Tələbələrin 58-ci elmi-texniki konfransı öz işinə başladı

 

Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Konstitusiya gününə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başladı. Konfransda Təhsil, Rabtə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri, ADNA-nın professor-müəllim heyəti, tələbələr iştirak edirdilər.

Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək büstünün önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə ADNA-nın rektoru, professor Siyavuş Qarayev açaraq konfransın əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrin işindən ətraflı danışdı.

Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək bildirdi ki, ötən illərdə olduğu kimi, 2009-cu ildə də ölkə rəhbərliyinin elm və təhsilin inkişafına yönəlmiş mühüm qərarları ölkəmizdə ali təhsilin və elmi fəaliyyətin ən mütərəqqi standartlar səviyyəsinə çatdırılacağına möhkəm zəmin yaradır.

Sonra "təhsil işçilərinin və tələbələrin ümdə vəzifəsi ölkə rəhbərinin diqqət və qayğısına cavab olaraq səylə çalışmaq, tədrisdə, təhsildə və elmi-tədqiqat işlərində yeni uğurlar əldə etməkdir", deyən təhsil naziri tələbələri və akademiyanın professor-müəllim heyətini konfrans münasibətilə təbrik etdi və onun işinə uğurlar arzuladı.

Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarından AMEA-nın Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən Mehriban Məlikova, Kamal Quliyev və başqaları çıxışlarında konfransla bağlı fikirlərini bildirdilər.

Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam etdirəcək.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.3.