Məktəblərdə bayram tədbirləri

 

Martın 14-də Bakıdakı 54 nömrəli orta ümumtəhsil məktəbində xalqımızın müqəddəs bayramlarından biri olan Novruz bayramına həsr olunan "Bahar gəlir yurdumuza" adlı tədbir keçirildi. Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən məktəbin direktoru Sahibə Abbasova Novruz bayramının tarixi haqqında məlumat verdi.

Tonqala od vuruldu. Bahar qızı, Kosa Keçəl atlı faytonda məktəbin həyətinə daxil oldular. Onlar milli rəqslər ifa edərək xalq inanclarından, deyimlərindən söyləyərək, bayrama aid rəngarəng səhnəciklərlə tədbiri daha da yaddaqalan maraqlı etdilər.

Tədbirin sonunda şagirdlərin hazırladığı milli bayrama aid şəkillər nümayiş olundu, qaliblər mükafatlandırıldı.

 

***

Bayram tədbiri 291 nömrəli "Araz" Ekologiya Liseyində qeyd edildi. Təhsil ocağının kollektivini, valideynləri, şagirdləri qonaqları müqəddəs bayramımız olan Novruz münasibətilə ürəkdən təbrik edən məktəbin direktoru Südabə Mikayılova bu tədbirin digərlərindən bir qədər fərqləndiyini dedi. Bildirdi ki, tədbir siniflər arasında xonça müsabiqəsindən bəhs edir.

Şagirdlər bayram axşamında stola düzülən bişmələrin digər ədviyyatların rəmzləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs nömrələri Novruza həsr olunan şeirlərlə başa çatdı.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.-2009.-20 mart.-S.3.