Təhsil Nazirliyində mətbuat konfransı

 

Dekabrın 29-da Təhsil Nazirliyində 2009-cu ilin yekunlarına dair mətbuat konfransı keçirildi.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfransda iştirak edən kütləvi informasiya vasitələri nümayəndələrini salamlayaraq onları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Sonra təhsil naziri jurnalistlərin diqqətini 2009-cu ilin yekunlarına dair təqdimata cəlb etdi. ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə daim xüsusi diqqətlə yanaşmasından, təhsil işçilərinə xüsusi qayğı göstərməsindən söz açan nazir bununla bağlı ilin ən mühüm hadisələrini diqqətə çatdırdı. Prezidentin təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə imzaladığı sərəncamlar, yüksək dövlət mükafatları, təltiflər, fəxri adlar və fərdi təqaüdlərə layiq görülmüş təhsil işçiləri, eləcə də istedadlı uşaq  və gənclər haqqında məlumatların əks olunduğu slaydlar jurnalistlərə təqdim olundu.

Təhsil naziri Misir Mərdanovun mətbuat konfransındakı təqdimatında daha sonra bu sahənin iqtisadiyyatı, informasiyalaşdırılması, kadr təminatı, qiymətləndirmə sistemi, məktəb infrastrukturunun inkişafı, ixtisasartırma təhsili, məktəbəqədər, orta ümumtəhsil, orta ixtisas, ali və məktəbdənkənar təhsil, dərsliklərlə təminat, kurikulum islahatı, beynəlxalq olimpiadalar və idman yarışlarında əldə olunmuş nailiyyətlər, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər və s. haqqında ətraflı məlumat verildi. Aydın oldu ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2009-cu ildə 1,3 milyard manat təşkil edib. Son 5 ildə təhsil işçilərinin əməkhaqqı 5, tələbələrin təqaüdü 10 dəfə artıb. Bu illərdə Azərbaycanda 450 min şagird yerlik 2 minədək yeni məktəb binası tikilərək istifadəyə verilib. 2009-cu ildə 68 yeni məktəb binası və əlavə korpus tikilib, 28 məktəb, 10 körpələr evi-uşaq bağçası əsaslı təmir olunub və s.

Sonra nazir jurnalistlərin təhsilin müxtəlif sahələri üzrə verilən çoxsaylı suallarını cavablandırdı. Bununla da 2009-cu ilin yekunlarına dair mətbuat konfransı başa çatdı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.-2009.-31 dekabr.-S.2.