Elmi-praktik konfrans

 

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında şəhərin ali təhsil və orta ixtisas məktəbləri nümayəndələrinin iştirakı ilə "İctimai və humanitar elmlər: zaman kontekstində" adlı elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə AMİ-nin Mingəçevir filialının direktoru, professor Orucəli Rzayev açaraq akademik Ramiz Mehdiyevin respublika mətbuatında dərc olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini günümüzün ədəbi-elmi problemlərindən çıxış yollarını özündə əks etdirən elmi-tədqiqat işi kimi qiymətləndirmişdir.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov "İctimai və humanitar elmlər bu günün prizmasında", AMİ-nin Mingəçevir filialının pedaqoji fakültəsinin dekanı, dosent Namaz Manafov "Dünya elm məkanında və təhsildə Azərbaycanı layiqincə təmsil etməliyik", Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov "Gənclərin ideya-siyasi tərbiyəsində ictimai və humanitar elmlərin rolu", AMİ-nin Mingəçevir filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Nizami Abbasov "Tədqiqatlar dövlətin, cəmiyyətin maraqlarına və ehtiyacına xidmət etməlidir" və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

 

 

M.NOVRUZOV

 

Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.5.