Dünya universitetləri

 

London Universitet Kolleci

 

Yerləşir: Böyük Britaniya, Mərkəzi London, Blumsberi rayonu

Yaranma tarixi: 1826-cı il

Tipi: Dövlət

Rektoru: Malkolm Qrant

İşçi heyəti: 8000 (4000 professor) nəfər

Tələbələrin sayı: 11970 nəfər

Aspirantların sayı: 9650 nəfər

Rəsmi saytı: www.ucl.ac.uk

 

London Universitet Kolleci (University College London) Londonun mərkəzində Qover küçəsində yerləşir və hazırda London Universitetinin tərkibində fəaliyyət göstərir. Kollec Birləşmiş Krallığın ən aparıcı ali təhsil ocaqlarından biridir. Artıq neçə on illər ərzində "Times" və "Guardian" qəzetləri tərəfindən aparılan Böyük Britaniya universitetlərinin reytinqinə əsasən bu kollec beşinci yerdən aşağı enməyib. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitet Kolleci (LUK) Oksford və Kembriclə birlikdə "Qızıl üçbucaq" adlı üçlük yaradır.

 

Tarixi

 

London Universitet Kolleci 1826-cı ildə "London Universiteti" adı altında yaranıb. Kollecin yaranmasını filosof Ceremi Bentamın adı ilə bağlayırlar. C.Bentamın bu prosesdə iştirak etməsinə baxmayaraq, onun təhsil və cəmiyyət haqqında irəli sürdüyü radikal ideyalar kollecin yaradıcılarını, xüsusilə şotlandiyalı Ceyms Mil və Henri Brumu ruhlandırıb. Kollecin əsas binası 1827-28-ci illərdə Tomas Hosmer Şeferd tərəfindən inşa edilib. 1836-cı ildən London Universiteti London Universitet Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Bu təhsil ocağı yarandığı gündən bütün təbəqələrə, irqlərə və dinlərə aid olan tələbələri qəbul edib. 1878-ci ildən kollecə qız tələbələr götürülüb. 1893-cü ildə İngiltərədə ilk tələbə təşkilatı məhz burada yaradılıb.

1907-ci ildə yeni Kral nizamnaməsi qəbul edilir və bütün institutlar London Universitetində birləşdirilir. Nizamnaməyə əsasən, institutlar müstəqil olaraq elmi dərəcələr vermək hüququnu itirir, yalnız London Universiteti bu hüquqa malik olur. Bu, 1977-ci ilədək davam edir və yeni nizamnamə kollecin müstəqilliyini bərpa edir. 2005-ci ildən başlayaraq LUK müstəqil olaraq tələbələrinə elmi dərəcələr verir. Bununla yanaşı, kollec London Universiteti ilə də sıx əlaqələr qurur.

2008-ci ildə LUK Britaniya universitetləri arasında ilk olaraq Avstraliya ilə bu ölkənin ərazisində Energetika və Resurs Məktəbinin yaradılması haqqında müqavilə bağlayır.

 

Universitet bu gün

 

Hazırda London Universitet Kolleci London Universitetinin tərkibində böyük bir institutdur. Kollecin əsas kampusu Qover və Qordon küçələrində yerləşir, lakin Londonun bütün ərazisində kollecin binaları mövcuddur. Əsas kampusun ərazisində "Euston meydanı", "Uorren küçəsi", "Rassel meydanı" və "Quc küçəsi" metro stansiyaları var. Kampusun ətrafında Britaniya Kitabxanası, Britaniya Muzeyi, Kral İncəsənət Akademiyası, Britaniya Tibb Assosiasiyası, London Universiteti, Təhsil İnstitutu kimi məşhur müəssisələr yerləşir.

London Universitet Kollecində İncəsənət və Humanitar, Biotibbi, Həyat və Tibb, Bəşəriyyət, Mühəndislik, Riyaziyyat və Fiziki, İctimai və Tarixi Elmlər, Bertlett Memarlıq-İnşaat, Dizayn və Planlaşdırma, Hüquq, Slavyan və Şərqi Avropa Mədəniyyəti, Ətraf Mühitin Mühafizəsi məktəbləri, İdarələrarası və qarşılıqlı fakültə tədqiqat qrupları və tədqiqat mərkəzi fəaliyyət göstərir. Bu məktəblərin hər birində ayrılıqda onlarca fakültə mövcuddur.

LUK Tibb Məktəbində altı il təhsil aldıqdan sonra elmi dərəcə almaq mümkündür. Tibb kursları burada 1825-ci ildən yaradılıb. Tibb Məktəbi bir-birilə əlaqəli olan 11 hospital ilə birgə fəaliyyət göstərir. Kollec tərəfindən maliyyələşən Universitet Kolleci, Kral Müstəqil və Vittinqton hospitalları Londonun ən böyük mərkəzi xəstəxanalarındandır. LUK-un xəstəxanaları, əsasən, Blumsberi rayonunun ətrafında yerləşir. 2007-ci ildən başlayaraq Londonda yeni möhtəşəm tibb mərkəzi tikilir. Mərkəzdə 1500-dən çox alimin tibbi tədqiqatlar aparması və biotəbabət sahəsi üzrə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ümumilikdə, LUK-un 16 müxtəlif kitabxanası var. Təhlükəsizlik məqsədilə kitabxanalara buraxılış elektron kart vasitəsilə mümkün olur. Kitabxanalar "eUCLid" (Evklid) adlanan şəbəkə-kataloq sistemilə birləşir. Ən böyük kitab kolleksiyası kollecin əsas binasında yerləşən kitabxanadadır. Otaqon binasında, kollecin mərkəzi gümbəzinin altında rəssam Con Flaksmanın sənət əsərlərindən ibarət Flaksman qalereyası yerləşir. İkinci ən böyük kitabxana LUK Elmi kitabxanasıdır. Burada mühəndislik, riyaziyyat, coğrafiya, antropologiya elmlərinə aid kitab və jurnallar yığılıb. Digər kitabxanalardan tibbi kitablar toplanan Kryusiform (xaçvari), Ətraf mühitin öyrənilməsi, Slavyan və Şərqi Avropa mədəniyyətləri kitabxanalarını qeyd etmək olar. LUK tarixi və mədəni tədqiqatlar kitabxanasi Böyük Britaniyada ilk əlyazmalar, arxiv və nadir kitablar toplanan mərkəzdir. Bu kitabxanada orta əsrlərə, XVIII-XX əsrlərə aid əlyazmalar, müxtəlif sahələri əhatə edən arxiv sənədlər qorunur. Ən qədim əlyazma 1505-ci ilə aiddir. Kolleksiyalar, adətən, şüşə rəflərdə nümayiş olunur. 2004-cü ildən başlayaraq LUK kitabxanaları "USL Eprints" adı altında İnternet şəbəkə sisteminə qoşulub.

London Universitet Kolleci dünyanın ən böyük axtarış-tədqiqat mərkəzlərindən biridir. Bu ali təhsil ocağı elmi-tədqiqatların maliyyələşməsinə xüsusi diqqət yetirir. Kollecin nəzdində LUK Energetika İnstitutu, LUK Kompüter Elmləri, LUK Cinayətkarlıq və Təhlükəsizlik, Foton Sistemlər (Kembric Universitetilə birgə LUK elektrotexnika və elektrik mühəndisliyi), LUK Virtual mühit və vizualizasiya, molekulyar modelləşdirmə və materialşünasliq, Şəhər sabitliyi və fəlakət, Biokimya mühəndisliyi mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə 9000-dən çox aspirant tədqiqatlar aparır. Universitet gələcək aspirantlar üçün özünün şəbəkə səhifələrində mütəmadi məlumatlar yerləşdirir.

 

London Universitet Kollecinin məşhur məzunları:

 

Çaim Herzog - İsrailin 6-cı prezidenti

Terri Devis - Avropa Şurasının Baş katibi

Yan Luder - London şəhərinin meri

Əbdül Rəhman Əlqosaibi - Səudiyyə Ərəbistanının İngiltərədəki səfiri

Bryan Devis - İngiltərə Lordlar Palatasının üzvü

Con Uaytinqdeyl - Marqaret Tetçerin məsləhətçisi, parlamentin üzvü 

Jan Vinsent-Rostovski - Polşa Respublikasının maliyyə naziri

Juniçiro Koizumi - Yaponiyanın sabiq Baş naziri

Teraşima Munenori - Yaponiyanın sabiq xarici işlər naziri 

Mahatma Qandi - Hindistan Müstəqillik Hərəkatının başçısı

Edvin Montaqu - Hindistanın sabiq dövlət katibi

Otto Hahn - kimya üzrə Nobel mükafatı laureatı

Uilyam Ramsey - kimya üzrə Nobel mükafatı laureatı

Sir Uilyam Braqq - riyaziyyat və fizika üzrə Nobel mükafatı laureatı

Rabindranat Taqor - ədəbiyyat üzrə Nobel mükafatı laureatı (Hindistan)

Ulf von Euler - tibb üzrə Nobel mükafatı laureatı

Endryu Huksli - tibb və psixologiya üzrə Nobel mükafatı laureatı

Sir Bernard Katz - tibb və psixologiya üzrə Nobel mükafatı laureatı

Piter Medavar - tibb və psixologiya üzrə Nobel mükafatı laureatı

Bert Sakmann - tibb və psixologiya üzrə Nobel mükafatı laureatı

Fransis Krik - tibb və psixologiya üzrə Nobel mükafatı laureatı

 

LUK-un yeni binalarından Qordon küçəsində yerləşən London nanotexnologiyalar mərkəzini, Taviton küçəsindəki 2005-ci ildə şahzadə Anna və çexiya Respublikasının prezidenti Vanslav Klaus tərəfindən açılmış Slavyan və Şərqi Avropa mədəniyyəti məktəbinin yeni binasını, Oftalmologiya İnstitutunu qeyd etmək olar.

LUK-un nəzdində bir neçə incəsənət və elm muzeyi fəaliyyət göstərir. Bunlardan Misir və Sudan arxeoloqlarının nadir kolleksiyaları saxlanan, daim cəmiyyət üçün açıq olan Piter Misir Arxeologiya, heyvanat aləminə, Dodo və Quaqqa dövrlərinə aid qədim skelet nümunələri yerləşən, professor Edmund Qrantın adını daşıyan Qrant zoologiya və müqayisəli anatomiya, 1855-ci ildə yaradilmiş geologiya, 1847-ci ildə təşkil olunan, müxtəlif dövrlərdə yaşamış incəsənət xadimlərinin əsərləri saxlanan incəsənət əsərləri kolleksiyalari, biologiya şöbəsində yerləşən, professor Frensis Haltonun şəxsi və laboratoriya əşyaları saxlanılan Halton kolleksiyası, LUK-un fəaliyyət göstərdiyi vaxtdan burada yaranan və işlənən cihazların, alətlərin, əşyaların saxlandığı elmi kolleksiyalar muzeylərini, dünyanın müxtəlif güşələrindən tapılan, ən qədim dövrləri əhatə edən artefaktların qorunduğu Arxeologiya Kolleksiyaları İnstitutunu qeyd etmək olar.

LUK-da təhsil alan tələbələr kampusun yataqxanalarında yaşayırlar. Məşhur tələbə yataqxanalarından Artur Tattersal, Astor, Kempbel Şərq və Qərb, İvor Evans və Maks Rayn, Frensis Qardner, Con Tovell, Con Conson, Con Şafer, Ceyms Laythill, Qoldsmit rezidensiyalarını qeyd etmək olar. Evli tələbələr üçün də kollecdə lazımi şərait yaradılıb. Uşaqlı ailələr Bernard Conson, Houkric, Nil Şarp, eləcə də London Universitetinin Lilian Penson yataqxanalarında məskunlaşa bilərlər.

London Universitet Kolleci Təşkilatı 1893-cü ildə yaranıb və İngiltərənin ən qocaman tələbə təşkilatıdır. Bu təşkilat LUK-da təhsil alan tələbələrə geniş spektrdə xidmət etmək üçün fəaliyyət göstərir. Təşkilatın tərkibinə çoxlu klublar, kafelər, müxtəlif əyləncə mərkəzləri, idman kompleksləri, mağazalar və s. daxildir. Bunlardan LUK dramatik cəmiyyət, yoqa və meditasiya, qayıq, yüngül atletika, reqbi (futbolun bir növü) klublarını misal göstərmək olar.

Hazırda London Universitet Kollecində 8000-dən çox professor-müəllim heyəti çalışır. Bu ali təhsil ocağı qadın professorların sayına görə ölkədə birinci, əcnəbi tələbələrin sayına görə isə üçüncü yerdədir. Kollecin çoxlu sayda məşhur məzunları var. Onlardan 21-i Nobel mükafatına layiq görülüb.

Uzun illər Avropa təhsil müəssisələri yüksək səviyyəli təhsilə, tələbələrin maddi baza ilə təminatına, onlara göstərilən hərtərəfli diqqətə görə dünyanın digər ölkələrinə örnək olub. Son zamanlar isə Avropa universitetləri bir qədər Amerika təhsil sistemindən geridə qalır. Bir neçə ildir ki, Amerika universitetləri dünya universitetlərinin müxtəlif reytinqləri üzrə birinci pillədə dayanır. Lakin yenə də Avropa universitetləri arasında iddialı ali təhsil ocaqları çoxdur, bunlardan biri də London Universitet Kollecidir. "QS-World Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə LUK 100 ən yaxşı universitetin arasında dördüncü yerdədir (Kembric Universiteti ikinci yerdədir). Bu ali təhsil müəssisəsi hələ də London Universitetinin kolleci kimi fəaliyyət göstərsə də, Britaniyanın ən nəhəng elmi-tədqiqat mərkəzlərindəndir. Burada təhsil almaq çox prestijli hesab edilir və Kembric, Oksford universitetlərilə bir tutulur. London Universitet Kolleci və İmperial Kollec hazırda beynəlxalq təhsil bazarında aparıcı yer qazanmaq üçün birləşmək niyyətindədirlər və onların daha sonra London Universitetinin tərkibindən çıxaraq müstəqil fəaliyyət göstərəcəkləri nəzərdə tutulur.

 

 

Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.-2009.-13 noyabr.-S.7.