Təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsi məsələsi müzakirə olundu

 

Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodik işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin və Təhsil Problemləri İnstitutunun rəhbərliyi iştirak edirdilər.

Tədbiri açan təhsil naziri Misir Mərdanov metodik işin düzgün təşkil edilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını  və bu baxımdan müşavirədə çox ciddi məsələnin müzakirə olunacağını qeyd etdi.

Öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qurbanov, onun müavinləri Sitarə Məmmədova və Nadir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ümumi məlumat verdilər. çıxışlarda mərkəzin kurikulumların tətbiqi, dərsliklərin müzakirəsi, qiymətləndirmə, pedaqoji kadrların ixtisasının artırılması işinin təşkili, xarici ölkələrin metodmərkəzlərin strukturunun təkmilləşdirilməsi ilə bağlı təcrübəsinin öyrənilməsi, təhsil müəssisələrində innovasiyaların tətbiqi və s. istiqamətlərdə gördüyü işlərdən bəhs olundu, eləcə də nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində qarşıya çıxan çətinliklər diqqətə çatdırıldı.

Təhsil naziri Misir Mərdanov yarandığı az müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodmərkəzin fəaliyyətinin müsbət cəhətlərindən söz açdı. Verilən məlumatdan da göründüyü kimi, bu sahədə müəyyən işlərin görüldüyünü, lakin hələ problemlərin mövcud olduğunu qeyd etdi. Metodmərkəzin   funksiyalarını müşavirə iştirakçılarının diqqətinə çatdıran nazir müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildirdi, bir sıra təkliflərini irəli sürdü və tövsiyələrini verdi.

Metodik işin səmərəli təşkil edilməsində, ilk növbədə, təhsil müəssisələri ilə qurulan sıx əlaqələrin, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlərlə yaradılan səmimi münasibətlərin mühüm rol oynadığını vurğulayan nazir bu mənada metodistlərin məktəblərdə dərs yükü ilə təmin olunmasını zəruri saydığını bildirdi. Qeyd etdi ki, bu zaman onların bir pedaqoq kimi qabiliyyətləri aşkarlanar və ən səriştəlilərinin gücündən səmərəli istifadə olunar. Ən böyük alim də hazırlıqsız sinfə girib dərs keçə bilməz. Buna görə də müəllimin fəaliyyətini istiqamətləndirən metodistin özünün də bu işdə xüsusi səriştəsi olmalıdır.

Nazir maddi və fiziki imkanları Bakıdan çox az olan Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik işin aparılması ilə bağlı fəaliyyətini nümunə göstərərək onların bu sahədəki qabaqcıl təcrübəsindən yararlanmağı tövsiyə etdi.

Misir Mərdanov metodmərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üçün təhsil müəssisələrində metodik işin təşkilinin real vəziyyəti, mövcud problemlər, mərkəzin əməkdaşlarının fərdi peşəkarlıq qabiliyyətləri və s. haqqında müəyyən məlumatların əldə edilməsi və xarici ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsinin zəruri olduğunu bildirdi və həmin məqsədlə işçi qrupunun yaradılmasını təklif etdi.

Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparıldı. çıxış edənlər bu sahədə qarşıda duran problemlərin həlli yollarını araşdırdılar və bacarıqlı müəllimlərin aşkarlanması,  maddi-texniki bazanın gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadənin vacibliyi, ölkədə fəaliyyət göstərən türk liseylərinin təcrübəsinin öyrənilməsi, metodistlərin təhsil müəssisələrində fəaliyyətinin təmin edilməsi və s. ilə bağlı təkliflərini səsləndirdilər.

Sonda işçi qrupu yaradıldı və tərkibi müəyyən edildi. İşçi qrupunun bir ay ərzində zəruri işləri görərək təkliflərini hazırlaması və müvafiq təqdimat etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alındı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2009.-18 dekabr.-S.2.