Yurda sevgi, düşmənə nifrət
nümunəsi
Şanlı
ZƏFƏRin ruhunu şad etdiyi alim-şair Həsən Mirzənin
“Dərdimi” şeirinin linqvo-poetik özəllikləri
Filologiya
elmləri doktoru, professor, Əməkdar elm xadimi, görkəmli
ictimai-siyasi xadim Həsən Mirzəyev fundamental dilçilik əsərləri
ilə yanaşı, həm də “Həsən Mirzə” təxəllüsü
ilə xalq ruhunun ifadəsi olan şeirləri ilə
tanınıbdır. Bu
şeirlərdə fərdilikdən çıxaraq
ümummilli, ümumbəşəri dəyərlərlə
üzbəüz qalmamaq olmur və onlardan biri “Dərdimi” rədifli
şeiridir. Bu, alim-şairin “Dərd”
mövzusunda qələmə aldığı poetik nümunə
kimi diqqət çəkir, mayasında torpaq, yurd itkisi durur. 9
bənddən ibarət sənət əsərini xalq
arasında sevdirən amillərdən ən
başlıcası budur ki, şeirdə vətəndaşlıq
və yurdsevərliyin tərənnümü
aydın sezilir. Şairin soy-kökümüzə, adət-ənənələrimizə
candan bağlılıq duyğusu, tarixi keçmişimizə
ehtiram ovqatı qabarıqdır və bütün bunlarla
yanaşı, folklor üslubundakı bu nümunə linqvistik
təhlil üçün zəngin material verir.
Azərbaycan poeziyasında müəyyən bir şeirin təsiri altında digər bir poetik örnək yaratmaq ənənəsi istər klassik, istərsə də müasir ədəbiyyatımızda oturuşmuş ənənələrdən sayılır. Sabirin Füzuliyə yazdığı nəzirələri, Qurbaninin “Bənövşə” qoşmasının təsiri altında istər şifahi, istərsə də yazılı ədəbiyyatımızda onlarla bədii örnəklərin yaradılmasını, xalq şairi Musa Yaqubun “Göyərdi” şeirinə, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına yazılan nəzirələri və digər yüzlərlə poetik örnəklər bu ənənədən xəbər verir. Həsən Mirzənin “Dərdimi” şeiri bu baxımdan ibrətamizdir. Çağdaş poeziyamızda az-az aşıq, şair, el sənətkarı tapmaq olar ki, şairin bu şeirindən təsirlənməsin, onun “dərd” mövzusundakı bu əsərinə cavab yazmamış olsun. Bunların sayı təxminən 200-dən çoxdur və hazırda da belə nəzirələrin sayı artmaqdadır. Şərq ədəbiyyatı üçün populyar olan “dərd” mövzusu Həsən Mirzənin baxışlarında əsrlərlə yaşanmış hisslərin təzahürüdür və onu oxuyan hər kəs burada deyilənlərə biganə qala bilmir, şairin səsinə səs verir, onun dərdinə şərik çıxır. Bu dərd isə bir fərdin dərdi deyil, bütövlükdə millətin, xalqın ən ağır, ən dözülməz yaşantısıdır. Şair “dərd” mövzusunu o qədər real boyalarla poetikləşdirir ki, şeir təhsil səviyyəsindən asılı olmayaraq hər kəs üçün səciyyəvi əsərə çevrilir və bu prosesdə əksər linqvistik vahidlərdən yerli-yerində, məqamında məharətlə bəhrələnilir.
Birinci bəndin linqvistik təhlilini saf-çürük
edək.
Qoşma aşıq Ulduza müraciətlə
başladığından şeirin məzmununda və
srtukturunda müraciət çaları söz sənətkarı
tərəfindən qorunub saxlanılır və birinci bəndin
birinci misrası xitab cümləsi modelindədir:
Aşıq
Ulduz, çox da dərdliyəm demə,
Söyləsəm qurtarmaz ilə dərdimi.
Əldən
gedib yurdum, yuvam, məskənim,
Yükləsəm çəkəmməz filə dərdimi.
Üçüncü
misra istisna olmaqla digər misralarda işlənən “demə”,
“qurtarmaz”, “çəkəmməz” feilləri vasitəsilə
konkret olaraq inkarlıq məzmunu gerçəkləşdirilir.
Üçüncü misrada “əldən gedib” frazeoloji birləşməsi
və onunla əlaqələndirilən “yurdum”, “yuvam”, “məskənim”
sinonimik cərgəsi ilə emosionallıq və ekspessivlik
keyfiyyətləri gücləndirilmişdir. İkinci
və dördüncü misralarda şərt məzmunu
qabarıq şəkildə “söyləsəm” və
“yükləsəm” feillərində özünü göstərir
və sərt məzmun “sa, -sə” morfoloji göstəricisi ilə
formalaşdırılır. Hər iki
misra şərt budaq cümləsi quruluşundadır və
baş cümlədə ifadə olunan hərəkət və
əlamətin şərtini bildirir, budaq cümlə baş
cümlədən əvvəl işlənmişdir. Bəndin hər bir misrasında poetik tələblərə
müvafiq olaraq linqvistik qənaət hadisəsi müşahidə
olunur. Belə ki, birinci, ikinci, üçüncü
misralarda “mən” şəxs əvəzliyi, sonuncu misrada isə
“sən” şəxs əvəzliyinə qənaət qanuna
uyğun olaraq buraxılmış və onları abstrakt şəkildə
feil sonluqlarında təsəvvür etmək bir o qədər
də çətinlik törətmir. Onu da qeyd
etməyi lazım bilirik ki, bəndin səslənmə keyfiyyəti
olduqca ritmli, melodik, ahəngdardır və bu səslənmə
keyfiyyətini formalaşdıran “d” və “m” samitlərinin
alliterasiyası “i”, “u”, “a” saitlərinin assonansının
işləklik intensivliyidir.
Linqvistik
təhlilə cəlb etdiyimiz bəndin birinci misrasında “çox” qeyri-müəyyən
sayından istifadə edilərək “dərd” motivinin kəmiyyət
çaları ifadə olunmuş, “da” ədatı həmin
sayla əlaqələndirilərək həmin sözün məna
çalarını daha da qüvvətləndirmişdir. Bənddə işləklik səviyyəsinə
görə daha çox diqqəti cəlb edən şəxs əvəzlikləridir.
“Dərdimi”
qoşmasının ikinci bəndində söz sənətkarına
görə, onun babasının izi, nənəsinin nəğməli
sözü, türk-oğuz yurdunun gözü doğma
torpaqlarında, o müqəddəs yerlərdə
qalıbdır. Bu ağır dərdləri
Nil çayı kimi böyük bir dəryaya töksən, o
da çəkib apara bilməz.
Bənddə öz dədə-baba yurdunu ürəkdən
sevən bir şairin ürək sözləri oxunmaqdadır və
bütün bunlar qoşma bəndinin məzmun tərəfləri
kimi səciyyələndirilməlidir:
Babamın
o yerdə izi qalıbdır,
Nənəmin nəğməsi, sözü qalıbdır.
Türk-oğuz
yurdunun gözü qalıbdır,
Töksən də aparmaz Nilə dərdimi.
Bu bəndin
qafiyə sistemi izi, sözü, gözü leksik vahidləri
üzərində qurularaq ahəngdarlığı,
melodiyanı, gözəl səslənməni təmin
etmiş və misrasonu mövqelərdə 3 dəfə təkrar
işlənən “qalıbdır” feili bənddəki
ekspesiyanın qüvvətlənməsinə xidmət
göstərmişdir və şeir dilində sintaktik təkrarların
ən başlıca vəzifəsi onların ekspesivliyə
xidməti ilə dəyərləndirilir. Deməli,
təkrarlar şeir dilinin canı, qanı, bel sütunudur.
Dördüncü misranı çıxmaq
şərtilə, digər üç misra mübtəda və
xəbərdən ibarət geniş cümlə modelindədir
və bu misraların hər birində inversiya hadisəsi
baş verməmişdir və ədəbi dilə tam uyğun
cümlə quruluşundadırlar; mübtəda xəbərdən
əvvəl işlənmiş, misralardakı fikir
özülünü bildirmiş, söz birləşmələri
ilə ifadə olunmuşdur. Mübtədanın
fikir özülünü, fikir predmetini bildirməsi xəbərlə
müəyyənləşir və nə? sualına cavab verir: Babamın o yerdə izi (nə?);
Nənəmin nəğməsi, sözü (nə?);
Türk-oğuz yurdunun gözü (nə?); və
“qalıbdır” təkrar qəlibində
çıxış edən xəbəri uzlaşma yolu ilə
özünə tabe edir. Bu misralarda mübtəda
fikir özülünün, fikir predmetinin mənası şəxs
bildirməklə yanaşı, canlı və cansız
varlıqları bildirən sözlərlə ifadə
olunmuşdur. Ayrı-ayrı misra daxilində
mübtəda temanı, yəni “veriləni” ifadə edir,
cümlələrin reması, “yeni” - mübtədaya aid əlamət
və xüsusiyyətlər xəbərlə ifadə olunur. Babamın o yerdə
izi məlum olandır, temadır, “qalıbdır” yeni veriləndir,
remadır. Bu bənddə linqvistik qənaət qanunu
şəxs əvəzliklərinin buraxılması nəticəsində
təzahür edir və konkret desək, müəyyən
sözlərdəki mənsubiyyət şəkilçilərinin
köməyi ilə hansı şəxs əvəzliklərinə
qənaət edildiyini əyaniləşdirmək
mümkündür: Mənim babamın izi; Mənim nənəmin
nəğməsi, sözü; sən təksən. Rabitəli mətn daxilində belə qənaət
qanunauyğun hal kimi dəyərləndirilməlidir. Həmin
bəndi leksik səviyyədə təhlilə cəlb etdikdə
aydın şəkildə görünür ki, üslubi
sinonimlər cərgəsi müxtəlif söz birləşmələrindən
təşkil olunmuşdur: Babamın izi, nənəmin nəğməsi,
sözü, türk-oğuz yurdunun gözü kimi üslubi
sinonimlər bəndin poetik sanbalına istiqamətləndirilmişdir.
Bəndin sonuncu misrasında poetik fikri
mübaliğəli şəkildə vermək
üçün bir xüsusi onimdən - Nil hidronimindən
istifadə olunmuşdur ki, şair ictimai dərdinin
böyüklüyünü, qloballığını ifadə
etmək məqamında həmin çay adını
kontekstual şəraitdə - mikromətnin bel sütununa məharətlə
yerləşdirmişdir. Bənddə 2 etnonimdən
(türk-oğuz) qoşa söz formasında istifadə
edilmişdir ki, bunlar lirik “mən”in dədə-baba yurdunun
olduqca qədim tarixə malik olduğunu işarələyir və eyni zamanda,
türk-oğuz etnonimi digər sözlərlə ustalıqla əlaqələndirilərək
idiomatikləşdirilir.
Lirik “mən”in vətəni parçalanıb,
şaqqalanıb, tarix boyu yadellilər,
işğalçılar tərəfindən talanıb,
yandırılıb, bu dözülməz dərdlərə,
müsibətlərə, faciələrə o, göz
yaşı axıdır. Şairə görə, bu göz
yaşlarını gölə töksən, bunlardan ayrıca
bir nəhr, dərya yaranar:
Parçalanıb, şaqqalanıb vətənim,
Tapdalanıb, hey talanıb vətənim.
Tonqallara
çox qalanıb vətənim,
Töksən dərya olar, gölə dərdimi.
Bu bəndin fonetik tərkibi olduqca maraqlıdır. Belə ki, birinci misranı
çıxmaq şərtilə, digər misralarda
başlanğıc mövqelərdə işlənən
sözlərin hər biri ayrı-ayrılıqda “t” samiti ilə
başlanan fellərdən ibarətdir və bunlar poetik kontekstin
alliterasiyasını stimullaşdırmaqda mühüm rol
oynayır. Bundan əlavə, kontekstual mühitdə “l”
samitinin 9, “a” saitinin 16 dəfə müxtəlif sözlərin
tərkibində alliterasiyası və assonansı bəndin
musiqililik və ahəngdarlıq keyfiyyətlərini zənginləşdirir.
Feili bağlamanın morfoloji göstəricilərindən
olan -ıb4 şəkilçisinin müxtəlif hərəkət
bildirən sözlərin tərkibində təkrar işlədilməsi
gözəl qafiyələndirməyə xidmət etməklə
bərabər, nadir emosional effekt də yaradır. Deməli, mikromətndəki müxtəlif sözlərin
fonetik və morfoloji tərkibi və misrasonu mövqedə “vətənim”
sözünün anaforik şəkildə 3 dəfə təkrarı
bədii və ya poetik semantikaya, məzmunun, formanın mükəmməl
şəkildə verilməsi üçündür. Təhlilə
cəlb etdiyimiz bu bənddə ən çox diqqətçəkən
feili bağlama formalarıdır (parçalanıb,
şaqqalanıb, tapdalanıb, talanıb, qalanıb) və
göründüyü kimi, bunların hamısı dörd
variantlı -ıb şəkilçisi ilə
əmələ gəlmişdir və müstəqil subyekt tələb
edən söz və söz birləşmələri ilə
birgə işlənmişdir. Bəndin ikinci misrasında “hey”
sözündən istifadə olunmuşdur ki, fikrimizcə, bu
söz tərz-zərfi vəzifəsində
çıxış edərək hərəkətin necəliyini
bildirir, ədəbi dildən daha çox canlı
danışıq dilində işlənir və “aramsız”,
“fasiləsiz” sözləri ilə sinonimlik təşkil edir.
Şairin Borçalısı, Dərbəndi, İrəvanı,
Təbrizi zaman-zaman doğranıb, bu müqəddəs ulu
yurd yerlərinin çoxu yadlara paylanıb. O, bu ağır dərdləri
unutmağın çətin olduğunu növbəti bənddə
ürək ağrısı ilə təcəssüm etdirir:
Borçalı
doğranıb, Dərbənd doğranıb,
İrəvan
doğranıb, Təbriz doğranıb,
Torpağımın
çoxu yada paylanıb,
Mən necə unudum belə dərdimi?
Şair
tarixi Azərbaycan torpaqlarının parçalanaraq yadlara
paylanmasını heç cürə qəbul edə bilmir və
poetikləşdirmə məqamında 4 toponimdən
(Borçalı, Dərbənd, İrəvan, Təbriz) istifadə
edərək şeir kontekstinin üslubi səciyyəsini
qabarıqlaşdırır, öz bənzərsiz fikir qabiliyyətini
nümayiş etdirir. Birinci və
üçüncü misralarda ayrı-ayrılıqda 4 sadə
cümlə işlənmişdir və onlar yalnız mübtəda
və xəbərdən ibarət müxtəsər cümlələr
şəklindədir və bu müxtəsər cümlələr
ədəbi dilin normal söz sırasını özlərində
nümayiş etdirir. Məqsəd və
intonasiyaya görə nəqli cümlə şəklindədir
və həmin cümlələrdə yer adları, toponimlərlə
ifadə olunmuş mübtəda temanı, xəbər isə
remanı bildirir. Anaforik mövqedə 4 dəfə
“doğranıb” feli bağlamasının təkrar işlədilməsi
söz sənətkarının fikir və
duyğularının poetik istiqamətlərini dəqiq müəyyənləşdirir,
cəlbedici və orijinal təsir bağışlayır.
Bəndin üçüncü misrası adi təsviri
nəqli cümlə şəklində,
dördüncüsü isə sual cümləsi formasındadır.
“Mən necə unudum belə dərdimi?” sual cümləsində
sual onun özündən doğduğundan bu misra ritorik səviyyəlidir,
yəni şair məlum şeyi öyrənmək, dəqiqləşdirmək
məqsədi güdmür, sadəcə olaraq, şair
üçün
Borçalının, Dərbəndin, İrəvanın,
Təbrizin doğranması, torpağının çoxunun
yadlara paylanması məlum hadisələrdir. Bu
sual cümləsi necə? sual əvəzliyinin
köməyi ilə qurulmuş, həmin əvəzlik misrada
sual çalarını formalaşdıran universal nitq vahidi
kimi çıxış etmiş və həm də təsdiq
kimi daha emosional şəkildə ifadə etmək
üçün işlədilmişdir. Poetexnik tələblərə
müvafiq şəkildə baş vermiş inversiya hadisəsi
misrada müşahidə olunur, sual məzmunlu həmin cümlədə
“belə” təyinedici ünsürü də kontekstin
semantikasında ümumiləşdirici söz qismində
çıxış edərək “dərdimi”
sözünün məna çalarını
reallaşdırmağa, eyni zamanda gücləndirməyə
xidmət göstərir.
Şeirin
beşinci bəndində də oxucunun hissləri sözün əsl
mənasında müəllif tərəfindən tam şəkildə
ələ alınır və bədii örnəyin hər
bir misrası kədərli, hüznlü səhnələrdir,
yandırıcı lövhələrdir, insanı silaha,
mübarizəyə, döyüşə səsləyən
pafoslu deyimlərdir:
Düşmən
əlindədir müqəddəs yerim,
Ləlim, cəvahirim, abidəm, pirim.
Qoy
ayağa qalxsın igidim, ərim,
Bəlkə, bu şad xəbər silə dərdimi.
Bənddə “d” samitinin alliterasiyası və “i” saitinin
assonansı işləklik intensivliyinə görə
seçilir, xüsusi nəzərə çarpır və
bunlar oxucuda müxtəlif psixoloji ovqatlar
formalaşdırır, fonoloji təkrarlar kontekstual şəraitdə
səs ahənginin sıralanma qanunauyğunluqlarının tənzimləyici
funksiyasını yerinə yetirir. Bəndin xarakterik linqvistik cəhətlərindən
biri də şairin sinonim sözlərdən təsviri və
poetikləşdirmə məqamlarının tələbi ilə
ustalıqla istifadəsidir və doğurdan da, sinonimik dialektlərin
kontekstdə məharətlə
uyğunlaşdırılması şairin üslubi uğuru
kimi dəyərləndirilməlidir və bu baxımdan
yanaşdıqda nəzərdən keçirdiyimiz bənddə
ləlim, cəvahirim, abidəm, pirim, igidim, ərim sinonim cərgələrinin
kontekstin poetik-obrazlı ifadəsində xidməti olduqca
böyükdür. Bəndin üçüncü misrası əmr
cümləsi şəklindədir və həmin əmr
cümləsi “qoy” ədatının və feilin sonunda (qalxsın) işlənən
“-sın4” morfeminin köməyi ilə
formalaşmışdır. Misrada işlənən
“qoy” ədatı və feilin sonundakı morfoloji göstəricisi
əmr cümləsində tələb çalarının
güclənməsinə səbəb olmuşdur. Sonuncu
misranın başlanğıcında “bəlkə” (Bəlkə,
bu şad xəbər silə dərdimi) modal sözündən
istifadə olunur və həmin sözdən sonra fasilə
edilmiş “bəlkə” modal sözü cümlədə
şübhə, guman çalarlarını
reallaşdırır.
250 ildən çoxdur ki, erməni faşistləri, erməni
vandalları xalqımıza qarşı misli görünməmiş,
analoqu olmayan vəhşiliklər törədir, etnik təmizlənmə
siyasəti həyata keçirmişdilər. 44 günlük Vətən
müharibəsində xalqımızın qəhrəman,
igid, cəsur oğulları sayəsində başda möhtərəm
Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, cənab
İlham Əliyev olmaqla erməni qaniçənləri
müqəddəs yurd yerlərimizdən iti qovan kimi qovuldular,
Qarabağ azad edildi. İndi Müzəffər Ordumuz Həsən
Mirzənin doğma yurdu Dərələyəzin beş addımlığındadırlar. Zəfər dolu bu günlərimizi Həsən Mirzə
görsəydi, şübhəsiz ki, “Sevincim” adlı
böyük bir poema yazıb-yaradardı və bu əsərin
hər bir bəndi, misrası dərddən deyil, böyük
sevinc, fərəh, şadlıq hisslərindən
yoğrulardı. Təəssüflər
olsun ki, xalqımızın bu sevincli günlərini görmək
bu böyük alim-şairə qismət olmadı, yeganə təsəllimiz
budur ki, indi onun ruhu şaddır. Əziz ustadım, Allah
sənə rəhmət eləsin! Deyəsən,
hisslərimiz bizi bir qədər mətləbdən
uzaqlaşdırdı. Məlum məsələdir ki, erməni
barbarları “Böyük Ermənistan” iddiası ilə Azərbaycana
qarşı iki yüz ildən çoxdur ki,
işğalçılıq siyasəti yeridirlər, məqsədyönlü
şəkildə soydaşlarımızı qədim tarixə
malik yurd yerlərindən məcburi uzaqlaşdıraraq,
onların yaşadıqları ərazinin özlərinə məxsus
olduğunu təsdiqləməyə
çalışırlar. Talançılıq, qarət, soyğunçuluq,
özgə torpaqlarını, mənəvi sərvətlərini
zorla özününküləşdirmək erməni
vandallarının xislətindədir və bu eybəcər
xislət Həsən Mirzəni dəhşətə gətirir:
Zorla
köçürüblər Oğuz elimi,
Bu qəm
yükü yaman büküb belimi,
Dilim-dilim
doğrayıblar dilimi,
Aşıqlar söyləsin elə dərdimi.
Fonetik tərkib etibarilə qoşmanın bu bənd
sistemi də olduqca ritmikdir, çünki burada poetik mətləbin
ahənginə, ritminə müvafiq gələn sait və
samit səslər kontekstin təbii axarının
yatımlı şəkildə işlədilmişdir. Bənddə Oğuz eli adlı bir etnonimdən istifadə
olunmuşdur ki, bu qədim türk tayfasının,
xalqının adı konkret üslubi funksiyasını yernə
yetirir. Əsas tərəfin nitq hissələri ilə ifadəsinə
görə, bənddə ismi, feili, zərf birləşmələrindən
yerli-yerində istifadə edilmişdir: zorla köçürmək
zərf birləşməsi, Oğuz eli, qəm
yükü ismi birləşmələr, beli bükülmək,
dilimizi doğramaq feili birləşmələridir ki, bunlar
konteksti obrazlaşdırma vasitələridir.
Həsən Mirzə şeirin
altıncı bəndində el şairləri Zəlimxanı,
Sucnəti, Səadəti, Alqayıtı, Bəhməni və
bunların timsalında neçə-neçə sənət
adamını milli şərəf və heysiyyətimizin,
azadlıq və istiqlal ideyalarımızın, nahaqa
dözümsüzlüyümüzün tribunu olmaq
üçün ayağa qalxmağa, Vətən dərdlərini
yazmağa səsləyir:
Vətən
həsrətimi yazsın Zəlimxan,
Şücaət,
Səadət, Alqayıt, Bəhman,
Ərlər
qılınc çəksin yetişib aman,
Aqillər gətirsin dilə dərdimi.
Bəndin
qafiyə quruculuğu mükəmməl və orijinal təsir
bağışlayır: Zəlimxan, Bəhman, zaman. Kontenstual
mühitdə antroponimlər üzvlük dərəcəsinə
görə, intensivdir və hətta bəndin ikinci misrası
bütövlükdə söz-söz adamlarının
adları əsasında qurulur: Zəlimxan, Şücaət, Səadət,
Alqayıt, Bəhman üçüncü misranın əvvəlində
çıxış edən “ər” sözü arxaikləşmiş
leksik vahidlərdən olub, mənası “igid, qoçaq, qəhrəman”
deməkdir. Bəndin bütün misraları əmr
cümləsi formasındadır və silsilə şəklində
işlədilən bu əmr cümlələrində təkid,
tələb çaları qabarıqdır.
Şeir
ta qədimdən xalqımız üçün həmişə
özünümüdafiə amillərindən biri olub və
şair, ziyalı olaraq Həsən Mirzə növbəti dəfə
bu amillərdən yararlanır və növbəti bənddə
Vətən oğullarını ayağa qalxmağa
çağırır, müqəddəs
torpaqlarımızdan qana susamış düşməni
qovmağa səsləyir:
Qalxın,
Vətən oğlu, qalxın ayağa,
Doğma
yurda sahib çıxmasın dığa,
Qovun
nankor hayı, qovun uzağa,
Arpa çada verim selə dərdimi.
Bəndin
bütün misralarında əmr məzmunu qabarıq şəkildə
nəzərə çarpır, hətta, birinci misrada
“qalxın” feilinin 2 dəfə təkrar işlədilməsi əmr
cümləsinin təkid çalarını daha da gücləndirir
və ümumilikdə, bənddəki əmr cümlələrinin
formalaşmasında əsas yükü intonasiya öz üzərinə
götürür və eyni zamanda, kontekstini əmr cümlələrinin
xəbəri feilin əmr formasındadır: qalxın,
çıxmasın, qovun, verim. Həsən Mirzə
coşğun ilhamını bənddə cilovlaya bilmədiyindən
vulqar tərzdə “dığa” və “hay” kimi 2 erməni
sözündən də istifadə etmişdir. Şair
hər bəndin son misrasında Arpa çay hidronimini semantik
baxımdan özündən sonra gələn sözlərlə
məharətlə uzlaşdıraraq, psixoloji gərginliyi daha
da mükəmməşləşdirmiş və həmin o
kimi üslubi yük daşıyıcısına
çevirmişdir.
Həsən
Mirzənin “Dərdimi” qoşmasının poetik sonluğu
nikbin notlarla bitir və alim-şairin qəlb
ağrıları, ürək döyüntüləri,
xoş arzuları dərdlə yüklənmiş oxucunu
ümidə səsləyir:
Ulduz
xanım, daha çalma “Dilqəmi”,
“Sarıtel”
çal, bir az unudaq qəmi,
Həsən
deyər, gəlsin xoş günlər dəmi,
Darayım saçımda telə dərdimi.
Bu bənddə əmr cümləsinin məsləhət,
arzu, istək çaları qabarıq şəkildə əks
olunmuşdur və birinci misrada feil forması (çalma)
inkarda, ikinci misrada təsdiq (çal) məzmunundadır. Əmr
cümlələrində əksərən xitabların
iştirakı vacib olur və bu bəndin birinci misrası
Aşıq Ulduza xitabən başlayır və müraciət
çaları sintaktik bütövün sonuna kimi davam
etdirilir. Bənd mühitində “Dilqəmi”
və “Sarıtel” aşıq havalarının adları da
maksimum üslubi-semantik tutumu ilə diqqəti cəlb edir,
estetik ifadə formaları kimi çıxış edir.
Beləliklə,
Həsən Mirzənin dillər əzbəri olan, məşhur
“Dərdimi” şeiri olduqca poetik siqlətlidir və bu siqləti
yaradan zəngin dil formaları, linqvistik materiallardan məharətlə,
maksimum dərəcədə, ustalıqla istifadə şeirə
və onun müəllifinə əbədilik statusu
qazandıran ən vacib amillərdən birinə çevrilir.
Alim-şairin bu şeirinin poetik məziyyətləri,
fonetik tərkibindən tutmuş sintaktik resurslarına qədərki
linqvopoetik özəllikləri haqqında təhlilini
yuxarıda söylədiklərimizlə yekunlaşdırmaq
düzgün olmazdı, çünki linqvopoetik analiz
üçün “Dərdimi” şeiri olduqca zəngin material
verir.
Mahirə HÜSEYNOVA,
ADPU-nun Beynəlxalq əlaqələr
üzrə prorektoru,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan müəllimi.- 2021.- 15 oktyabr.- S.9.