Bayrağımızı Avropada ucaldanlar

 

İdman məktəblərinin yetirmələri II Avropa Oyunlarında böyük uğura imza atıblar

 

Tarixin bütün dönəmlərində Azərbaycan idmançıları dünya idman tarixinə öz imzalarını atıblar. Keçmiş sovetlər məkanında güləşçilərimiz, boksçularımız, samboçularımız, yüngül atletika təmsilçilərimiz daim ölkəmizin idman şərəfini qoruyaraq  respublikalararası yarışlarda müxtəlif kateqoriyalı medallar qazanmaqla  qürur mənbəyimizə çevriliblər. Sağlam bədəndə sağlam ruh tərbiyə etmək prinsipi gənclərimizin düşüncə tərzlərini zamanın tələblərinə uyğun şəkildə formalaşdırmağa daha böyük imkanlar yaradıb. Buna görə də uşaq və yeniyetməlik dövrlərindən başlayaraq məktəblilərimizin idmanın müxtəlif növlərinə cəlb olunmasının vacibliyi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Artıq müxtəlif  idman yarışlarında, olimpiadalarda və dünya birinciliklərində millimizi təmsil edən idmançılarımız hər il  idmanın bütün  növləri üzrə yüksək  nəticələr nümayiş etdirərək  qızıl və gümüş medallara sahib olurlar və bayrağımızı dünyanın bütün qitələrində dalğalandırırlar. Bu, olduqca sevindirici  və qürurverici haldır.  Qələbələrimiz, uğurlarımız göz önündədir.  Bu günlərdə  Təhsil  Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəbləri üzrə “Minsk 2019” II Avropa Oyunlarında  iştirak edən, qızıl və gümüş medallar  qazanan idmançılarımızla görüşüb  qələbə sevinclərini bölüşdük və təəssüratlarını dinlədik. Ən mötəbər yarışlarda  rəqiblərini məğlub edərək, bayrağımızı ucaldan bu gənclərin ürək sözlərini, ürək çırpıntılarını   dinləmək, onların arzu və istəklərini  qələmə  almaq  necə də xoş idi!

 

“Vətənimə olan sevgim qalib olmağıma təkan verdi

 

Azərbaycan yunan-Roma güləşçisi İslam Abbasov:

- Qubadlı rayonunda anadan olmuşam. Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm.  Atam güləşlə məşğul olub.  İlk dəfə idmanla məşğul olanda  yeddi yaşım vardı.  Sumqayıtda  məşqə  gedirdim. Müəllimim də Qərib Əliyev idi. Sonralar Bakıda əsas komandaya üzv oldum. Məşqlər mənim üçün çox maraqlı  keçirdi. Atam istəyirdi ki, güləşçi olum. Nəhayət ki, atamın arzularını yerinə yetirdim.  Atam hər qələbəmi eşidəndə elə bil  ona bir  dünya sevinc bəxş edirdim.  Ən çətin döyüşüm 2015-ci ildə İranın paytaxtı Tehranda keçirilən Dünya kubokunun finalında oldu. Azərbaycan və Rusiya komandaları arasında həlledici görüş idi. Olimpiya çempionu, rusiyalı David Çakvetadzeni məğlub etmək üçün  çox əziyyət çəkdim. Nəticədə ölkəmiz dünya kubokunun sahibi oldu. 2017-ci ildə isə  yunan-Roma  güləş növü üzrə   Dünya Kubokunda qələbəmizdən sonra möhtərəm  Prezident cənab İlham Əliyev bizim komandanı qəbul etdi. Qürur duyuram  ki, Prezidentimiz biz  idmançılarla  vaxtaşırı  görüşür. Bu, şübhəsiz, bizim məsuliyyətimizi  bir daha artırır və yeni qələbələrə ruhlandırır. Biz idmançılar üçün  bundan  böyük sevinc  hissi ola bilərmi?

Müxtəlif  illərdə kadetlər, yeniyetmələr və gənclər arasında 5 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi,  II Avropa Oyunlarının gümüş mükafatçısı və böyüklər  arasında Dünya Kubokunun qalibi olmuşam. Bu uğurları əzmkarlığım nəticəsində əldə etmişəm. Bildiyimiz kimi, Avropa Oyunları böyük bir layihədir və yüksək səviyyədə keçdi.  Məşqçilərimiz  bizi  federasiya oyunlarına yüksək səviyyədə, qrafiklə, sistemli şəkildə hazırlaşdırır.Yarışlara  hazırlaşmaq üçün  biz idmançılara  hər cür şəraitin yaradılmasıdır. Buna görə də öncə federasiyamızın rəhbərliyinə  dərin minnətdarlığımı  bildirirəm. Həmişə çalışırıq ki, Vətənə medalla qayıdaq. Ötən il Budapeştdə keçiriləcək dünya çempionatına çox ciddi hazırlaşırdıq. Bilirdik ki,  bizi çətin mübarizə gözləyir. Ona görə də var gücümüzlə məşq edirdik. Dünya çempionatında mənim çıxış edəcəyim çəki dərəcəsində 10-a yaxın favorit güləşçi var idi. Güclü rəqiblərlə qarşılaşacaqdım. Bütün gücümü səfərbər etdim. Əziyyətim hədər getmədi, bütün rəqiblərimi üstələyərək  ölkəmizə qızıl medal qazandırdım. Həmin anların sevincini  sözlə ifadə etmək olduqca çətindir, çünki bu, tək mənim kiminsə üzərində qələbəm deyildi, bu, Azərbaycan millisinin xalça üzərində parlaq qələbəsi idi. Bayrağımız birinci sırada dalğalananda o yüksəkliyə  mən də ucalırdım. Bax, budur hər qələbənin biz idmançılara bəxş etdiyi  sevinc hisslərinin yaşantısı.  Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında isə Ermənistan təmsilçisini məğlub etməklə  gəncliyimizin qüdrətini nümayiş etdirdim. Sübut etdim ki, onlar bizdən bütün sahələrdə olduğu kimi idman sahəsində də çox geridir. Açığını deyəcəyəm, baxmayaraq ki, idman həmrəylik, dostluq simvoludur  və biz idmançılar bu əqidəyə daim  sadiqik, ancaq  mən erməni  rəqiblə  xalça üzərində üz-üzə gələndə özümü qeyri-ixtiyari olaraq  idman  zalında deyil, səngərdə hiss edirdim və onu məğlub etmək, ona  Azərbaycan gəncliyinin gücünü sübut etmək haqqında düşünürdüm. Elə bu əzmkarlığım, Vətənimə olan hədsiz sevgim  qalib olmağıma təkan verdi.

 

“Hər bir valideyn öz övladlarının uğuruna sevinir”

 

İslamın atası Əzim Abbasov oğlunun idmana gəlişinin  tarixçəsini   belə xatırlayır:

- 17 il bundan əvvəl idman zalında idik. 28 kiloqram çəki dərəcəsində olan uşaqlar güləşirdilər. Məşqçiyə dedim ki, oğlum  bu uşaqları yıxar. Onda  İslamın vur-tut  7 yaşı vardı. Məşqçinin razılığı ilə o, xalça üzərinə çıxdı  qalib də gəldi. Elə həmin gündən də İslam güləşlə məşğul olmağa başladı.  Hər bir valideyn öz övladının uğurlarına sevinir və bundan qürur hissi duyur. İslam uşaq yaşlarından əziyyətə qatlaşmağı sevir. O, məşq etməkdən  zövq alır, yorulmaq bilmir. Bu əzmkarlığının  nəticəsidir ki, bir yarışda da  ailəmizi, məşqçilərini pərt etməyib, daim qələbə sevincini özü ilə bərabər bizə də yaşadıb. Özü də etiraf edir ki, nə uşaqlıq, nə də gənclik illərinin dadlarını  hiss etməyib, bütün günlərini  dərsdən sonra xalça üzərində keçirib. O, nə az, nə çox, 23 illik ömrünün böyük bir hissəsini yunan-Roma güləşinə həsr edib. Həyatında  çox şeyi idmana, güləşə qurban verib. İslam hər il müxtəlif yarışlarda təxminən 60-a yaxın rəqiblə qarşılaşır. Minskdə II Avropa Oyunlarında 4 görüş keçirtdi. Bütün rəqiblər təcrübəli idmançılar idilər, aralarında zəifi yox idi. İslam bütün görüşlərdə uddu, amma finalda üçqat dünya çempionu Jan Belenyuka uduzdu və ölkəmizə gümüş medal qazandırdı.

Bu gün İslam Abbasov fəxrimizdir, qürur  mənbəyimizdir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları onu dəfələrlə qəbul edib, idmanda qazandığı uğurları, əzmkarlığını yüksək qiymətləndirib.

 

“Prezidentimiz əməyimi yüksək qiymətləndirib”

 

Sərbəst  güləşçi Hacı Əliyev:

-1991-ci ildə Naxçıvan şəhərində  anadan olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışam. 2010-cu ildən Azərbaycan yığmasında çıxış edirəm.  Böyük qardaşım Yaşar Əliyev  idmanın sərbəst güləş növü ilə  məşğul olur.  Qardaşım   2013-cü ildə Avropa çempionatında bürünc medal qazanıb. Qeyd  edim ki, mən 2008-ci ilin mayında Türkiyənin Antalya şəhərində  keçirilən  yeniyetmələr arasında  “Qələbə Kuboku” turnirinə qatıldım. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə apararaq turnirin bürünc medalını qazandım.  Bu, şübhəsiz, məni hədsiz ruhlandırdı   növbəti nailiyyətim  Latviyanın Dauqavpils şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında oldu. Mən inadkarlıq nümayiş etdirərək  54 kiloqram çəki dərəcəsində finala gədər bütün rəqiblərimi inamla məğlub  etdim. Sonra Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq turnirə qatıldım və yarışı 5-ci yerdə başa vurdum. 2009-cu ildə isə növbəti nailiyyətlərim  ölkədaxili yarışlarda  oldu. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqiblərim  üzərində qələbə qazandım və yarışın çempionu oldum. Dekabr ayında isə böyüklər arasında birincilik qazandım. Azərbaycan Kubokunda bütün rəqibləri məğlub edərək  turnirin qalibi oldum. Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan beynəlxalq turnirdə də qüvvəmi sınadım, amma medalçılar sırasına düşə bilmədim, çünki rəqiblərim gözlədiyimdən də qat-qat güclü oldular. Ancaq bu uğursuzluq məni  zərrəcə ruhdan salmadı. Məşqçilərimiz  bizə ruhdan düşməyək deyə daim  bir  fikri təlqin edir ki, idmanda belə hallar  qəbulediləndir. Bu, doğrudan da belədir, iki  rəqibin yalnız biri qalib ola bilər.

2010-cu ildə Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə apardım, birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşdım. Həmin görüşün birinci hissəsində  məğlub olsam  da (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə növbəti mərhələyə vəsiqə qazandım. Ümumiyyətlə, 2010-cu il mənim üçün uğurlu  il oldu.  Bakı şəhərində keçirilən “Hünər meydanı” və Gəncə şəhərində  İsax Cəfərovun xatirəsinə həsr olunan turnirlərdə də bütün rəqiblərimi məğlub edərək  qızıl medala sahib oldum. 2011-ci ildə   artıq  20 yaşım vardı. Uğurlarım  getdikcə  artırdı. Bolqarıstanın Burqas şəhərində baş tutan “Dan Kolov və Nikola Petrov” Memorialında 8-ci yeri tutdum.  Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda beynəlxalq yarışın finalında Toğrul Əsgərova uduzdum və turnirin gümüş medalına layiq görüldüm. Bütün yarışlara qətiyyətlə hazırlaşıram, ancaq qalib gəlmək əzmi ilə məşqlər edirəm.  2014-  ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə  Parisdə baş  tutan dünya çempionatlarının   qalibi olmuşam. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında  da öz gücümü sınamışam. Birinci görüşdə Cənubi Koreya güləşçisi  ilə qarşılaşdım. Həmin görüşdə 12:2 hesabı ilə vaxtından əvvəl  qələbə qazandım və bürünc medala  layiq  görüldüm. II Avropa Oyunlarında medal estafetimi davam etdirərək qızıl medal qazandım.

Azərbaycan Prezidenti İlham Əliyev əməyimi  daim yüksək  qiymətləndirib.  I Avropa Oyunlarında qazandığım   bürünc medala görə “Tərəqqi” medalı ilə,  XXXI Yay Olimpiya Oyunlarında qazandığım bürünc medala görə   isə “Azərbaycan Respublikası Prezidentinin  Fəxri diplomu” ilə  mükafatlandırılmışam.

 

“Hacı bütün ümidlərimi doğrultdu”

 

Hacı Əliyevin məşqçisi Qırxlar Bədəlovun öz yetirməsi haqda söylədikləri:

- Hacı mənim bütün ümidlərimi doğrultdu. Mən onunla məşqlərə başladığım  ilk günlərdən  hiss edirdim ki, bu gənc gözəl idmançı olacaq və mənim əməyim hədər getməyəcək. Belə də oldu. Hacının ötən bu illər ərzində qazandığı  uğurları sadalamaqla  qurtaran deyil. Deyərdim ki, cəngavər idmançıdır, xalça üzərinə çıxanda tamam başqalaşır, sanki döyüş meydanında hiss edir özünü. O, həm də vətənpərvər bir oğuldur. Hər yarışda, “müəllim, Vətənimin üzünü hökmən ağ edəcəyəm”, - deyir və edir də. Hacının birincilik qazandığı yarışlarda Azərbaycan bayrağı birinci qalxanda mən onun üzünə diqqət yetirirəm, sanki qanad açıb uçacaq. Bu müqayisəolunmaz  sevinc hisslərini  biz onunla birgə yaşayırıq.

Qeyd edim ki, biz 14-22 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçiriləcək  2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına  da ciddi  hazırlaşırıq.  Bu yarışda da  Azərbaycan idmanının qüdrətini  nümayiş etdirəcəyik.

 

İlk medal gimnastlarımızdan gəldi

 

Növbəti həmsöhbətlərim olan  Azərbaycan gimnastları Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi:

- Milli  Gimnastika  Arenasında  məşq zamanı onlarla görüşdük.  Söhbət zamanı öyrəndim ki, Abdulla Əl-Məşayxi  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  I kurs  tələbəsidir.  Ruhidil Qurbanlı isə paytaxtdakı 277 nömrəli tam orta  məktəbin  şagirdidir.  Bu cütlük  öz istəkləri ilə gimnastikanın ən maraqlı, eyni zamanda  mürəkkəb  və çətin  növlərindən biri olan akrobatika gimnastikasını  seçiblər. Məşqçi  İradə Qurbanova  bu cütlüyün bir-birini tamamladığını  söylədi.  Onlar ən uğurlu  cütlüklər  olduqlarını bütün yarışlarda təsdiqləyirlər.  Sevinirəm ki, mən də bir məşqçi olaraq  bu  seçimimdə yanılmamışam. Biz  məşqlər zamanı yorğunluğun  nə demək olduğunu bilmirik. Hərbdə belə bir qayda var: təlimlərdə çətinliklərə dözməlisən ki,  döyüşdə asanlıqla qalib gələ biləsən.  İdman da belədir, yarışlara hazırlıq dövründə bacardığından da artıq çalışsan, qələbə səninlə olacaq. Bizim bu cütlüyü, sözün tam mənasında, söylədiklərimə nümunə çəkmək olar. Onlar öz məşqlərindən zövq alırlar.  2016-cı ildən  müxtəlif səviyyəli yarışlara qatılırlar. İndiyədək 15 ölkədə - Polşada, Belçikada, Portuqaliyada Norveçdə, Rusiyada, Qazaxıstanda, Çində və sair dövlətlərdə öz güclərini sınayıblar. 2017-ci  ildə Polşanın Jeşuv şəhərində  keçirilən  akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatında   “temp” proqramı üzrə final çıxışlarımızla  komandamızın hesabına 3-cü bürünc medalı yazdırdıq.  İlk dəfə idi ki, qitə çempionatında ən güclülər arasında mübarizə aparırdıq. Öz proqramlarımızı daha  uğurla icra edərək, medalçılar sırasında dayanmağı bacardıq. “Minsk 2019” - II Avropa Oyunlarında da Azərbaycan komandasının aktivinə ilk medalı məhz Ruhidil Qurbanlı ilə Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş, balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında 28,160 xalla bürünc, qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında isə 29,540 xalla gümüş medala sahib olublar.

Azərbaycan yığmasının akrobatika gimnastikası üzrə baş məşqçisi İradə Qurbanovanın  öz yetirmələri haqda  söylədiklərini həyəcansız dinləmək mümkün deyildi. O, əməyinin ona yaşatdığı sevinc hisslərini qürurla ifadə edirdi. Söhbətimizin sonunda  İ.Qurbanova  söylədi ki, bu cütlük sentyabrda Portiqaliyada Dünya kubokuna, oktyabr ayında  isə İsraildə Avropa çempionatına qatılacaq.  Çalışacaqlar   Vətənə  növbəti medalları  qazandırsınlar

 

Sifai  SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2019.-19 iyul.- S.1; 16.