Belə yarışlar bizi daha da mübariz olmağa ruhlandırır

 

C.Naxçıvanski adına Hərbi Liseydə tez-tez Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş turnir və yarışlar keçirilir. Təhsil ocağının kursantları bu tədbirlərdə fəal iştirak edirlər.

Bu günlərdə Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş bölüklərarası hərbiləşdirilmiş idman yarışı keçirildi. C.Naxçıvanski adına Hərbi Liseyin idman rəisi Fərhad Əliyev çıxış edərək əfsanəvi döyüşçü haqqında mərasim iştirakçılarına məlumat verdi:

- Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığı tariximizə böyük hərflərlə yazılıb. Mübariz Vətən uğrunda, torpaq uğrunda şəhid oldu, əbədi olaraq adını xalqımızın yaddaşına həkk etdi. Xalq cəsur oğlunu heç vaxt unutmur, yaddan çıxarmır, onun adı həmişə hörmətlə anılır. Təkcə bu təhsil ocağında deyil, Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrində də tez-tez qəhrəmanın şərəfinə tədbirlər təşkil olunur. Belə yarışların, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik, mübarizlik ruhunu daha da yüksəltməkdir.

Kursantlar böyük həvəslə yarışa başladılar. Mübarizəyə 9 komanda qatılıb. Yarış komanda və şəxsi xarakterlidir. Ümumi heyət 34 nəfərdən ibarətdir. Kursantlar bütün mərhələləri uğurla keçməyə çalışırdılar. Hakimlər isə iştirakçıların bütün hərəkətlərini diqqətlə izləyərək onları müvafiq balla qiymətləndirirdilər.

Yarışlar 5 mərhələdə keçirilirdi. Birinci mərhələdə 100 metr məsafəyə qaçış, ikinci mərhələdə qumbaraatma, üçüncü mərhələdə güllə atıcılığı, 4-cü mərhələdə turnikdə dartınma və nəhayət, 5-ci mərhələdə kəndirdartma yarışı.

Mərhələlərdən uğurla keçən kursantlarla söhbət etdim. Kursant Cavidan Rəhimli dedi ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışında iştirak etməkdən qürur duyuruq. "Birincilikdə təmsil etdiyim komandanı irəli çıxarmağa çalışdım. İnanıram ki, bizim bölük birinci pilləyə çıxaraq qalib adını qazanacaq. Belə maraqlı yarışlar bizi daha da mübariz olmağa ruhlandırır."

Daha sonra kursantlardan Xəzər Nəsibli, Kamil Şükürov, Elxan Salahov, Amil Malikli, Mərdan Verdiyev, Sərxan Abbasov və başqaları ilə söhbət edib yarışla bağlı onların da ürək sözlərini qeydə aldım.

...Kursantlar komandalarını irəli çıxarmaq üçün əzmlə mübarizə aparırdılar. Hamının məqsədi yalnız qələbə qazanmaq idi. Hiss olunurdu ki, bu yarışa ciddi hazırlaşıblar.

Nəhayət, yarışa yekun vuruldu. Hakimlər tərəfindən ballar hesablanandan sonra nəticələr elan olundu. Turnirin qalibi adını 9-cu bölüyün kursantları qazandılar. Onlar 56 xal toplayaraq rəqiblərini xeyli arxada qoydular. 2-ci yerə 8-ci bölük, 3-cü yerə isə 7-ci bölüyün şəxsi heyəti yüksəldi.

 

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey

Azərbaycan ordusu $g 2017.- 24 may.- S.7.