. Yavaşca
evdən çıxdım. Həmin gecə
xeyli axtardım qardaşlarımı, tapa bilmədim. Səhərəcən həyəcanla gözlədim.
Meyitlərin arasında yox idi. Uzun bir müddətdən sonra gəlib
çıxdılar. Dedi biz postda olanda hücuma
başladılar. Hamı qorunmaq
üçün yerə uzandı. Bir o
ağlımda qaldı ki, məni ayağımdan kimsə
sürüyür. Başımı
qaldırmaq istəyəndə, qışqırdı ki,
qalxma, sonra bir də o ağlımda qalıb ki, məni metro
keçidinə sürüyüb gizlədilər. O
müddətdə nə gördüyünü, nədən
təlaşda olduğunu daha soruşmadım. Amma dəqiqi
bildiyim bir şey var, gördüyü dəhşətdən
uzun müddət özünə gələ bilmədi...
Qazancım olan uşaqlar...
Son olaraq sizə bir söz deyim. Mənim şagirdlərimi
son dərəcə böyük məhəbbətlə sevməyim
müxtəlif mərhələlərdə qarşıma
çıxıb. Gəlinimi həkimə
aparmışdım, həkimin kim
olduğunu da hələ ki, bilmirdim. Bir də
gördüm gənc bir xanım həkim qollarını
açıb üstümə yüyürür. Əvvəl bir şey anlamadım həkimin bu jestindən.
Sonra özünü təqdim edəndə
bildim ki, ilk müəllimi mən olmuşam.
Bir dəfə
də toy mərasimində gördüm iki yaraşıqlı
adam mənə sarı gəlir. Hamı da bilirmiş ki, onlar nüfuz sahibidirlər.
Mən onları tanımasam da, onlar məni
tanımışdılar. Boyunlarını
qucaqlayıb kövrəlmişdim.
Ürəyimdə
də düşünürdüm ki, yoluna
çıxdığım bu uşaqlar mənim həyatdakı
ən böyük qazancımdır...
SON: Müəllim təkcə hər
şey, ya da konkret bir elm barədə yaxşı bilən,
onu adama yaxşı izah edən deyil. Müəllim olduğu həm
də insanın simasına baxanda hiss olunmalıdır. Həmsöhbətimiz Sərvinaz müəllim məhz
o simalardandır. Pedaqoji sifəti olan insan.
Bu, bizə lazım olan ən gərəkli
göstəricilərdən, keyfiyyətlərdəndir.
Jalə MÜTƏLLİMOVA
Azərbaycana müəllimi.- 2019.- 8 fevral.- S.14.