Təhsil Nazirliyində müşavirə

 

Dekabrın 16-da Təhsil Nazirliyində "Beynəlxalq mühasibat üçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkilinə dair" mövzusunda müşavirə keçirildi.  Müşavirədə Təhsil və Maliyyə nazirliklərinin rəhbər işçiləri, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin, bir sıra ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak edirdilər.

Yığıncağı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq bugünkü tədbirin aktual bir məsələyə həsr olunduğunu söylədi. Nazir "Beynəlxalq mühasibat standartlarına keçidlə əlaqədar ali və orta ixtisas təhsili müəssisələri qarşısında duran vəzifələr" mövzusunda təqdimat etdi.  Təhsil naziri bildirdi ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və bu qanunun tətbiq edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin 7 fevral 2005-ci il tarixli fərmanı olmuşdur. Qanuna və fərmana əsasən Azərbaycanda Milli Mühasibat uçotu Standartlarının hazırlanması nəzərdə tutulub. Bu sahədə kadr hazırlığının təkmilləşdirilməsinin zəruriliyindən söz açan təhsil naziri daha sonra mühasibat uçotu sahəsində mütəxəssis hazırlığının mövcud vəziyyəti ilə bağlı məlumat verdi. Verilən məlumatdan aydın oldu ki, hazırda ölkənin 9 ali (5 dövlət və 4 qeyri-dövlət) və 22 orta ixtisas (21 dövlət və 1 qeyri-dövlət) təhsili müəssisələrində mühasibat uçotu və audit ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Nazir mühasibata aid fənləri tədris edən müəllimlərin isə ali təhsil müəssisələri üzrə 121 nəfər, orta ixtisas təhsili müəssisələri üzrə 32 nəfər olduğunu dedi. Təhsil naziri ali və orta ixtisas təhsili müəssisələrində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alanlarla bağlı statistik rəqəmləri müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Mühasibat uçotu və audit ixtisası üzrə təhsil proqramlarından, mühasibata aid fənlərin tədrisindən və digər məsələlərdən ətraflı söz açan nazir onların hər birini ətraflı şərh etdi. çıxışının sonunda nazir Misir Mərdanov Milli Mühasibat uçotu Standartlarına keçidlə bağlı qarşıda duran vəzifələrə toxundu, bu sahədə hər iki nazirliyin əməkdaşlığının müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun "Beynəlxalq mühasibat üçotu standartlarına keçidlə əlaqədar maliyyə hesabatlarının tətbiqi və maarifləndirmə işinin təşkili" mövzusunda təqdimatı oldu. Samir Şərifov bildirdi ki, son illər ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də beynəlxalq tələblərə cavab verməklə ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnmişdir. Maliyyə naziri islahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən söz açdı. Daha sonra Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Milli Mühasibat uçotu Standartlarının tətbiqinin məqsədlərindən, yeni mühasibat uçotu sisteminin daha sürətli tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mövcud olan problemlərdən və digər məsələlərdən danışdı. Maliyyə naziri mühasibat uçotu və audit sahəsində qısa müddətdə konseptual yanaşma əsasında vahid təhsil sisteminin yaradılması və müvafiq metodoloji bazanın, tədris materiallarının hazırlanmasının zəruri olduğunu söylədi. Nazir bununla bağlı mövcud problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlərdən də danışdı. Bu işlərin həyata keçirilməsində Təhsil Nazirliyinin rolunu qeyd etdi.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak "Korporativ və büdcə sektorunda hesabatlılıq layihəsinin (CAPSAP) məqsəd və vəzifələri" mövzusunda çıxış edərək həmin məsələlərlə bağlı öz fikirlərini müşavirə iştirakçıları ilə bölüşdü.

Sonra müşavirə iştirakçıları tərəfindən geniş müzakirə və fikir mübadiləsi aparıldı. çıxış edənlərdən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini söylədilər.

Müşavirənin sonunda qeyd olunan məsələlərin operativ həlli ilə əlaqədar birgə İşçi qrupunun yaradılması, İşçi qrupuna Təhsil və Maliyyə nazirliklərinin, Dünya Bankının və ali təhsil müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması qərara alındı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.2.