Uğurlu karyera qurmaq üçün dəstək
İnşaat,
memarlıq, dizayn şirkətlərinin Azərbaycan
Memarlıq və İnşaat Universitetinin tələbələrindən
gözləntiləri böyükdür
Azərbaycan
Memarlıq və İnşaat Universitetində canlanma var.
Xüsusən, idman zalının qarşısı qələbəlikdir.
Bu da səbəbsiz deyil. Universitet rəhbərliyinin təşəbbüsü
ilə ilk dəfə karyera sərgisi təşkil edilib.
İlk dəfə olduğuna inanmaq isə o qədər də
asan deyil. İdman zalının qarşısında olan
sıxlıq içəriyə getdikcə daha da artır.
Zalda ayrı-ayrı şirkət, komitə, agentliklərə
aid sıra ilə düzülən stendlərin cəlbedici
olanı da var, olmayanı da. Tələbələr 70-dən
artıq dövlət qurumu, özəl şirkət, müəssisə
arasından özünə, ixtisasına, təhsil səviyyəsinə
ən uyğun olanları ilə maraqlanır. AzMİU tələbələrinin
marağının arxasınca gedirik. Tələbələr
kiminlə, hansı şirkətlərlə maraqlanır?
72 şirkət, 600-dən çox
iş yeri
Karyera sərgisində
tələbə və məzunlara müxtəlif vakansiyalar
üzrə ümumilikdə 600-dən çox iş yeri təklif
edilir. Aralarında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti,
SOCAR, “Azərişıq”, “Metropoliten”, “Zaferoğlu
İnşaat”, “Embawood”, “Holcim”, “Mətanət-A”, “Azərsun”
Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, “Təmiz Şəhər”
ASC, “Gilan Holding”, “Akkord”, “Azercell”in də olduğu 72 şirkətin
hər biri tələbələrin qarşısına xeyli təkliflə
çıxıb. Düzdür, təklifləri daha çox
təcrübə proqramları ilə bağlıdır, ancaq
konkret vakansiyalar üçün işçi axtaranlar,
maraqlananları müvafiq istiqamətlər üzrə
yönləndirənləri də çoxdur. Məsələn,
“Holcim” şirkətində İnsan Resursları şöbəsində
assistent olan Ayan Quliyeva hesabatlar üzrə mütəxəssis,
keyfiyyətə nəzarət şöbəsində
inteqrasiya olunmuş idarəetmə sistemləri üzrə
mütəxəssis yerlərinin boş olduğunu deyir. Fəal,
dil və kompüter bilikləri olan, təcrübəli
mütəxəssislər axtarırlar. Təcrübəyə
üstünlük verdiklərinə baxmayaraq, AzMİU tələbələri
arasından vakansiyalar üzrə işçi tapacaqlarına
da şübhə etmirlər: “AzMİU-da ilk dəfə olsaq
da, universitetlərin karyera sərgilərində iştirak
edirik. Bizim təcrübə proqramlarımız var. Bu
proqramlara gəncləri cəlb edirik.
Karyera sərgisində
əsas məqsədimiz şirkət ilə bağlı məlumat
verməkdir. Ancaq vakansiyalar üzrə işçi
tapacağımıza da şübhə etmirik. Çünki
universitet tələbələri arasında potensiallı gənclərin
çox olduğunu bilirik”.
Tələbələrin
marağını cəlb edən stendlər arasında SOCAR
da var. SOCAR AQŞ-də işə qəbul üzrə mütəxəssis
Aydan Bayramovanın sözlərinə görə,
çoxsaylı marağı təmin etmək
iqtidarındadırlar: “Fərqli istiqamətlərdə vakansiyalarla
gəlmişik. Mexanik, texnik, elektronika və ətraf
mühitin qorunması üzrə mütəxəssis
vakansiyalarımız var”.
Şirkətdə
işə qəbul prosesi 3 mərhələdən ibarətdir.
İlk mərhələnin - tanışlığın
karyera sərgisində
reallaşdırıldığını düşünsək,
AzMİU tələbələrini texniki müsahibə və
menecment, yəni rəhbərliklə görüş mərhələləri
gözləyir. Namizədlər onlara təqdim edilən
elektron ünvana CV göndərir. A.Bayramovanın dediyinə
görə, motivasiyası və şəxsi keyfiyyətləri
yüksək, özünə güvənən, dil və
texniki bilikləri olan gənclərin şansı çox
yüksəkdir. Təcrübəsi olmayan gənclər təcrübə
proqramına götürülür, olanlar isə birbaşa
işə. Karyera sərgilərində işə qəbul
edilənlərin sayının çox böyük rəqəmlərlə
ifadə olunduğunu deyən mütəxəssisin sözlərinə
görə, sərgiyə hazırlıqlı gəliblər:
“Özümüzlə çoxlu CV gətirmişik.
Maraqlananlara təqdim edirik, doldururlar. Həmin namizədlərin
arasında layiqliləri çoxdur”.
SOCAR-ın
aparıcı mütəxəssisi Misir İsmayılovun
sözlərinə görə,
AzMİU tələbələrinə həm ödənişli,
həm də ödənişsiz təcrübə
proqramları təklif edirlər: “Ödənişli proqramlar
2 ay nəzərdə tutulub. Bu proqrama cəlb edilən tələbələrə
200 manat civarında ödəniş edilir. Tətbiq olunan
proqram üzrə müsahibədə müsbət nəticə
əldə edənlər işə qəbul olunurlar. Ödənişsiz
təcrübə də iki ay davam edir. Tələbə
müraciət edərək müəssisəmizdə təcrübə
keçir. Amma bu proqram üzrə heç bir ödəniş
etmirik”.
Mütəxəssis
sərgidə 25 vakansiya ilə təmsil olunan SOCAR-da hər həftə
vakansiyaların sayının dəyişdiyini də qeyd edib.
“AzerGold” QSC-nin aparıcı mütəxəssisi
Valid Əliyev isə geologiya, dağ-mədən, təmir-tikinti
və energetika sahəsində, həmçinin maliyyə,
insan resursları sahələrində, İT bilikləri olan gənclərə
üstünlük verəcəklərini deyir. Onun sözlərinə
görə, hazırda AzMİU-nun 5 tələbəsi şirkətdə
təcrübə keçir.
Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin,
Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin
qarşısında növbə uzanır. MİDA
İnformasiya təminati və insan resursları şöbəsinin
müdiri Rauf Əliyev təmsil etdiyi quruma olan marağı
belə izah edir: “Tikinti-inşaat sahəsində fəaliyyət
göstərdiyimizdən gənclərin marağı çox
yüksəkdir. Tikinti, inşaat, memarlıq, konstruktor,
menecment, iqtisadi yönümlü ixtisaslar üzrə təhsilalanların
diqqətini cəlb edə biləcək vakansiyalarımız
olur. Bundan başqa, tələbələr layihələrimizdə
könüllü kimi fəaliyyət göstərərək,
nəzəri-praktik biliklər əldə edə bilərlər.
Bu fəaliyyət zamanı fərqlənənlərə
karyera imkanları da nəzərdə tutulub”.
Azərbaycan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
kadr məsələləri şöbəsinin müdiri Fatma
Yıldırım da “Fəaliyyət istiqamətimiz
AzMİU-da təhsil alanlar üçün uyğun
olduğundan gənclərin marağı açıq
görünür. Komitə olaraq, biz də gənclərimizə
qapılarımızı açmışıq. “Şəhərlərimizin
gələcəyini bir yerdə quraq” şüarı
altında onları əməkdaşlığa dəvət
edirik”, - deyib.
“Bu imkanı doğru dəyərləndirə
biləcəyəm”
Nigar
Qulamzadə memarlıq fakültəsində memarlıq
ixtisası üzrə təhsil alır. Təhsilində
qazandığı uğuru iş başında da davam etdirmək
üçün təcrübəyə ehtiyacı olduğunu
bilir: “Memarlıq şirkətləri ilə maraqlandım. Bir
neçə şirkətin təklifləri ilə
tanış oldum. Hələlik qərar verməmişəm.
İstəyirəm ki, təcrübə əldə edim.
Memarlığa aid ən yaxşı şirkətdə təcrübəçi
olmaq üçün axtarışlarımı davam etdirəcəyəm”.
Nigar
Qulamzadədən karyera sərgisində nə
çatışmadığını, təklifləri ilə
maraqlanırıq. Bir tələbə belə bir sərgidən
nə gözləyir? Nigar deyir ki, gözlədiyi hər
şey var: “Axtardığım, tapmadığım bir
şey yoxdur. Düşünürəm ki, bizim
üçün lazım olan hər detal nəzərə
alınıb. Qarşımıza seçə, məlumat ala və
gələcək planlarımızı qurmağımıza
imkan verən böyük təkliflər
çıxarılıb. Burada həm seçə, həm də
özümüzü təqdim edə bilərik. Bunun
üçün çoxsaylı şirkətlər və
onların nümayəndələri ilə birbaşa əlaqə
üçün şərait yaradılıb. Hesab edirəm
ki, AzMİU tələbəsi olaraq bu imkanı doğru dəyərləndirə
biləcəyəm”.
Nəzrin
Şabanova isə inşaat mühəndisliyi fakültəsində
təhsil alır: “İxtisasıma uyğun şirkətlərlə
maraqlandım. 4-5 şirkətlə görüşdüm. Mənim
üçün maraqlı olan şirkətlərin bəzilərində
vakansiya yox idi. Amma hər ehtimala qarşı CV təqdim elədim.
Düşünürəm ki, bu, bizim üçün bir
şansdır”.
IV kurs tələbəsi
üçün ixtisasına uyğun işin dövlət və
ya özəl müəssisədə olmasının bir fərqi
yoxdur: “Hələ IV kurs tələbəsiyəm. Dövlət
və ya özəl olmasından asılı olmayaraq, məni
inkişaf etdirəcək, karyerada yüksələ biləcəyim
şirkətlərlə maraqlanıram. Hələ tələbə
olduğumu nəzərə alsaq, hesab edirəm ki, şirkətlər
üçün də uğurlu kadr ola bilərəm. Tələbə
olaraq göstəricilərim yaxşıdır. Qısa zaman kəsiyində
təcrübəsizlikdən irəli gələn
çatışmazlıqları da inkişaf etdirib istənilən
parametrə cavab verəcək səviyyəyə çata biləcəyimə
əminəm”.
“Şirkətlərin məni yox, mənim
şirkətləri seçəcəyim
ağlıma gəlməzdi”
Həsən
Əliyev inşaat mühəndisliyi fakültəsini 2017-ci
ildə bitirib: “Məzun olduqdan sonra hərbi xidmətə
getdim. Artıq qayıtmışam və ixtisasım üzrə
işləmək istəyirəm. Bu istəyimi
reallaşdırmaq üçün universitetimizin bizə belə
imkan yaradacağını eşidəndə çox sevindim.
İş axtarırdım, burda tapdım.
Gördüyünüz kimi, CV yazıram. Burda marağımı
cəlb edən şirkət çoxdur. Hələlik ən cəlbedici
təklifləri dəyərləndirirəm. Çox gözəl
şansdır. Burada şirkətlərin məni yox, mənim
şirkətləri seçəcəyim ağlıma gəlməzdi”.
AzMİU
məzunu ilk dəfədir karyera sərgisində iştirak
edir: “Öz universitetimizdir, ona görə gəldim. Mənə
dostum bu barədə xəbər verdi və onunla birlikdə gəldik.
Peşiman da deyilik. Hər ikimiz ixtisasımıza uyğun
müvafiq iş tapdıq”.
Yusif
Nağıyev də AzMİU məzunudur. Universiteti bitirdikdən
sonra ilk rastına çıxan işə başlayıb.
Ancaq öz ixtisasına uyğun işlə məşğul
olmaq istəyir: “Karyera sərgisi ilə bağlı sosial
şəbəkələr vasitəsi ilə xəbər
tutdum. Artıq ixtisasım
üzrə çalışmaq, yüksəlmək,
aldığım təhsilin bəhrəsini görmək istəyirəm.
Bu ixtisasa sevərək yiyələnmişəm. Burada
gördüm ki, ixtisasım üzrə iş çoxdur. Mənim
üzərimə düşən aldığım təhsilin
keyfiyyətini sübut edib burda qarşıma çıxan təklifləri
dəyərləndirməkdir. Mən də bunu edirəm. Cəhdimin
uğurlu olacağına şübhəm yoxdur”.
Universitet rəhbərliyi
təşəbbüsünün nəticəsindən
razı qaldı
AzMİU-nun
strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova
karyera sərgisinin gedişindən razı görünür:
“İlk dəfə olaraq karyera sərgisi təşkil edirik.
Müraciət etdiyimiz bütün şirkətlər dəvətimizi
qəbul edərək sərgidə iştirak edirlər. Hər
biri bizim ixtisaslarımızla birbaşa işləyən
qurumlardır”.
Prorektorun
sözlərinə görə, tələbələr
üçün sadəcə vakansiyalar deyil, məzunlar
üçün inkişaf proqramları, II və III kurs tələbələri
üçün xüsusi təqaüdlər var.
Ü.Səttarova
universitetin şirkətlərlə əlaqələrinin daha
da genişləndiriləcəyinə, yeni əlaqələrin
qurulacağına ümid edir: “Hesab edirəm ki, ilk dəfədən
bu qədər şirkəti sərgimizdə görmək
mümkün oldusa, bu, növbəti karyera yarmarkaları
üçün möhkəm bünövrə olacaq”.
Rektor
Gülçöhrə Məmmədova da sərgidə təmsil
olunan şirkətlərlə əməkdaşlığı
davam etdirəcəklərini vurğulayıb: “Şirkətlərin
bir qismi daimi partnyorlarımız, bir hissəsi isə yenidir və
biz onlarla işbirliyimizi davam etdirəcəyik. Ümumiyyətlə, istehsalatla əlaqələrin
möhkəmlənməsinə ciddi fikir veririk. Hesab edirik ki,
bu gün təhsil, xüsusən mühəndislik təhsili
istehsalatla sıx bağlı olmalıdır. IV kurs tələbələrimiz
3 aylıq təcrübə keçəcəklər. Bunun
üçün də bizim istehsalatla əlaqələrimizin
çox möhkəm olması vacibdir. Ona görə də tələbələrimizin
işəgötürənlərlə
görüşünü təşkil edirik. Hesab edirəm
ki, bu təşəbbüsümüzün nəticəsində
tələbələrimiz birbaşa qurumların öz nümayəndələrindən
iş, vakansiyalar barədə həm məlumat, həm də
işə dəvət alacaqlar.
Bu bir
karyera festivalıdır. İnşaat, memarlıq, dizayn şirkətlərinin
universitetimizin məzunlarına diqqəti aşkar
görünür. Hiss olunur ki, tələbələrimizdən
gözləntiləri böyükdür. Karyera sərgisinin tələbələrimiz
üçün əhəmiyyətli olacağını
düşünürəm. Bu cür sərgilər gənclərlə
şirkətlər arasında körpü yaradaraq, onların
uğurlu karyera qurmaları üçün böyük
önəm kəsb edir”.
G.Məmmədova
deyib ki, sərgi tələbə və məzunların karyera
imkanlarını artırmaq, məşğulluqlarını
inkişaf etdirmək, əmək bazarında fəaliyyət
göstərən, ixtisaslarına uyğun şirkətlərlə
əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi
ilə təşkil olunub.
AzMİU-da Karyera və strateji planlaşdırma
şöbələrinin fəaliyyət göstərdiyini, tələbələr
üçün mütəmadi təlimlər, şirkət rəhbərləri,
müxtəlif müəssisələrin insan resursları
üzrə mütəxəssisləri ilə
görüşlər təşkil edildiyini qeyd edib.
Karyera sərgisindən əliboş
qayıdan olmadı
Səhər
saat 11-də başlayan sərgi günorta saat 2 olmasına
baxmayaraq, hələ də davam edirdi. Nə tələbələr,
nə də şirkətlər mövqelərini tərk
edirdilər. Birinci tərəf daha çox şirkətlə
görüşmək və beləliklə, daha çox
şans qazanmaq, ikinci tərəf isə daha çox gəncin
marağını təmin etmək, daha çox insana iş
şərtləri barədə məlumat vermək istəyirdi.
Stend-stend
dolaşan gənclərin həyəcanı gözündən,
ona sarı gələn hər tələbəyə potensial
işçi gözü ilə baxan şirkət nümayəndələrinin
marağı üzündən oxunurdu.
Bir
sözlə, “Birdən sərgi bağlanar”, - həyəcanı
ilə 72 şirkət arasında karyerasını
quracağı, bəlkə təcrübəçi kimi
başlayıb zirvəyə məhz bu şirkətdə
yüksələcəyi, bəlkə də
bütövlükdə taleyini bağlayacağı iş
yerini axtaran 1500-dən artıq gənc özünə iş,
karyera planına uyğun təcrübə yeri axtardı. Tapan
tapdı, tapmayan “hər ehtimala qarşı” deyib müvafiq təklifləri
dəyərləndirdi. Ən əsası odur ki, sərgidən
iş tapan da oldu, təcrübə imkanı qazanan da.
Bunların heç birini əldə edə bilməyənlər
isə şirkətləri tanıdı, iş yerləri barədə
məlumat aldı. Karyera sərgisi hər kəsə iş
axtarmağın yolunu, karyera qurmağın planını
verdi. Bu planı işdə yüksəlişin
açarına çevirmək isə AzMİU məzunlarının
bacarığından və şəxsi keyfiyyətlərindən
asılı olacaq.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.- 22
fevral.- S.10.