Azərbaycanlı alimə Bəkir Çobanzadə adına mükafat verilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Mahmud Allahmanlı Ukrayna Respublikasında krımtatarlarının böyük şairi, ədəbiyyatşünas dilçi alim Bəkir Çobanzadə adına mükafata layiq görülüb.

Mükafatın təqdimatı ilə bağlı mərasim Bəkir Çobanzadənin anadan olduğu Qarasubazarda keçirilib. Mərasimdə Krımtatar Respublikası Ali Məclisinin sədr müavini Rufat Cubarov, Krımtatar Yazıçılar Birliyinin sədri Rza Fazil, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri qonaqlar iştirak ediblər. Filologiya elmləri doktoru Mahmud Allahmanlı bu mükafatı krımtatarların qüdrətli el sənətkarı "Aşıq Ömərin yaradıcılığı" adlı monoqrafiyasına görə almışdır. Onu da qeyd edək ki, o, bu mükafata layiq görülən ilk xarici ölkə vətəndaşıdır.

Mərasimdə M.Allahmanlı Krımtatar ədəbiyyatının problemləri ilə bağlı məruzə etmiş, ədəbi, mədəni, tarixi əlaqələrdən gələcək tədqiqat planlarından danışmışdır. Sonda azərbaycanlı laureatın şərəfinə Azərbaycan xalq mahnıları səsləndirilmişdir.

 

 

Ş.ELNUR

 

Azərbaycan müəllimi.-2009.-3 iyul.-S.4.