ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

 

İyulun 18-də Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri ilə görüşüb.

Jurnalistləri rəhbərlik etdiyi ali məktəbdə görməkdən məmnunluğunu bildirən rektor medianın cəmiyyətin inkişafı üçün müəyyən lokomotiv funksiyasını daşıdığını qeyd edib. Jurnalistikanın mahiyyətində bu faktorun durduğunu vurğulayan M.Babanlı medianın gələcəyi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, dünyanın sürətlə dəyişdiyi indiki dövrdə jurnalistlər bu sahənin  peşəkarları olmalıdır. Ona görə mövcud reallıqlar şəraitində adi jurnalist olmaq kifayət etmir. Rektor M.Babanlı hesab edir ki, buna görə ali məktəblərdə müvafiq ixtisas sahələrində həm   peşəkar jurnalist bacarıqlarına yiyələnmiş media nümayəndələrinin yetişdirilməsi faydalı olardı.

Rektor əlavə edib ki, Azərbaycanın bugünkü uğurlarında jurnalistlərin böyük əməyi var.   Mən hesab edirəm ki, istənilən cəmiyyətin dəyişilməyə ehtiyacı olan birinci sahəsi təhsildir. Əgər cəmiyyət təhsilini  daim dəyişdirib inkişaf etdirirsə, o cəmiyyətin gələcəyi vardeyən rektor Azərbaycan təhsil sistemində aparılan islahatlardan, əldə olunan uğurlardan söz açıb, Prezident  İlham Əliyevin təhsilə mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.

Rektor son illərdə ADNSU-da aparılan islahatlardan,  yeniləşən tədris mühitindən,  elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, əldə olunan  uğurlardan danışıb. Professor  M.Babanlı ölkəmizdə medianın azad, demokratik şəraitdə fəaliyyətinə geniş imkanlar yaradıldığını söyləyərək  Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. Tədbirdə iştirak edən media nümayəndələri işgüzar  universitet - media münasibətlərinin, əməkdaşlığının  qurulmasına görə ADNSU rəhbərliyinə minnətdarlıq edərək Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş görüş üçün təşəkkürlərini bildiriblər.

Sonra jurnalistlərə hədiyyələr təqdim olunub.

 

Azərbaycan müəllimi.- 2019.-19 iyul.- S.3.