Alimin yubileyi qeyd edildi

 

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə tanınmış alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun 80-illik yubileyi geniş qeyd olundu.

Mərasimdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli yubilyarın keçdiyi həyat yolundan, ədəbi dil istiqamətindəki yorulmaz fəaliyyətindən ətraflı danışdı.

Vurğulandı ki, ömrünün 60 ildən artıq bir dövrünü Azərbaycan Dövlət Universitetində doğma dilin tədrisinə, yüksək ixtisaslı dilçi kadrların yetişməsinə həsr edən görkəmli şəxsiyyət gözəl insan Yusif Seyidov Azərbaycanda dilçilik elminin inkişafına böyük töhfələr verən, Azərbaycan dilçilik məktəbinin yaranmasında sonsuz xidmətləri olan bir alimdir.

Daha sonra yubilyara universitet rəhbərliyi adından hədiyyələr təqdim olundu.

Alimin dostları, tələbə yoldaşları adından çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, NDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Adil Babayev, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev başqaları yubilyarı təbrik edərək ona ürək sözlərini çatdırdılar.

Sonda yubilyar ona göstərilən diqqət qayğıya görə dərin minnətdarlığını bildirdi.

 

 

Azərbaycan müəllimi.-2009.-12 iyun.-S.6.