Gənc beyinlərdən
maraqlı ixtiralar
“Sabahın alimləri”ndən
REPORTAJ
"Sabahın
alimləri" XV Respublika Layihə Müsabiqəsi son bir
neçə gündür ki, ölkənin elmi mühitində
diqqət çəkən əsas tədbirlərdən
biridir. Martın 3-də Bakıda təntənəli
açılışla başlayan bu elm marafonu şagirdlərin
öz layihələrini təqdim etdiyi geniş sərgi ilə
davam etdi. Bu gün isə ən həyəcanlı məqam gəlib
çatdı, mükafatlandırma mərasimində ən
yaxşılar seçildi.
Müsabiqənin
əhatə dairəsi kifayət qədər genişdir:
riyaziyyat və süni intellektdən tutmuş, tibb və
ekologiyaya qədər 8 istiqamət üzrə şagirdlərin
elmi-tədqiqat işləri dəyərləndirilir. Burada
söhbət sadəcə məktəb layihələrindən
getmir, ortada qlobal problemlərə iddialı həllər təklif
edən ciddi araşdırmalar var. Ən əsası, qaliblər
arasından seçiləcək şanslı məktəblilər
okeanın o tayında – ABŞ-də keçirilən beynəlxalq
sərgidə Azərbaycanı təmsil etmək hüququ
qazanırlar.
Fundamental
elmdən kosmik hədəflərə
Müsabiqənin
elmi dərinliyi və laboratoriya tədqiqatlarının
ağırlığı ilə seçilən bölməsində
isə ADA məktəbinin 11-ci sinif şagirdi, biologiya üzrə
Respublika fənn olimpiadalarının qalibi Mehriban Səttarova
öz sözünü deyir. Onun təqdim etdiyi və
qızıl medala (I yer) layiq görülən layihə bitki
hüceyrələrinin sirli dünyasına transmissiya elektron
mikroskopiyasının gözü ilə baxmağa imkan verir.
Onun tədqiqat obyekti bitki
biologiyasının ən mürəkkəb sahələrindən
birini – diferensasiya olunmamış və sürətlə
bölünən kallus hüceyrələrini əhatə
edir. Mehriban xüsusilə sitokinin fitohormonunun bu hüceyrələrə
histoloji və sitoloji səviyyədə təsirini
araşdırıb. Gənc tədqiqatçı bu prosesi izləmək
üçün Azərbaycanda demək olar ki, ilk dəfə
olaraq transmissiya elektron mikroskopiyasından istifadə edib. Bu da
layihənin əsas innovativ tərəfidir. Gənc bu metodu sayəsində
hüceyrə daxilində baş verən ən kiçik dəyişiklikləri
belə vizuallaşdıraraq elmi baxımdan çox maraqlı
və yenilikçi nəticələr əldə edib.
Daha əvvəl heç bir yerdə təqdim olunmayan bu fundamental iş
müəllifinə qızıl medal qazandırmaqla
yanaşı, həm də ABŞ-də keçiriləcək
beynəlxalq sərgidə ölkəmizi təmsil etmək
şansı yaradıb.
Mehriban gələcəkdə məhz
biologiya üzrə peşəkar alim
olmağı arzulayır. Onun bu qətiyyəti və
müasir texnoloji avadanlıqlarla işləmək
bacarığı göstərir ki, Azərbaycan elmi gələcəkdə
beynəlxalq miqyasda tanınacaq fundamental tədqiqatçılar
yetişdirir.
Xəzər Universiteti nəzdində
Bakı Dünya məktəbinin IX sinif
şagirdi Nuray Quliyeva və XI sinif şagirdi Nəcəf
Orucov ekologiya sahəsində təqdim etdikləri innovasiya ilə
qızıl medalın (I yer) sahibi olublar.
Onların "Dayanıqlı ətraf
mühit üçün superabsorbent
polimer dəstəkli süni intellekt əsaslı hidroponik
texnologiya" adlanan layihəsi ənənəvi əkinçilik
metodlarını tamamilə kənara qoyur. Şagirdlər
torpaqsız əkinçiliyi "əşyaların
interneti" (IoT) və süni intellektlə birləşdirərək
insan müdaxiləsi olmadan bitki yetişdirilməsinə nail
olublar. Sistemin əsas özəlliyi budur ki, süni intellekt
bitkinin vəziyyəti barədə məlumatları serverə
göndərir və fermerin real vaxt rejimində prosesi idarə
etməsini təmin edir.
Maraqlıdır ki, bu mütərəqqi
ideyanın qaynağı yalnız Yer kürəsi deyil, həm
də kosmosdur. Gənc ixtiraçılar Marsda yaşam
olması ehtimalından ilhamlanaraq quraq ərazilərdə və
ekstremal şəraitlərdə qida təhlükəsizliyini
təmin edə biləcək bir model qurublar.
Nuray gələcəyini
ekologiya, Nəcəf isə süni intellekt sahəsində
görsə də, hər ikisinin ortaq hədəfi
texnologiyanı təbiətin xidmətinə verməkdir. Bu qələbə
onlara təkcə qızıl medal deyil, həm də öz
"Mars ideyalarını" ABŞ-də dünyaya
tanıtmaq fürsəti qazandırıb.
Mühəndislik
bölməsində texnoloji həllərin sərhədini
genişləndirən növbəti qızıl medalın (I
yer) sahibi isə Xəzər Universiteti nəzdində Bakı
Dünya Məktəbinin IX sinif şagirdi Emil Babayevdir. Onun
layihəsi müasir müdafiə sənayesi və robototexnika
üçün kritik əhəmiyyət kəsb edən
stabilizasiya sistemlərinə tamamilə yeni baxış gətirir.
Emilin təqdim etdiyi aktiv stabilizasiya sistemi mövcud analoqlarından
özünün çoxşaxəli funksionallığı
ilə fərqlənir. Əgər hazırkı sistemlərin
əksəriyyəti sadəcə üfüqi sabitliyi təmin
edirsə, gənc mühəndisin hazırladığı
model süni intellekt və "sensor fusion" (sensorların
sintezi) prinsipi ilə işləyir. Bu texnologiya sayəsində
platforma kamera vasitəsilə təsviri oxuyur və altı ox
üzrə çevik əks-hərəkətlər edərək
mütləq tarazlığı qoruyur.
Dünya
bazarında hələ
ki qloballaşmamış bu növ innovativ həlli ilk dəfə
məhz "Sabahın alimləri"ndə nümayiş
etdirən Emil qazandığı birincilikdən böyük
qürur duyduğunu gizlətmir. Gələcəkdə
kompüter elmləri istiqamətində
ixtisaslaşmağı istəyən doqquzuncu sinif şagirdi
üçün bu uğur həm də beynəlxalq arenaya
açılan böyük bir qapıdır. Belə mürəkkəb
mühəndislik konstruksiyasını süni intellektlə
sintez edən gənclərimizin varlığı ölkəmizin
texnoloji gələcəyinə olan inamı daha da
artırır.
Müsabiqənin gümüş medalçılarından
olan Oğuz şəhər 2 nömrəli
liseyin 10-cu sinif şagirdləri Zəhra Məmmədzadə və
Xədicə İbrahimovanın stendi önündə
xüsusi bir canlanma var. Onların təqdim etdiyi layihə ilk
baxışdan qeyri-adi görünür:
alışdığımız nəhəng qanadlı
külək turbinlərindən fərqli olaraq, bu qurğu tamamilə
qanadsızdır.
Gənc
tədqiqatçılar ideyanın
mərkəzinə biomimetika prinsipini, yəni
təbiəti təqlid etməyi qoyublar. Layihənin əsasını
isə səhra bitkisi olan kaktusun quruluşu təşkil edir.
Şagirdlər kaktusun qabırğalı (ribli) strukturunun
külək axınını necə istiqamətləndirdiyini
və sabitliyi necə artırdığını
araşdıraraq 8 ribdən ibarət innovativ cihaz
yaradıblar.
Bəs
əsas yenilik nədir?
Ənənəvi
turbinlər fırlanma hərəkəti ilə enerji
yaradırsa, bu qurğu yalnız titrəyiş əsasında
işləyir. Bu isə o deməkdir ki, hətta çox zəif
küləklərdə belə enerji istehsal etmək
mümkündür. Məsələn, saniyədə cəmi
5 metr sürətlə əsən külək kifayət edir
ki, sistem effektiv şəkildə işə düşsün.
Müsabiqədə
ilk dəfə iştirak etmələrinə baxmayaraq, II yerin
sahibi olan bu gənclər qazandıqları uğurdan qürur
duyduqlarını gizlətmirlər. Maraqlıdır ki, bu
cür texniki bir ixtiraya imza atan Zəhra gələcəkdə
həkim, Xədicə isə hüquqşünas
olmağı arzulayırlar. Bu fakt bir daha sübut edir ki,
"Sabahın alimləri" şagirdlərin gələcək
peşəsindən asılı olmayaraq, onlarda elmi təfəkkür
və analitik düşüncəni formalaşdıran əsas
platformadır.
Daha bir gümüş medalın (II yer) sahibi olan layihə həm elmi
dəqiqliyi, həm də qlobal aktuallığı ilə
seçilir. Bakı Oksford Məktəbinin 11-ci sinif şagirdləri
Gülzar İsayeva və Məryəm Cəfərli müasir
texnologiyanın görünməyən tərəflərinə
işıq salaraq gümüş medalın sahibi olublar.
Onların tədqiqat obyekti
nanotexnologiyaların sürətli
inkişafı ilə paralel olaraq yaranan ekoloji risklərdir.
Şagirdlər tibb və sənayedə geniş istifadə
olunan nanohissəciklərin su ekosistemlərinə
sızması və orada yaşayan balıqların orqanizmində
toplanması problemini araşdırıblar. Layihənin əsas
xəbərdarlığı isə budur: nanohissəciklərlə
çirklənmiş balıqlarla qidalanmaq insan
sağlamlığı üçün ciddi bioakkumulyasiya, yəni
orqanizmdə zərərli maddələrin toplanması riski
yarada bilər.
Gənc
tədqiqatçılar öz
hipotezlərini laboratoriya şəraitində
sınaqdan keçiriblər. Təcrübə aparılan 33
balıqdan 22-də nanohissəciklərin akkumulyasiyası və
müəyyən struktur dəyişiklikləri qeydə
alınıb ki, bu da irəli sürülən nəzəriyyənin
kifayət qədər əsaslı olduğunu sübut edir.
Mükafatlandırma mərasimində
adları çəkilərkən
həyəcanlarını gizlədə bilməyən
Gülzar və Məryəm gələcəkdə həkim
olmaq istədiklərini bildiriblər. Görünən odur ki,
bu gənclər hələ məktəb illərindən
ictimai sağlamlığın keşiyində durmağı
özlərinə hədəf seçiblər.
Müsabiqənin bürünc medalına
layiq görülən daha bir perspektivli tədqiqat
işi isə Qarabağın iki fərqli kəndindən gələn
dostların birgə əməyinin məhsuludur. Ağdam rayonu
Çəmənli kənd orta tam məktəbinin IX sinif
şagirdi Dəniz Əlizadə və Ağdam rayonu
Qaradağlı kənd tam orta məktəbinin IX sinif
şagirdi Nuray Ağaməmmədli həm tibdə, həm də
energetikada tətbiq oluna biləcək innovativ bir məhlul
yaradıblar. İdeyanın qaynağı isə olduqca səmimi
bir müşahidəyə – Dənizin nənəsinin şəfa
məqsədilə istifadə etdiyi zəfəran ləçəklərinə
söykənir. Ləçəyin üzərində su
damcılarının yapışmadan yuvarlanıb getdiyini
görən gənclər bu təbii xüsusiyyəti elmi
müstəviyə daşımağa qərar veriblər.
Onlar zəfəran ekstraktını
gümüş nanohissəciklərlə
birləşdirib aloe vera bazasında xüsusi bir gel əldə
ediblər. Bu ixtira eyni anda iki qlobal problemə həll təklif
edir: tibbi alətlərdə infeksiya riskini azaldan antibakterial
qat yaradır və günəş panellərində tozun
yapışmasının qarşısını alır.
Şagirdlərin apardıqları testlər nəticəsində
məlum olub ki, bu gel sayəsində panellərin enerji səmərəliliyi
14,8% artır.
Fərqli
məktəblərdə oxusalar
da, ailə dostu olan bu iki gənc gələcəkdə ağ
xalat geyinərək insanlara xidmət etməyi –həkim
olmağı arzu edir. Qazandıqları uğurdan böyük
həyəcan duyan məktəblilər
yaşıdlarını da ruhlandıraraq növbəti illərdə
daha yaxşı layihələrlə çıxış etməyə
səsləyirlər.
Sərgi
pavilyonunda gəzdikcə
şahid olduğumuz bu iti zəka və
böyük həvəs yaxın gələcəkdə beynəlxalq
səviyyəli kəşflərin müjdəçisidir.
İndi onların qarşısında daha böyük bir
sınaq – ABŞ-də Azərbaycan elmini layiqincə təmsil
etmək vəzifəsi dayanır. İnanırıq ki, bu
günün şagirdləri sabahın dünyasını dəyişən
böyük alimləri olacaqlar.
Mərziyyə Kazımzadə
Azərbaycan
müəllimi.- 2026.- 7 mart, ¹9.- S.3.