“Qlobal təhsildən milli inkişafa”
Xaricdə
təhsil imkanı gənclərə əmək bazarında rəqabət
üstünlüyü verir
Fevralın
28-də Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı
ilə ADA Universitetində “Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı” məzunları üçün “Qlobal təhsildən
milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin
təşkilində əsas məqsəd Dövlət
Proqramı çərçivəsində dünyanın
aparıcı universitetlərində təhsil almış gənclərin
milli əmək bazarına inteqrasiyasını təmin etmək
və onların potensialını ölkəmizin
dayanıqlı inkişafına yönəltməkdir.
Açılış
mərasimində çıxış edən elm və təhsil
nazirinin müavini Həsən Həsənli dövlətimizin
insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb.
O qeyd edib ki, xaricdə təhsilə dair Dövlət
Proqramı ölkəmizdə rəqabətədavamlı kadr
potensialının formalaşdırılmasına yönəlmiş
dövlət siyasətinin uğurlu nümunələrindən
biri olmaqla yanaşı, gənclərin qazandığı
beynəlxalq təcrübə Azərbaycanın gələcək
inkişafının əsas hərəkətverici qüvvələrindən
hesab olunur.
ADA
Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin
sədr müavini Fariz İsmayılzadə məzunlara
müraciət edərək onların beynəlxalq mühitdə
əldə etdikləri akademik nailiyyətlərin yerli
qurumların fəaliyyətinə yeni və mütərəqqi
yanaşmalar gətirəcəyinə əminliyini ifadə
edib.
Əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad
Mustafayev isə Dövlət Proqramı məzunlarının əmək
bazarında rəqabət üstünlüyünə malik
olduqlarını bildirib və onlar üçün
yaradılan əlverişli məşğulluq perspektivlərindən
söz açıb.
Rəsmi
hissənin ardınca açıq elan olunan karyera sərgisində
40-dan çox nüfuzlu dövlət və özəl qurum təmsil
olunub. Sərgidə iştirak edən 90-dan artıq DP məzunu
birbaşa işəgötürənlərlə ünsiyyət
qurmaq, CV-lərini təqdim etmək və gələcək
karyera imkanlarını müzakirə etmək fürsəti əldə
ediblər.
Xaricdə
təhsil imkanı gənclərə əmək bazarında rəqabət
üstünlüyü verir. Fürsətdən istifadə edərək
sərgidə DP məzunlarından bir qrupu ilə söhbətləşərək
xaricdə təhsil proqramlarının yaratdığı
imkanlar və karyera sərgisində gözləntiləri ilə
bağlı təəssüratlarını öyrəndik.
Gənclərə
göstərilən etimad və dəstəyin gözəl
nümunəsi
Şəbnəm
Tağıyeva,
Oksford
Universitetinin məzunu
- Ötən
ilin noyabr ayında Oksford Universitetindən “İctimai siyasət”
ixtisası üzrə məzun
oldum. Sonra qısa bir müddət Şeffild Universiteti ilə
birlikdə süni intellekt sahəsində, xüsusilə də
süni intellektin təhsil sahəsinə tətbiqinə dair
qısa bir tədqiqat aparmaq imkanım oldu. Hazırda ölkəmə
qayıtmışam və artıq növbəti mərhələdə
iş imkanlarını nəzərdən keçirdirəm.
Bu gün də Dövlət Proqramı məzunları
üçün karyera sərgisində iştirak edirəm.
Burada bizə həm dövlət, həm də özəl
qurumlarla ünsiyyət qurmaq və iş imkanlarını nəzərdən
keçirmək üçün imkan yaradılıb.
Düşünürəm ki, bu, çox gözəl təşəbbüsdür.
Bu, biz gənclərə
xaricdə təhsil istiqamətində, həmçinin
sonrakı mərhələdə karyera sahəsində
Dövlət Proqramı məzunlarına göstərilən
etimad və dəstəyin çox gözəl bir nümunəsi
və göstəricisidir.
Mənim əvvəlki ixtisasım
hüquqşünaslıqdır. Bakı Dövlət
Universitetində hüquqşünaslıq üzrə təhsil
almışam. Daha sonra ictimai siyasət üzrə Oksford
Universitetində təhsil alaraq öz biliklərimi daha da genişləndirmək
imkanım oldu. İctimai siyasət daha interdisiplinar xarakter
daşıyır, iqtisadiyyat, fəlsəfə, hüquq, siyasət
- müxtəlif mövzularda biz dərslər
götürmüşük, bütün bunlar perspektivlərimi
daha da genişləndirməyə imkan yaradıb. Gələcəkdə,
düşünürəm ki, məhz bu öyrəndiyim biliklərimi,
bacarıqlarımı daha yaxşı tətbiq edə biləcəyəm.
Eyni zamanda nəzərə alsaq
ki, bu gün ölkəmizdə süni intellekt (Sİ) sahəsində
artıq bir çox işlər həyata keçirilir.
Sİ-nin istənilən - istər dövlət, istərsə
də özəl sahədə tətbiqi artıq
qaçılmazdır. Mən də süni intellekt sahəsində
apardığım tədqiqatdan da yararlanmaqla hüquq sistemi və
ictimai siyasət sahələrinin kəsişməsində
öz fəaliyyətimi görmək istəyirəm.
Düşünürəm ki, hər bir halda bu, həm
özümə, həm də cəmiyyət üçün
faydalı olan bir istiqamətdə olmalıdır.
Bugünkü karyera sərgisində də iştirak növbəti karyera mərhələsi və
imkanlarım barədə qərar verməkdə mənə
daha da yaxşı kömək olacaq. Gənclərimizə də
onu demək istəyirəm ki, Dövlət Proqramının
artıq növbəti mərhələsi üzrə
müraciətlər başlayır, onları da bu fürsətdən
yararlanmağa və öz gələcək karyeraları
haqqında ciddi düşünməyə
çağırıram.
“Karyera
sərgisinin təşkilini yüksək qiymətləndirirəm”
Elvin
Alıyev,
London
Universitet Kollecinin məzunu
- Mən
xaricdə təhsil Dövlət Proqramı çərçivəsində
2024-2025-ci illərdə Böyük Britaniyanın “University
College London” ali təhsil müəssisəsində
“İctimai siyasət”
ixtisası üzrə magistr təhsili almışam və
hazırda dövlət proqramının məzunu olaraq burada karyera sərgisində
iştirak edirəm. Bundan əvvəl də eyni ixtisas üzrə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında təhsil
almışam.
Xaricdə
təhsil üzrə Dövlət Proqramı barədə onu
deyə bilərəm ki, bu layihə azərbaycanlı gənclərin inkişafı
üçün olduqca böyük bir fürsətdir. Bu
fürsətin yaranması üçün Prezident İlham Əliyevə, Elm və Təhsil
Nazirliyinə, Dövlət Proqramı İdarəetmə
Qrupuna təşəkkürlərimi bildirirəm. Dövlət
Proqramı sayəsində Azərbaycana verəcəyim
töhfələri, ölkəmizdə tətbiq etmək istədiyim
yenilikləri qeyd edərək müsabiqədə iştirak
etdim və xaricdə təhsil almaq hüququ qazandım. DP məzunları
üçün bu karyera sərgisinin təşkilini yüksək
qiymətləndirirəm. Bu, həm dövlət, həm
özəl qurumların xaricdə təhsilə önəm
vermələrini, Azərbaycanda gənclərə verdikləri
diqqəti və xarici təcrübənin, yeni
innovasiyaların tətbiqinə verdikləri yüksək dəyəri
göstərir. Buna görə də mən bir daha sərgi təşkilatçılarına
təşəkkürlərimi bildirirəm.
“Bir
neçə şirkət mənimlə əlaqə
saxlayacaqlarını bildirdi”
Əli
Məmmədov,
London Universitet
Kollecinin məzunu
- “Mən
Böyük Britaniyanın London Universitet Kollecində (UCL)
“Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili
almışam. 6 aydır ki, təhsilimi bitirərək ölkəmə
qayıtmışam. Bugünkü tədbirdə mən neft
sahəsində tanınan iri qurumlardan olan “SOCAR Polimer” şirkəti
ilə tanış olmağa nail oldum. Bundan başqa, Energetika
Nazirliyinin əməkdaşları ilə söhbətləşdim.
Dövlət Neft Fondunun əməkdaşları ilə də
ünsiyyət qurdum, onlar məndən CV-mi istədilər, mənimlə
əlaqə saxlayacaqlarını bildirdilər. Ümumiyyətlə,
bu tədbirin təşkilinə görə Dövlət
Proqramı İdarəetmə Qrupuna təşəkkür
edirəm.
Eyni
zamanda xaricdə təhsil almağıma imkan
yaratdığına görə ölkə rəhbərliyinə
dərin minnətdarlığımı bildirirəm.
İxtisasım kimya mühəndisliyidir. UCL-də təhsilim
dövründə qısa müddət ərzində heç
vaxt tanış olmadığım bir məsələni
sıfırdan anlayıb sona çatdırmağı öyrəndim.
Bu yanaşma real iş təcrübəsinə çox
yaxındır. Burada hər gün yeni layihələr olur,
yeni problem məsələlərə baxılır, onları
həll etməlisən. Bundan başqa, London dünyanın tələbə
həyatı, turistlər üçün cəlbedici şəhərdir.
Təhsilimi məhz Londonda almaq mənim üçün
inanılmaz bir təcrübə oldu.
“İnsan
kapitalı dövlətin sütunudur”
Məğrur
Məmmədli,
Şeffild
Universitetinin məzunu
- Mən
“2022-2028 Dövlət Proqramı” çərçivəsində
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının “University of Sheffield” ali təhsil
müəssisəsində “İnformasiya sistemləri”
ixtisası üzrə magistratura təhsilimi fərqlənmə
ilə bitirmişəm.
Xaricdə
təhsil təcrübəsi, ilk növbədə, fərqli
ölkənin adət-ənənələri ilə
tanışlıqdır: bu ölkələrdə uzun illər
formalşmış təhsil ənənələri var. Xaricdə
təhsil aldığın müddətdə nəinki fərqli
akademik biliklərə yiyələnir, eyni zamanda bir şəxs
olaraq fəqli sahələr üzrə formalaşırsan. Bu,
şəxsən mənə və eləcə də digər
DP məzunlarına çox keyfiyyətlər
qazandırır. İnsan kapitalı dövlətin
sütunudur. Dövlət də yetəri qədər öz gənc
nəslinə investisiya qoyur, bu investisiyanın məqsədi
ölkədə gələcək fərqli sahələrdə
töhfə verib bu biliyi artırmaqdır. Çünki
dünya qloballaşır, qloballaşma yeni sahələrin
inkişafına yol açır, bu tempi tutmaq çox çətindir.
Dövlət siyasətini buna əsasən
formalaşdırır. Yeni məzun olan gənclər
arasında süni intellekt, kimya mühəndisliyi, çox
spesifik sahələrdə məzun olan gənclərimiz
çoxdur. Onlar ölkənin gələcək elmi-texnoloji
inkişafına böyük töhfələr verəcək.
Bakalavr təhsilimi maliyyə, biznesin idarə olunması
ixtisası üzrə ADA Universitetində təhsil
almağıma baxmayaraq hazırda IT təhsili üzrə
dövlət vəsaiti hesabına təhsil alıram. Eyni
zamanda kibertəhlükəsizlik üzrə proqramı üzrə
təhsil almışam. Bu mənə əlavə IT bilikləri
qazandırıb.
Bugünkü
tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də
digər qurumların rəhbər nümayəndələri
iştitak edirlər. Onlar maksimum dərəcədə gənclərə
fərdi yanaşaraq onları fərqli iş sahələrində
yerləşdirməyə çalışırlar. Bu, gənclər
üçün böyük fürsətdir. Mən buradan
böyük təəssüratla ayrılıram.
Oruc
Mustafayev
Azərbaycan
müəllimi.- 2026.- 7 mart, ¹9.- S.5.