Erkən yaşda təhsil
Uşağın ilk illəri onun təhsil
və inkişafında vacib rol oynayır
XX əsrin əvvəllərindən
bir çox alimlər uşaq inkişafına aid müxtəlif
nəzəriyyələr irəli sürmüşdülər.
Bunlardan ən məşhurları: A.Qeselin
“Yetkinlik”, S.Freydin “Psixodinamika”, J.Piajetin “Sxemi”, L.Viqotskinin
“Proksimal inkişaf sahəsi”, E.Eriksonun “İdrak”, B.Skinnerin
“Davranış”, G.Brunnerin “Spiralvari kurikulumu”, B.Blumun “Blum
taksonamiyası”, H.Qardnerin “Çoxtərəfli intellekt”,
Bronfenbrennerin çoxmərtəbəli “Ekoloji sistem”,
N.Çomskinin “İnformasiya emal nəzəriyyəsi”.
Erkən yaş,
təhsil mərhələləri, uşaq inkişafı
Lakin çoxsaylı nəzəriyyələrin mövcud olmasına baxmayaraq neyroelm insan beyninin üç ierarxiq beynindən mövcud olaraq hər birinin özünün strukturu, funksiyası və hormonlardan ibarət olmasını deyir (MacLean, 1973). Beləliklə, insan beyni ölçü və mürəkkəbliyinə görə təkamül edib. İnsanlığın beyninin ibtidai formalaşmasının ilkin mərhələsi olan “sürünən beyni” körpənin üç ayında formalaşır. Bu körpənin ətrafı dərk etməsində əsas rol oynayır, məhz bu dövrdə 90% neyron birləşmələri ətraf aləmin dərk olunmasına sərf olunur. Beynin formalaşmasının ikinci mərhələsi olan limbik beyinin formalaşması uşağın 2-2.5 yaşından başlayır. Məhz bu yaşda uşaq sosial mühitlə əlaqəyə daxil olur və artıq öz həmyaşıdları ilə münasibət qurur (Caremans, 2015). Bu yaşda uşaqların beyninin öyrənmə sürəti daha itidir. Yaş artdıqca insan beyninin öyrənmə sürəti zəifləyir. Prefrontal beyin beyin önünü əhatə edib ali funksiyaları: qərar vermə, problem həll etmə, induktiv düşüncə, planlama və s. Uşaqlara erkən yaşda müxtəlif oyunlarla, strategiyalarla təhsil verilməsi onların sonrakı inkişafında müsbət nəticə göstərir. Son illərdə qərbdə erkən yaşlı uşaqlar üçün pedaqogika təkmilləşib.
Sousa (2017) uşağın yaşına görə öyrənməni təhlilini aparıb (Fiqur 1) və müəyyən edib ki,
Fiqur 1. Cari tədqiqata əsaslanan qrafik uşaqların öyrənməsində həssas mərhələləri göstərir.
Uşağın ilk illəri onun təhsil və inkişafında vacib rol oynayır. Xüsusilə riyaziyyat/məntiq və motorik inkişafında körpənin ilk illərinə diqqət edilməsi vacibdir. Əlbəttə, gələcək tədqiqatlardan sonra qrafikdə dəyişilmə gözlənilməsi təbiidir. İlkin mərhələdə təhsil məlumatın qısamüddətli yaddaşda saxlanılması üçün vacib rol oynayır. Bu isə öz növbəsində növbəti təhsil mərhələlərində uzunmüddətli yaddaşa ötürülüb saxlanılmasında vacibdir.
(0 - 3 yaş)
Erkən yaşda uşaqların təhsil mərhələlərini nəzərdən keçirsək bunun bir neçə mərhələdən ibarət olduğunu görmək olar. İlkin mərhələ 1 və ya 2 yaşlarını əhatə edir. Bu mərhələdə körpələr özlərinin inkişaf edən zehni və fiziki bacarıqlarını vizual inspeksiya, manipulyasiya, hərəkət vasitəsi ilə ətrafı kəşf etməyə başlayırlar (Brenthal, 1996). Əlbəttə, böyüklərin borcu körpələrə münbit şərait yaratmaqla onların şəxsiyyət kimi formalaşmasına, maraqlarının, istəklərinin yaranmasına nail olmaqdır. Burada avtonomluğun inkişaında dəstəkçi rolunun oynanılması vacibdir. İlkin mərhələnin sonuncu ilində (doğum - 3 yaş) uşaq nəinki gəzir, həmçinin daimi hərəkət edərək yüksək enerji xərcləyir (Maxim, 1997). Bu yaş dövründə kreativlik, təxəyyül ən yüksək həddə olur. Bu zaman böyüklər körpə ilə danışmalı, imitasiya etməli, ona dəstək verib yolunu qurmalıdırlar. Harknes və həmkarları (2007) Amerikada anaların beyin formalaşmasında müxtəlif təhsil oyunlarından, hətta rəqəmsal texnologiyadan istifadə etdiklərini vurğulayır. Bu mərhələdə uşaq natiqlik qabiliyyətini təbii yolla formalaşdıra bilir, o zaman ki, oxuma və yazmanı bilmək üçün xüsusi zəhmət tələb edir. Lakin natiqlik qabiliyyətinin düzgün, şüurlu şəkildə körpələrdə formalaşması onların yazma və oxuma qabiliyyətləri üçün möhkəm fundament olur (Saracho & Spodek, 2007). Bu, uşaqlarda dildən düzgün istifadə etmə qabiliyyətini yaradır. Dilin strukturunu bilmək sözün mənasını öncədən bilməyə kömək edir, beləliklə də hər dəfə uşaq yeni sözlə qarşılaşanda onun öyrənmə qabiliyyəti artır.
Üç yaşında uşağa hekayələri, müzakirələri, sualları və cavabları göstərəndə onlar özləri suallardan istifadə edib, kəşf edib onu digər anlayışlarla əlaqələndirə bilir, bir neçə koqnitiv tapşırıqla məşğul ola bilir. Məsələn: hekayələrdə hadisələrin ardıcıllığını izləyə bilir, prosesi təşkil edən müxtəlif mərhələlərin ardıcıllığını dərk edə bilir, müqayisələr edə bilir, hadisələrin arxasında dayanan səbəbləri müəyyən edə bilir və ya müxtəlif mənbələrdən olan məlumatları birləşdirir və ya hətta bu hadisə ilə bağlı öz düşüncələrilə bölüşür. Bu, onlara nəinki ətraf mühitlə əlaqəsini dərin öyrənməyə xidmət edir, həmçinin sosial inkişafına səbəb olur (Menyuk & Brisk, 2005). Əlbəttə, böyüklər dili necə modelləşdirməyi, uşaqlarının hansı lüğətdən istifadə etməyi və hansı koqnitiv çətinlikləri uşaqlarına öyrətmək istədiklərini bilməlidirlər (Larson & Peterson, 2003). Şifahi dil koqnitiv strukturun inkişafında güclü alətdir ki, yazma və oxumanın inkişafını dəstəkləyir. Dil bacarığı və koqnitiv inkişaf riyaziyyat bacarığının formalaşmasına kömək edir. Buna oyunlar, şəkil çəkmək, rəngləmək, lego yığmaq, ritmlər, hesablama ilə bağlı oyunlar, barmaqlardan istifadə, həmçinin riyaziyyat anlayışlarının kəşf edilməsi ilə bağlı oyunlar daxildir (Pruden, Göksun, Roseberry, Hirsh-Pasek& Golinkoff, 2012). Hətta 1 yaşında körpə böyüklərin üz ifadələrini oxumaqla onların cavablarını müəyyən etməyə çalışır. Körpə öyrənmə mühiti imkanı verən sosial vəziyyətə çox diqqət edib aktiv biliyi qurur.
(3 - 5/6 yaş)
Bu yaş dövrü hər bir
uşağın həyatında və təhsilində ən
vacib mərhələdir. Əlbəttə ki, uşaqlar
inkişaflarında ən aktiv rolu özləri oynayır. Tədqiqatçılar
iki öyrənməni: gizli və aşkar növlərinə
bölürlər. Biz gizli öyrənməni müşahidə
etməyə bilərik, lakin mürəkkəb gizli öyrənmə
baş verir. Məhz bu səbəbdir ki, böyüklər
körpələrin koqnitiv bacarıqlarını qiymətləndirmir,
inanmırlar. Beləliklə, uşaqlar hər zaman öyrəndikləri
halda onların ətrafında olan böyüklər təsəvvür
etmir ki, uşaqları nə zaman və nə öyrənirlər
(Allen & Kelly, 2015). Uşaqların öz biliklərini
anlamasının və biliklərinin yeni situasiyalara tətbiq
etməyə başlanmasının böyük hissəsi bu mərhələyə
(3-6 yaş) təsadüf edir. Onlar bu mərhələdə
öyrənmək üçün etməlidirlər ki,
öyrənsinlər, nəinki izah və ya tədris yolu ilə
başa düşüb mənimsəsinlər. Əlbəttə,
burada “yönəldici yoxlama” olmadan öyrənmə nəzərdə
tutulur. Əgər yönəldici yoxlama xüsusi
bacarıqları öyrətmək üçün
faydalıdırsa, maraq və kreativliyi yaratmaqda uğursuzdur.
Kreativlik və maraq isə uzun müddətdə vacib
bacarıqlardan biridir. Onlar gələcək kəşflər
üçün baza bacarıqlarıdır. Yönəldici
yoxlamada uşaqlar müəllimlərin dediklərini edir, nəinki
kəşf etməklə, spontan öyrənməklə, daha
çox gözlənilməz məlumatı aşkar edib
gözlənilməz nəticələrə gəlməklə
məşğul olurlar (Gopnik,
2011). Yönəldici
yoxlamaya misal olaraq James Asher-in Total Physical Response metodunu
göstərmək olar. Sual yaranır: necə etmək olar ki, uşaqların
qabiliyyətlərini aşağılamayaraq və lazım
olmayan yerlərdə yönəldici yoxlama tətbiq etmədən
onların koqnitiv bacarıqlarını qurmaq olar? Sualın cavabı sadədir. Bu, hər
hansı bir fəaliyyət növüdür ki,
uşağın inkişafına səbəb olur: incəsənət,
sənətkarlıq, musiqi, rəqs, insanlarla görüş,
kitab oxumaq, yemək bişirmək və s. Uşağın
inkişafına səbəb olan əsas üç məsələni
qeyd etmək lazımdır.
Açıq tipli suallar düşünmədə və
problem həll etmədə vacib rol oynayır. Burada nəinki
uşaq öz düşüncəsini formalaşdırır,
həm də dəyərləndirilmiş hissi yaradaraq
özgüvənini qurur, bu isə koqnitiv inkişafı
stimullaşdırır. Açıq tipli
sualların genişləndirilməsi bu yaş dövründə
metakoqnitiv bacarıqların inkişafına səbəb olur.
Bu suallar uşaqda müqayisə etmək, fərqliliyi qurmaq,
öncədən bilmək, suallar formalaşdırmaq, fərziyyə
irəli sürmək, əks etdirmək kimi ali
bacarıqları formalaşdırır.
İnteraktiv hekayə danışmaq. Böyüklərin
ucadan hekayə danışması əvəzinə onlar
rolları dəyişə bilər və uşaqlar
kitabdakı şəkillər əsasında hekayə
danışır. Böyüklər isə
aktiv dinləyir. Burada əsas məqam
uşağın yaradıcı olması, düşünməsi,
ifadə və təxəyyül etməsi. Bu cür yanaşma 3-5 yaşlı uşaqlarda dil və
düşünmə bacarıqlarında əhəmiyyətli
dəyişikliklərə səbəb olur.
Oyun və öyrənmə. Oyun erkən yaşda istifadə olunan öyrənmə
üsuludur. Hətta oyunlar öyrənmə
üçün praktik vasitə olsa belə uşaqlara sərbəst
və planlaşmamış şəkildə
oynamalıdırlar. Yalnız təhlükə
olanda böyüklər müdaxilə edə bilər. Əlbəttə, spontan oyun pedaqoji deyil, lakin
pedaqogikanın inkişafında istifadə etmək olar. Oyunun müxtəlif
elementləri - çağırış, düşünmə
şansı, iradə hissi, qeyri-müəyyən elementdə
çoxsaylı imkanların pedaqogika ilə uzlaşması.
Öyrənməni tərtib edərkən oyun
elementlərindən istifadə edə bilərlər. Oyunun elementləri olan çağırış və
məqsədyönlülük uşağı aktiv olaraq qərarlar
qəbul etmək, öz üsulu ilə həyata keçirmək,
nəticədə əks etdirmək, başqaları ilə
ümumi məqsəd üçün işləmək və
onu əldə etməyə çalışmaq kimi
bacarıqları aşılayır və bu elementləri sinfə
inteqrasiya etməyə imkan verir. Bu elementlər
pedaqogika yaradır və əksər ədəbiyyatda “aktiv
öyrənmə” və ya “konstruktivizm” kimi istinad edilir.
Öncədən hazırlanmış “bilik vermə”
adlanan didaktik yanaşma əvəzinə uşağı
öz anlayışında dəstəkləmək
lazımdır. Məsələn: riyaziyyat öyrənilməsində
gündəlik həyat və oyun təcrübəsi
güclü bazadır. Uşaqlar əşyaları
ardıcıllıqla düzə bilər (Sarama& Clements,
2012).Uşaqların anadangəlmə təbii maraq
bacarığı müşahidə və təcrübə
etmək bacarıqları ilə ödəniləndə ətraf
mühiti kəşf etmək üçün
çoxsaylı imkanları yaranır. Müəllimlər
sual və şərhləri ilə uşağa kifayət qədər
zaman və məkan ayıraraq dəstəkləyəndə
onlarda elmi düşüncə formalaşır (Fuson, Kalchman,
& Bransford, 2005). Səmərəli
pedaqogika çətin olmayaraq gündəlik praktikanın daha
düşünülmüş şəkildə qurulması,
uşaqların gündəlik ritmlərə uyğun
olması və ən əsası təbii öyrənməni
aktivləşdirməyi ifadə edir.
Könül KƏRİMOVA,
Təhsil elmləri üzrə PhD
Azərbaycan müəllimi.- 2021.- 15 oktyabr.- S.8.