Qəbələ məktəblərində qış mövsümünə hazırlıq görülüb

 

2008-2009-cu tədris ilində Qəbələ rayonunun orta məktəblərini bitirmiş 1097 məzundan 786 nəfəri ali məktəblərə qəbul olmaq üçün imtahanlara qatılıb, onlardan 286 nəfəri yüksək nəticə göstərərək respublikanın müxtəlif ali təhsil ocaqlarına daxil olub. Ali məktəblərə qəbul zamanı 15 məzun 600-dən yuxarı bal toplayıb. Onlardan şəhər 5 nömrəli orta məktəbin məzunu, hazırda Qafqaz Universitetinin kompüter mühəndisi fakültəsinin I kurs tələbəsi Musabəyli Müsaqil Müsənnif oğlu 670 bal topladığına görə Prezident təqaüdünə layiq görülüb.

Ölkə Prezidenti İlham Əliyevin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Qəbələ şəhər 5 nömrəli orta məktəbin riyaziyyat-informatika müəllimi Səfərova Nərminə Qərib qızı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.

Digər bölgələrdə olduğu kimi, Qəbələ rayonunda da yeni məktəb tikintisi geniş vüsət alıb. Belə ki, 2009-cu il sentyabrın 15-də rayon üzrə 4 yeni məktəb, Abrıx kənd orta 240 şagird yerlik, Dizaxlı əsas 120 şagird yerlik, Yemişənli kənd orta 360 şagird yerlik və Kürd kənd orta 320 şagird yerlik yeni məktəb binaları istifadəyə verilib. Hazırda son tamamlama işləri gedən Kiçik Əmirli əsas və Yenikənd kənd orta məktəblərinin yeni binalarının yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

Yay mövsümündə rayonun bütün məktəbləri kosmetik, Daşlıca və Hacallı kənd, Nic qəsəbə 4, şəhər 2 və 5 nömrəli orta məktəbləri isə cari təmir edilib.

Qışa hazırlıq məqsədilə rayonun ümumtəhsil məktəblərinin istiliklə təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilib.

Ümumiyyətlə, Qəbələ rayon məktəbləri qış mövsümünə hazırdır.

 

 

Nizami MİRZƏ

 

Azərbaycan müəllimi.-2009.-20 noyabr.-S.6.