Məhdudiyyətləri
aşan
gələcəyin
peşəkarları
Peşə təhsili müəssisəsində
inklüziv təhsil uğurla tətbiq olunur
Aralarında öyrənməyə həvəslisi də var, həvəssizi də. Gecə işləyib, gündüz dərsdə iştirak edəni, dərsə gəlməsi müəllimlərin valideynlərlə işbirliyinin nəticəsi olanlar, 16 yaşında məktəb partasından durub gələnləri, 50 yaşında təzədən oxumaq həvəsinə düşənləri də var.
Ancaq onlar işləyib özlərini təmin etməkdə ali məktəb məzunlarından daha məharətlidirlər. Söhbət Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin tələbələrindən gedir.
Burada sağlamlıq imkanları məhdud qızların əlləri ilə yaratdıqları tikiş nümunələri, kişi peşəsi kimi tanınan qaynaqçılıqda qadın toxunuşunun fərqini göstərən 18 yaşlı qızla tanışlıq Peşə Mərkəzinə infoturda iştirak edən hər kəs üçün maraqlı oldu. Hələ peşəkar kran sürücüsünün sonradan quru inşaat ustası ixtisasına yiyələnməsinə ehtiyac duyması faktı ömürboyu təhsil anlayışının həyatımıza niyə girdiyinin zəruriliyini ortaya qoydu.
Dual təhsil
sistemi
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində 22 ixtisas üzrə tədris aparılır. Burada elektrik xətt quraşdırıcısı və tikişçi ixtisası üzrə hazırlıq pilot qaydada həyata keçirilir.
40 tələbəni əhatə edən layihəyə görə, Almaniyanın dual (paralel) təlim sistemi tətbiq edilir. Bu sistemə görə tədrisdə əsas üstünlük səriştəyə, praktikaya verilir. Tədris prosesində təcrübənin çəkisi 70 faiz təşkil edir. Tələbələrin səriştəsi “səriştəli”, “səriştəsiz”, “müəllimin dəstəyi ilə” səviyyələrinə uyğun dəyərləndirilir. Bölgü 3 olsa da, Mərkəzdə tələbələrinin səriştəsiz olmaması üçün əllərindən gələni edirlər.
Hər dərs həm
də bir yarışdır
Bir sözlə, tədris ilinin əvvəlindən dərslərdə nəzəriyyədən çox praktika olur. Tələbələr yorğanlar sırıyır, adyallar hazırlayır, biçib tikirlər. Trikotaj məhsulu, süfrə bəzədilməsində istifadə olunan aksesuarlar, geyimlər hazırlayırlar.
İlin əvvəlindən iynə-sapı əlindən düşməyən tikiş avadanlığının operatoru, tikişçi ixtisası üzrə I kurs tələbələri ilə Texnika və Texnologiyalar üzrə usta Təranə Qasımova və Samirə Cabbarova işləyir. Bu dəfə onlar mətbəx aksesuarı hazırlayırlar. Dəmkeşin üstünə çayı isti saxlaması üçün gəlincik dekor hazırlayırlar.
Tapşırıq verilən kimi hamı dərhal işə girişir. Model bəllidir: müəllimləri onlara gözəl bir gəlincik təqdim edib. Ancaq tələbələrin öz işi bu gəlinciyə nə qədər bənzəyəcək, ümumiyyətlə, bənzəyəcəkmi, bax, bu, dərsin sonunda bəlli olacaq. Çünki çertyoj qurulandan, kəsim başlayandan sonra qızların düşüncələrində yüzlərlə model canlanır.
Hələlik heç kimə yaxın durmaq olmur. Təranə müəllim deyir ki, hər dərs onlar üçün həm də bir yarışdır. Dərsdə, sadəcə, “kim bacardı?” sualına cavab axtarmırlar, necə, nə qədər müddətə bacarmaq da qiymətləndirmədə mühüm rol oynayır. Aytac Butdayeva, Vüsalə Şükürova, Nigar Məmmədova bu yarışlarda tez-tez fərqlənib, hətta mükafatlandırılıblar da.
“Öz atelyemi
quracağam”
Təranə müəllim hesab edir ki, bu qrupda 10 nəfər potensial dərzi var. Ancaq aralarında öz atelyesini yaradıb tikdikləri ilə ölkə, hətta dünya bazarına çıxmağa cəmi iki tələbə iddialıdır. Onlardan biri də Rənadır.
Rəna Nəbiyevanın gəlinciyi bir aşpazdır. Məktəbin fəal tələbələrindəndir. Gələcəyini bu peşədə görür: “Məktəbdə tikib-biçməyi öyrənirik. Çox həvəsliyəm. Yaxşı ki, bu məktəbi seçdim və burada oxuyuram. Məncə, məktəbi bitirən kimi dərzi işləyə bilərəm. Hətta öz atelyemi qurmaq fikrindəyəm. Adını da “Aynur” qoyacam. Ay işarəsi, yanında da nur sözü. Ayın nuru gecəni aydınlatdığı kimi, mənim də tikdiklərim insanların üzünü, ovqatını aydınladacaq”.
“Adlı-sanlı
dərzi olmaq istəyirəm”
Öz gəlinciklərini bəzəmək üçün əlinə iynə-sap alan Fatimə də bu işdə ad alıb, nüfuz qazanmağa iddialıdır: “Anam dərzidir. Bu peşəyə marağım da anamdan qaynaqlanır. Məktəb barədə qohumumdan eşitmişdim. Yaxşı öyrətdiklərini demişdi. Gəlib gördüm ki, həqiqətən elədir. Təhsil almağa başlayandan çox şey öyrənmişəm. Öyrənməyimə anam da çox həvəs göstərir. Müstəqil işləməyə başladıqdan sonra əl işlərimi sosial şəbəkələr vasitəsilə nümayiş etdirəcəyəm. Əsas müştərilərimi burdan toplayacağam. Sıradan deyil, tanınmış, adlı-sanlı dərzi olmaq istəyirəm”.
İnklüziv
qrup
Bu qrup həm də inklüzivdir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində iki ildir ki, inklüziv təhsil həyata keçirilir. Bu tədris ilində də Mərkəzə sağlamlıq imkanı məhdud tələbələr qəbul olunub. Tikişçi qızların arasında 5 nəfər sağlamlıq imkanı məhdud tələbə təhsil alır. Müəllimlərinin sözlərinə görə, qabiliyyət sarıdan digər tələbələrdən geri qalmırlar. Şağan 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evindən məzun olan bu qızlardan biri Nigar Məmmədova beynəlxalq müsabiqələrə qatılaraq böyük uğurlar da qazanıb. Nigar Məmmədova uşaqlığından tikib-biçməyə, rəsm çəkməyə başlayıb. Atası da, anası da dərzidir. Nigar da dərzi kimi yetişir. Norveçdə, Hindistanda rəsm sərgiləri keçirilib və ona sertifikatlar verilib.
Samirə
Cabbarova bu prosesə ilk qoşulanlardandır. Texnologiya mütəxəssisi olan Samirə müəllim
iki il əvvəl kursdan keçərək
nitq qüsurlu uşaqlarla işləməyə
başlayıb. Bu dərsdə də surdo müəllimdir.
Onlar tullantılardan sənət
nümunəsi yaradırlar
Tikişçi
qızların plastik qablardan, tullantılardan maraqlı əl
işləri var. Onlar öz nümunələri ilə
çoxsaylı müsabiqələrə qatılıb,
bol-bol uğurlar qazanıblar. Özü də,
sadəcə, tikişçilər yox. Mərkəzin
tələbələri müsabiqələrdə əsas yerləri
tuturlar. Elə qaynaqçılar da ətrafındakı
tullantılara xammal gözü ilə baxmağa
başlayıblar.
STEP Kompüter Akademiyasının
keçirdiyi beynəlxalq “Golden Byte” (Qızıl Bayt )
müsabiqəsinin regional mərhələsində özü
ilə bağlı çəkib montaj etdiyi filmlə III yerə
layiq görülən Kifayət Hüseynova ölkədə
yeganə qaynaqçı qız sayılır və hazırda
Mərkəzdə məhz bu ixtisas üzrə II kursda təhsil
alır. 18 yaşlı qaynaqçı qız insanların
atdığı dəmir tullantılarından elə
onların özü üçün yararlı ola biləcək əşyalar düzəldib. Dediyinə görə, əmisinə baxıb
qaynaqçı olmaq həvəsinə düşüb.
Müəllimi onun barəsində bu fikirdədir: “Bu əllərlə
o, yaxşı qaynaqçı ola bilər”.
“Onları mən yox, özləri
qiymətləndirirlər”
Müəllimi Balağa Poladov 70-ci
illərdən usta müəllimdir. Hər tələbəsinin
adı qeyd olunmuş böyük masası var. Adların qeyd
olunduğu cədvəldə gündəlik əl işlərini
sərgiləyir: “Hər kəs adının üstündə
duran işə özü qiymət verir. Onları
mən yox, özləri qiymətləndirirlər. Qaynaqçılıq əl işidir. İnsan nə qədər çox işləsə,
peşəsini bir o qədər yaxşı bacaracaq. Qrupda Əmrah Ağayevin əl qabiliyyəti hamıdan
yaxşıdır. Onun etdiyi qaynağı tələbə
demirəm, hər usta bacarmır. Taleh Əhmədov, Mehdi Mirzəyev,
İlham Abbaszadə də onun kimi əlinə burada qaynaq alan uğurlu tələbələrimizdəndirlər”.
Taleh Əhmədov
İsmayıllı rayonundandır. İş
tapmaq dərdi yoxdur. Deyir ki, gedib rayonda
öz sexini açıb işləyəcək.
Fərid Məlikov IX sinifdən
çıxıb peşə məktəbinə gəlib:
“İstədim ki, bir sənətim olsun. Uşaqlıqdan
bu sənətlə məşğulam. Atam
yönləndirdi məni. İndiyədək
dostumla birgə işləyirdim. Artıq 6
ildir qaynaqçıyam. Burada isə bu sənətin
texnikasını öyrənirəm”.
Növbəti
emalatxanada hərə bir işlə məşğuldur.
Kəsən, birləşdirən, quraşdıran... Amma onlar gücünü qızlar kimi parça
üzərində deyil, dəmir-dümür üzərində
sınayırlar. Nə işlə məşğul
olduqlarını özlərindən öyrənməyə
çalışırıq.
“Öyrənməyə başlayandan
sonra bu peşəni də sevdim”
Çilingər-santexnik ixtisası
üzrə təhsil alan tələbələr
tədrisə cəmi 7 aydır başlamalarına baxmayaraq,
artıq bir çox hamam, mətbəx sisteminin çəkilişini
öyrəniblər. Bu da sübutu. I kurs tələbələri su kranı
quraşdırır.
Elşən
Xıdırov maşın elektriki olmaq istəyirmiş.
Ancaq attestat balı çilingər-santexnik
ixtisası üzrə təhsil almağa imkan verib: “Öyrənməyə
başlayandan sonra bu peşəni də sevdim”.
Peşəsini də
sevib, kranı da quraşdırıb. Ancaq
quraşdırdığı kranın su
buraxıb-buraxmayacağı bəlli deyil: “Bu gün praktika
günümüzdür. Müəllim də bilmək istəyir
ki, əlimizdən bir iş gəlir, yoxsa yox. Biz də
kranı quraşdırıb göstərəcəyik ki, əlimizdən
bir iş gəlir”.
Diplom arzulayan çilingərlər
Vahid Nadirov çilingər-santexnik ixtisası üzrə
ustadır. 20
nəfər tələbə ilə işləyir: “Tələbələrimiz
məişətimizdə istifadə edilən santexnika
cihazlarının quraşdırılması, xətlərin
çəkilməsini öyrənirlər. Bundan
sonrakı mərhələdə onlar istehsalatda olacaqlar.
Demək olar ki, hazır vəziyyətdədirlər.
18-23, hətta 30 yaşına qədər olan tələbələrimiz
var. Hazırda bu qrupda ən kiçik tələbəmiz 16, ən
böyük tələbəmiz təxminən 30
yaşındadır. Elə tələbələrimiz
var, artıq bu sahədə işləyirlər. Ancaq kortəbii tətbiq etməyi bilirlər. Peşə Mərkəzində təhsil almaqla isə
nəzəriyyəni öyrənir və onu tətbiq etməyin
texnikasına bələd olurlar. Bu səbəbdən
də Mərkəzə üz tutanların sayı kifayət qədərdir”.
Çilingər-santexnik ixtisası
üzrə hazırlıq müddəti bir il nəzərdə tutulub. Bu müddətdə 3, hətta 4-cü dərəcəyədək
yüksələn tələbələr var.
16 yaşlı Ülvi Talıbov bu
qrupda yetişməkdə olan çilingər santexniklərin
yaşca ən kiçiyidir: “Metal boru kəsməyi, yiv
açmağı öyrənirəm. Məktəbdən
IX sinifdən çıxıb burada oxumağa gəldim”.
Peşəni qohumları sevdirsə
də, onlardan deyil, məktəbində öyrənməyə
üstünlük verib: “Valideynlərim də bu peşəyə
marağımı dəstəklədilər. İstəyirəm
həm peşəni öyrənim, həm də diplomum olsun”.
Peşə Mərkəzinin
ixtiraçıları
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət
Peşə Mərkəzində, sadəcə, əl əməyi,
göz nuru ilə deyil, beyninin məhsulu ilə də
öyünən, müsabiqələrdə qazanan tələbələr
təhsil alır. 4 nominasiya üzrə “Azərbaycanın
intellektual birincisi” də Peşə Mərkəzindən
çıxıb. “Xəmsə”, “Nə, harada, nə
zaman”, “Vətəni tanı”, “Axtar tap” yarışlarında
II yerə layiq görülüblər.
Bakı Mühəndislik
Universitetində 20-dən artıq universitetin iştirak etdiyi
“İdeya” bilik yarışlarında Malik Əliyev adlı tələbəsinin
su generatoru qızıl medala layiq görülüb.
Malikin təhsil
aldığı qrupdayıq. Burada Nərminə
Zamanovanın dərsidir. Nərminə müəllim
Elektrik xətt quraşdırıcısı ixtisası
üzrə təhsil alan I kurs tələbələrinə
bu ixtisas üzrə dərs deyir. Bu gün
onların da istehsalat günüdür. Uşaqlar
sxem yığırlar. Qrup şəklində işləyirlər:
“Hər birinin ideyasını dəyərləndiririk. İdeyanı onlar verir, onu reallaşdırmaq
üçün biz kömək edirik. Hər
biri bir ixtiraçıdır. Qrupda 19 nəfər
var, onların 10 nəfəri ideya verə biləcək səviyyədədir.
Ziyad Məmmədli mini mühərriklərin
dövriyyəyə qoşulmasını sərbəst işləyib.
Asif Mehdiyev səsgücləndirici sxemi
yığıb. Dəyişən cərəyanın
gücləndirilməsi, körpü sxemi Malik Əliyevin
öz ideyası və sərbəst işidir. Elmar Zeynalov da ideyalarını sərbəst işləmək
iqtidarında olan uşaqlarımızdandır. O, verdiyi
ideya və yaratdığı sxemlə birinci qatda oturub, ikinci
qatda olan elektrik açarlarını idarə edir. Uşaqlarımızın sərbəst işi
çoxdur. Sənan Lətifov gərginliyi
tənzimləmənin sxemini yığıb. Qrupda 6-7 liderim var ki, istənilən əməliyyatı
icra etmək, maraqlı ideyalar vermək onlar üçün
çətin deyil”.
“Hər yerdə internetimiz də ola bilər”
Malik
Əliyev yanacaqdan istifadə etmədən, ətraf mühit
üçün tam zərərsiz ixtiranın müəllifi olaraq bir dəfə
müsabiqə qalibi olub. Bəs, görəsən,
növbəti hədəfi nədir? Dediyinə görə,
hazırda ölkəni internetlə təmin etməyin iqtisadi
cəhətdən səmərəli yolu üzərində
düşünür: “İnternet əsridir. Ancaq
Bakının belə hər yerində internet yoxdur. Kabeldən istifadə etmədən peyklərimizdən
istifadə edərək Bakının hər yerini internetlə
təmin edə bilərik. Bunu
reallaşdırmaq üçün mənə rabitə
sistemində istifadə olunan modullar lazımdır, bir də
bu sahə üzrə mühəndis. İdeyamı
reallaşdırmaq üçün hələ o qədər
bacarığım da yoxdur. Hesab edirəm ki, bu
ideyamı reallaşdıra bilsəm, telefon işlədə
bildiyimiz hər yerdə internetimiz də ola
bilər”.
Onların məzunları “yerdə
qalmır”
Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzində
məzunlarının hamısının səriştəli
olması üçün əllərindən gələni
edirlər. Tədris istehsalat işləri üzrə
direktor müavini Aytac Rzayeva məzunlarının iş tapma
faizini 72 faiz dəyərləndirir: “Məzunlarımız təhsil
aldıqları ixtisas üzrə işin texnikasını
bilir və iş tapmaqda çətinlik çəkmirlər”.
Qeyd edək
ki, məzunlarının işlə təminatında Mərkəzin
nəzdində fəaliyyət göstərən beynəlxalq
resurs mərkəzləri - Almaniyanın “Grohe” Akademiyası,
Rusiyanın “Knauf” Resurs Mərkəzi, Türkiyənin
“İnova Tədris-Təhsil Mərkəzi” də böyük
rol oynayır. Həmin resurs mərkəzlərinin əməkdaşları
tərəfindən müəssisə və şirkətlərdə
tələbələr üçün ustad dərsləri,
iş yerində təcrübə proqramı əsasında təlimlər
keçirilir. Təlimlər əsasında kursu bitirdikdən
sonra müsabiqə və müsahibədən uğurla
keçərək sertifikatlaşan tələbələr həmin
şirkətlər tərəfindən işlə təmin
edilirlər.
Qədir Hacıyevin həmin mərkəzlərdən
birində - Rusiyanın “Knauf” Resurs Mərkəzinin quru
inşaat ustası ixtisası üzrə təhsil alır. 50
yaşı var. Bu yaşına qədər kran
sürücüsü işləyib. 6-cı dərəcəli
kran sürücüsüdür: “Təhsil almaq, öyrənmək
heç vaxt gec deyil. Bundan sonra lazım olsa, ev də təmir
edəcəyəm”, - deyir.
Texnika və
Texnologiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinin
tələbələri arasında başqa peşə sahibləri,
ali məktəb məzunları olduğu kimi, məzunları
arasında da ali məktəb tələbələri var.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
8 fevral.- S.1; 12.