Məktəb
kitabxanaları
düşünən gəncliyin təməl
beşiyi
22 Oktyabr – Beynəlxalq Məktəb
Kitabxanaları Günü
Tariximizin və mənəvi dəyərlərimizin
qorunub gələcək nəsillərə ötürülməsində
mühüm rol oynayan mədəniyyət ocaqlarından biri də
kitabxanalardır. Təhsil prosesinin vacib tərkib hissəsi
olan, insanlara bilik və maarif yolunda bələdçilik edən
kitabxanalar zəngin mədəni irsimizin
yaşadılmasında və gələcək nəsillərə
ötürülməsində əvəzsiz əhəmiyyət
daşıyır.
Bu baxımdan məktəb
kitabxanalarının rolu danılmazdır. Oxuma vərdişinin
formalaşması, diqqətin inkişafı, müstəqil
düşünmə və analiz bacarığı kitabla
başlanır. Araşdırmalar göstərir ki, kitabxanadan
mütəmadi istifadə edən şagirdlərdə təfəkkür
çevikliyi, yaradıcılıq və tənqidi
baxış daha güclü olur. Kitab insanın ən sadiq
dostu, ən səssiz, amma ən dəyərli müəllimidir.
O, bizə həyatı, insanlığı, sevgini, səbr və
müdrikliyi öyrədir. Hər bir kitab bizə yeni bir
dünyanın qapılarını açır,
düşüncə və təxəyyül aləmimizi
genişləndirir, yeni ideyalar və üfüqlər
qazandırır.
Kitabxana isə bu bilik xəzinəsinin qorunduğu, toplanaraq gələcək nəsillərə ötürüldüyü müqəddəs bir məkandır. O, təkcə kitabların saxlandığı yer deyil, həm də elm, tərbiyə, mənəvi zənginlik və yaradıcılıq ocağıdır. Məhz məktəb kitabxanaları da şagirdlərin elmə, ədəbiyyata, tarixə və dünyanı dərk etməyə olan marağını artırır, onları düşünən, araşdıran, mütaliə edən fərdlərə çevirir. Kitabxanada hər kitab bir müəllim, hər oxucu isə yeni bir öyrənəndir.
Hər il 22 oktyabr – Beynəlxalq Məktəb Kitabxanaları Günü dünyanın əksər ölkələrində qeyd olunur. Bu əlamətdar gün 1999-cu ildə YUNESKO-nun təşəbbüsü ilə təsis edilib, 2005-ci ildən isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyası tərəfindən rəsmiləşdirilib. Hazırda bu gün dünyanın bir çox ölkəsində olduğu kimi, ölkəmizin məktəblərində də xüsusi olaraq qeyd olunur. Bu gün sadəcə bir tarix deyil, həm də bilik, maarif və oxu mədəniyyətinin bayramıdır. Onun qeyd olunması kitabın və kitabxananın elmin inkişafında, insan şəxsiyyətinin formalaşmasındakı rolunu bir daha təsdiq edir.
Məktəb kitabxanalarında keçirilən “Oxu saatı”, “Müəlliflə tanışlıq”, “Kitab müzakirəsi”, təqvim günləri, şəhidlərimizin qəhrəmanlığı və klassiklərimizin yaradıcılığı mövzularında təşkil olunan “dəyirmi masa”lar kitabxanaların fəaliyyətində mühüm yer tutur. Belə tədbirlər şagirdlərdə yalnız bilik deyil, həm də emosional zəka və ünsiyyət bacarığını formalaşdırır. Bu gün məktəb kitabxanası həm də tədqiqat, yaradıcılıq və müstəqil öyrənmə mərkəzi kimi fəaliyyət göstərir. Təsadüfi deyil ki, UNESCO məktəb kitabxanalarını “öyrənmənin hər mərhələsində dayaq nöqtəsi” adlandırır. Çünki burada şagirdlər öz təfəkkürlərini formalaşdırır, intellektual sərvətə çevrilirlər.
Şagirdlərin mütəmadi olaraq dərsliklərlə təmin olunmasını əsaslı şəkildə həyata keçirən məktəb kitabxanaları həm də milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır. Burada vətənpərvərlik mövzusunda kitablar, klassik ədəbiyyat nümunələri, Azərbaycan tarixi və mədəni irsi ilə bağlı nəşrlər, müxtəlif sahələri əhatə edən nəfis nəşrlər xüsusi yer tutur. Şübhəsiz ki, bu kitablar yeniyetmə və gənclərdə dövlətçilik ruhunu, vətənpərvərlik, milli kimlik və məsuliyyət hissini formalaşdırır.
Azərbaycan qanunvericiliyində
və dövlət siyasətində
kitabxanalar
Ölkəmizdə gənclərin sağlam, savadlı və vətənpərvər formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin savadlı formalaşması üçün orta məktəblər baza rolunu oynayır. Kitabxanalar isə bu prosesdə mühüm yer tutur. Buna görə də kitabxana fondlarının zənginləşməsi hər zaman diqqət mərkəzində olub.
Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində Azərbaycanda kitabxana işinin inkişaf etdirilməsi məsələsi xüsusi yer tutub. Kitabxananı xalq, millət və cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyi hesab edən Ümummilli Liderin bu sahəyə göstərdiyi qayğı nəticəsində ölkənin kitabxana sistemi və şəbəkələri qorunub saxlanılıb, ixtisaslı kitabxanaçıların sayı artıb.
1996-cı ildə “Kitabxana işi haqqında” qərarın, 1998-ci ildə isə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 29 dekabr 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən imzalanmış Qanun, eləcə də 12 mart 1999-cu il tarixli Fərman bu sahədə sistemli fəaliyyətin əsasını qoydu.
Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam və 6 oktyabr 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm hüquqi baza yaratdı. Bütün bu addımlar kitab nəşrinin artmasına, kitabxanaların zənginləşməsinə, o cümlədən məktəb kitabxanalarının formalaşmasına ciddi təkan verdi.
“Elektron
kitab asandır, amma kağız kitab dəyərlidir”
İnformasiya
axınının gücləndiyi, texnologiyanın sürətlə
inkişaf etdiyi müasir dövrdə kitabxanaların fəaliyyəti
dəyişsə də, onların mahiyyəti eyni qalır.
Müasir kitabxanalar həm ənənəvi çap resurslarını,
həm də elektron bazaları bir arada təqdim edir. Elektron
kitabxanalar axtarış və məlumat əldə etmə
baxımından rahatlıq yaratsa da, kağız kitabla
birbaşa təmasın verdiyi dərin hissi, düşüncə
zövqünü və təxəyyül genişliyini əvəz
edə bilmir. Məhz bu harmoniya müasir məktəblərin
təhsil strategiyalarında “hibrid kitabxana” modelinin
formalaşmasına səbəb olub. Lakin ənənəvi
kitabxana sakitlik, diqqət və dəyərlərin
qorunduğu məkan kimi öz üstünlüyünü
qorumaqdadır.
Nümunə
olaraq, Türkiyədə “Z-kitabxanalar” layihəsi çərçivəsində
məktəblərdə rəngarəng, rahat və interaktiv
oxu məkanları yaradılıb. Lakin paralel şəkildə
ənənəvi kitab fondları da qorunur.
Kitabxanaçıların sözləri ilə desək:
“Elektron kitab asandır, amma kağız kitab dəyərlidir”.
Bu gün
texnologiyanın geniş tətbiq olunduğu Yaponiyada məktəb
kitabxanaları “ədəbiyyat mədəniyyətinin
ocaqları” kimi fəaliyyət göstərir. Şagirdlər
hər kitab təqdimatından əvvəl müəllifin həyatı
və yaradıcılığı barədə təqdimatlar
hazırlayır, bu da onların bilik, nitq və
yaradıcılıq bacarıqlarını inkişaf etdirir.
Bir çox Avropa ölkələrində məktəb
kitabxanaları mahiyyətcə mərkəzi kitabxanalardan
heç də geri qalmır. Bu kitabxanalar geniş ictimaiyyət
üçün açıqdır. Valideynlər
uşaqları ilə birlikdə kitab müzakirələrinə
qatılır, oxu mədəniyyəti ailədən məktəbə,
məktəbdən isə cəmiyyətə
ötürülür.
Azərbaycan
məktəb kitabxanaları da dünyada gedən müasir
yanaşmaları tətbiq edir və bu istiqamətdə
inkişafı diqqətdə saxlayır. Son illərdə
kitabxana fondlarının yenilənməsi, elektron kataloqların
yaradılması, oxu guşələrinin təşkili və
ədəbi tədbirlərin keçirilməsi artıq
xoş bir ənənəyə çevrilib. Müasir məktəb
kitabxanası bu gün həm tədqiqat, həm müzakirə,
həm də mənəvi inkişaf məkanı kimi fəaliyyət
göstərir.
Bütün
bu təşəbbüslər göstərir ki, məktəb
kitabxanaları yalnız tədrisin deyil, həm də milli-mənəvi
dəyərlərin, oxu mədəniyyətinin və
düşünən gəncliyin formalaşmasının əsas
dayaqlarıdır. Kitabxana bilik məbədi, hər zaman
formalaşmaqda olan yaradıcı nəsillərin təməl
beşiyidir. Odur ki, əziz oxucular, gəlin, kitab sevgisini daim
yaşadaq, kitabı özümüzə ən yaxın dost,
kitabxananı isə ikinci evimiz bilək!
Zəminə
Quliyeva,
Bakı
şəhəri 186 nömrəli tam orta məktəbin
Kitabxana
müdiri
Azərbaycan
müəllimi.- 2025.- 25 oktyabr, ¹40.- S.7.