Koreya səfiri Sənaye və İnnovasiyalar
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Opla görüş keçirilib.
“Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio layihənin cari vəziyyəti, görülən işlər barədə məlumat verib. Layihə rəhbəri Koreya standartları əsasında fəaliyyət göstərəcək yeni peşə təhsil müəssisəsinin Azərbaycanda rəqabət qabiliyyətli kadr təminatının artırılmasına, peşə təhsili pilləsinin inkişafına faydalı olacağını qeyd edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov mərkəzin qlobal sənaye ehtiyaclarına cavab verə biləcəyini, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətləndiyini deyib. Mərkəzin ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başladığını diqqətə çatdıran agentlik direktoru gələcəkdə Koreya şirkətləri ilə də əməkdaşlıq qurulacağına ümid etdiyini bildirib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op yeni yaradılan Peşə Təhsili Mərkəzindəki cari vəziyyətlə tanışlıqdan məmnunluğunu diqqətə çatdırıb və koreyalı mütəxəssislər tərəfindən yerli müəllimlərə təlimlər keçirilməsinin əhəmiyyətindən danışıb. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu qeyd edən səfir Kim Tong Op Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreya Respublikası arasında mövcud əməkdaşlığın daha da məhsuldar olmasını arzu etdiyini bildirib.
Yeni
peşə təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında
razılaşmaya uyğun olaraq,
Koreya təhsil standartları əsasında
yaradılmış ilk pilot
təhsil müəssisəsidir. Müasir
maddi-texniki baza ilə
təchiz edilmiş, əsas tədris
binası, 2 emalatxana, yataqxana,
idman meydançası və digər zəruri
infrastrukturu özündə cəmləyən
təhsil kompleksində sonuncu tamamlama işləri gedir.
Azərbaycan müəllimi.- 2019.-19 iyul.- S.2.