Qəbul imtahanlarında iştirak etmək üçün buraxılış vərəqələrinin verilmə vaxtı müəyyənləşdirilib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzərTAc-a bildirmişlər ki, 2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta təhsil bazasından (11-illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri və həmin imtahanlarda iştirak etmək üçün sənəd vermiş abituriyentlərə imtahana buraxılış vərəqəsinin verilmə tarixləri müəyyənləşdirilmişdir.

III ixtisas qrupu üzrə mülki ali məktəblərə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanı iyulun 5-də keçiriləcəkdir. Abituriyentlər iyulun 4-dək "İmtahana buraxılış vərəqəsi"ni "Elektron ərizə"lərini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından (SQK) əldə edə bilərlər.

I ixtisas qrupu üzrə mülki ali məktəblərə, Müdafiə Nazirliyinin ali hərbi məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının informasiya texnologiyaları sistemləri mühəndisliyi ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına Bakı Yanğın -Texniki Məktəbinə qəbul imtahanı iyulun 12-də keçiriləcəkdir. Abituriyentlər iyulun 6-dan 11-dək "İmtahana buraxılış vərəqəsi"ni müvafiq SQK-dan əldə edə bilərlər.

IV ixtisas qrupu üzrə mülki ali məktəblərə, hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul imtahanı iyulun 18- keçiriləcəkdir. Abituriyentlər iyulun 13-dən 17-dək "İmtahana buraxılış vərəqəsi"ni müvafiq SQK-dan əldə edə bilərlər.

II ixtisas qrupu üzrə mülki ali məktəblərə, Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanı iyulun 24- keçiriləcəkdir. Abituriyentlər iyulun 20-dən 23-dək "İmtahana buraxılış vərəqəsi"ni müvafiq SQK-dan əldə edə bilərlər.

Orta məktəblərin builki məzunları attestat aldıqdan dərhal sonra mütləq İnternet vasitəsilə "Elektron ərizə"lərinə daxil olub attestat qiymətlərini daxil etməlidirlər.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni almaq üçün Sənəd Qəbulu Komissiyasına şəxsiyyət vəsiqəsini, ödəmə kartını SQK tərəfindən təsdiq olunmuş "Elektron ərizəsi"nin kağız formasını təqdim etməlidirlər. Cari ilin məzunları qeyd olunan sənədlərlə yanaşı, "İmtahana buraxılış vərəqəsi"ni almaq üçün SQK-ya orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməlidirlər. Orta təhsil haqqında sənədin əslini (attestat) təqdim etməyən builki məzunlara "İmtahana buraxılış vərəqəsi" verilməyəcəkdir

 

 

Azərbaycan müəllimi.-2009.-3 iyul.-S.1.