Məsafəni maneə bilməyən
Qubanın gənc müəllimləri
Təhsilin keyfiyyətinin
yüksəlməsində onların rolu əvəzsizdir
Təhsilin keyfiyyət artımı son 5 ildə dəyişən rəqəmlərdə özünü göstərir. Hər rəqəmin arxasında isə fasiləsiz keyfiyyətli təhsili təmin etmək üçün həyata keçirilən davamlı islahatlar dayanır. Bu islahatlardan ən çox hiss ediləni və təqdir olunanı isə müəllimlərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilənlərdir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində Qubanın kəndlərində işə başlayan gənc müəllimləri yaxından tanıdıqca, bu peşənin artan nüfuzunun bir daha şahidi olursan.
Alman dili müəllimi Maral Yusifova, tarix müəllimi Nigar Bəşirova və biologiya müəllimi Gülər Abdullayeva Qubanın Qəçrəş kənd tam orta məktəbində, coğrafiya müəllimi Yasəmən Cəbrayılova, riyaziyyat müəllimi Kəmalə Fazilova və kimya müəllimi Arzu Məmmədova 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbində çalışdıqları ilk ildən təhsil müəssisəsinin göstəricilərinə təsir göstərməyə başlayıblar.
Hər gün Sumqayıtdan Bakıya müəllimlik üçün gəlir
Müəllimlik üçün böyük məsafələr aşan müəllimlər barədə çox yazılıb. Ancaq alman dili müəllimi Maral Yusifova o böyük məsafəni hər gün aşır. 24 yaşlı Maral Yusifova Qubanın Qəçrəş kənd tam orta məktəbində alman dili dərsi demək üçün hər gün Sumqayıtdan Qəçrəşə gedir.
2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayan M.Yusifova Qəçrəş kənd məktəbinə təyinat alıb. Həmin vaxtdan indiyədək orada çalışır. Hazırda Azərbaycan Dillər Universitetində alman dili ixtisası üzrə magistr təhsili alır: “Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirib qaytarır. Magistr təhsili aldığım üçün dərsim olan günlər buraya gəlib-getməyə məcburam. Çətinliklərə baxmayaraq, işimi sevirəm. İşim məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də göstərdiyim cəhdləri boşa çıxartmırlar. Onları öyrətmək üçün mən nə qədər çalışıramsa, onlar da dərsi yaxşı mənimsəmək üçün əllərindən gələni edirlər”.
22 saat dərs yükü olan gənc müəllim 400 manat əməkhaqqı alır.
“Bildiyimi
bölüşməyi yaxşı bacardığımdan
uğur qazana biləcəyimə
əmin idim”
Tarix müəllimi Nigar Bəşirova və biologiya müəllimi Gülər Abdullayeva da Qubanın Qəçrəş kəndinə buradakı tam orta məktəbdə çalışmaq üçün gəliblər.
Nigar Bəşirova 52 balla 2017-ci ildən məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Ali məktəbə də 500-dən artıq bal toplayaraq qəbul olunanlar arasında olub. Belə ki, 523 balla BDU-nun Tarix müəllimliyi ixtisası üzrə qəbul olunub.
Hazırda çalışdığı Qəçrəş kənd tam orta məktəbinin adını daşıdığı şəhid İbrahim Şahmərdanovun ailəsində kirayədə yaşayır: “544 manat maaş alıram. 24 saat dərsim var. Həvəsləndirmə tədbirləri çərçivəsində əlavə aldığım 60 manat da daxil olmaqla 600 manat əməkhaqqım olur.
Müəllimliyi həvəslə seçmişəm. Bildiyimi bölüşməyi yaxşı bacardığımdan bu sahədə uğur qazana biləcəyimə əmin idim. Yaşadığım ev məktəbdən bir az aralı olsa da, yol çox rahatdır”.
Gənc müəllimin sözlərinə görə, ona qədər kənddə müəllim çatışmazlığı olub. Bu səbəbdən uşaqlar tez-tez müəllim dəyişib. Bu da uşaqların bilik səviyyəsinə təsirsiz ötüşməyib. Artıq o günlər geridə qalıb. Müəllimini sevən şagirdlər hər gün verilən tapşırığı həvəslə yerinə yetirir, müəllimləri də onların mövzuları daha yaxşı mənimsəməsi üçün bütün yeni tədris metodlarından istifadə edir. Bu səbəbdən tarix üzrə məktəb şagirdlərinin səviyyəsi mütəmadi olaraq qalxır.
“Biologiya
müəllimi olmaq istəyənlər də
var”
Gülər Abdullayeva da Bakı Dövlət Universitetinin məzunudur. 475 balla tələbə
statusu qazanan Gülər müəllimlərin
işə qəbulu üzrə müsabiqədən
uğurla keçərək 44 balla biologiya müəllimi kimi fəaliyyətə başlayıb.
Ancaq bunlar onun uğurlarının
başlanğıcı sayılır.
Gülər müəllim təhsilini
Türkiyədə davam
etdirmək, daha böyük uğurlar əldə etmək istəyir. Kənd müəllimi olaraq
peşəsini, məktəbini
sevsə də, təhsilini artırmaq, özünü inkişaf
etdirməyi də qarşısına məqsəd
qoyub. Məktəbdə 2 ildir işləyir.
Şəmkirdən gəlib. Ailədən
uzaqlığın çətinliklərini
artıq aşıb:
“Şagirdlərim əvvəllər
fənnə qarşı
maraq göstərmirdilər.
Müxtəlif metodlarla onların
marağını artırdım.
İndi nəinki biologiyanı oxuyanların sayı artıb, hətta biologiya müəllimi olmaq istəyənlər belə var. VIII sinifdə
2-3 nəfər biologiya
fənni üzrə ixtisaslaşaraq müəllim
olacaq. Ancaq tibb ixtisasları
üzrə hazırlaşanlar
da var. Belə şagirdlərimiz VII sinifdə
daha çoxdur”.
Şəmkirli müəllimin Qubanı
seçməyinə səbəb
isə Qubaya vurulması olub: “Tələbə olanda Bakı Dövlət Universitetinin tədris-təcrübə
mərkəzində 2 həftə
təcrübə keçdim.
Rayonun havası, insanları, mühiti çox xoşuma gəldi. Rayonu elə sevdim ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin
vakansiya mərhələsində
ilk yer olaraq Qubanı seçdim”.
Gənc məktəb direktoru:
“Keyfiyyətli
təhsil üçün hər
cür şəraitimiz
var”
Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev də gəncdir. O, rayonda
yeni təyin edilən 3 direktordan biridir. 35 yaşlı direktor deyir ki, məktəbin uğurlarının artmasında
son illər müəllimlərin
işə qəbulu üzrə müsabiqədə
uğur qazanaraq fəaliyyətə başlayan
müəllimlərin rolu
əvəzsizdir: “Qəçrəş
kənd tam orta məktəbi 2006-cı ildə
Heydər Əliyev Fondunun “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi əsasında tikilib. 2 mərtəbəli 240 yerlik
məktəbdə təhsil
alan 409 şagirdin
təlim-tərbiyəsi ilə
38 nəfər pedaqoji
işçi məşğul
olur. Məktəbəhazırlıq qruplarında isə
36 uşaq təhsil alır. Məktəb Qubada icma əsaslı məktəbəhazırlıq
qruplarının təşkil
edildiyi 3 məktəbdən
biridir. Son 5 ildə məktəbə
13 yeni müəllim işə qəbul olunub. Onların gəlişi məktəbin
uğurlarına uğur
qatıb. Nəticədə son iki ildə nailiyyətlərimiz
artıb. 2 ildir ki, hər il 10 nəfər ali təhsil müəssisələrinə qəbul
olunur. İdman sahəsində də
uğurlarımız var. VIII sinif şagirdimiz Qafqaz ölkələri arasında karate üzrə
çempionatda qızıl
medal qazanıb. “Şahin” hərbi oyunlarında fəal iştirak edirlər.
Bir sözlə, keyfiyyətli
təhsil üçün
hər cür şəraitimiz var”.
Nügədidə məktəb
Nügədi kənd 3 nömrəli tam
orta məktəbdə
334 şagirdə 28 müəllim
dərs deyir. 6 yaşlılardan ibarət
35 nəfəri əhatə
edən 2 məktəbəhazırlıq
qrupu fəaliyyət göstərir. 20 uşaqdan ibarət bir qrup isə
3-4 yaşlı uşaqlardan
təşkil edilib.
Kənddə məktəb 1964-cü ildə
yaradılsa da, binası yenidir. 2012-ci ildə yeni məktəb binası tikilib istifadəyə verilib. 2017-ci ildə
direktor təyin edilən Müşfiq Bilalov daha yüksək
nəticələrə nail olmağı hədəfləyib:
“Hər həftəsonu
məktəbdə ayrı-ayrı
fənlərdən əlavə
məşğələlər keçirilir. Azərbaycan tarixi və
buraxılış imtahanına
düşən fənlər
üzrə müəllimlər
IX və XI siniflərlə
əlavə məşğul
olurlar. Ötən tədris ilində
16 nəfər məzunumuz
oldu. Onlardan 4 nəfər ali
təhsil müəssisələrinə
qəbul olundu”.
Məktəbdə təhsil müəssisələrinin
reytinqinin yeni meyarlar əsasında hesablandığını da
unutmurlar: “Rəsm bacarığı olan şagirdlərimiz çoxdur.
V sinifdə oxuyan
idmançı qızımız
var. Dəfələrlə zona yarışlarında
I yeri tutub. Belə şagirdlərimizi daha da inkişaf etdirmək üçün
əlimizdən gələni
edirik”.
Məktəbin güləş, kik-boks üzrə nəticələri
olan şagirdləri, voleybol və futbol üzrə X-XI siniflərdən təşkil
edilən komandaları
yarışlarda fəal
iştirak edirlər.
Qubanın 2-ci Nügədi kəndindəki
3 nömrəli tam orta
məktəbdə də
əhalinin güvənə
biləcəyi gənc
müəllimlər çalışır. Elə 2018-2019-cu tədris ilində məktəbə 3 müəllim
işə qəbul olunub. Onların ikisi Sumqayıtdandır.
Məktəbin müəllimə olan tələbatı artıq ödənilib.
“İstəyirəm uşaqların
təhsilində töhfəm
olsun”
Yasəmən Cəbrayılova 2012-ci ildən
dərs deyir. Təhsil Nazirliyinin
Quba rayonu üzrə meneceridir.
MİQ üzrə müsabiqədən uğurla
keçərək məktəbə
gələn müəllimlərdən
biri, hətta birincisidir. Azərbaycan Milli Elmlər
Akademiyasının Coğrafiya
İnstitutunun doktorantıdır.
Qubalıdır, burada yaşayır.
Elmi istiqamətdə davam etmək, özünü inkişaf
etdirmək istəyir:
“Növbəti iş yerim universitetlərdən
biri ola
bilər. AMEA-dan dəvət almışam. Kəndimizin uşaqlarına
görə hələlik
getmirəm.
İstəyirəm uşaqların təhsilində
töhfəm olsun. Hazırda
ali məktəblərdə
oxuyan dərs dediyim gənclər var. Onların işə başlamasını gözləyirəm.
Onlar ali
məktəbi bitirəndə
buradakı uşaqları
onlara tapşırıb
getməyi düşünürəm.
Kəndlərdə uşaqların savadlı
kadrlara ehtiyacı daha böyükdür.
Bu ehtiyac ödəndikdən
sonra öz karyeram barədə düşünəcəyəm”.
Riyaziyyat müəllimi Kəmalə
Fazilova və kimya müəllimi Arzu Məmmədova 2018-ci ildə imtahan verərək müəllim
kimi işə qəbul olunub və vəzifəsini yerinə yetirmək üçün Sumqayıtdan
Qubaya, Nügədiyə
gəliblər.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Quba rayonunun ümumi təhsil müəssisələrinə 81 müəllim işə qəbul olunub. Onların 70 faizi dağ kəndlərindəki ümumi təhsil müəssisələrində çalışır.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.- 15
fevral.- S.1; 4.