Müxtəlif kompozisiyalar

yaratmağı xoşlayıram

 

Zöhrə Quliyeva: Yaşıl və göy rənglər ruhuma daha yaxındır

 

Bütün klassiklərin həyat tarixçəsini vərəqləyərkən bir danılmaz həqiqətin şahidi olursan ki, fitri istedad insanlarda erkən yaşlarından özünü büruzə verir. Bunu yaradıcılığın bütün istiqamətlərinə şamil etmək olar. İstər şairlik, yazıçılıq, müğənnilik, istərsə də rəssamlıq kimi fitri istedad tələb edən sahələr uşaqlarda özünü daha qabarıq göstərir. Zöhrə Quliyeva da belə istedad sahiblərindəndir. Onun ötən bu illər ərzində rəssamlıq sənəti sahəsində qazandığı uğurları sadalamaqla qurtaran deyil. Görüşüb söhbətləşən zaman yeniyetmə istedadın dilindən eşitdiklərimizin sizin üçün də maraqlı olacağına əminik. Odur ki, Zöhrənin uşaqlıq və yeniyetməlik illərində təhsildə və rəssamlıq sahəsində qazandığı uğurlar barədə söylədiklərini gəlin bir yerdə dinləyək:

 

Beynəlxalq müsabiqələr qalibi

 

- Rəsssamlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Bu peşənin sahibləri rənglərdən nə qədər istifadə etsələr də, öz hissləri ilə möcüzələr yaradırlar,- deyə, Zöhrə söhbətə başlayır. Uşaqlıqdan rəsm çəkməyi xoşlayırdım. Yaxşı yadımdadır, valideynlərim həmişə mənim üçün rəngli karandaşlar alırdılar. Boyama albomlarını həvəslə rəngləyirdim. Sonradan bu sənətin dərinliklərini sevimli müəllimim Naqiyə Rzayevadan öyrənməyə başladım.

 

Rəng çalarlarını mövzuya uyğun seçirəm

 

Çəkdiyim rəsmlərdə milli üsluba, qrafikaya daha çox üstünlük verirəm. Rəng çalarlarını mövzuya uyğun seçirəm. Mürəkkəb kompozisiyalar yaratmaq üçün müxtəlif üsullardan istifadə etməyi xoşlayıram. Həm respublika, həm də beynəlxalq rəsm müsabiqələrində iştirak edirəm və birincilik qazanıram.

 

Su qızıldan dəyərlidir

 

Çexiya Respublikasının Azərbaycandakı səfirliyində Lidice 2018-46-cı beynəlxalq uşaq təsviri sənət sərgisi adlı rəsm müsabiqəsində qalib oldum və I yerə layiq görüldüm. 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təltifetmə mərasimi olduqca maraqlı yaddaqalan oldu. Tədbirdə çıxış edən səfir Milan Ekert Su qızıldan dəyərlidir devizi altında keçirilən müsabiqənin qaliblərini diplom və hədiyyələrlə mükafatlandırdı. Həmin gün sevincimin hədd-hüdudu yox idi.

 

Müxtəlif mövzulara müraciət edirəm

 

2003-cü ildə Bakı şəhərində anadan olmuşam. Paytaxtdakı 54 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alıram. 4 ildən artıqdır ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən Günəş rəsm studiyasının üzvüyəm. Müxtəlif texnikalardan istifadə etməklə rəsmləri işləməyi xoşlayıram, sulu boya, qrafika, pastel ilə. Gildənsə insan maketləri hazırlayıram. Leyli və Məcnun əsərini hazırlamısam. Ümumiyyətlə, müxtəlif mövzulara müraciət edirəm, vətənpərvərliklə bağlı əsərlərim daha çoxdur. Multikulturalizm mövzusunda ərsəyə gətirdiyim rəsmlərim hamının xoşuna gəlib.

 

Qız qalası

 

2016-cı ildə İçərişəhərdə uşaqlar üçün Qız qalası festivalı keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Uşaq Yaradıcılıq mərkəzlərinin rəhbərləri, şagirdlər iştirak edirdilər. İki gün davam edən festivalda yaradıcılıq mərkəzlərindən və internat məktəblərindən 30-a yaxın şagirdin millimüasir üslubda işlənmiş rəsm əsərləri nümayiş olundu. Bu festivala təqdim etdiyim Kosmos rəsmim tamaşaçıları heyran etdi diplomla mükafatlandırıldım. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışdılar. Məqsəd Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılması idi.

 

Təbiətin gözəlliklərini əks etdirirəm

 

Qeyd edim ki, isti rənglərlə işləyərkən yaşıl və göy rənglərə çox yer verirəm. Bu rənglər ruhuma daha çox doğmadır. Məktəbimizin dəhlizində divarı bəzəyən rəsmlər arasında mənim də əsərlərim var. Təbiətin füsunkar gözəlliklərini əks etdirən rəsmlərim kifayət qədərdir. Mücərrəd mövzulara da ara-sıra müraciət edirəm. Bu mövzular yaradıcılıq təxəyyülümün məhsulu kimi mənim üçün müəllimlərim və dostlarım üçün çox əzizdir.

 

Hər çiçəyin öz ətri var

 

Son iki ildə qazandığım nailiyyətlər daha çoxdur və ürəkaçandır. Bu illərdə respublika və beynəlxalq sərgi və müsabiqələrin qalibi olmuşam. 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Arzularını rənglə Beynəlxalq virtual, uşaq və yeniyetmələr arasında Hər çiçəyin öz ətri Respublika rəsm müsabiqələrində, Nizami Gəncəvi -875 Respublika rəsm festivalında, Türk dünyasının nağıl bağı, 2017-ci ildə Gender bərabərliyi adlı Respublika rəsm sərgilərində diplomlarla mükafatlandırılmışam. 2018-ci ildə isə Türkiyədə keçirilən beynəlxalq sərgidə fəal iştirakım olub. İlk admiralımız (admiral C.Cavadovun 100 illiyinə həsr olunmuş) Respublika rəsm sərgisində rəsmlərim hamının ürəyincə idi. Tarixi abidələrimizlə bağlı rəsm əsərlərim çoxdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mərkəzdə nümayiş olunan Qobustan qayaları, Neft buruqları və digər əsərlərim yüksək dəyərləndirilib.

 

Arzulara qovuşmaq üçün çox çalışmalıyam

 

Bu yaxınlarda məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçiriləcək. Məktəbin rəsm müəllimi Əmrah müəllimin mənə verdiyi 3 kətanın birinin üzərində qərənfil, digərinin üzərində tank, üçüncünün üzərindəsə qanlı əllə qərənfil tutmuş insan obrazını yaratmışam. Gələcəkdəsə dizayner olmaq arzusundayam. Arzulara qovuşmaq üçünsə öz üzərimdə çox çalışmalı olacağımı dərindən dərk edirəm.

...Mərkəzdə olarkən Zöhrənin dərnək rəhbəri Naqiyə Rzayeva ilə də görüşüb yetirməsi haqqında ürək sözlərini dinləməyi unutmadım. O, şagirdinin böyük istedad sahibi olduğunu əminliklə vurğuladı. Bildirdi ki, Zöhrə ilk günlərdən öz fərqli istedadı ilə seçilibbu gün hamılıqla onun qazandığı nailiyyətlərin canlı şahidləriyik. Dərnək rəhbəri bu yaxınlarda Zöhrənin fərdi sərgisinə hazırlaşdıqlarını da söylədi.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2019.- 11 yanvar.- S.16.