Virtual oyunlar və psixoloji təsirlər:
Uşaqlarımız
artıq həyətdə yox,
ekran arxasında böyüyürlər
Axşam saat səkkizdir. Ana mətbəxdən səslənir: “Yemək hazırdır!”. Otaqdan isə cavab gəlmir. Çünki uşaq başqa bir dünyada – virtual döyüş meydanında, sürətli avtomobil yarışında və ya rəqəmsal şəhər quruculuğundadır. O, fiziki olaraq evdədir, amma zehni minlərlə kilometr uzaqda, ekranın içində yaşayır.
Bir zamanlar uşaqların ən böyük macərası həyətdə gizlənpaç oynamaq, futbol və ya ip atlama idi. İndi isə onların oyunları piksel və kodlardan ibarət dünyalarda baş verir. Dostluqlar qulaqcıq arxasında qurulur, qələbələr idarəetmə qurğusundan istifadə edilməklə qazanılır, məğlubiyyətlər isə restart düyməsi ilə unudulur.
Bəli, XXI əsrin uşaqları artıq həyətdə yox, ekran arxasında böyüyürlər. Onların dostları bəzən qonşu uşaqlar deyil, dünyanın müxtəlif ölkələrindən qoşulan anonim oyunçulardır. Rəqəmsal texnologiyalar, xüsusilə virtual oyunlar, müasir uşaqlığın ayrılmaz hissəsinə çevrilib.
Bu oyunlar bir tərəfdən yaradıcılığı və məntiqi inkişaf etdirir, digər tərəfdən isə asılılıq, sosial uzaqlaşma və emosional problemlər riski yaradır. Bəs valideynlər bununla bağlı nə etməlidirlər? Rəqəmsal dünya düşməndirmi, yoxsa düzgün idarə olunarsa, faydalı vasitədirmi? O, uşaqların fikir dağınılığına, eləcə də IQ səviyyəinə təsir edirmi?
“Azərbaycan müəllimi” mövzunu IT üzrə mütəxəssis və psixoloqla araşdırıb.
Ən faydalı oyundan istifadə belə bütün normaları keçirsə...
Müasir dövrdə rəqəmsal dünya hər bir fərdin, o cümlədən uşaqların inkişafına birbaşa təsir etdiyini söyləyən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Fərid Kazımov alət seçimindən və kontekstdən asılı olaraq texnologiyaların təsirinin müsbət yaxud mənfi ola bildiyini deyir:
“Bu suala birmənalı cavab vermək çətindir. Düzgün seçilmiş virtual oyunlar strateji düşüncə, reaksiya sürəti, komanda işi və problem həlletmə bacarığını inkişaf etdirir. Bundan əlavə, oyun əsaslı (gamification) alətlər vasitəsilə tədris həllərinin effektivliyi dəfələrlə artır. Məsələn, xarici dillər öyrədən və gündə 30-35 milyon istifadəçisi olan qlobal məşhur "Duolingo" platformasının tədris modelinin əsasında oyun elementləri geniş istifadə edilir. Digər nümunə kimi faydalı olan strateji oyunları, insan intellektini inkişaf etdirmək üçün movcud həlləri də göstərmək olar. Amma yanlış və nəzarətsiz olaraq oyunlardan istifadə diqqət dağınıqlığı, asılılıq və emosional qeyri-sabitlik yarada bilər. Nəticə texnoloigiyanın istifadə kontekstindən birbaşa asılıdır. Bilirsiniz, problem texnologiyada deyil, istifadə mədəniyyətindədir. Başa düşməliyik ki, hətta ən faydalı olan oyundan istifadə belə bütün normaları keçirsə, bu, artıq uşaq həyatı üçün təhlükə yaradır. Və istifadə mədəniyyətində son illər kəskin mənfi trend vardır və psixiatriya elmi hətta asılılğa gətirən bu aludəliyi ayrıca bir xəstəlik kimi müəyyən etmişdir”.
Uşaqlar onlayn oyun platformalarında
hansı kibertəhlükələrlə üzləşə bilərlər?
Fərid Kazımov qeyd edir ki, ümumiyyətlə, virtual məkan hər bir istifadəçi üçün təhlükəlidir. Uşaqlar isə daha ciddi təhlükələrlə üzləşə bilərlər:
“Təhlükələri qruplaşdırsaq, buna şəxsi məlumatların oğurlanması, haker proqramları vasitəsilə qurğuların ələ keçirilməsi, onlayn zorakılıq və təzyiq, asılılıq yaradan mexanizmlərdən istifadə, ödəniş tələləri və s. misal gətirmək olar. Bu təhlükələr hər bir uşağın gündəlik virtual həyatda üzləşə biləcəyi acı reallıqdır”.
Ekspert virtual oyunlarda yad şəxslərlə ünsiyyətin müxtəlif risklərinə də toxunub. Bildirib ki, virtual oyunlarda kimlik gizliliyi səbəbi ilə manipulyasiya və aldatma riski var. Uşaq qarşısındakının kim olduğunu real olaraq bilmir. Bu da psixoloji təsir, məlumat toplama və digər təhlükələr yarada bilər:
“Məlumdur ki, uşaqlar daha sadəlövhdürlər və onlara müxtəlif məqsədlər üçün təsir etmək istəyən şəxslər bundan istifadə edərək öz məqsədlərinə çata bilərlər. Virtual oyunda bir komandada çıxş edən zaman ünsiyyət daha rahat yaradıla bilir və cinayətkarlar bundan sui-istifadə edir. Küçədə yad şəxslə ünsiyyətdən qaçan uşaq virtual formatda, xüsusən də oyun içində bu ünsiyyətə girmək təhlükəsi yaşayır”.
Ən güclü filtr valideynlə uşağın sağlam ünsiyyətidir
Kibertəhlükəsizlik baxımından valideynlərin ən çox etdiyi səhvlərdən danışan Fərid Kazımov onların ən böyük səhvinin “keçmiş dövrün fəlsəfəsi” ilə yaşaması olduğunu söyləyir. Ənənəvi olaraq valideynlərin böyük əksəriyyəti hesab edir ki, əgər uşaq evdə oturubsa, deməli o mənfi təsirdən qorunur: “Lakin reallıq başqadır və virtual məkanın təsiri “küçə” təsirindən daha güclüdür. Valideyn nəzarətinin zəifliyi yaxud təmamilə olmaması, xüsusilə yaşlı nəslin texnoloji savadsızlığı ilə də birbaşa bağlıdır. Əksər hallarda uşaqlar öz valideynlərindən texnoloji nəzərdən daha bacarıqlıdır və bundan da sui-istifadə hallar da az deyildir. Digər səhv isə total nəzarətin olmasıdır. Bəzi ailələrdə uşaqlara rəqəmsal alətlərdən istifadəni ciddi məhdudlaşdırırlar. Bu baxışı da mənfi hesab etmək olar, çünki müasir durumda texnologiyalar yetişən nəslin inkişafı üçün vacibdir”.
Mütəxəssis deyir ki, valideyn nəzarəti sistemi müxtəlifdir. Məsələn, onlar kontent filtrasiya edir, vaxt limiti qoyur, ödənişləri bloklaya bilirlər. Bu effektivdir, amma kifayət deyil. Ən güclü filtr valideynlə uşağın sağlam ünsiyyətidir. Uşaqla daimi ünsiyyət, ikitərəfli dialoq ən effektiv nəzarət sistemidir.
Uşaqların ekran vaxtını texniki vasitələrlə
tənzimlənməsi məsələsinə
toxunan Fərid Kazımov bununla bağlı hazırda imkanların geniş olduğunu olduğunu söyləyir: “Bu smartfon, planşet yaxud kompüter səviyyəsində vaxt limiti, router üzərindən internet
saatı məhdudiyyəti,
ailə hesabları kimi mexanizmlər ola bilər. Valideynlər üçün
tətbiq, təhlükəsizlik
alətləri yetərincədir
və hər bir cihazda onlar
var. Bununla yanaşı, bu və ya digər
hədəflər üçün
müxtəlif proqram həlləri də mövcuddur. Reallığı nəzərə
alaraq, "Google Family Link", "Apple
Screen Time", "Microsoft Family Safety" kimi
rəsmi alətləri
nümunə göstərə
bilərəm. Qadağa
qısamüddətli effekt
verir. Uzunmüddətli
həll maarifləndirmə
və balansdır. Tam
qadağa uşağı
gizli istifadə modelinə keçirə bilər”.
Yaş məhdiyyəti ilə
bağlı ölkələrin
təcrübəsi
Həmsöhbətimizin sözlərinə
görə, yaş məhdudiyyəti fərdi
və dəyişən
məhfumdur. Məsələn,
uzun illər sosial şəbəkələrdə
icazə verilən yaş məhdudiyyəti
2025-ci ildən etibarən
bəzi ölkələrdə
daha da ciddiləşdib.
Məsələn, Avstraliyada
sosial şəbəkələrdən
istifadəyə icazə
yalnız 16 yaşından
sonra verilir. Böyük Britaniyada bir çox saytlara giriş yalnız sənəd yaxud üzün skan edilməsi yolu ilə mümkün
olmuşdur: “Bu trendlər
göstərir ki, dövlət
virtual məkanda uşaqları
qorumaq funksiyasını
tədricən öz üzərinə götürür
və zənnimcə bu trend davam edəcəkdir. Virtual oyunlarda
da tətbiq edilən məhdudiyyət sistemi vardır, amma bunu başa düşmək lazımdır
ki, PEGI (yaş məhdudiyyəti
sistemləri) texniki bloklama deyil, tövsiyə xaraketrlidir.
Buna görə də
valideyn nəzarəti
istənilən halda olmaldır. Bu nəzarət,
əlbəttə ki, uşağın
mümkün çıxışı
olan onlayn ödənişlərə də
aid edilməlidir”.
Kibertəhlükəsizlik üzrə biliklərin artırılması
üzrə ümumi platformaya
ehtiyac var
Bəs valideynlər və məktəblər rəqəmsal
savadlılığın artırılması
üçün nə
etməlidirlər? Fərid
Kazımov deyir ki, ilk öncə uşaqlarımızın
rəqəmsal nəslə
aid olduğunu və onlarla virtual məkanla bağlı biliklər üzrə rəqabət aparmağın olduqca çətin olduğunu anlamalıyıq: “Valideynlər
və məktəbin işçi heyəti bu sahədə davamlı olaraq öz biliklərini artırmalıdırlar. Məktəblərdə
rəqəmsal təhlükəsizlik
dərsləri, kritik düşüncə bacarığının
inkişafı, onlayn etik davranış qaydalarının öyrədilməsi
istiqamətində biliklər
verilməlidir. Düşünürəm
ki, eyni zamanda vətəndaşların, xüsusilə
uşaq və yeniyetmələrin kibertəhlükəsizlik
üzrə biliklərinin
artırılması üzrə
ümumi platformaya ehtiyac vardır”.
Rəqəmsal asılılıq
klinik diaqnozdan əvvəl
davranış səviyyəsində
özünü göstərir
Mövzuya psixoloji aspektdən
yanaşan Psixologiya-Elmi
Tədqiqat İnstitutunun
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyeva bildirir ki, virtual
oyunlar və rəqəmsal platformalar uşaqların psixoloji inkişafına təsir edən güclü stimullardır: “Psixoloji baxımdan burada əsas məsələ “oyun oynayırmı?” sualı deyil, bu mühitin uşağın emosional tənzimləmə, diqqət,
özünə nəzarət
və sosial əlaqə bacarıqlarına
necə təsir göstərməsidir. Uşağın
psixikası inkişaf
prosesində olduğu
üçün rəqəmsal
təsirlər neyropsixoloji
səviyyədə daha
tez iz buraxa
bilir”.
Psixoloqun
sözlərinə görə,
virtual oyunlar uşağın
beynində mükafat sistemini aktivləşdirir.
Qazanmaq, səviyyə
keçmək, xal toplamaq dopamin ifrazını artırır.
Ölçülü olduqda
bu, motivasiya yaradır, nəzarətsiz
olduqda isə uşaq real həyatda eyni məmnuniyyəti tapa bilmədiyi üçün
oyuna daha çox yönəlir. Bu nöqtədə oyun tədricən tənzimləyici
vasitəyə çevrilir,
yəni uşaq stresini, cansıxıcılığını
və emosional boşluğunu ekran vasitəsilə kompensasiya
etməyə başlayır.
Rəqəmsal platformaların isə
psixoloji baxımdan daha fərqli mexanizmlərlə işlədiyini
söyləyən Zeynəb
Əliyeva burada uşağın aktiv iştirakçı deyil,
davamlı stimula məruz qalan passiv müşahidəçi
olduğunu qeyd edir: “Sürətli videolar, tez dəyişən
görüntülər və
sonsuz axın diqqətin fraqmentləşməsinə
səbəb olur. Bu, uşağın diqqətini
uzun müddət bir mövzu üzərində saxlamaq qabiliyyətini zəiflədir
və impulsiv davranışları artırır.
Xüsusilə yeniyetməlik
dövründə sosial
şəbəkələr özünüdərk prosesinə
birbaşa təsir edir. Uşaq öz dəyərini bəyənilmə, baxış
sayı və müqayisə üzərindən
ölçməyə başlayır
ki, bu da özünə
inamın zəifləməsinə
zəmin yaradır”.
Uşaq gözləməkdə, səbir etməkdə və
emosiyalarını idarə etməkdə çətinlik
yaşaya bilər
Psixoloq qeyd edir ki, psixoloji
inkişaf baxımından
ən həssas mərhələlər ibtidai
məktəb dövrü
və yeniyetməlikdir.
Bu dövrlərdə beynin
ön payı-planlama,
impuls nəzarəti və qərarvermədən
məsul olan sahələr hələ
tam formalaşmayıb. Buna görə
də uzunmüddətli
ekran istifadəsi uşağın özünü
tənzimləmə bacarığını
zəiflədə bilər.
Uşaq gözləməkdə,
səbir etməkdə
və emosiyalarını
idarə etməkdə
çətinlik yaşaya
bilər.
Uşağın temperament xüsusiyyətləri də rəqəmsal təsirin dərəcəsini
müəyyən edir.
İntrovert uşaqlar üçün
virtual mühit təhlükəsiz
zona rolunu oynaya bilər, çünki burada rədd edilmə riski azdır. Hiperaktiv və impulsiv uşaqlar isə sürətli, yüksək
stimullu oyunlara daha tez bağlana
bilirlər. Bu hallarda ekran, uşağın daxili gərginliyini müvəqqəti azaltsa
da, uzunmüddətli perspektivdə
özünüidarə bacarıqlarını
zəiflədir.
Rəqəmsal dünya uşaqların fikir
dağınığına, IQ səviyyəsinə
təsir edirmi?
Zeynəb Əliyeva rəqəmsal dünyanın uşaqların diqqətinə və idrak inkişafına təsir göstərdiyini bildirir. Qeyd edir ki, bu təsirin həm müsbət, həm də mənfi tərəfləri var. Hər şey istifadə müddətindən, məzmundan və valideyn nəzarətindən asılıdır: “Mənfi tərəfləri odur ki, qısa və sürətli kontent (məsələn, sosial media videoları) beyini daimi stimullaşdırır, uşaq uzun müddət bir işə fokuslanmaqda çətinlik çəkə bilər. Davamlı bildirişlər və ekran dəyişiklikləri diqqət müddətini azalda bilər. Yuxu rejiminin pozulması diqqət problemlərini artırır. Xüsusilə 2-6 yaş arası dövrdə beyin sürətlə inkişaf etdiyindən həddindən artıq ekran vaxtı diqqət mexanizminə mənfi təsir göstərir. Müsbət tərəfləri isə maarifləndirici tətbiqlər və məntiq oyunları diqqəti və yaddaşı inkişaf etdirə, problem həlletmə bacarıqları güclənə, dil və vizual qavrama bacarıqları arta bilər”.
Psixoloq bir məqama da xüsusi toxunaraq deyir ki, IQ yalnız ekran istifadəsi ilə müəyyən olunmur. Burada əsas faktorlar genetik amillər, ailə mühiti, oxuma vərdişi, sosial ünsiyyət və fiziki aktivlikdir.
Zorakılıq məzmunlu oyunlar
psixoloji baxımdan risklər yaradır
Həmsöhbətimizin sözlərinə görə, zorakılıq məzmunlu oyunlar psixoloji baxımdan iki risk-aqressiv davranışın normallaşması və emosional duyarsızlaşma yaradır.
Xüsusilə, empati bacarığı hələ tam formalaşmamış uşaqların baxdıqları oyunlarda zorakılığın tez-tez təkrarlanması real həyatda da daha sərt reaksiyalara yol aça bilər. Oyun zamanı uduzmaq isə bəzi uşaqlarda dəyərsizlik və uğursuzluq hissini gücləndirə bilər, xüsusilə də uşaq öz dəyərini nəticə üzərindən ölçürsə.
Rəqəmsal asılılıq klinik diaqnozdan əvvəl davranış səviyyəsində özünü göstərir. Uşaq ekrana çıxışını məhdudlaşdırıldıqda emosional reaksiya verirsə, alternativ fəaliyyətlərdən zövq almırsa, sosial və akademik funksionallıq zəifləyirsə, bu artıq psixoloji risk siqnallarıdır. Bu nöqtədə problem oyun deyil, oyunun uşağın emosional ehtiyaclarını əvəz etməsidir.
Psixoloq söyləyir ki, onlayn mühitdə kiberzorakılıq uşağın psixikasında güclü travmatik təsir yarada bilər: “Təhqir, lağ, sosial rədd edilmə uşağın özünə münasibətini zədələyir və narahatlıq, qorxu, depressiv əlamətlər yarada bilər. Bu hallarda bəzi uşaqlar daha da geri çəkilərək virtual dünyaya sığınır və bu, təcridi dərinləşdirir. Erkən psixoloji müdaxilə problemin dərinləşməsinin qarşısını ala və uşağın sağlam inkişafını dəstəkləyə bilər. Evdə qadağalar yox, aydın sərhədlər olmalıdır. Valideyn davranışı, emosional mövcudluğu və real ünsiyyət keyfiyyəti burada əsas qoruyucu faktorlardır. Əsas məqsəd rəqəmsal mühiti tamamilə aradan qaldırmaq deyil, uşağın daxili tənzimləmə mexanizmlərini gücləndirməkdir”
Samirə Kərimova
Azərbaycan
müəllimi.- 2026.- 7 mart, ¹9.- S.7.