Bilik əsas meyar olanda...

 

Müəllimlərin işə qəbulu imtahanlarının ictimai əks-sədası: “Bu prosesin müsbət nəticələrini mütləq görəcəyik”

 

Zemfira Əmirova Bakı Slavyan Universitetində ikinci dəfə təhsil alaraq ixtisasını müəllimliyə dəyişib. Bu il məzun olan Zemfira ilk dəfə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb. Dünən imtahan verənlərdən biri də o idi: “Suallar çətin deyildi. Mənim üçün bir az kurikulumla bağlı sualları cavablandırmaq çətin oldu. Vaxtım vardı düşünməyə də. Ancaq tələsdim. 51 bal topladım. Yəqin tələsməsəydim, bundan da yüksək nəticə əldə edə bilərdim, deyə düşünürəm”.

Binəqədi rayonundakı 200 nömrəli məktəbdə mövcud olan vakant yerə iddialı olan Zemfira Əmirova şagirdlərinin sevdiyi, onlara oxumağı sevdirən bir müəllim olacağına əmindir.

Turanə Kərimova isə iyulun 18-də ibtidai sinif müəllimliyi üzrə keçirilən imtahanlarda ən yüksək nəticə göstərənlərdən biri oldu. Hazırda 269 nömrəli tam orta məktəbin müəllimi olan Turanə Kərimova 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən, 2013-cü ildə isə Bakı Slavyan Universitetindən məzun olub. İbtidai təhsil üzrə magistratura təhsilini də tamamlayıb. 7 il əvvəl mümkün olan 35 baldan 33 bal toplayaraq müəllimliyə başlayıb.

Bu il yerdəyişmə məqsədi ilə müsabiqəyə qatılaraq test imtahanında maksimum 60 baldan 55 bal toplayıb: “Özümü 7 il sonra sınamaq istəyirdim. Hədəfim 60 bal toplamaq idi.Yerdəyişmə üçün bu il deyil, gələn il müraciət edəcəyəm. Çünki hazırda şagirdlərim ibtidai təhsilini tamamlamayıb. Bu imtahanlarda göstərdiyim nəticə iki il qüvvədə olsa da, növbəti il təşkil edilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsinə yenidən qatılacağam. İnanıram ki, gələn il mümkün olan balın hamısını toplaya biləcəyəm”.

Arzu Kərimova isə Azərbaycan Dövlət Pedaqoji Universitetini 2017-ci ildə bitirib. Həmin il imtahan verib və Binəqədi rayonundakı 267 nömrəli tam orta məktəbdə tədrisi başqa dildə aparılan sinifdə müvəqqəti əsaslarla dərs deməyə başlayıb: “Bu il yenidən imtahan verdim. İxtisasımla bağlı sualları asan cavablandırdım. Kurikulum və məntiqə aid suallar isə orta çətinlik səviyyəsində idi. Əksəriyyətini cavablandırdım”.

A.Kərimovanın sözlərinə görə, birinci imtahanla ikinci dəfə qatıldığı imtahan arasında fərq olub: “İlk dəfə qatıldığım müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün mərhələlərində həyəcan keçirirdim. Bu dəfə həyəcanım azdır. Həm də indi özümə çox güvənirəm. Hazırlaşaraq həm biliyimi, iki il iş prosesində isə təcrübəmi artırmışam. Nəticədə yüksək bal topladım. Bu bal çalışdığım məktəbdə daimi əsaslarla çalışmağıma kifayət edər”.

Beləliklə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. Artıq imtahanların 10 günü arxada qalıb. Prosesin həyata keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalında dünən ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verdilər. 3279 namizədin iştirakı nəzərdə tutulan bu imtahanları ictimaiyyət nümayəndələri də yaxından izləmək imkanı qazandı.

 

Ən yaxşı müəllimlərin seçilməsi prioritet istiqamətdir

 

Təhsil Nazirliyinin təşkil etdiyi növbəti mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu iştirak edib.

Nazir müavini M.Vəliyeva ictimaiyyət nümayəndələrinə imtahan prosesi barədə məlumat verib. Mediaturda iştirak edən Sahib Məmmədov ixtisasca coğrafiya müəllimi olsa da, indiyədək müəllim işləmədiyini və bundan sonra arzu edərsə, onun da imtahanlara qatılıb-qatıla bilməyəcəyi ilə maraqlanıb. M.Vəliyeva bunun mümkün olduğunu deyib.

İmtahanda subyektiv amillərin təsirinin qarşısını almaq üçün görülən tədbirlərlə bağlı geniş məlumat verən M.Vəliyeva hər bir namizədin oturduğu masadan asılı olmayaraq, kompüterdə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə şəxsi kabinetinə giriş imkanı əldə etdiyini xüsusi vurğulayıb: “Onun şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar çıxır. Şəxsi kabinetə isə iştirakçıdan başqa heç kim daxil ola bilməz. Təbii ki, şəxsiyyət vəsiqəsi vətəndaşın özü tərəfindən idarə edilirsə”.

İmtahan qaydalarını, qaydalara əməl etməyənlərə qarşı sərt mövqeni diqqətə çatdıran nazir müavini deyib ki, imtahanların keçirildiyi müddətdə 16 nəfər köçürmə halına yol vermə, telefon, planşet və digər vasitələrdən istifadə və imtahan qaydalarını kobud surətdə pozacaq hərəkətlərə yol vermə səbəbindən xaric olunaraq nəticələri ləğv edilib. Ötən 10 gün ərzində hətta şəxsiyyətini təsdiq edən sənədi başqasına “etibar” edənlərə belə rast gəlindiyini, amma belə cəhdlərin də qarşısının alındığını söyləyib: “İmtahan keçirilən 10 gün müddətində başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi də olub. Bu cəhdlərin qarşısı imtahan təşkilatçıları tərəfindən vaxtında alınıb və bununla bağlı Təhsil Nazirliyi müvafiq addımlar atacaq”.

M.Vəliyeva imtahan zamanı qeydə alınan texniki nasazlıqlar və suallarda yanlışlıqlara da toxunub. Ortaya çıxan istənilən problemə imtahan komissiyasının qətiyyətli mövqe nümayiş etdirdiyini deyib. Nazir müavini əlavə edib ki, indiyədək ortaya çıxan texniki problemlərin aradan qaldırıldığı müddət də namizədlərin imtahan vaxtına əlavə edilib. Nasazlıq və narazılıq barədə elə imtahan prosesindəcə məlumat verilməsinin lazım gəldiyini vurğulayan nazir müavini qeyd edib ki, imtahanlardan sonra namizədlərin hər hansı nasazlıqla bağlı narazılığı araşdırılsa belə, onun nəticəsi imtahanın nəticələrinə təsir göstərməz.

Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilməsi və işlə təmin olunmasının Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamət olduğunu deyən nazir müavini bildirib: “İmtahanın keçirilməsi və 48 mindən artıq insanın bu imtahanda iştirak etməsi müəllimlik peşəsinə olan marağın bariz nümunəsidir. Yüksək nəticə göstərərək məktəblərə gedən müəllimlər yaxın gələcəkdə ölkə təhsilinin keyfiyyətinin artırılmasına, vətənpərvər gəncliyin formalaşmasına xidmət edəcəklər”.

Nazir müavini ilə ictimaiyyət nümayəndələri tədrisi başqa dildə aparılan təhsil müəssisələrində kadr çatışmazlığı problemini, Bolonya prosesinə keçiddən sonra mövcud qanunlara və sinifdə qarşılıqlı münasibətlərə dəyişiklik zərurətini və başqa məsələləri müzakirə ediblər.

Mediatur zamanı ictimaiyyət nümayəndələri ən yüksək nəticə göstərən namizədlərlə də görüşüb, onlara suallar verib, hədəfləri ilə maraqlanıblar.

 

“İmtahanların bu şəkildə təşkili şəffaflığın artırılmasına xidmət edir”

 

Mediaturda iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov müəllimlərin işə qəbulu müsabiqəsinin müəllimlər üçün əhəmiyyətini vurğulayıb: “İmtahanların bu şəkildə təşkil edilməsi şəffaflığın artırılmasına xidmət edir. Bunun nəticəsində müəllim olmaq istəyənlər özlərini sınamaq imkanına malikdirlər”.

C.Cəfərov MİQ imtahanlarının ali təhsil müəssisələri üçün əslində keyfiyyət indikatoru rolunu oynadığı qənaətindədir: “Bizim bütün fəaliyyətimizin yekunu burada özünü göstərir. Sən tələbəyə istədiyin qiyməti verə bilərsən, ancaq əgər məzunumuz burdan keçə bilmirsə, deməli, verilən təhsilin keyfiyyəti çox aşağıdır”.

ADPU rəhbərinin fikrincə, istər məktəbin, istərsə də müəllim nüfuzunun artmasında imtahanların bu cür təşkil edilməsinin və prosesdə şəffaflığın qorunmasının rolu çox böyükdür: “Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində birinci dəfə iştirak etsəm də, imtahan prosesindən məlumatlıyam. Bu gün elə mediatur zamanı da məzunlarımıza rast gəldim. Öncəki günlərdə Pedaqoji Universitetin və Pedaqoji kollecin müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən və uğur qazanan məzunlarını ADPU-ya dəvət edərək onları təbrik etdik”.

 

“Prosesdə subyektiv amillər, ümumiyyətlə, yoxdur”

 

Mediaturda təmsil olunan daha bir ictimaiyyət nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov da prosesin təşkilindən razı qalıb: “Proses şəffaf şəkildə keçirilir və bu barədə cəmiyyətə kifayət qədər məlumat ötürülür. Mediaturda iştirakım ilk dəfə deyil. Ona görə də həm müəllimlərin, həm də direktorların işə qəbulu ilə bağlı geniş informasiyaya malikəm. Bu gün isə öyrəndiyim və bunu bütün cəmiyyətin bilməsinin önəmli olduğunu düşündüyüm bir məqamı paylaşmaq istəyirəm: prosesdə subyektiv amillər, ümumiyyətlə, yoxdur. Suallar konkretləşdirilib, çeşidlənib və kompüter proqramı vasitəsilə qarışdırılaraq variantlaşdırılır. Odur ki, burada köçürmək, sualları dəyişmək, hər hansı formada müdaxilə etmək mümkün deyil. Bu imtahanlarda uğur qazanmaq üçün namizəddən tələb olunan yeganə şərt odur ki, bir az biliyi, bir az məntiqi olsun. Həmin namizəd mütləq minimum şərti ödəyib uğur qazanacaq”.

S.Məmmədov onu da qeyd edib ki, təhsil sahəsində həyata keçirilən bu və digər yenilikləri nəticəsini verəcək:

Ümidliyəm ki, yanaşma, istiqamət düzgün qoyulduğundan bu prosesin müsbət nəticələrini mütləq görəcəyik.

S.Məmmədov imtahan nəticələri ilə bağlı narazılıqları araşdıran apelyasiya komissiyalarının fəaliyyətinin də öz müsbət nəticələri olduğuna inanır: “İnsanlara apelyasiya imkanları verilməlidir. Narazılıqların 70-80 faizi məlumatsızlıqdan və ya qərəzdən doğur. Burada eqoizm də müəyyən rol oynayır. Hər kəs elə hesab edir ki, ondan yaxşı bilən yoxdur. Mükəmməl apelyasiya sistemi olanda və bütün bunlar insanların gözü qarşısında baş verdiyindən narazılıqların böhtan olduğu açıq görünür”.

 

İndiyədək ən yüksək bal 58 oldu

 

Qeyd edək ki, indiyədək alman dili, fransız dili, ingilis dili, rus dili, biologiya, coğrafiya, fizika, informatika, musiqi və tarix fənlərindən olan 25 mindən çox namizəd imtahan verib. Namizədlər arasında ən yüksək nəticə 58 bal (ibtidai sinif, tarix, coğrafiya, biologiya fənləri üzrə 8 namizəd) olub.

İmtahanlar iyulun 24-dək davam edəcək.

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2019.-19 iyul.- S.1;3.