“Tələbələr arasında əsl
islamşünaslar
yetişdirə biləcəyimiz
gənclər kifayət qədərdir”
Ceyhun Məmmədov: “Dini-ideoloji təbliğatdan
özümüzü qorumaq məcburiyyətindəyik”
Azərbaycanda ən gənc institutun - Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bir ili tamam oldu. Müstəqil Azərbaycanda daha bir ali məktəb rəqabətə davamlı təhsil müəssisələrinin sırasına qoşulmaq uğrunda gedən mübarizəyə qatıldı. Yeni olmasına baxmayaraq, Azərbaycan İlahiyyat İnstitutunun tam sürətlə irəliləməsi üçün bütün imkanlar yaradılıb. İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi təhsil müəssisəsinin yaxın gələcəyə dair planlarından, reallaşması o qədər də uzaq olmayan hədəflərindən danışıb.
- Belə bir institutun yaradılması hansı zərurətdən irəli gəlirdi?
- İnstitutun yaradılması zərurəti, ilk növbədə, ölkədə tarixən mövcud olan yüksək mənəvi mühitin qorunması ehtiyacından doğdu. Başqa bir zərurət isə dini təhlükəsizliklə bağlıdır. İnsanlara müxtəlif məqsədlərlə təsir etmək üçün məhz dindən istifadə sıx müşahidə olunan hallardandır. Ona görə də hər bir ölkənin qarşısında duran bir neçə vacib vəzifədən biri məhz dini təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan da dünya ölkələri arasında öz nüfuzu, mövqeyi, maraqları olan dövlətdir və ona təsir göstərmək üçün bir çox vasitələrdən, o cümlədən dindən istifadə edilməsi gözləniləndir. Dövlət olaraq Azərbaycanda bu ehtimal nəzərə alınmalı, ölkənin dini təhlükəsizliyi təmin edilməlidir. Bu, zərurətdir. Başqa bir zərurət isə bu sahədə ehtiyac duyulan kadr hazırlığı ilə bağlıdır. Zaman-zaman müşahidə olunan dini təsirlərin qarşısının alınması üçün ölkədə mütəxəssislərin yetişdirilməsinə ehtiyac açıq görünürdü. Müasir dövrdə din dünyada elmin bir sahəsi kimi araşdırılır, öyrənilir. Dinə elmi yanaşma, dinin elmi baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə çoxlu sayda məscid, kilsə, sinaqoq var. Onların dini mütəxəssislərlə təminatına ehtiyac var. İndiyədək bu sahədə kadr hazırlığı kiçik miqyaslı, pərakəndə təşkil edilib. Müxtəlif təhsil müəssisələrində dinlə bağlı müəyyən ixtisaslar tədris olunur. Həmin ixtisasları tədris edəcək kadrlar da hazırlanmalıdır. Hüquq-mühafizə də daxil olmaqla, dövlət orqanlarında bu sahənin mütəxəssislərinə xüsusi ehtiyac var.
- Bir
fakültədən böyüyüb instituta çevrildiniz. Ötən bir ildə İlahiyyat İnstitutunun
obrazını formalaşdıra bilmisinizmi?
- Qısa
vaxt ərzində institutun formalaşması istiqamətində
zəruri tədbirlər həyata keçirildi, tədris ilinə
hazırlıq görüldü. Artıq
2018-2019-cu tədris ilinin birinci yarımili yekunlaşıb.
Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri
əsasında təhsilin səviyyəsini təmin etməyə
çalışırıq və düşünürəm
ki, buna qismən də olsa, nail olmuşuq.
- İnstitutda mühit necədir?
- Azad, sərbəst
tələbə mühiti var. Bəzən institutumuzla
bağlı yanlış təsəvvür olduğunu
müşahidə edirik. Qeyd etməliyəm ki,
İlahiyyat İnstitutu dünyəvi təhsil müəssisəsidir.
Burada tələbələrimiz də daxil
olmaqla, hər kəs öz seçimində azaddır. İbadət etmək istəyənlər edir, istəməyənlər
yox. Hətta institut fəaliyyətə
başladığı ilk aylarda tələbələr
arasında tərəddüd açıq hiss olunurdu.
- Bir
gün ərzində Bakı Dövlət Universitetinin tələbəsi
dönüb İlahiyyat İnstitutunun tələbəsinə
çevrildi. Hər halda tərəddüdlər də bununla
əlaqədar idi...
- Bəli.
İlahiyyat İnstitutu yaradılanda Bakı
Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri
də bizim struktura daxil oldu. Onlarla səmərəli
işin nəticəsidir ki, artıq tərəddüd
qalmayıb.
- İlahiyyat fakültəsinin BDU-da qalan tələbəsi
oldumu?
- Struktur
dəyişikliyinin nəticəsi olaraq qalanlar var. Bakı Dövlət
Universitetinin İlahiyyat fakültəsində tərcüməçilik
ixtisası üzrə də hazırlıq
aparılırdı. Fakültə instituta çevriləndə
tərcüməçilik ixtisası üzrə təhsil alan tələbələr Bakı Dövlət
Universitetində təhsillərini davam etdirməli oldular.
BDU-da ödənişli oxuyan
20 tələbə Aİİ-də
pulsuz təhsil alır
-
Maraqlıdır, İlahiyyat İnstitutunda davam etməli olan tələbələrin
narahatlığına, tərəddüdlərinə necə
son qoydunuz?
-
Nizam-intizam, qayda-qanun tənzimləndi, tələbələrə
diqqət artırıldı, yeni müəllimlər işə
qəbul edildi. Qeyd edim ki, 20-yə yaxın tələbəmiz
BDU tələbəsi olaraq ödənişli əsaslarla təhsil
alırdı. İlahiyyat İnstitutunda təhsil
tam dövlət sifarişi əsasında
aparıldığından, həmin tələbələrimiz
təhsil haqqından tamamilə azad olundular. Burada tələbələrin sosial
qayğıları ilə də mütəmadi
maraqlanırıq.
-
Qayğılarını azaltmaq üçün əlinizdən
nəsə gəlirmi?
- Müəyyən
qədər. Düzdür, gələcəkdə
bu imkanlarımız daha geniş olacaq. İnstitutun
yataqxanası, yeni binası tikiləcək. Ancaq ona qədər heç nə eləmədən
gözləmirik. Dini Qurumlarla iş üzrə Dövlət
Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin
Təbliği Fondunun xətti ilə 30 tələbəyə
təqaüd veririk. Sosial vəziyyəti yaxşı olmayan tələbələrlə
xüsusi iş gedir.
- Sosial vəziyyəti
yaxşı olmayan tələbələri necə müəyyənləşdirdiniz?
- Valideynlərindən
birini, yaxud hər ikisini itirdiyinə, ata-anasının işləmədiyinə,
sağlamlıq imkanları məhdud şəxsin, ya da şəhid
ailəsindən olduğuna dair sənəd tələb edirik.
Buna əmin olduğumuz 30 tələbə təqaüdlə
təmin edilib. Əyalətlərdən gələn tələbələrimiz
var. Onların hər hansı problemi, həkimlə, geyimlə
bağlı qayğıları ola bilər.
Bunu nəzərə alıb hər tələbəyə
maksimum diqqət ayırırıq. Tələbələrimizlə
davamlı olaraq ünsiyyət qururuq, fikir mübadiləsi
aparırıq; çalışırıq ki, tələbələrimizin
nə düşündüklərini müəyyənləşdirək
və ona uyğun istiqamət verək. Bunun
üçün də qapılarımız hər zaman onlara
açıq olur. İstənilən vaxt
yaza, zəng edə, rektoru ziyarət edə, sözlərini
deyə bilirlər.
Aİİ tələbə mərkəzli
bir müəssisə olacaq
- Müəllimlərlə
tələbələrin münasibətləri necə tənzimlənir?
- Üzərimizə
belə bir missiya götürmüşük.
Aİİ-nin tələbə mərkəzli bir müəssisə
olmasına çalışırıq.
Yəni tələbələrlə daha çox işləyirik. Sadəcə
tədrisdə yox, tərbiyəsi,
dünyagörüşünün formalaşmasında da fəal
rol oynayırıq.
- Məsələn,
bunu necə, hansı yolla edirsiniz?
- Müxtəlif
tədbirlər - seminarlar, konfranslar, “dəyirmi masa”lar həyata keçiririk. Tələbələrimizdə
vətənpərvərlik ruhu formalaşdırmağa, hər
birinin Vətənə sevgisini, mənəvi dəyərlərimizə
bağlılığını gücləndirməyə
çalışırıq. Bu məqsədlə
bir neçə layihəmiz olub. Bayraq
Günü münasibətilə 50 tələbəmizi Cocuq Mərcanlıya
apardıq. Kollektiv surətdə qəsəbəyə
gedən ilk təhsil müəssisəsi olduq. Tələbələrimiz əhali ilə
görüşdü, məsciddə oldular. Qayıtdıqdan sonra tələbələrimizin
münasibətində, yanaşmasında xeyli dəyişiklik
hiss etdik. Daha sonra Qəbələnin Nic kəndində
- Alban kilsəsində, mədəniyyət mərkəzində
oldular. Qış imtahan sessiyası
yekunlaşdıqdan sonra tələbələrimizin
“Qış məktəbi” layihəsi çərçivəsində
üç gün Şamaxı rayonunda ölkəmizin tarixi və
mədəni irsi ilə tanışlığı təmin
edildi. Onlar Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə təmir olunmuş Dəmirçi kənd məscidi və
Qafqazın ən qədim dini ocaqlarından biri Şamaxı
Cümə məscidini ziyarət etdilər. Eyni zamanda, burada gənclər üçün
müxtəlif seminarlar təşkil olundu.
- Bu
prosesdə müəllimlərin rolu nə qədərdir?Onlar bu işin tərkib hissəsinə, hərəkətverici
qüvvəsinə çevrilə bilirlərmi?
- Əlbəttə. İnstitutda tələbələrlə
iki istiqamətdə iş gedir və müəllimlərə
də tapşırılıb ki, onlarla ünsiyyətdə
olsunlar. Yəni müəllim sadəcə, dərs
deməklə kifayətlənmir. Müəllimlərlə
belə bir söhbətimiz də olub: onlar tələbələr
arasında ixtisası üzrə fərqlənənləri
seçməli, gələcəyə
hazırlamalıdırlar. Müəllimlərimizin
böyük əksəriyyəti dərsdən əlavə dərslər
keçir.
- Həmin
dərslərin mövzusunu kim seçir:
müəllim özü, yoxsa tələbələr?
- Tələbələr
də seçə, müəllim də müəyyənləşdirə
bilər. Tələbə qavramadığı
mövzuda, yaxud daha dərindən mənimsəmək istəyirsə,
müəllimlə əlavə olaraq görüşüb dərs
ala bilir. Ondan
əlavə, burada ingilis, ərəb dili
kursları tam ödənişsiz fəaliyyət göstərir.
Gələcəkdə başqa dillər üzrə
kurslar açmaq barədə də
düşünürük. Tələbələrimiz
arasında müxtəlif bacarıqları olanlar var; məsələn,
rəssamlıq qabiliyyəti yaxşı olan, xəttatlıq
bacarığı olan, ebruya həvəs göstərən tələbələrimizi
müəyyən etmişik. Bu istiqamətlərdə
kurslar açmaq planı üzərində işləyirik.
“Mütəxəssis çətinliyimiz
var”
- Tələbələrinizin
hər cür bacarığından danışdınız, bəs,
təhsil aldıqları ixtisas üzrə
bacarıqlarından, həvəslərindən
danışmadınız. Müasir
ilahiyyatçılar bu vəzifəyə
hazırdırlarmı?
- Şansımız ondadır ki, bu tədris ilindən
institutumuza gələn tələbələr fərqlənirlər. İxtisası
təsadüfən seçən tələbələr olsa
da, biz onlarda öz ixtisaslarına maraq yarada bildik. Tələbələr arasında əsl
islamşünaslar yetişdirə biləcəyimiz gənclər
kifayət qədərdir. Onlar din xadimi kimi fəaliyyət
göstərəcəklər. Ona görə də
tələbələrimizin din xadimi olmaqda marağı bizim
üçün əhəmiyyətlidir.
- Tərcümə fakültəsinin
tələbələri BDU-da qalsa da, İlahiyyat
İnstitutunda xeyli dil tədris olunur...
- Bəli.
İnstitutda ingilis, fars, ibri və ərəb
dilləri keçilir. İbri dili magistratura səviyyəsində
təhsil alan tələbələrə tədris
olunur. Gələcəkdə bunu kurslar vasitəsilə
öyrətməyi planlaşdırırıq.
- Mütəxəssis
demişkən, neçə müəlliminiz var?
-
Hazırda müəllimlərimizin sayı 25 nəfərdir. Rəhbər heyət də tədris prosesində
iştirak edir. Mən Multikulturalizmə
giriş fənnini tədris edirəm. Prorektorlar,
dekan, dekan müavini - hər biri ayrı-ayrı fənləri
tədris edirlər. Rəhbər heyətlə
bir yerdə hazırda tədris prosesində 25 müəllim
iştirak edir.
- Təhsildə
keyfiyyət müəllimdən başlayır. Müəllimləri
necə seçib işə götürdünüz?
- Müəllimlərimizi
müsabiqə yoluyla seçdik. Vakansiyaları
elan etdik və müraciətlər əsasında işə
qəbulu həyata keçirdik.
- Şərtləriniz nə idi? Müəllim
seçimini hansı parametrlər əsasında gerçəkləşdirdiniz?
- Bir
neçə parametr var. Bunu xüsusi vurğulamaq istəyirəm:
müəllimlərlə bağlı mütləq sınaq dərsləri
keçiririk. Bir müəllim institutumuzda dərs
demək istəyirsə, rəhbər heyət toplaşıb
“Açıq dərs” təşkil edirik. Həmin
sınaq dərsində müəllim qiymətləndirilir.
Xüsusi blanklara qeyd olunur və onun əsasında
qərar verilir. İşə qəbulla
bağlı sahələrdən asılı olaraq, müxtəlif
kriteriyalarımız var. Dil bilikləri, təcrübə tələb
edilir. Elə fənlər var ki, orada ən azı 5 il təcrübənin olması əsas tələblərdəndir.
Müəyyən sertifikatlar tələb edirik.
Əsas şərtlərdən biri olduğu
üçün hazırda dərs deyən müəllimlərimizin
mütləq əksəriyyəti elmlər namizədi, fəlsəfə
doktorudur. Xüsusən ixtisaslarla
bağlı sırf elmi dərəcəsi olanları işə
götürməyə çalışdıq. Təcrübə, məsuliyyət,
çalışdığı qurumlar, komanda ruhunun olması
kimi məsələləri nəzərə aldıq. Müəllimlərlə bağlı başqa bir məqamı
qeyd edim. İngilis dili müəllimindən
uzun müddət təcrübə, sertifikatlar tələb
etdik. Tutaq ki, islamla bağlı fənlərdə
peşəkarlığı, sertifikatları, kurslarda
iştirakı kimi meyarlar nəzərə alındı.
- Azərbaycanda ali təhsil müəssisələrinin ən böyük
problemi keçmişin zərərli vərdişlərini
unutdurmaq, qalıqlarını təmizləməkdir. Azərbaycan
İlahiyyat İnstitutu sıfırdan başlayan bir ali təhsil müəssisəsi olduğundan
müasir təhsilin tələblərini öyrənir və
birbaşa tətbiq edir. Hər halda burada yeniliyi qəbul və
tətbiq etmək çətinlik yaratmaz...
-
Çalışırıq ki, qısa müddətdə
çox iş görək və daha böyük uğurlara
imza ataq. Amma görüləcək işlər
də çoxdur. Ümumən
götürəndə institutda çalışanların
böyük əksəriyyəti gənc və peşəkarlardır.
Elə sahələr var, orada uzun müddət təcrübə
tələb olunur və belə təcrübəli
mütəxəssislərimiz də var. Ən önəmlisi,
hər biri öz işini sevir. Kollektiv maksimum dərəcədə
çalışır ki, etimadı doğrultsun, fəaliyyətini
yeni ideyalar üzərində qursun.
“Tələbələrimiz
üçün bütün
vasitələr diqqət mərkəzimizdədir”
- Bəlkə
bu günün məsələsi deyil... Gələcəkdə
xaricdən müəllimlərin dəvət olunması
mümkündürmü?
- Bu məsələlər
də nəzərdən keçirilir. Xaricdən
müəllimlərin bir semestr ərzində tədrisə cəlb
edilməsi barədə düşünürük. Ancaq burada bir məqam da var ki, din həssas məsələdir.
Dini-ideoloji təbliğatdan zaman-zaman
özümüzü qorumaq məcburiyyətindəyik. Bu səbəbdən,
bir qədər ehtiyatlı olmağa
çalışırıq. Bu məsələdə
kor-koranə, araşdırmadan qərar vermək mümkün
deyil. Araşdırmaq, başqa universitetlərin
təcrübəsini öyrənmək,
qarşılıqlı əməkdaşlıqda ən
uğurlu variantı seçməyə
çalışacağıq.
Türkiyədə
4 - Ankara, İstanbul, “29 Mayıs” və Mərmərə
universitetlərində olduq. Ankara, “29 Mayıs” və Mərmərə
universitetləri ilə artıq
protokol imzalamışıq. Həmin protokollarda
da müəllim mübadiləsi nəzərdə tutulur.
Bu sahədə müsəlman ölkələrinin,
Avropa universitetlərinin çox böyük təcrübəsi
var. Həmin universitetlərlə də işləməyi nəzərdən
keçiririk. Araşdıraraq müəllim və tələbə
mübadiləsi apara biləcəyimiz ali təhsil
müəssisələrinə qərar verəcəyik. Ümumiyyətlə isə birgə tədbirlər,
konfranslar keçirəcək, təhsilin keyfiyyətini
artırmaq üçün maksimum
çalışacağıq. Tələbələrimizin
də xarici təcrübəni
öyrənmələrinə çox böyük ehtiyac var.
Həm Avropa ölkələrinin, həm də müsəlman
ölkələrinin magistratura və doktorantura üzrə təqaüd
proqramlarını nəzərdən keçiririk. Tələbələrimizin biliyinin, savadının
və dünyagörüşünün artırılması
məqsədinə xidmət edən bütün vasitələr
diqqət mərkəzimizdədir.
- Dini məsələlərdə
tələbələrimizi, dolayısı ilə gənclərimizi
əmanət edə biləcəyimiz Türkiyədən
başqa hansı ölkələrin təhsil sistemi, ya da
müəllimləri ola bilər?
-
Hazırda fərq qoymadan müxtəlif ölkələrin təcrübəsini
öyrənməyə çalışırıq. Ancaq bəlli olduğu kimi, Türkiyə ilə
ölkəmiz strateji tərəfdaşdır. Ona görə ilk səfərimizi Türkiyəyə
etdik. Növbəti mərhələdə
Rusiyaya, Orta Asiya ölkələrinə səfərlər
olacaq. Rusiyada fəaliyyətdə olan və kifayət qədər
nüfuzlu islam institutları mövcuddur. Moskvada, Kazanda olan institutlarla hazırda
danışıqlarımız gedir. Eyni
zamanda, Özbəkistanın hələ sovet dövründən
fəaliyyət göstərən universiteti var, xüsusi
akademiya fəaliyyət göstərir. Kembric,
Oksfordda islamı araşdıran müxtəlif mərkəzlər,
institutlar var. Elə Amerikada da təcrübəsindən
yararlana biləcəyimiz dini araşdıran müəssisələr
fəaliyyətdədir. Onlarla da təcrübələrini
öyrənmək istəyimizi bildirən yazışmalara
başlamışıq.
Ərəb
ölkələri arasında Misirin zəngin təcrübəsi
olan universiteti var. Malayziyada məşhur islam
universiteti ilə əməkdaşlıq üzərində
müzakirələr gedir. Əsas məqsədimiz
həmin ölkələrdə dini təhsilin necə təşkil
edildiyi, bu sahədə hansı yeniliklərin olduğu, nailiyyətləri
barədə məlumat toplamaqdır. Həmin
məlumatlar əsasında Azərbaycan üçün ən
uyğun olanları seçə bilərik. Uyğun olmayan ən maraqlı təcrübəni
ölkəmizin xarakterinə uyğunlaşdırmaq üzərində
işləməyi düşünürük. Sadəcə, islamla bağlı deyil, bütövlükdə
dinşünaslıqla bağlı həm Rusiyada, həm də
Avropa və Amerikadakı təhsil müəssisələri ilə
danışıqlar aparırıq. Elə müəssisələr
var ki, dini təhsil
müəssisəsi olmasa da, dinlə bağlı bir
bölümü, fakültəsi mövcuddur.
- Tətbiq
etməyi düşündüyünüz elə bir
maraqlı təcrübə varmı?
-
Türkiyə sistemi ilə yaxından tanış
olmaq imkanımız yaranıb. Hələ ki,
layihələri nəzərdən keçiririk. Türkiyədə təhsil prosesinə xaricdən
çoxlu müəllim cəlb edilib; məsələn, orada ərəb
dilini tədris edən müəllimlərin əksəriyyəti
ərəb ölkələrindən dəvət edilib.
- Bəlkə
dili tədris edən müəllimin xaricdən gəlməsi
o qədər problem yaratmaz. Amma dini məsələdə
hansı müəllimin gəlib necə bir ismarış
ötürəcəyini əvvəlcədən hesablamaq
mümkün olmaya bilər, elə deyilmi?
- Bəli. Türkiyədə din ənənəsi
çox güclüdür. Azərbaycanda isə
uzun müddət məhdudiyyətlər tətbiq olunub və
bu səbəbdən dini dünyagörüş möhkəmlənə
bilməyib. Ona görə
çalışırıq ki, fəaliyyətimizdə
ideoloji təhlükəsizliyi də təmin edək. Dediyiniz kimi, din sahəsində kənar müəllim
öz ideologiyasını təbliğ edə bilər. Odur ki, xaricdən müəllim, hətta tələbə
mübadiləsi məsələsinə də maksimum dərəcədə
həssas yanaşırıq. Prosesdə hər
hansı zərərli təsirlə üzləşməmək,
tələbə və ya müəllimlərimizin hansısa zərərli
ideoloji təbliğata məruz qalmaması üçün
ehtiyatı əldən verməməliyik. Türkiyədə
tələbələrin Avropada xarici dil kurslarına, təcrübəyə
göndərilməsi kimi müxtəlif diqqətçəkən
təcrübələr var. Orada siniflərin təşkili,
müəllimlərin qiymətləndirilməsi ilə
bağlı təcrübə də marağımıza səbəb
oldu.
- İkili diplom proqramları necə, mümkün
olacaqmı?
- Gələcək
üçün nəzərdən keçirilir. Bir çox universitetlərimiz bunu dünyanın
ayrı-ayrı ölkələrindəki universitetlərlə
həyata keçirməyə başlayıb.
Azərbaycan İlahiyyat İnstitutu da dini təhsil verən
təhsil müəssisələri ilə ikili diplom
proqramlarına qoşulacaq.
Hədəflərimizdən biri budur. Ancaq hansı
universitetlərlə bunu reallaşdıra biləcəyimizi gələcək
göstərəcək.
- Növbəti
təhsil pillələrində tədrisin təşkili nə
vaxt mümkünləşəcək?
- İnstitutumuzda artıq magistratura pilləsində təhsil
var. Doktorantura pilləsində də tədrisin
aparılması üçün Nazirlər Kabineti qərar
verib. Odur ki, növbəti tədris ilindən bakalavr və
magistratura ilə yanaşı, doktorantura pilləsində də
təhsil verə biləcəyik.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2019.-
29 mart.- S.4.