Adil Gəray Məmmədbəylinin

100 illik yubileyi qeyd olunub

 

Mayın 13-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətləri olan görkəmli tar müəllimi, bəstəkar, əməkdar artist Adil Gəray Məmmədbəylinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə kollecin müəllim-tələbə kollektivi ilə birgə görkəmli mədəniyyət işçiləri, xalq artistləri, incəsənət xadimləri, KİV nümayəndələri və yubilyarın ailə üzvləri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru Nazim Kazımov qonaqları salamlayıb, yubileyə dəvət alan incəsənət xadimlərini iştirakçılara təqdim edib. Böyük pedaqoq haqqında danışan N.Kazımov bildirib ki, respublikamızda tarın tədrisinin və ifaçılığının inkişafında Adil Gərayın misilsiz xidmətləri olub. Qeyd edilib ki, Adil Gəray Məmmədbəyli özünün müəllimlik, ifaçılıq, bəstəkarlıq fəaliyyəti ilə orta ixtisas məktəblərində tar tədrisinin təkmilləşməsinə, zənginləşməsinə və inkişafına dəyərli töhfələr verib. Eyni zamanda bu ixtisas üzrə nümunəvi metodist müəllim kimiböyük şöhrət qazanıb.

Adil Gəray Məmmədbəylinin bəstəkarlıq fəaliyyətindən geniş söz açan direktor onun tar üçün yazılan əsərlərindən də danışıb. Böyük pedaqoqun tələbəsi olduğunu deyən direktor bunula fəxr etdiyini bildirib və müəllimi Adil Gərayla bağlı xatirələrindən danışıb.

Tədbirdə çıxış edən Adil Gəray Məmmədbəylinin qızı Firavan Məmmədbəyli atasının xatirəsinə həsr olunan tədbiri təşkil etdiklərinə görə kollec rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib. O, böyük keçmişi və ənənələri olan təhsil ocağında atası Adil Gəray haqqında danışılanlardan bir daha qürur hissi keçirdiyini diqqətə çatdırıb. Azərbaycanın Xalq artisti, görkəmli tar ifaçısı Ramiz Quliyev, Xalq artisti, pedaqoq Ceyran Haşımova, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev, əməkdar elm xadimi Zülfüqar Fərəcov, Adil Gərayın tələbələri və digərləri tədbirdə çıxış edərək görkəmli pedaqoq, bəstəkar haqqında öz fikirlərini bildirib, xatirələrini bölüşüb.

Tədbirdə Musiqi Kollecinin tələbələrinin ifasında Adil Gəray Məmmədbəylinin bəstələri səsləndirilib.

 

Niyazi Rəhimov

 

Azərbaycan müəllimi.- 2019.- 17 may.- S.16.