“Bayraq mənliyimdir, bayraq kimliyim...”
Sözündən vətən yaradan
şair…
Torpağım
üstünə kölgələr salan
Mənim
varlığımın cilası-bayraq.
Zəfərdən
doğulmuş,
Göytürkdən
qalan,
Qurdbaşlıbayrağın
balası bayraq.
Böyük
şairlər millətin bayrağını zamandan zamana daşıyan
əbədiyyət yolçularıdır. Bu ölməz söz nəqqaşlarının
damla-damla topladıqları mənəvi xəzinə mənsub
olduqları xalqı yüz illərlə ayaqda tutar. Bəlkə bu anlamda “bir millətin taleyində dilin
missiyası nəysə, şairlərin missiyası da odur”,
deyə bilərik. Bu millət Füzuli şeirinin
işığında beş yüz ildir
yol gəlir. Beş yüz ildir
könlümüzü eşq rənginə boyayan Füzuli
şeirlərindən aldığımız qida ilə bəslənirik.
Təbii, Füzuliyə qədər də
güclü Türk şairləri vardı. Onların çoxu yaşadıqları zamanın tələbinə
uyaraq əcnəbi dillərdə yazmaq zorunda qaldılar.
Amma Füzuli Türk dilini şeir dili olaraq istifadə etməkdən
qorxmadı və dünya şeirində bir zirvə
yaratdı...
Bu
yazı dahi Füzulidən ruh almış şairimiz Bəxtiyar
Vahabzadə haqqındadır. Biri XVI əsrdə
yaşayıb, o biri XX əsrdə. Yaşam
məsafələri çox uzaq, ruh dünyaları çox
yaxın. Hər ikisinin içində
yaşadıqları dərdlərin acısı,
könülləri qəmdən qanamış, zəmanəyə
müxalif, dövrdən şikayətçi. Əvvəldən
sona qədər millətin ağrıları çiyinlərinə
yüklənmiş iki Türk şairi...
Bəxtiyar
Vahabzadənin böyük sevdası 60-cı illərdən
başlamışdı - Azərbaycanda rus imperiyasına
qarşı gizli etirazların başladığı zaman...
1962-ci ildə “Gülüstan” poeması fırtına
qoparmışdı. Şair Azərbaycanın zorla endirilmiş
bayrağını yenidən göylərə qaldırdı
bu əsəri ilə. “Millətçi”
damğası vurdular, çalışdığı Bakı
Dövlət Universitetindən xaric etdilər. Onda 37 yaşı vardı. O zaman Azərbaycanın
ikiyə parçalanmasında Rusiyanı ittiham etmək qurd
ürəyi yemək kimi bir şey idi. Bu illərdə
milli ruhda yazdığı, xalqın dərdlərini
anlatdığı yasaq şeirlərinin böyük qismini
şair sovetlər dağıldıqdan sonra “Sandıqdan səslər”
adı altında yayımladı.
Bir vahid millətə,
iki hakimin
Dili
doğmalaşdı... Bu lap ağ oldu.
Doğma
anamızın şəkərdən şirin
Bizə
öyrətdiyi dil yasaq oldu.
Bəxtiyar
Vahabzadə Tanrının ona bəxş etdiyi şairlik
istedadını Türk ruhu kimi qəbul etmiş bir şəxsiyyətdi. Çoxlarının
“Türk” kəlməsini dilinə almağa qorxduqları
zamanda, o, “mən Türk oğlu Türkəm”
hayqırırdı.
“Mənə
göz yaşlarıyla həbs və düşkünlük
dönəmlərini anlatmışdı. Işini itirdiyi, kimsənin açıqca
ziyarət edə bilmədiyi, ailəsinin durumu üzündən
əzab çəkdiyi bu dönəmlərdə yaşananlar
arasında onun millətinə
bağlılığını dərinləşdirən
önəmli örnəklər var. Bir dəfə
hıçqırıqlarını zor tutaraq bunlardan birini danışmışdı: ”Həbsə atılmışdım. Ailəm pərişan oldu. Nə
yeyib, nə içdiklərini bilmirdim. Amma
bunu öyrəndim. Mən həbsdəykən
də, çıxıb işsiz qaldığım zamanlarda
da, hər gecə kimlərsə hər cür təhlükəni
gözə alaraq evimin qapısına yemək-içmək
qoyurdu. Onların kimlər olduğunu heç bilmədik...
Mən bu milləti necə sevməyim?"
(A.Yağmur Tunalı)
“Türkün türklə ədavətə
haqqı yox...”
Onun qəlbi
Türk dünyasının mükəmməl
cızılmış xəritəsinə bənzəyirdi. Paytaxtı İstanbul olan bu
xəritəni şair Kərkük, Kıbrıs, Təbriz,
Qarabağ yanğısı içində sona kimi qürurla
daşıdı. Bu qüruru ilə bizlərə
örnək oldu, varlığı hər kəsə Türk
birliyinin önəmini, Türk zamanının gələcəyini
dönə-dönə anlatdı.
Tarix bizi
imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən,
Dünya da
haqq səsimizə kar ikən,
Türkün
türklə ədavətə haqqı yox.
Türk
xalqları arasında onun qədər qan bağı olan ana
dilinin saflığının qorunması naminə mücadilə
verən ikinci şair yox, hər halda. Onun sovetlər zamanından
başlayan bu mübarizəsi ömrünün sonuna kimi
sürdü. 1995-ci ildə Konstitusiyada
dilimizin Türk dili deyil, Azərbaycan dili yazılmasına
etiraz səsini qaldıran aydınlara o,
başçılıq edirdi. Ana dili
şair üçün babalardan qalma müqəddəs bir əmanət
idi. O, son nəfəsinə qədər bu əmanətin
keşiyində ləyaqətlə dayandı.
Şair
haqqında TRT üçün film hazırlayan rejissor
Raşid Demirdaş: “Onunla bağlı hər kəs bir
söz deyə bilər. Amma biz indi onun fərqli tərəflərini
əks etdirən və onun daha çox dünyaya
baxdığı pəncərəni kəşf etməyə
çalışan bir film yaratmışıq... Bəxtiyar Vahabzadə fikir adamı, sevgi adamı,
bir mənada ideoloq idi. Türk
dünyasında bu gün müstəqil neçə respublika
varsa, bunların hamısını bir araya gətirəcək,
bir əlaqə yarada biləcək insan idi. Bəxtiyar Vahabzadənin fikirlərindən istifadə
edərək bu ölkələr daha bir körpü yaradıblar
- Bəxtiyar Vahabzadə körpüsü. Çünki onun bütün Türk dövlətlərilə
əlaqəsi var idi, tanıdıqları vardı, gediş-gəlişi
vardı. Bəxtiyar Vahabzadəni itirməklə
biz Türk dünyasının böyük bir ədibini, fikir
adamını itirdik”.
Bəxtiyar
Vahabzadə sağlığında bütün yüksək
dövlət mükafatlarını almışdı. Həm də ana südü
kimi halallıqla, haqq edərək almışdı. Amma onun üçün ən dəyərli
mükafat qanıyla-canıyla bağlı olduğu
xalqından gələn sevgi idi.
Qəribə
deyilmi?
Sən
sirr, mən də sirr.
Bu sirri
bilmirik necə çözməli?
Kimi
övladının dərdini çəkmir,
Kimi də
xalqının dərdindən dəli!
O, həqiqətən
millətin dərdindən dəli olan bir şairdi. O,
bağlı olduğu dəyərləri qorumaq
üçün əlindən gəldiyi qədər
savaşdı. Nə olursa-olsun, öz prinsiplərinə
dönük çıxmadı. Həm də
cəmiyyət həyatı ona zor şərtlər diktə
edən zamanlarda.
“Cəmiyyətimiz Bəxtiyarlaşsın...”
“Amerikada,
Almaniyada və başqa ölkələrdə Lütfi Zadə
ilə olan söhbətlərimizdə Bəxtiyar Vahabzadə
haqqında geniş danışardıq. Onun ingilis və rus dillərində
çap olunmuş şeirlərini oxuyardıq, müzakirə
edərdik. Zadə-Bəxtiyar, Bəxtiyar-Zadə
fenomenal şəxsiyyətlər arasında gözlə
görünməyən bir simmetrik sayğı münasibətləri
var idi. Onlar görüşməmiş
olsaydılarda da, aralarındakı bu münasibətlər
böyük bir hörmət, istək körpüsü
yaratmışdı. Mən qürur hissi duyuram ki, bu
dünyalı, o dünyalı iki sayğılı dostumun,
xalqımın, bu iki böyük oğlunun, eyni zamanda,
dünya vətəndaşlarının arasında olan
körpünün salınmasında mən də kərpic
üstünə kərpic qoymuşam... Sözsüz
ki, onlar bu baxışı, bu düşüncə tərzini
yaşadığı mühitdən, şərqli qan
yaddaşından götürmüş, əxz etmişlər.
Qeyri-səlis məntiq şərqlə qərbin
sintezində mümkün olardı. Lütfi Zadə məntiqinin
də, Bəxtiyar Vahabzadə poetik fəlsəfəsinin də
mayası bax bu sintezdən yaranmışdır... Bəxtiyar Vahabzadə itkisi Azərbaycan
dünyası üçün epoxa itkisidir. Türk, Şərq dünyası üçün əvəzsiz
bir itkidir. Lakin düşünəndə
ki, Bəxtiyar Vahabzadə cismani ölümü ilə əbədi
dirilik qazandı, böyük təsəlli tapıram. Adamlar var ki, diriykən ölüdürlər,
adamlar var ki, öləndə də dirilirlər. Mən istərdim, mənim xalqımda ikincilər
çox olsun. Cəmiyyətimiz Bəxtiyarlaşsın..” (Rafiq Əliyev, professor)
O, keçən
əsrin sonlarında Türk ruhunun duası kimi səslənən
şeirlərilə çevrəsini sarmış
qaranlıqda bir qığılcım saçdı. Bu qığılcımın alovları çox
keçmədən bütün Azərbaycanı
bürüdü. Şeirlərindən bəlli
olduğu kimi, o, həsrətlə gözlənilən
zamanın yaxınlaşdığını duymuşdu.
Qəlbi ona yeni doğacaq günəşlə
başlanacaq böyük yolun müjdəsini vermişdi.
Arzuları çin çıxdı. 60-cı illərdə yasaq şeirlərilə
qaldırdığı bayraq 90-cı illərdə
üç müqəddəs rəngə dönərək
Azərbaycanın simvoluna çevrildi.
Üçrəngli
bayrağın kölgəsində mən
Qaraca
torpağı vətən görmüşəm.
Zəfər
güllərini dövri-qədimdən
Bayraq
işığında bitən görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq-öz
yurduma öz hakimliyim.
Böyük
şairlərin ruhu hər zaman millətin yoluna işıq
tutar. Bəxtiyar Vahabzadənin şeirləri ilə keçən
əsrin qaranlıqlarından bu günə
açdığı yol azadlığa, haqqa, mücadiləyə
aparan yoldur. Bu yolu hələ Azərbaycanın şərəf
tarixini yazacaq çox nəsillər keçəcək.
Böyük şairin ölməz ruhuna sayğı və
hörmətlə!..
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
31 dekabr 2011- 4 yanvar 2012.- S.14.