İlk professional təhsilli Azərbaycan bəstəkarı

 

Azərbaycan klassik musiqisinin yaradıcılarından, öz xidmətləri ilə adlarını musiqi incəsənətimizin tarixinə əbədilik həkk etmiş sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Asəf Zeynallı olur. İlk professional təhsilli Azərbaycan bəstəkarı, simfonik musiqimizin banisi, görkəmli pedaqoq, musiqi folklorumuzun toplayıcısı və tədqiqatçısı, xalq musiqimizin alovlu təbliğatçısı olan Asəf Zeynallı milli musiqimizin təşəkkülü və tərəqqisində misilsiz rol oynamışdır. Bu il anadan olmasının 100 illiyinin musiqi ictimaiyyətimizin təntənə ilə qeyd etməyə hazırlaşdığı Asəf Zeynallı cəmi 23 il ömür sürsə də, Tanrının ona verdiyi tükənməz istedad və enerji, xalqa və onun musiqisinə bəslədiyi sonsuz məhəbbəi sayəsində cəmi 6-7 illik yaradıcılıq fəaliyyəti dövründə çoxlarının 50 ildə görə bilmədiyi işi görmüş, özündən sonra qərinələrin sınağından cəsarətlə çıxan və həmişə təravətini saxlayan bir irs qoyub getmişdir.

 

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də yurdumuzun qədim şəhərlərindən olan Dərbənddə bağban ailəsində anadan olmuşdur. Asəf hələ körpə ikən atası Zeynalabdin rəhmətə getmiş, gələcək bəstəkarı anası Həsbənd xanım böyüdüb tərbiyə etmişdir. Toxucu işləyən Həsbənd xanım ailəni - özünü və üç oğlunu güclə dolandırdığından Asəfin uşaqlıq dövrü çox ağır keçmişdir. Həyatın bu ağırlığını, çətinliyini yüngülləşdirən yeganə şey isə Zeynallılar ailəsində daim eşidilən musiqi səsi olmuşdur. Asəfin anası Həsbənd xanım xalq musiqisinin vurğunu idi və o vaxt Azərbaycan qadınlarının çox sevdiyi qarmonda məharətlə çalırdı. Məhz bu ifa hələ erkən uşaqlıq dövründə Asəfdə musiqiyə dərin məhəbbət yaratmış və onun qəlbində gələcəkdə musiqiçi olmaq arzusu oyatmışdı. Həsbənd xanımda xüsusi ifaçılıq məharəti vardı və musiqi sahəsindəki fitri istedadı da Asəfə yəqin ki, anasından keçmişdi. Balaca Asəf anasının ifa etdiyi xalq mahnılarına uzun müddət maraqla qulaq asardı.

Üzləşdikləri maddi çətinliyə baxmayaraq, Həsbənd xanım 7 yaşlı Asəfi Dərbənd realnı məktəbinə qoyur. Təbiətən oxumağa, öyrənməyə həvəsi olan Asəf tezliklə realnı məktəbdə öz fəallığı, təlim uğurları, hər şeyi öyrənməyə can atması ilə seçilir və məktəbin ictimai həyatında fəal iştirak edir. Asəf dərsləri ilə yanaşı, musiqiyə də xüsusi fikir verirdi. O, oxuduğu realnı məktəbin nəfəs alətləri orkestrinə yazılaraq burada klarnet çalmağa başlayır. Tezliklə yaxşı ifaçı kimi tanınır.

Ötən əsrin ikinci onilliyinin ortalarında birinci dünya müharibəsindən məğlubiyyətlə çıxan Rusiyanın hər yerində vəziyyət ağırlaşır, insanların güzəranı daha da pisləşir. 20-ci illərin əvvəllərində daha da yoxsullaşan Zeynallılar ailəsi, daha doğrusu ailənin başçısı Həsbənd xanım iş axtarmaq üçün Bakı şəhərinə köçməyi qərara alır. Zeynallılar ailəsinin Bakıya gəlişi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərinə təsadüf edir.

Sosialist inqilabı bir imperiyanı yıxıb yerində digər imperiyanı yaratsa da, böyük bir ölkədə sosializm ideologiyasının uzun illər şəriksiz hökmranlığının təməlini qoysa da, ilk illər bir sıra müsbət işləri də olmuşdur ki, onlardan da biri hər yerdə yeni tədris müəssisələrinin yaradılması, onların öz qapılarını kasıb ailələrin balalarının üzünə açması idi. Zeynallılar ailəsi Bakıya gəldikdən sonra Asəf təhsilini buradakı 9-illik məktəbdə davam etdirir. Eyni zamanda musiqiyə olan sonsuz həvəsi 11 yaşlı yeniyetməni hərbi məktəbin nəzdindəki orkestrə gətirir. O, burada kornetdə çalmağı öyrənir və tezliklə orkestrdə həm klarnetçi, həm də kornet və trubaçı kimi tanınır, orkestrin rəhbərliyi Asəfin nəfəs alətlərini məharətlə səsləndirməsini yüksək qiymətləndirir.

Özündəki istedadı duyan və onu inkişaf etdirməyə səy göstərən Asəf 1923-cü ildə Azərbaycan Musiqi Texnikumuna (sonralar uzun müddət Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu kimi tanınmış indiki Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kolleci) daxil olub burada truba sinfində təhsil alır. öz üzərində inadla çalışması, ardıcıl məşğələlər nəticəsində Asəf Zeynallı trubada mükəmməl çalmağı öyrənib texnikum rəhbərliyinin işçi klublarında təşkil etdiyi konsertdə uğurla çıxış edir. Asəf ilk yaradıcılıq addımlarını da texnikumda oxuduğu illərdə atmış, 1923-cü ildə özünün ilk musiqi əsəri olan "Truba üçün marş"ı yazmışdır. Həmin əsəri 1923-cü ildə təşkil olunmuş konsertlərin birində özü ifa etmişdir.

Asəf Zeynallının istedadı dahi bəstəkar Üzeyir Hacıbəyovun diqqətini elə onun texnikuma gəldiyi ilk gündən cəlb etmişdir. Asəf Zeynallının anası Həsbənd onu musiqi texnikumuna gətirəndə üzeyir Hacıbəyov bu yeniyetmədəki fitri istedadı görmüş və "bu ki, əsl istedaddır", - deyərək elə ilk günlərdən Asəf Zeynallının inkişafına xüsusi qayğı göstərmişdir. Asəf Zeynallı da böyük hamisi və müəlliminə dərin hörmət bəsləmiş, onu mənəvi atası adlandıraraq məsləhətlərinə daim əməl etmişdir.

Texnikumda bir müddət truba sinfində oxuduqdan sonra səhhəti ilə əlaqədar həkimlər bu alətdə çalmağı ona məsləhət görmədiklərindən A.Zeynallı violonçel sinfinə keçir və burada məşhur violonçel ustası Mstislav Rostropoviçin atası Leopold Rostropoviçdən dərs alır.

Asəf Zeynallı texnikumda violonçel üzrə məşğələlərlə paralel pedaqoq N.V.Jenetskoydan fortepianoda çalmağı da öyrənir. Nəzəri fənlərdən isə ona üzeyir Hacıbəyov dərs deyir . Müəlliminin şəxsi nümunəsi gənc bəstəkarı həmişə ilhamlandırmış, yaradıcılığa sövq etmişdir. Ondan əxz etdikləri biliklər isə A.Zeynallının nəzəri baxışlarının formalaşmasında mühüm rol oynamışdır.

1926-cı ildə Musiqi Texnikumu konservatoriya ilə birləşdiyindən Asəf Zeynallı həmin il konservatoriyanın orkestr sinfinə daxil olur. Lakin az müddətdən sonra üzeyir Hacıbəyovun məsləhəti ilə bəstəkarlıq şöbəsinə keçir.

Konservatoriyada onun müəllimləri professor B.V.Karaqıçev, L.E.Ab, L.P.Yablonko və ü.Hacıbəyov olmuşlar. Karaqıçev və Ab ona kompozisiya nəzəriyyəsindən, üzeyir Hacıbəyov isə Azərbaycan xalq musiqisinin əsaslarından dərs demişlər.

A.Zeynallı konservatoriyada təhsil almaqla bərabər, yaradıcılıqla da geniş məşğul olmuş, bir-birinin ardınca müxtəlif mövzularda və janrlarda əsərlər yazmışdır. 1928-1931-ci illər gənc bəstəkar üçün xüsusilə məhsuldar olmuşdur. Bu illər ərzində özünün vokal, mahnı, romans, fortepiano, ansambl əsərlərinin böyük qismini, o cümlədən məşhur "ölkəm" romansını (1928) yazmışdır.

Azərbaycan xalq musiqisinin əsaslarını xüsusi diqqətlə və dərindən öyrənən A.Zeynallı üzeyir Hacıbəyovun rəhbərliyi altında Azərbaycan ladlarında məşq tapşırıqları yazmış, xalq melodiyalarının spesifikasını, xalq musiqisinin inkişaf yollarını öyrənmişdir. İstedadlı bəstəkarın konservatoriyada oxuduğu illərdə xalq mahnı intonasiyalarına əsaslanaraq yazdığı xor ilə orkestr üçün "Şikəstə", fortepiano üçün "çahargah", "Durna", skripka və fortepiano üçün "Muğamsayağı", iki violençel və fortepiano üçün "Qoyunlar" əsərləri indi də sevilə-sevilə ifa olunur.

Azərbaycan xalq musiqisinin əsasları üzərində iş Asəf Zeynallının təkcə yaradıcılığına deyil, musiqişünaslıq görüşlərinə də böyük təsir etmişdir. O, hələ tələbəlik illərində xalq musiqimizi, xalq çalğı alətlərimizi proletkultçuların hücumlarından cəsarətlə qorumuş, onların müdafiəsinə yönəlmiş məqalələr yazmış, alovlu çıxışlar etmişdir. Bu baxımdan onun hələ konservatoriyanın tələbəsi ikən qələmə aldığı "Tarın müdafiəsinə" adlı məqaləsi xüsusilə diqqətəlayiqdir. Həmin məqaləsində A.Zeynallı o vaxt tarı ləğv etmək istəyənlərin başında duran maarif komissarına və ona dəm tutanlara çox kəskin etirazını bildirir, tarı müdafiə edir. O yazırdı: "Tar öz konstruksiyasına görə yeganə alətdir ki, xalq yaradıcılığı və muğamların mahiyyətini dəqiq çatdıra bilir. Buna görə də tarı ləğv etməklə biz təkcə xalq musiqisi haqqında aydın təsəvvür almaq imkanından məhrum olmuruq, həm də xalq yaradıcılığı təfəkkürünün texnikası, ola bilər, bu təfəkkürün forma və məhsuluna da ciddi təsir göstəririk. Bizim təbiətən xalqın özünə məxsus olanı müsadirə etmək hüququmuz yoxdur".

20-ci illərin sonunda Asəf Zeynallı konservatoriyanın tələbəsi ola-ola əvvəlcə Azərbaycan Dövlət Dram Teatrında, 1931-ci ildən isə Tənqid-təbliğ teatrında işə qəbul olunur. O, teatrda musiqi hissəsinə rəhbərlik edirdi. Tənqid-təbliğ teatrında işlədiyi qısa dövr ərzində burada səhnəyə qoyulan xeyli əsərə musiqi yazmışdır. Onlardan "Hind qızı", "Yanğın", "Sevil", "Dönüş" və s. əsərləri qeyd etmək olar.

Asəf Zeynallı konservatoriyada təhsil aldığı illərdə klassik və xalq musiqimizi təbliğ etmək, musiqi sahəsində baş verən yeniliklərlə tanış olmaq, dünyagörüşünü genişləndirmək üçün ilk dəfə Leninqrada (indiki Sankt-Peterburq) səfər edir. O, burada sovet musiqisindəki yeni istiqamətlərlə, sovet musiqiçiləri qarşısında duran yeni vəzifələrlə maraqlanır, musiqi xadimləri ilə görüşür, Azərbaycan musiqisini təbliğ etmək üçün konsertlərin təşkili imkanları ilə maraqlanır.

1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini müvəffəqiyyətlə bitirən Asəf Zeynallı daha intensiv fəaliyyətə başlayır, yeni əsərlər üzərində işləyir. Hələ tələbəlik illərindən aparmağa başladığı pedaqoji işi davam etdirir, Azərbaycan Proletar Musiqiçilər Assosiasiyasının sədri, konservatoriyada yaradıcı sektorun təşkilatçısı və sədri kimi ictimai iş aparır.

Doğma Azərbaycan incəsənətinin daha geniş təbliğinə çalışan Asəf Zeynallı 1931-ci ilin payızında ikinci dəfə Leninqrada səfər edir. Leninqrad Filarmoniyasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edir və tamaşaçılar qarşısında Azərbaycan musiqisinin xarakterik xüsusiyyətləri barədə məruzə edir.

Konservatoriyanı bitirdikdən sonra başı yeni bədii ideyalarla dolu olan Asəf Zeynallı özünün irihəcmli əsəri olan "Fraqmentlər" süitasını yazmağa başlayır. 7 hissədən ibarət olan süita üçün ilkin material tənqid-təbliğ teatrının səhnəsində oynanılmış müxtəlif pyeslərə Asəf Zeynallının yazdığı musiqi təşkil edir. Teatrın 10-illik yubileyi günündə "Fraqmentlər" süitasının ifası Bakının musiqi ictimaiyyətinə böyük təəssürat bağışlamışdı.

Leninqrada ikinci uğurlu səfərindən qayıtdıqdan sonra Asəf Zeynallı daha iri simfonik əsər yazmaq fikrinə düşür. ölkədə yaranan yeni quruluşun ümumi yüksəlişindən, xalqın qaynar enerjisindən və yaradıcı əməyindən ruhlanaraq özünün yeni əsərini - simfoniyasını sevimli Vətəninə həsr etməyi qərara alır. Lakin ölüm bu niyyətini həyata keçirməkdə ona mane olur. Bəstəkar "Bakı" adlandırdığı həmin simfoniyanın ancaq girişini, mövzunun əsas və ikinci dərəcəli eskizlərini yazmağa macal tapır, işin son planını cızır.

Üzeyir Hacıbəyov Asəf Zeynallının simfoniya üzərində işləməsini xatırlayaraq yazırdı: "Asəf özünə qapanıb işləmirdi, başqaları ilə özünün kompozisiyası haqqında fikir mübadilələri edir, hər cür musiqi mövzularında həvəslə söhbət aparırdı. Məşum xəstəlikdən qabaq mənimlə söhbətində Asəf deyirdi ki, onun başı xalq musiqisinin müxtəlif sahələri üzərində muşahidələrdən alınmış ən qəribə səslərlə doludur. Bütün bunları o, bədii cəhətdən işləyib fikirləşdiyi simfoniyasında verməyə hazırlaşırdı".

Asəf Zeynallının yaradıcılıq fəaliyyətinin mühüm istiqamətlərindən birini onun Azərbaycan xalq mahnılarının toplanması və işlənməsi üzrə işi təşkil edirdi. Bu işə o, 1932-ci ildən xeyli əvvəl başlamışdı. O, xalq musiqisinin, mahnı və rəqslərinin vurğunu idi. Onları diqqətlə öyrənir və yaradıcılığı üçün əsas istinad materialı kimi götürürdü.

O dövrdə Azərbaycan Dövlət Konservatoriyası yanında elmi-tədqiqat kabineti fəaliyyət göstərirdi. Həmin qurumun əsas vəzifələrindən biri xalq mahnılarının toplanıb nota alınması idi. Bu işlə tanınmış ifaçılarla yanaşı, gənc musiqişünaslar da məşğul olurdular. 1932-ci ilin yayında gənc bəstəkar Asəf Zeynallı məşhur müğənni Bülbüllə birlikdə kabinetin tapşırığı ilə xalq mahnılarını toplamaq məqsədi ilə Qarabağa ekspedisiyaya yollanır. Ekspedisiya çox məhsuldar olur. Qrup xeyli xalq mahnısı və melodiyası toplayır, Asəf Zeynallı təkcə özü 50-yə qədər xalq mahnı nümunəsi əldə edir. Onun məqsədi həm də toplanmış mahnılardan gələcək simfoniyasında istifadə etmək idi. Bu baxımdan o, mahnıların çoxunu simfoniyası üçün material kimi yığmışdı. Evə qayıdan Asəf Zeynallı yolda yatalaq xəstəliyinə tutulur. Bakıya qayıtdıqdan sonra bir müddət müalicə olunsa da 1932-ci il oktyabrın 27-də 23 yaşında vəfat edir. Hazırda onun qəbri Musabəyov qəsəbəsindəki ümumi qəbiristanlıqda yerləşir.

Asəf Zeynallının həyat və yaradıcılığında pedaqoji fəaliyyəti də mühüm yer tutur. O, hələ konservatoriyada təhsilini başa vurmazdan xeyli əvvəl orada müəllim kimi işə götürülür və musiqi-nəzəri fənlərdən dərs deyir.

Azərbaycanın ilk professional bəstəkarı, böyük istedada malik Asəf Zeynallı musiqi tariximizə bir sıra yeni janrların banisi kimi daxil olmuşdur.

Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən açılmış yolla gedən A.Zeynallı onların ənənələrini böyük uğurla davam etdirmişdir.

Asəf Zeynallının yaradıcılığının xarakterik cəhətini xəlqilik təşkil edir. Müəllimi kimi o da Azərbaycan xalqının həyatının proqressiv tərəflərini öz yaradıcılığında aydın təcəssüm etdirmişdir. Asəfin əsərlərində dövrün qabaqcıl ideyalarının nəfəsi aydın duyulmaqdadır. Onun əsərləri Azərbaycanın o zamankı həyatının canlı əksidir. Zeynallı yaradıcılığının musiqi dilində özünü göstərən milli əsaslar musiqinin klassik formaları ilə birləşir.

Asəf Zeynallının stilinin əsas xüsusiyyəti miniatür formalara tez-tez müraciət edilməsidir. A.Zeynallının əsas əsərləri kamera musiqisinə aiddir. Əgər üzeyir Hacıbəyov və Müslüm Maqomayev yaradıcılıqlarının əvvəlindən 20-ci illərədək əsasən iri musiqi - səhnə əsərləri üzərində işləyirdilərsə, A.Zeynallı əvvəlcə romans janrına, kiçik ansambllar üçün fortepiano pyeslərinə müraciət edir. İri simfonik əsəri olan "Fraqmentlər"ini yazması, simfoniyanın planını qaralaması onu göstərir ki, bəstəkar xırda formalardan iri əsərlərin yaradılmasına doğru inamla irəliləyirmiş.

A.Zeynallının vokal yaradıcılığı daha çox populyarlıq qazanmışdır. Onun mahnı və romanslarında iki xarakterik xətt özünü göstərir: vətənpərvərlik və lirizm. Bu xətlərin hər ikisi Azərbaycan bəstəkarlarının sonrakı yaradıcılıqlarına böyük təsir göstərmişdir.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını, əməkçi xalqın, xüsusən də Azərbaycan qadınının əsrlərlə davam edən əsarətdən qurtulmasını qızğın alqışlayan Asəf Zeynallı "Qızıl bayraq", "10 il" mahnılarını və "çadra" romansını yazır.

Vətənə sonsuz məhəbbət, onun gözəlliklərindən vəcdə gəlmək lirik xarakteri ilə dolub-daşan "ölkəm" romansında öz aydın təcəssümünü tapıb. Ancaq Zeynallı romanslarının daha əhəmiyyətli xəttini bəstəkar tərəfindən aydın ifadə olunan məhəbbət lirikası təşkil edir. Onun lirik romansları sırasına konservatoriyada oxuduğu illərdə yazılmış "Ceyran", "Sual" və digərləri də daxildir.

A.Zeynallının romanslarının melodiyası gözəl və təbiidir. Rahat, yaddaqalan melodik ifadələr A.Zeynallının əsərlərini, sözün tam mənasında, vokal adlandırmağa imkan verir. Onlar təkcə peşəkar musiqiçilər yox, həm də xalq tərəfindən asan oxunur.

İstedadlı bəstəkarın romanslarının melodiyasında ahəngdarlıqla yanaşı aydın ifadəlilik də xasdır. Ahəngdarlıq ifadəliliklə birləşərək, şübhəsiz, romansların intonasiya dilini zənginləşdirir, onları daha ifadəli edir.

Onun ansambl əsərləri də özünün azlığına baxmayaraq, (bəstəkar tərəfindən cəmi 3 ansambl əsəri yazılıb: fortepiano, violonçel və skripka üçün "Beşik mahnısı", skripka və fortepiano üçün "A la magam", (Muğamsayağı) iki violonçel və fortepiano üçün "Qoyunlar") Azərbaycan musiqisində mühüm rol oynamışdır.

Asəf Zeynallının fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri də onun 6 pyesdən ("Kuklaların marşı", "Uşaq və buz", "Oyun", "Rəqs", "Qoyunlar", "Mübahisə") ibarət olan "Uşaq süitası"dır. Sadə vasitələrlə bəstəkar uşaq həyatının riqqət doğuran səhnələrini təsvir edir. A.Zeynallı bu pyesləri ilə Azərbaycanda uşaq fortepiano miniatürünün inkişafının əsasını qoymuşdur.

Bəstəkarın "Uşaq süitası", habelə bir sıra digər kiçik fortepiano pyesləri - "çahargah", "Durna", "Səndən mənə yar olmaz" kiçik və orta yaşlı uşaqların repertuarında ən sevimli əsərlərdir.

Onun xalq üslubu tematikasında yazdığı fortepiano fuqaları da musiqimizin sonrakı inkişafında müsbət rol oynamışdır.

A.Zeynallı yaradıcılığında "Fraqmentlər" simfonik süitası xüsusi yer tutur.

"Fraqmentlər" ilk simfonik əsər olmaqla Azərbaycan simfonizminin erkən inkişaf dövrünün əsərləri sırasında obrazların konkretliyi, parlaq ifadəliliyi ilə fərqlənir.

Asəf Zeynallı 20-ci illərin sonu - 30-cu illərin əvvəllərində Azərbaycan vokal müsiqisinin və milli bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamışdır. Azərbaycan konservatoriyasının bəstəkarlıq bölməsinin ilk azərbaycanlı məzunu olan A.Zeynallı Azərbaycan xalq melodiyasının işlənməsinin elə formalarını tapmağa cəhd edirdi ki, onun qarşısında yaradıcılıq inkişafının geniş perspektivlərini aça bilsin. Bu tendensiya bəstəkarın simfonik, fortepiano və vokal əsərlərində özünü aydın büruzə verir.

İstedadlı Azərbaycan bəstəkarı Asəf Zeynallı qısa ömür sürsə də, onun özündən sonra qoyduğu irs bədii əhəmiyyətini heç vaxt itirməyəcəkdir. Bu əsərlər sadəliyi və duyğularının səmimiliyi ilə bizi həmişə valeh edir. Asəf Zeynallının demək olar ki, bütün əsərləri populyarlıq qazanaraq tədris-pedaqoji ədədiyyatlara və konsert repertuarlarına daxil olub. Bu baxımdan Asəf Zeynallının həyat və fəaliyyəti Azərbaycan musiqiçilərinin gənc nəsli üçün ən yaxşı nümunədir.

Ölümündən 80 ilədək bir müddət keçməsinə baxmayaraq, Asəf Zeynallının həyat və yaradıcılığına, əsərlərinə diqqət heç zaman azalmamışdır. Onun bir çox əsərləri indi də müğənnilərmiz, musiqi kollektivləri tərəfindən sevilə-sevilə ifa olunur.

Dahi Üzeyir bəy Asəf Zeynallı yaradıcılığını, istedadını yüksək qiymətləndirərək demişdir: "Asəfin əsərlərinə ötəri bir nəzər saldıqda aydın olur ki, gələcəkdə o, olduqca böyük, orijinal və dərin düşüncəli bir sovet bəstəkarı ola bilərdi".

 

Nazim KAZIMOV

 

Azərbaycan müəllimi.-2009.-3 aprel.-S.5.